Peşəkar
jurnalist, dəyərli ziyalı
Qulu Məhərrəmli-70
Özümə ustad bildiyim Əməkdar jurnalist,
BDU-nun professoru Qulu Məhərrəmlinin "Altun kitab" nəşriyyatında
işıq üzü görmüş "Gələcəyə
ön söz" məqalələr toplusunu çox
böyük maraqla oxudum. Müxtəlif mövzuları əhatə
edən, vaxtilə "Ayna" qəzetində işıq
üzü görmüş bu məqalələr oxucunun təsəvvüründə
insanların gözünə dik baxıb əsl həqiqəti
söyləməyi bacaran dəyərli bir qələm
adamının portretini canlandırır. Kitabın ön
sözünün müəllifi Əməkdar jurnalist
Elçin Şıxlının dediyi kimi, "Qulu Məhərrəmli
ana dilimizin çağdaş problemlərini araşdıran
ciddi bir alimdir".
"Həmişə əsl vətəndaş
mövqeyində durmağı bacaran, varlığımız
və ictimai əxlaqımız üçün təhlükə
yaradan meylləri cəsarətlə tənqid etməkdən
çəkinməyən" professor Qulu Məhərrəmlinin
ən böyük silahı onun qələmidir. Qulu Məhərrəmlinin
mətbuat tariximizdə öz yeri, mövqeyi var. Mən Qulu
müəllimin bir neçə il əvvəl işıq
üzü görmüş bu toplusunu birnəfəsə
oxudum. "Müsəlman Şərqində ilk parlamentli
respublika - Demokraktik Cümhuriyyət qurmuş, insan hüquq və
azadlıqlarını önə çəkmiş, müasir
tipli universitet yaratmış, senzuranı ləğv edərək
mətbuat azadlığını demokratik dəyərə
çevirmiş qurucu babalarımızın müqəddəs
ruhuna dərin ehtiram"ın ifadəsi kimi çap
olunmuş bu toplu, fikrimcə, hər bir ziyalının
stolüstü kitabı olmağa layiqdir. Təbii ki, kimsə
məni qınaya, bu heyranlığımda
"yanlışlıqlar" axtara bilər. Amma hesab edirəm
ki, jurnalistika aləmində hələ tam bişib-bərkiməmiş
bir gənc yazarın Qulu Məhərrəmli kimi öz
sözünü demiş dəyərli telejurnalist, publisist və
alim haqqında səmimi düşüncələrini
bölüşməsində elə bir qəbahət yoxdur.
Kitabında toplanmış məqalələrindəki
dərin və düşündürücü mühakimələr
Qulu Məhərrəmlinin zəngin
dünyagörüşünün məhsuludur. Ən müxtəlif
məsələlərlə bağlı əsl ziyalı
mövqeyinə bütün dövrlərdə böyük
ehtiyac duyulur. Təsadüfi deyil ki, adıçəkilən
kitabda Qulu müəllimin qətiyyətli və gur səsini eşidirik:
"Eeeyy!! Cənab deputatlar, uzaqgörən siyasətçilər",
"politoloqlar", "ekspertlər", köşə yazarları,
hardasınız?.." Həmin yazının sonundakı tarixə
baxıram. Düz on il əvvəl işıq üzü
görsə də, bu yazı bu gün də öz
aktuallığını saxlayır. Düzdür, bu illər
ərzində müzəffər Ali Baş
Komandanımızın qətiyyəti, şanlı ordumuzun
şücaəti sayəsində 30 ilə yaxın
düşmən tapdağında olan ərazilərimiz
işğaldan azad edilib, xalqımız 44 günlük Zəfər
savaşının sevincini bu gün də yaşayır. Amma
bu misilsiz zəfərimizi, möhtəşəm qələbədə
xalqımızın əvəzsiz birliyini həzm edə bilməyənlərə
qətiyyətli mövqeyimizi bildirməyə, kəsərli
sözümüzü deməyə həmişə hazır
olmalıyıq.
Kitabda maraqla oxuduğum məqalələrdən biri də
"Köhnə kişilər haqqında hekayət" oldu.
