Payız duyğuları  

 

 

Uzaq payızlara bir yol görünə,

Yükünü tutasan, alıb gedəsən.

Hərdən yağış yağa, hərdən gün çıxa,

Bu ki romantika... dalıb gedəsən.

 

Elə biləsən ki, səni gözləyən

Yarpaq tək saralıb, düşub yoluna.

Ürəyin gəlməyə tapdalamağa,

Sevəsən xəzanı, girib qoluna.

 

Dumanda azasan, yol itirəsən,

Bütün cığırları yolub didəsən.

Görəsən ağaclar sənə bənzəyir,

Qoşulub payıza, çıxıb gedəsən.

 

lll

 

Kaş ki, payız döyməyəydi

Pəncərəmi bu axşam.

Elə bildim oğlum gəldi,

Yandı çıraq, yandı şam.

 

Kaş ki, xəzan küləkləri

Tökməyəydi yarpağı.

Şəhidimin al qanıdır

Boyayıbdı torpağı.

 

Kaş ki, yolum düşə bir də,

Geri dönəm illəri.

Görəm, oğlum balacadı,

Silah tutmur əlləri.

 

lll

 

Bu payız həsrətimin

Güldü ala gözləri.

Sevindi xəzan güllər,

Yağış oldu izləri.

 

Sevənlər qovuşmadı

Sevilməyən həyatda.

Son yarpaq da düşdü, bax,

Nəsə qalmadı yadda.

 

Saraldı bir sevginin

Bar verən budaqları.

Yorğun düşmüş vüsalın

Çat verdi dodaqları.

 

Yağdı payız yağışı,

Yuyuldu daş sinələr.

Gözüm düşdü yağışa,

Doğuldu xatirələr.

 

Ömrün ötən yoluna

Payız qatarı gəldi.

Yarılandı həyat da,

Bu sərnişin dincəldi.

 

Get bu gedən qatarla,

Geriyə dönmə ancaq.

Unutma, ayrılıqdı

Növbəti dayanacaq.

 

lll

 

İçimdə payız xəzanı...

Bürünübdü daş divara.

Çırpınır hərdən kəpənək,

Özün çırpır yaş divara.

 

Gecənin qanadı qırıq,

Uçub gündüzə çatacaq.

Qarışqalar yallı gedir,

Kimsə əlimdən tutacaq?

 

Göydən yerə ağır-ağır

Yağacaq ha, nə yağacaq?!

Doluya düşən yarpaqlar

Dönüb arxadan baxacaq.

 

Yarı-yarı, bölük-bölük

Parçalar gendən boylanır.

Bax, dolanır məhək daşı

Başım daşlara quylanır.

 

Nərdivanın ortasında

Qırılıb pillə pillədən.

Hədəfə illər vermişəm,

Günüm yayınıb güllədən.

 

lll

 

Dindi ürəyimin sarı simləri,

Dolandı dilimdə yaz mövsümləri,

Payızda dəfn etdim, soruş: kimləri?

Qış gəlib, dağlarda qar görünürmü?

 

Alın qanadlara, götürün məni,

Dəryada, dənizdə bitirin məni,

Öldürüb, siz diri gətirin məni,

Kaman nalə çəkir, tar görünürmü?

Keçdi ürəyimdən "Qatar" muğamı,

Dolandım səsimlə sənli obamı,

Dəstəniz solamı, yoxsa sağamı?

Təranə, yollarda sar görünürmü?

 

lll

 

Payız duvağını saldı üzümə,

Məni uğurladı yağışlarıyla.

Keçdi köç qanadlar göyün üzündən,

Mənə vida etdi baxışlarıyla.

 

Aldım qəlbimdəki qanlı xəncəri

Sapladım payızın gülüşlərinə.

Rənglərin içindən boylandı ümid,

Sarıldı həsrətin yerişlərinə.

 

Döndü fəsillərim bir fəsil oldu,

Son bahar danışdı dilimdən mənim.

Ayla Günəş dan yerində görüşdü,

Dualar dil açdı əlimdən mənim.

 

lll

 

Payız köç ayıydı, köç fəsli idi,

İndi dönüşümdü, qayıdışımdı.

Yerin yarpaqlara ac fəsli idi,

İndi üçrəng qonan Vətən daşımdı...

 

Bahar rəngləriylə bəzənib payız,

Qəlbim mavi göyə butalanıbdı.

Qırmızı qönçəli yaşıl yarpağım.

Əllərdə, baş üstə qanadlanıbdı.

 

Mən axı demişdim, sevirəm səni,

Nakam sevdiyimin ünvanısan sən.

Bu gündən əbədi sevgi gülümsən,

Ruhumun doğulan xoş anısan sən.

 

"Şuşada axşamlar yanır ulduzlar"

Aypara içində nur saçır sözə.

"Yenə də gözəldir gəlinlər, qızlar",

Azadlıq işığı gur saçır gözə.

 

lll

 

Yaşıl ümidlər əsir düşüb

qızılı payızın boz rənginə,

naxış-naxış acı içib, həsrət çöküb

sözlərimin ahənginə.

Gizlənmişəm payızın böz dumanında,

Sarı yarpağa düşən

buz rəngli şeh kimiyəm...

Baxışlarım

qırmızı güllərin qurumuş ləçəyi kimi...

Saçlarım

qara buludların ağ birçəyi kimi...

Deyirlər, yağış yağacaq...

 

Təranə ARİFQIZI

525-ci qəzet .- 2024.- 25 oktyabr(№196).-S.15.