"Erkən təhsil
şəxsiyyətin inkişafında böyük rol
oynayır"
MÜTƏXƏSSİSLƏRİN
FİKRİNCƏ, MƏKTƏBƏQƏDƏR TƏHSİL
SAHƏSİNDƏ ÇALIŞANLARIN DİAQNOSTİK
QİYMƏTLƏNDİRİLMƏSİ ÇOX VACİB
ƏHƏ
Bu il ilk dəfə məktəbəqədər təhsil
müəssisələrində pedaqoji fəaliyyətlə məşğul
olan tərbiyəçi-müəllim və metodistlərin
peşəkarlıq səviyyəsinin və peşə
yararlılığının yoxlanılması
üçün diaqnostik qiymətləndirilməsi həyata
keçirilib.
Məktəbəqədər və Ümumi Təhsil
üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki,
namizədlər 4 istiqamət üzrə hazırlanmış
60 suala cavab verirlər. 120 dəqiqə ərzində məzmun
və metodika, təhlükəsizlik, pedaqoji etika və əməkdaşlıq,
özünüinkişaf mövzularını əhatə edən
suallar cavablandırılır. Qiymətləndirilmə
zamanı hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir.
Səhv cavablar və ya sualın cavabsız qoyulması 0
(sıfır) bala bərabər tutulur və düzgün
cavablara təsir göstərmir. Ümumilikdə 60 ballıq
qiymətləndirmə sistemi tətbiq edilir.
Hazırda bağçalarda pedaqoji fəaliyyət ilə
məşğul olan tərbiyəçi-müəllim və
metodistlərin diaqnostik qiymətləndirilməsi
aparılıb. Onların sayı təxmini 13 min nəfərdir.
Əmək, sosial və analıq məzuniyyətlərində
olan şəxslər, həmçinin Elm və Təhsil
Nazirliyinin təşkil etdiyi mərkəzləşdirilmiş
qaydada imtahanlarda iştirak edərək işə qəbul
olunanların (son 3 ildə) diaqnostik qiymətləndirmədə
iştirakı könüllüdür.
Məktəbəqədər və Ümumi Təhsil
üzrə Dövlət Agentliyinin Məktəbəqədər
təhsilin təşkili şöbəsinin əməkdaşı
Hüseyn Hüseynovun sözlərinə görə, erkən
təhsil fərdin yetişməsində, şəxsiyyətin
formalaşması və inkişafında böyük rol
oynayır. Təhsil sahəsi üzrə daha inkişaf
etmiş ölkələrin təcrübəsinə nəzər
salsaq qeyd edə bilərik ki, orada erkən və məktəbəqədər
təhsil fəaliyyəti ilə məşğul olmaq
üçün mütləq şəkildə magistr dərəcəsi
tələb edilir. Ölkədə isə orta ixtisas təhsil
səviyyəsi üzrə də təhsil alanlar ixtisas
uyğunluğu nəzərə alınmaqla, məktəbəqədər
təhsil müəssisələrində çalışa
bilirlər: "Diaqnostik qiymətləndirmə bir dəfə
təşkil edilir. Pedaqoji heyət bu prosesdə iştirak etməkdə
maraqlı olmaldır. Bununla da onlar sertifikatlaşdırma
prosesinə daha hazırlıqlı olacaqlar və biz də təlim
ehtiyaclarını düzgün müəyyənləşdirə
biləcəyik. Diaqnostik qiymətləndirmədə tərbiyəçi-müəllimlərin
uşaqlarla işləmək üçün lazım olan
bilik, bacarıq, savadı yoxlanılır. Ancaq pedaqoji heyət
buna nə qədər hazırdır? Biz məhz bunu müəyyənləşdirmək
üçün diaqnostik qiymətləndirmə
aparırıq. Biz gələcək nəslin yetişməsində
müstəsna rol oynayan erkən təhsilin inkişafından
danışırıqsa, məhz tərbiyəçi-müəllimlərin
bilik və bacarıqları müasir dövrün tələblərinə
uyğun olmalıdır. Bundan irəli gələrək
diaqnostik qiymətləndirmənin formatı, mövzusu, məzmunu
çərçivə sənədində məhz buna
uyğun müəyyən edilib".