Köhnə kişilər... Belə kişilər haqqında
yaşlı adamlardan çox eşitmişəm. Bir də
"Yaxşı kişilər yaxşı atları minib
getdilər" deyərdilər. Müəllif bu
yazısında çox haqlı olaraq vurğulayır ki,
"köhnə kişi" deyəndə, həm də,
adamın gözünün qabağında ağır təbiətli,
təmkinli, qürurlu və şəxsi ləyaqət hissini hər
şeydən üstün tutan bütöv bir xarakterin sahibi
canlanır..."
Tarixə qovuşan tarixi şəxsiyyət" məqaləsində
isə ustad jurnalist, mərhum professor Şirməmməd
Hüseynovdan bəhs edilir. Mətbuat tariximizin mahir bilicisinin əvəzsiz
xidmətləri haqqında fikirlərini müəllif belə
tamamlayır: "Şirməmməd müəllimin bu millət
qarşısında tarixi bir missiyası var idi və həmin
missiyanı şərəflə yerinə yetirdi, özündən
sonrakılar üçün zəngin irs və mənalı
yaşamaq örnəyi qoyub getdi... Şirməmməd
Hüseynovun vəfatı ilə mətbuat tariximizdə,
müasir jurnalistikamızda böyük bir epoxa sona yetdi..."
Topludakı "Barış Manço ilə samuray söhbəti",
"Şairlərin günahı nə ?!", "Tarixə
qovuşan tarixi şəxsiyyət", "Dilimizi didən dərdlər",
"Yaratmağın faciəsi", "Dəmir ledi" əfsanəsi"
və digər məqalələr də böyük maraqla
oxunur.
Professor Qulu Məhərrəmli mənalı
ömrünün 70-ci pilləsindədir. Qulu müəllim
yaşının bu vədəsində də böyük
şövqlə yazıb-yaradır. Yazmaya bilmir,
çünki çoxsaylı oxucuları ondan yeni-yeni əsərlər
gözləyir...
Dostlarının və doğmalarının Qulu Məhərrəmli
haqqında dedikləri
Elçin Şıxlı
Azərbaycan Jurnalistlər Birliyinin sədri:
- Sözün doğrusu, hərdən Qulu Məhərrəmli
ilə birlikdə "İlk dəfə necə tanış
olmuşuq" sualı ətrafında
düşünürük. Mənim yadıma gəlmir
(gülür). Çünki Qulu Məhərrəmli ictimai
adamdır və tanışlıqdan əvvəl də onu
televiziyada veriliş aparanda görürdüm. Ona görə
də, bizə elə gəlir ki, onu lap çoxdan, televiziyada
Qulu müəllimi görəndən tanımışıq.
Xoş xatirələrimiz həddindən çoxdur.
Qulu Məhərrəmliyə cansağlığı,
indiki kimi dinamik olmağı, bir yerdə durmayan, hər yerə
özünü çatdıran enerji arzu edirəm. Arzu edirəm
ki, o, daim indiki kimi jurnalistikadakı təcrübəsini tələbələrinə
ötürə bilsin.
Arif Əliyev
Bakı Mətbuat Klubunun rəhbəri:
- İlk tanış olduğumuz gündən Qulu Məhərrəmli
ilə mənim xoş xatirələrim o qədər çoxdur
ki, onların arasında seçim etmək çətindir. Bu
gün Qulu Məhərrəmlinin doğum günü yox,
doğum aylarının başlanğıcıdır. Biz hər
il onun doğum gününü ilin sonuna qədər qeyd
edirik. Bir şeyə inanıram ki, bizim ən xoş xatirəmiz
qabaqdadır. Məhz bu il baş verəcək. Çox
şükür ki, Qulu Məhərrəmli zəfərdən
sonra gedib öz doğma Zəngilan torpağını da
gördü. Ən böyük arzumuz odur ki, belə yubiley
yaşlarını işğaldan azad olmuş öz ata-baba
ocağında qeyd eləsin!
