Xalq mahnılarımızda təbiət: motivlər və obrazlar

"GÜL AÇILANDA YAZ OLUR, BƏH-BƏH-BƏH!.."

 

 

"Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də hər bir ağacı qorumalısınız, hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız..."

Ümummilli lider Heydər Əliyev

Bu ifadə ilə təbiəti Ana qədər qutsallaşdırır. Böyük yaradan təbiəti hədsiz dərəcədə gözəl, min bir rəngli, düşündürücü, sirlərlə dolu yaradıb: əsrarəngiz mənzərələr, uca dağlar, yaşıl, sıx meşələr, güllü-çiçəkli çəmənlər, mavi dənizlər, firuzə boyalı göllər, axar gur çaylar, buz bulaqlar, ucsuz-bucaqsız səhralar, möcüzəli buzlaqlar... Bizi isidən Günəş, bütün varlıqlara can verən Yağış, havamızı təmizləyən, bizi sığallayan Külək, bizə ruzu verən Torpaq... və bütün bunların mərkəzində dayanan İnsan... Yaradan İnsanı-Adəmi gildən və torpaqdan yaradıb. Bu Yer və bu torpaq - həyatın başlanğıcıdır.    

Ana Təbiət... Azərbaycan xalqı bizi əhatə edən təbiətə bu şəkildə müraciət edir. Təbiət hər birimiz üçün əbədi bir ilham mənbəyidir. O, bizi gözəl mənzərələri ilə əhatə edir, bizə daim yaşamaq və yaratmaq üçün ilham verir, ruhumuzu oxşayır. Təbiətdə hər bir şey harmoniya və ilahi qaydada yaranıb, əzəli və əbədi bir tarazlıq halındadır. Təbiət canlı poeziyadır, onun ən kiçik zərrəciyi də qiymətlidir, xüsusi gözəlliyə malikdir.

Xalq musiqisinin başlıca mövzularından biri "dağ" konseptidir. "Uca dağlar", "Dağda bitər lalələr", "A dağlar", "Ay uca dağlar başında", "Dağlarda çiçək" və digərləri dağ mövzusunu daşıyır. Digər xalq musiqi örnəklərində də bu mövzu ana xətt kimi mahnı boyu izlənilir. Məlum olduğu kimi, Azərbaycan el nəğmələri içərisində lirik, sevgi və məhəbbət mövzusunda olan mahnılar üstünlük təşkil edir: sevgi motivləri məhz təbiət qoynunda təqdim olunur. Gənc oğlan öz sevgilisini dağda görüb vurulur, onunla gizli-gizli dağda görüşür, yarını dağa səsləyir, dağda gəzən ceyrana bənzədir və sair. Xalq mahnılarında dağ təsvirləri də inanılmaz dərəcədə mənalı və dəqiqdir. Azərbaycandakı dağların çox uca olması, həm "çınqıllı, daşlı", "qarlı-qarsız" və ya "yaylım-yaylım", dağ qızılgüllərinin "oyum-oyum" olması, "dağlara çən düşməsi" poetik dillə təsvir olunur və mahnının əsas ovqatının yaranmasına zəmin hazırlayır. "Uca dağlar başında ceyranların gəzişərək yol eyləməsi"ndən, "dağların səfalı-vəfalı olması"ndan, dağda yovşanların, lalələrin, çiyələyin bitməsindən bəhs olunur, qoyun sürülərinin otlaması və digər mənzərələr, gözəlliklər vəsf edilir.

Sevgi münasibətləri, təsvir olunan hadisələr dağlarda - məhz təbiət qoynunda baş tutur.

Xalq mahnılarında "bulaq konsepti"nin də xüsusi yeri var: "Söhbət-saz ilə", "Getdim gördüm, bulaqdadır", "Qarabağın maralı", "Üç gündən bir", "Getmə bulaq başına", "Sudan gələn sürməli qız" bu mövzulu mahnılara misal ola bilər.

"Bağ-bağça-qızılgül, gül-bülbül" konsepti bütün Şərq poeziyası və musiqisi üçün əsas mövzulardan biridir. Bu mövzuda klassik şairlərin müxtəlif janr və formalarda yazılmış çox sayda şeirləri vardır. Azərbaycan xalq yaradıcılığı da bu mənada istisna deyildir. Xalq mahnılarının poetik mətnlərində bu mövzuda olduqca içdən gələn, poetik gözəlliyə malik misralar var və onlar mahnının əsas ovqatını, milli hiss və semantik özəlliklərini ortaya qoyan əsas amillərdən biridir. Mahnıların melodik-intonasiya özəyi isə məhz həmin ab-havanın təsiri altında yaranır və həmin təsirdən qaynaqlanan hiss-həyəcanı yetərincə ifadə edir. "Qızılgül", "Mən gülü dəstə bağlaram", "Bağa girdim, gül dərdim, Gülü yara göndərdim" ("Uca dağlar"), "Gül-çiçəyi dərərəm, Əlvan çələng hörərəm" ("Nar-nar"), "Bağçada güllər, oxur bülbüllər", "Bülbüllər oxur, cəh-cəh vurur", "Xarıbülbül" ("Sarı bülbül"), "Ay dili-dili", "Qızıl gül", "Sona bülbüllər" və bir çox digər mahnılar bu qəbildəndir.