Onun dediyinə görə, bu vaxta qədər məktəbəqədər
təhsil müəssisələrində
çalışanların işə qəbulu mərkəzləşdirilmiş
qaydada həyata keçirilməyib: "Məktəbəqədər
təhsil müəssisələri Elm və Təhsil
Nazirliyinin tabeliyinə verildikdən sonra ölkə səviyyəsində
ilk dəfə olaraq tərbiyəçi-müəllimlər
müsabiqə yolu ilə işə qəbul olunmağa
başladılar. Bildiyiniz kimi, işə qəbul müsabiqəsində
bağça müəllimlərinin bilik və
bacarıqları ilə yanaşı, onların bu vəzifəyə
psixoloji, pedaqoji və metodoloji baxımdan uyğunluğu
yoxlanılır. Qəbul olunanların da əksəriyyəti
son illərdə məktəbəqədər təhsil sahəsi
üzrə orta ixtisas və bakalavr səviyyəsində təhsil
alanlardır. Hazırda bağçalarda çalışan
pedaqoji heyət üçün tərəfimizdən həm
Bakı şəhərində, həm də regionlarda 2022-ci
ildən etibarən canlı və onlayn şəkildə təlimlər
keçirilib və davam etməkdədir. Genişmiqyaslı təlimlərdə
metodist, tərbiyəçi-müəllimlər, hətta
bağça müdirləri iştirak ediblər. 3 il ərzində
məktəbəqədər təhsil müəssisələrində
çalışan heyət üçün
keçirilmiş təlimlərdə 8273 tərbiyəçi-müəllim,
1128 nəfər müdir, 100 nəfər metodist iştirak
edib. Rəqəmlərə nəzər yetirsək,
bağçalarda çalışan tərbiyəçi-müəllimlərin
böyük əksəriyyətinin təlimlərdə
iştirak etdiyi aydın olur. Təlimlərin əsas məqsədi
pedaqoji heyətin peşəkar bacarıqlarının təkmilləşdirilməsi
və biliyinin artırılması ilə bağlı idi.
Diaqnostikanı isə ona görə aparırıq ki, tərbiyəçi-müəllimlərin
və metodistlərin faktiki olaraq bilik və
bacarıqlarının hansı səviyyədə olduğunu
müəyyən edək. Bundan sonra onların təlim
ehtiyacları daha düzgün müəyyənləşdiriləcək,
sertifikatlaşdırmaya qədər olan müddətdə
onlar təlimlərə cəlb ediləcəklər. Həmin
təlimlər də məhz sertifikatlaşdırma prosesinə
hazırlığı əhatə etmiş olacaq. 2026-cı
ilin sonunadək sertifikatlaşdırma prosesi başa
çatmalıdır. Odur ki, diaqnostik qiymətləndirmənin
nəticəsindən asılı olaraq qarşıdakı
müddət ərzində tərbiyəçi-müəllimlər
və metodistlər təlimlərə cəlb edilərək
sertifikatlaşdırma prosesinə hazırlanmalıdır.
İlkin mərhələdə keçirilən təlimlər
onları diaqnostik qiymətləndirilməyə hazırlamaq
yox, bilgilərinin artırılmasına xidmət edirdi, sadəcə
təkmilləşdirilmə təlimləri idi".
G.Hüseynovun sözlərinə əsasən, qiymətləndirmə
nəticələrinin əmək münasibətlərinə
təsiri müzakirə mövzusu deyil: "Qiymətləndirmə
zamanı pedaqoji heyət kompüter vasitəsilə
sualları cavablandırır. İyun ayından etibarən
kompüterdən istifadə üzrə bilgiləri zəif
olan və buna görə narahatlıq keçirən tərbiyəçi-müəllim
və metodistlərlə hazırlıqlar təşkil edilib.