Mən Qulu Məhərrəmlini bağrıma
basıram, onu həyatımda dost olaraq ən böyük
qazanclarımdan hesab edirəm. Tək özüm
üçün yox, elə bu ölkə, jurnalistika və
bizim millət üçün də. Qulu Məhərrəmliyə
həyat yoldaşı Zemfira xanım, övladları və nəvələri
ilə birgə böyük ailə xoşbəxtliyi
arzulayıram.
Zemfira Məhərrəmli, Əməkdar jurnalist, Qulu
Məhərrəmlinin həyat yoldaşı:
- Əvvəla, ailəmizə diqqət göstərdiyiniz
üçün sizə təşəkkürümü
bildirirəm.
Qulu müəllim mənim tələbə
yoldaşım olub və tanışlığımız qəbul
imtahanlarından başlayıb. Sonra qismət oldu, biz beş
il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində
təhsil aldıq. Qulu Məhərrəmli qrupumuzun ən
yaxşı oxuyan tələbələrindən idi. Tale elə
gətirdi ki, əvvəlcə mənim tələbə
yoldaşım oldu, sonra isə ömür-gün
yoldaşım, iki qızımın atası, nəvələrimin
babası. Həyatda ən böyük dayağım Qulu Məhərrəmli
olub. O, adı böyük hərflərlə yazılan müəllimdir.
Qulu müəllim mənim peşə fəaliyyətimdə də
həmişə yardımçım olub və ailəmizdə
qarşılıqlı anlaşma hökm sürüb. Biz vaxt
olub ki, kirayə evdə, dar mənzildə yaşamışıq.
Bir balaca masamız var idi, bir ucunda Qulu müəllim
yazırdı, bir ucunda mən. O balaca stol həm bizim yazı,
həm də nahar masamız idi. O balaca stolda paltar da
ütüləyirdim, Aytənimi, Şəhlamı da bələyirdim.
Biz bu çətinlikləri görmüşük. Ailədə
qarşılıqlı anlaşma əsasdır. Əgər
anlaşma varsa, hüzur və həm də
yaradıcılıq şəraiti var. Mən çox sevinirəm
ki, mənim tələbəliyim hələ də davam edir.
Çünki Qulu müəllim mənimlə eyni ailədə,
eyni damın altındadır.
İlk növbədə həyat yoldaşıma
cansağlığı arzu edirəm. Əsas odur ki, onun həyat
eşqi, yaradıcılıq əzmi heç vaxt tükənməsin.
Allah onu var eləsin, həmişə ailəmizin
başında olsun, başımızın üstündən əskik
olmasın.
Mən isə bu yazımı Qulu müəllimə həsr
etdiyim şeirimlə bitirir, onun 70 illik yubileyini ürəkdən
təbrik edir, cansağlığı, bol-bol
yaradıcılıq uğurları arzulayıram.
Yanır işığından sözlərin
özü,
Sizi alqışlayır düzlərin düzü,
Böyük elmində var xalqların gözü,
Böyük insansınız bu Vətən
üçün!
Elmi kitabların ayrıca məktəb,
Çox böyük uğura olubdu səbəb,
Sizdə aydın məram, ucadır mətləb,
Böyük insansınız bu Vətən
üçün!
Zemfira xanımla ömrü xoş sürün,
Gül qızlar böyüdüb, barların dərin,
Ağıllı, idraklı nəvələr
görün,
Böyük insansınız bu Vətən
üçün!
Qələminin sehri dillər qurudur,
Nələrə qadirdir, durmadan yazır,
Kim nəyi bilməsə yanına qaçır,
Böyük insansınız bu Vətən
üçün!
Əməkdar jurnalist Qulu Məhərrəm,
Bizə yaxın, doğma, ən əziz və məhrəm,
Yəqin xoş gələcək sizə bu kəlməm:
Böyük insansınız bu Vətən
üçün!
Öyrətmək eşqilə alışır sinən,
Hər vaxt belə olub, mən görmüşəm,
mən,
Fuadam, ömrünü elmə həsr edən,
Böyük insansınız bu Vətən
üçün!
Fuad BİLƏSUVARLI
525-ci qəzet .- 2024.- 25 oktyabr(№196).-S.12.