Azərbaycan xalq yaradıcılığında təbiət qoynunda yaşayan çöl quşları, meşə və dağ heyvanları da musiqiçilər, şairlər tərəfindən geniş vəsf olunan mövzulardır. Bülbüllə yanaşı, kəklik, yaşılbaş sona, leylək, göyərçin, quba-qazlar, laçın, tovuz quşu, üçtelli durna, kəklik və başqa quşlar xalq mahnılarında tez-tez təsvir edilən obrazlardır və bu səpkili xalq havalarına da çoxlu sayda misallar gətirmək mümkündür.

Ceyran, ahu, maral da xalqımız tərəfindən gözəllik rəmzi kimi qəbul edilir. Gözəl qamətli qızlar daim zərif görkəmli ceyrana bənzədilir, ahunun iri qara gözləri isə xanımların gözləri ilə müqayisə olunur. "Azərbaycan maralı", "Qarabağın maralı", "Şuşa ceyranı", "Gəl-gəl, ahu balası", "Ahu kimi", "Aman ovçu" mahnılarında bu təbiət obrazları üstünlük təşkil edir və insanla eyniləşdirilir.

Məqalənin ikinci sərlövhəsini məşhur mahnının ilk misrasından götürmüşük: "Gül açılanda yaz olar, bəh-bəh-bəh!" Həqiqətən bu mahnı səslənəndə sanki təbiətin gözəlliyindən cuşa gəlmiş insanın iç dünyasından qopan hisslər oyanır və dilə gəlir. Melodiyanın zil səslərdən başlayaraq əvvəlcə yuxarı, sonra isə aşağı istiqamətdə hərəkət etməsi, misra sonunda "bəh-bəh-bəh" nidasının təkrar edilməsi insanın təbiətdən aldığı zövqü, məmnunluq hisslərini, həzzi olduqca dəqiq şəkildə ifadə edir. Mahnı yalnız iki musiqi cümləsindən ibarətdir. I melodik cümlə üç dəfə oxunaraq təkrar-təkrar səslənir və sanki təbiətin gözəlliyindən yaranan coşqun hissləri təkrar oxumaqla daha da qabardır, həyəcanlı, ehtiraslı və təsirlidi şəkildə ifadə edir. Daha sonra yekun musiqi cümləsi ilə hisslər aləminin içində məst olan bir insanın keçirdiyi duyğular tərənnüm olunur. Xalq mahnısı söz və musiqinin qırılmaz vəhdəti ilə parlaq bir obrazlılıq yarada bilir. Həqiqətən, şairlərin, söz ustalarının vəsf etdikləri kimi, yaz gələndə güllər açır, quşlar cəh-cəh vurur, təbiət al-yaşıla bürünür, ağaclar çiçək açır... günəş daha tez-tez göy üzündən boylanaraq qəlbimizi isidir, torpağa nur çiləyir... Həqiqətən də göy üzünə baxıb, dərindən nəfəs alıb bu sözləri deməkdən savayı, qiy vurub oxumaqdan savayı, heç nə qalmır: bəh-bəh-bəh!!!

Bu əsrarəngiz xalq mahnılarını Azərbaycan xalqı - zərif duyğularla yaşayan, təbiət sevən və ona dəyər verən istedadlı insanlar yaradıblar.

İnsan Tanrı tərəfindən bütün canlılardan üstün yaradılan, elmi ixtiralar, bədii kəşflər meydana çıxaran, təbiəti zənginləşdirən bir varlıqdır. Bununla belə, bəzən insan özü bilmədən, bəzən isə bilərəkdən təbiətin qəniminə çevrilir. O, özünün yaratdıqları ilə Ana təbiəti fəlakətə sürükləyir, təbiətə ziyan vurur. Zavod və fabriklərin tüstüsü, məişət tullantıları, dənizlərə, çaylara axıdılan zəhərli maddələr, çirkab suları, qırılan meşələr və qanlı müharibələr, yaşadığımız Yeri az qala ikiyə böləcək qədər güclü partlayışlar... Yer Kürəsinə dəyən ziyan əslində hər birimizə atılan ölümcül zərbədir. Çünki Yer kürəsi bütün insanların - ümumi evidir və onu qorumaq hamımızın borcudur. Gəlin Ana təbiəti qoruyaq və onu tərənnüm etməkdən qalmayaq. Bulağın, arxın, çayın, gölün, dənizin - bir sözlə, suyun qədrini bilək ki, "Getdim gördüm, bulaqdadır"ı ürəklə oxuya bilək və bu gün "su qiyməti"nə alıb içdiyimiz suyu sabah "qızıl qiyməti"nə almayaq.

Təbii fəlakətlər olmasın ki, "Apardı sellər Saranı" deməyək, "Gül bağçalar"ı zümzümə edək.

Havanı çirkləndirməyək ki, "Süsən sünbül"lər bitsin, "Əs, ey gilavar", "Ay dərya kənarında" söyləyə bilək.

İqlim dəyişikliyi olmasın ki, "Abı yaşıla bürünür", "Əcəb səfalı dağlar", "Söhbət saz ilə" oxuyaq, "Qubanın ağ alması"nın dadını-ətrini duyaq.

Əsrarəngiz təbiəti qoruyaq ki, ondan daim zövq alaq, həyatda yaşamaq arzusunu itirməyək, təbiət gözəllikləri qoynunda var olaq, ilham alaraq nəğmələr, mahnılar qoşaq! Yay gəlsin, payızla əvəzlənsin, qış olsun, yaz açılsın və biz də ürəkdən oxuyaq:

 

Gül açılanda yaz olur, bəh-bəh-bəh!

Kədərim, qəmim az olur, bəh-bəh-bəh!

 

İradə KÖÇƏRLİ

Sənətşünaslıq doktoru, professor

525-ci qəzet .- 2024.- 25 oktyabr(№196).-S.13.