Bəzi tərbiyəçi-müəllimlər elə
düşünürlər ki, diaqnostik qiymətləndirmə
onların əmək münasibətlərinə təsir
göstərəcək. Halbuki təqdimatlarda və
keçirilən görüşlərdə də
bildirmişik ki, qiymətləndirmə nəticələrinin
hansısa formada əmək münasibətlərinə təsiri
müzakirə mövzusu deyil. Qiymətləndirmə
bütün ölkəni əhatə etməklə -
Naxçıvan Muxtar Respublikası, Bakı şəhəri
və regionlarda olmaqla, 28 mərkəzdə təşkil
olunub. Bütün mərkəzlərdə seanslar eyni vaxtda
başlayıb, eyni vaxtda da bitib. 2 gün ərzində 4
seansda 3 dildə - Azərbaycan, rus və gürcü dillərində
aparılıb. Namizədlər bu sınaqda 4 istiqamət
üzrə hazırlanmış 60 suala cavab verilib. 120 dəqiqə
ərzində məzmun və metodika, təhlükəsizlik,
pedaqoji etika və əməkdaşlıq,
özünüinkişaf mövzularını əhatə edən
sualları cavablandırıblar. Qeyd edim ki, qiymətləndirmə
zamanı hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir.
Səhv cavablar və ya sualın cavabsız qoyulması 0
(sıfır) bala bərabər tutulur və düzgün
cavablara təsir göstərmir. Ümumilikdə 60 ballıq
qiymətləndirmə sistemi tətbiq edilir. Qiymətləndirmə
meyarları geniş, istiqamətlər kifayət qədər əhatəli
olacaq. Bəzən elə gəlir ki, indiki pedaqoji heyət bu qədər
böyük tələblərə cavab vermək
iqtidarında deyil".
Təhsil eksperti Elçin Əfəndi deyir ki, məktəbəqədər
təhsil müəssisələrində pedaqoji fəaliyyətlə
məşğul olan tərbiyəçi-müəllim və
metodistlərin bilik səviyyəsinin yoxlanması vacib
nüanslardan biridir: "Bundan 2-3 il öncəyə qədər
məhz, həmin istiqamət yerli icra hakimiyyətinin tabeliyində
idi. 2022-ci ilin əvvəlindən dövlət
başçımızın müvafiq sərəncamı əsasında
bu səlahiyyət Elm və Təhsil Nazirliyinə verildi.
Fikrimcə, pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim
və metodistlərin peşəkarlığı çoxdan
yoxlanılmalı idi. Çünki bağçalara bəzi
şəxsləri fərqli üsullarla qəbul ediblər. Yəni
burada həm korrupsiya, həm də tanışlıq
halları vardı. Təbii ki, diaqnostik qiymətləndirmədən
sonra bu sahədə kifayət qədər ixtisarlar olacaq. Nəticədə
yeni iş yerləri açılacaq və bura konkret ixtisas
sahibləri cəlb olunacaq. Bu isə məktəbəqədər
təhsil yönündə bir neçə müddətdən
sonra şəffaf sistemin formalaşacağı anlamını
verir. Həmçinin, bağçada ixtisasını peşəkarcasına
bilən müəllimlərin olması uşaqların bilik və
bacarıqlarının formalaşmasında mühüm əhəmiyyətə
malikdir. Fikrimcə, bu prosesdən sonra sertifikasiya imtahanları
da keçirilə bilər. Bağça təhsilinin
inkişafını istəyiriksə, bu addım müsbət
qiymətləndirilməlidir. Ümumiyyətlə dünyada məktəbəqədər
və ibtidai təhsil strateji pillə kimi diqqətdə
saxlanılır. Azərbaycanda da bu amil əsas
götürülməlidir. Bilik-bacarıqları müasir təhsil
yanaşmasına uyğun gəlməyən şəxslər
prosesdən uzaqlaşdırılacaq. Çox istərdim ki,
onlar da hansısa bir istiqamətə cəlb olunsunlar. Ola bilər
ki, nazirlik bu amili nəzərə alar. Çünki tam orta
ümumtəhsil müəssisələrində sertifikasiyadan
keçən müəllimlər işə cəlb olunublar.
Ümid edirəm ki, bağça müəllimlərinə də
bu güzəşt olunacaq".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2024.- 25 oktyabr(¹196).-S.14.