"Alman dalğası"nın dalğalarında  

 

 

Azərbaycanda əsrin neft müqaviləsi imzalandıqdan sonra dünyanın diqqəti ölkəmizə yönəlmişdi. Almaniyanın kütləvi informasiya vasitələri, o cümlədən, "Alman dalğası" radio-televiziyası da yeri gəldikcə Azərbaycan haqqında verilişlər yayımlayırdı. Ötən əsrin doxsanıncı illərinin sonunda, ölkəmizin informasıya blokadasında olduğu bir vaxtda "Alman dalğası"nın əməkdaşları Miodrak Şoriçin, Xristof Hyalanın müxtəlif vaxtlarda Bakıya səfərləri də Azərbaycana olan marağın təzahürü idi. Onların hazırladıqları verilişlər yalnız Almaniya ərazisində deyil, bir neçə dildə xarici ölkələrə də yayımlanır. "Alman dalğası" radio və televiziyası ilə AzTV arasında əməkdaşlıq əlaqələri yaratmaq fikri də günün tələbindən irəli gəlirdi və 2004-cü ildə Almaniyaya səfərimdə məqsəd də bu baradə danışıqlar aparmaq idi.

Hava limanında məni "Alman dalğası"nın MDB ölkələri üzrə marketinq xidmətinin meneceri Yaromir Yankovski qarşıladı. Biz yeddi il öncə Budapeştdə keçirilən Televiziya filmləri festivalında tanış olmuşduq. Yaromir milliyyətcə polyakdır, Varşava universitetinin rus filologiyası fakültəsini bitirib. Səksən birinci ildə Fransada ezamiyyətdə olanda sovet ordusu Polşaya girir. Yaromir vətənə dönmür, Almaniyaya gəlib siyasi sığınacaq istəyir. Alman dilini yaxşı bildiyinə görə onu radioya tərcüməçi götürürlər. Beləcə, onun radio karyerası başlayır.

Budapeştdə Yaromir məni və Gürcüstan televiziyasının sədr müavini Georgi Kaxabrişvilini şam yeməyinə dəvət elədi. Sifariş verilən yeməklər arasında qaynadılmış bütöv asatrini görəndə təəccüblənməyə bilmədim. Əlbəttə, süni yolla yetişdirilən bu cırtdan balıq xəzərdəkindən yalnız boyuna-buxununa görə yox, elə dadına-tamına görə də çox fərqliydi. Georgi Bakıda yediyi balıq kababını təriflədi, Yankovskiyə dedi ki, bu təamın əsl ləzzətini dadmaq üçün Azərbaycana getmək gərəkdir. Söz düşmüşkən, mən də təzə dostlarımı Bakıya dəvət etdim. Sonralar Georgi ilə Bakıda görüşdük, Yaromirinsə yolu hələ də Azərbaycana düşməyib.

AzTV ilə "Alman dalğası" arasında yaradıcılıq əlaqələri yaratmaq ideyası da o şam yeməyi zamanı yaranmışdı.

Səksəninci illərin əvvəllərində mən dünya radiolarının fəaliyyəti barədə dövri mətbuatda yazılar yazırdım. Təbii ki, bu yazılar sovet jurnalistinin mövqeyini ifadə edirdi. "Ədəbiyyat və incəsənət" qəzetinin baş məqalə kimi verdiyi "Yad səslərin avazı", "Yalan həqiqət" və digər yazılarımda "Alman dalğası" radiosunun fəaliyyətinə də münasibət bildirmişdim. Sosialist ölkələrindən qaçıb "Alman dalğası"nda sığınanlara sovet jurnalistkası son dərəcə kəskin münasibət bildirirdi. Təbii ki, Yaromir Yankovski də o siyahıda yer alırdı. Yazılarım dərc edilən qəzet saylarının "Alman Dalğası"nın arxivində saxlandığı şübhəsiz idi. O radio ilə bağlı ən kiçik yazı belə diqqətdən yayınmır, əldə edilirdi.

