Qubadlı Şəhəri
Günü
Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının
işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın
25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi
yaxınlaşdırdı.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Qubadlı şəhərinin işğaldan azad edilməsindən
dörd il ötür. Azərbaycan Ordusunun 2020-ci il
sentyabrın 27-də başladığı əks-hücum nəticəsində
aparılan döyüş əməliyyatları ilə
2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni
işğalından azad edilib. İkinci Qarabağ müharibəsi
zamanı, rayonun şərqində yerləşən Cəbrayıl
rayonunda düşmən qüvvələrinə
sarsıdıcı zərbə vurulması və cənubda
yerləşən Zəngilan rayonunda qısa müddətdə
aparılan uğurlu əməliyyatlar Azərbaycan Silahlı
Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati
hüdudlarına çıxmasına şərait yaradıb.
Oktyabrın 26-da isə dövlət başçısı
xalqa müraciətində bir aya yaxın davam edən Vətən
müharibəsində düşmənin məhv edilmiş və
qənimət götürülmüş silah və
texnikasını açıqlayıb, eyni zamanda, Azərbaycan
Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə
yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli,
Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan
rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd,
Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ
Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər
kəndlərinin işğalına son qoyulduğunu bəyan
edib. Qubadlı şəhərinin işğaldan azad edilməsi
uğrunda şiddətli döyüşlər gedib.
Düşmənin müqavimətini qıran Azərbaycan
Ordusu onu geri çəkilməyə məcbur edib,
ağır məğlubiyyətə uğradıb.
Qubadlının 1993-cü il avqustun 31-də Ermənistan
tərəfindən işğal olunması tariximizin ən
acı səhifələrindən biri idi. Qubadlı erməni
işğalında olduğu zaman digər ərazilərimiz
kimi böyük dağıntıya, barbarlıq və vandalizmə
məruz qalıb. Rayon ərazisində bütün sosial
infrastruktur dağıdılıb, kommunikasiya xətləri məhv
edilib, ermənilər nə mümkündürsə,
daşıyıb aparıb. Ərazidə ekoloji terror həyata
keçirilib. Bununla da xalqımıza külli miqdarda maddi-mənəvi
ziyan vurulub.
Qubadlının azad edilməsi əməliyyatı bir
neçə gün çəkdi. Şəhərdə ermənilər
güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə
düşmənin hərbi birləşmələri yerləşmişdi.
Qubadlını azad etmək üçün, ilk növbədə,
yüksəkliklər götürülməli idi.
Çünki düşmən bu yüksəkliklərdən
müntəzəm olaraq hərbçilərimizə atəş
açırdı. Qubadlının işğaldan azad
olunması nəticəsində Vətən müharibəsinin
gedişatında ordumuz strateji əhəmiyyətli uğur
qazandı. Azərbaycan Ordusunun sentyabrın 27-də
Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı
nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri
və rayonun 41 kəndi azad olundu.
Sözsüz ki, Qubadlı üçün ən əlamətdar
günlərdən biri də 2020-ci ilin 23 dekabrında Prezident
cənab İlham Əliyevin rayonda şanlı
bayrağımızı ucaltmasıdır. Təbii ki, ölkə
başçısının Qubadlıya hər səfəri
mühüm hərbi və infrastruktur obyektlərinin
açılışı, təməlqoyma mərasimləri
ilə yadda qalır. Bu gün Qubadlı rayonunda böyük
quruculuq-bərpa işləri həyata keçirilir.
Qubadlının gələcək inkişafı ilə
bağlı əməli-praktiki işlər aparılır.
Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa
olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki
inkişaf dinamikasını nəzərə alır.
Rayon işğaldan azad olunduqdan sonra orada bərpa və
yenidənqurma işlərinə başlanılıb.
Ərazinin minalardan təmizlənmə əməliyyatları
ilə yanaşı, infrastrukturun bərpası işləri də
davam etdirilir. Ötən müddət ərzində Xanlıq
Radio-Televiziya Yayım Stansiyasının mövcud 50 metrlik
qülləsindən istifadə olunmaqla 8 TV və 2 radio
proqramının Qubadlı şəhəri və rayonun 12 kəndində
(Əlibəyli, Qoturbulaq, Xocahan, Qapanlı, Muğanlı, Hal,
Xanlıq, Hənzəli, Əfəndilər, Qəzyan, Saray,
Yuxarı Mollu) yayımı təmin olunub. Eyni zamanda, Prezident
cənab İlham Əliyevin tapşırığı ilə
Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarının sosial-iqtisadi inkişafında mühüm
rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi
aparılıb.
2021-ci ilin bu günü Prezident İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda səfərdə
olublar. Dövlət başçısı və birinci
xanım Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun
10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə
gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində,
“Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq
“Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd
Xidmətinin yeni hərbi hissə kompleksinin
açılışlarında iştirak ediblər. Sonra
Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşüblər.
Həmçinin, dövlət başçısı
və birinci xanım 2022-ci ilin oktyabrın 19-da da Qubadlı
rayonuna səfər ediblər. Prezident İlham Əliyev
Qubadlı rayonunda “Bərgüşadçay” və
“Zabuxçay” su anbarlarının layihələri ilə
tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal
İdarəetmə Mərkəzinin təməlini qoyub.
Dövlət başçısına və birinci xanıma
Qubadlı şəhərinin Baş planı təqdim olunub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva Qubadlıda İşğal və Zəfər muzeylərinin
təməlqoyma mərasimində iştirak ediblər.
Həmin gün dövlət başçısı
Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin
də təməlini qoyub. Bildirilib ki, ümumi sahəsi 2,6
hektara yaxın olan yaşayış məhəlləsinin yerləşdiyi
ərazi çay və dağ mənzərəsi ilə əhatə
olunub. Məhəllə şəhərin təsdiq edilmiş
ümumi Baş planına uyğun salınacaq. Bu məhəllədə
binaların üçmərtəbəli və dördmərtəbəli
olması planlaşdırılır. Ümumilikdə məhəllədə
156 mənzilin tikintisi nəzərdə tutulur.
2023-cü il sentyabrın 5-də Prezident cənab
İlham Əliyev “Yeni Qubadlı‒Laçın avtomobil
yolunun layihələndirilməsi və tikintisi ilə
bağlı tədbirlər haqqında” sərəncam
imzalayıb. Sərəncama əsasən, Xudafərin‒Qubadlı‒Laçın
avtomobil yolunun 33-cü kilometrliyindən başlayan yeni
Qubadlı‒Laçın avtomobil yolunun layihələndirilməsi
və tikintisinin həyata keçirilməsi məqsədilə
2023-cü il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20
milyon manat ayrılıb.
Məlum olduğu kimi, tarixi Qələbə günlərinin
əbədiləşdirilməsi ilə bağlı Prezident cənab
İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı
ilə işğaldan azad edilmiş ərazilər üzrə
şəhər günləri təsis edilib. Sözügedən
sərəncama əsasən 25 oktyabr Qubadlı Şəhəri
Günü kimi müəyyən olub.
Azərbaycan xalqı bu unudulmaz tarixləri bayram
günü kimi qeyd edir.
İlham QAYIBZADƏ,
Qarabağ Müharibəsi Əlilləri Veteranları
və Şəhid Ailələri İctimai Birliyinin Binəqədi
rayon filialının sədri, 2-ci qrup Qarabağ əlili
525-ci qəzet .- 2024.- 25 oktyabr(¹196).-S.11.