O qədər sıxıntı var ki içimdə  

 

 

O qədər sıxıntı var ki içimdə,

Hava necədirsə, havam da elə...

Bir yaşım da gedir durna köçündə,

Əlvida söyləyir yağış səsiylə...

 

- Mən səndən yazıram, sən də mənə yaz,

Yumub gözümüzü oxuyaq, payız!

Ayaqlar altında xəzəl olmamış,

Gəl gedək bir dərin yuxuya, payız...

 

Gedirəm, deyirəm, "dur!" deyən olsa,

Bəlkə xatırlaram: naz necə olur...

O qədər payızam, o qədər payız -

Tamam unutmuşam: yaz necə olur?!

 

lll

 

Düşüncəyə dalıb gedən

Ayılarmı - bilən varmı?

Kim deyər, ölüm necədi...

Bundan əvvəl ölən varmı?!

Vaxt var ikən sağollaşaq,

Sonra demə "macalım yox".

Anam gəlib layla çalır,

Mənim mahnılıq halım yox...

Durum bir dua oxuyum,

Bu xırıltılı səsimlə.

Son Allah bəndəsi mənəm,

Qalmışam son nəfəsimlə...

 

lll

 

Yazmaq-yaratmaqdır onun qədəri!

Böyüyün böyükdür dərdi, kədəri...

Bir damcısı bəsdir dağıda Yeri,

Yağışlar Allahın göz yaşlarıdır!

 

Nə qədər canlı var, anası odur!

Sonsuz kəhkəşanın bənnası odur!

Külək qəzəbidir, ən asi odur,

Yağışlar Allahın göz yaşlarıdır!

 

Günəşi parlasa, sıcağı xoşdur!

Cəhənnəm olmasa, ocağı xoşdur.

Sevincdən ağlasa, hər çağı xoşdur,

Yağışlar Allahın göz yaşlarıdır!

 

Yazır, yazdığını silən də özü...

Hər ölən ürəkdə öləndə özü

Ağlayır bir gözü, gülür bir gözü,

Yağışlar Allahın göz yaşlarıdır.

 

Yenə pəncərəmi döyür, deyəsən;

Açasan qapını "buyur!" deyəsən...

Dünyanın günahın yuyur, deyəsən,

Yağışlar Allahın göz yaşlarıdır.

 

lll

 

Parkda skamyada oturub biri,

Üzündə gördüyüm: cüt ölü balıq...

Baxınca üzgəci dəbərdi sanki,

İçim "cızz" elədi: - Salam, qocalıq!

 

Müdhiş laqeydlik var sifətində,

Yorulub oturub, doyub oturub.

Dünyanın nemətin ver, yeyə bilməz,

Adam öz payını yeyib bitirib.

 

- Ya bu parkda otur, ya get evdə yat,

Bircə gözləntin var həyatdan artıq.

İllərcə qəfəsdə yaşayan ruhun,

Azadlıq istəyir, yalnız azadlıq!..

 

lll

 

Hərənin bir sazı var,

Hərə bir teldən çalır.

"Vaxtı gələr", - deyirik,

Vaxt bizimlə qocalır...

Ümiddən bir əsər yox,

Təsəlli də ovutmur.

Qəlbimin frekansı

Günəş şüası tutmur...

Məni məndən qurtarın,

Canım dincəlsin bir az!

Gözümdən qorxu axır,

Sanki Kür, sanki Araz...

- Çox mənasızdır həyat,

Sonu mütləq ölümdür.

O sonu bilə-bilə

Yaşamaqsa zülümdür...

Gedib-gələn yoxsa da,

Fərz edək ki, cənnət var.

- Cəhənnəm etməz ora

Yollansa bu adamlar?!

 

 

SONLUQ:

 

Ey insan övladı, səni heç halın ilə sevmədim.

Günahınla, savabınla, vəbalın ilə sevmədim.

Çıxıb Allahın əmrindən, cəhənnəm etdin cənnəti,

Ayılmısan çox gec, cənnət xəyalın ilə sevmədim...

 

lll

 

Can deyirəm canana, canı çıxır can deyə.

Xam düşüb, millət gərək tək ona can-can deyə!

Bir dəli şeytan deyir, ver ağzının payını,

Mən nə desəm eşitmir, gərəkdi şeytan deyə?

Alıb gedib başını, başına daş düşməmiş,

Qan yatırmaq bacarmır, nə vacib "qan-qan" deyə?

Ta mənim də əzəlki səbrim yox, hövsələm yox,

Yoldu qanadlarımı "insana nöqsan" deyə.

Bax günü-rüzgarına, Tanrı, Nübar bəndənin,

Könlünü də mən allam, olubdu peşman deyə!

 

Nübar ELDARQIZI

525-ci qəzet .- 2024.- 25 oktyabr(№196).-S.15.