Qərbdən yayılan yad səsləri batırmaq, boğmaq məqsədiylə SSRİ-də geniş yerüstü antenalar şəbəkəsi yaradılmışdı və bu məqsədlə küllü miqdarda vəsait xərclənirdi. Amma bu səylərə, qadağalara baxmayaraq, xarici radiostansiyaları qısa dalğada dinləmək olurdu və nəticədə sovet vətəndaşları dünyada baş verən hadisələrlə bağlı informasiyaları bu mənbələrdən öyrənirdilər.

Yetmiş altıncı ildə Moskvada hərbi xidmətdə idim. Noyabrın 28-də axşam sərnişin təyyarəsi bizim hərbi hissənin bir kilometrliyində qəzaya uğradı. Sovet kütləvi informasiya vasitələri ağızlarına su alıb susurdu. Hadisədən yarım saat keçməmişdi ki, xəlvət dinlədiyimiz "Alman dalğası" radiosundan öyrəndik ki, qəzaya uğrayan Moskva-Leninqrad reysi ilə uçan "Tu-104" təyyarəsidir və qəzada heyət üzvləriylə birlikdə 73 nəfər həlak olub. Qəribədir, gözümüzün qabağındaca baş vermiş faciədən minlərlə kilometr uzaqdakı radionun yayımlarından xəbər tuturduq. Yalnız dörd gündən sonra "İzvestiya" qəzeti qəza haqqında ikicümləlik informasiya yaydı. Təxminən bir ay sonra üç erməninin Moskva metrosunda törətdiyi terrorun təfsilatını da xarici informasiya vasitələrindən, o cümlədən, "Alman dalğası"ndan öyrəndik.

Aeroportdan gələndə Yaromir yolboyu Köln şəhəri haqda, onun tarixi barədə məlumat verirdi. Bu qədim şəhər Almaniyanın iri sənaye və mədəniyyət mərkəzlərindən sayılır. Köln həm də "Alman dalğası" radiosunun doğulduğu şəhərdir. Avropanın iri beynəlxalq radio stansiyalarından biri olan "Alman dalğası"nın səsi ilk dəfə 1953-cü il mayın 3-də məhz bu şəhərdən yayılıb. Kütləvi informasiya vasitələri arasında xüsusi yeri olan bu radionun geniş dinləyici auditoriyası var. Hər gün dünyanın müxtəlif ölkələrindən, guşələrindən radionun ünvanına çoxlu sayda məktub gəlir. Çoxdandır ki, "Alman dalğası" öz ünvanını dəyişib. Radio artıq Bonn şəhərindən efirə çıxır. Bonnla Köln arasındakı məsafə uzaq deyil, yarım saatlıq yoldur. Yarım əsrlik fəaliyyətdən sonra şirkətin öz ünvanını dəyişməsinə səbəb nə idi? Ölkənin paytaxtı Berlinə köçdüyündən Bundestaq (Parlament) üçün tikilmiş əzəmətli bina "Alman dalğası"na satılıb. Orijinal arxitekturalı, dəmir-şüşə konstruksiyalı bu bina radio üçün çox əlverişli sayılmasa da, əməkdaşlar genişlikdən razıdırlar, zarafata salıb deyirlər ki, lahiyəni hazırlayanda arxitektorlar binanın sonda radio işçilərinə qismət olacağını sanki bilirmişlər. "Alman dalğası" televiziyası isə Berlində yerləşir.

"Alman dalğası"nda ilk görüşüm radionun rəhbər işçilərindən Miodrak Şoriçlə oldu. Şoriç xarici dillərdə verilişlər xidmətinə rəhbərlik edirdi. O, məni Almaniyada görməkdən məmnun olduğunu söylədi. Bakıya səfərini xatırladı, dedi ki, fürsət düşsə, yenə gələcək. Doxsanıncı illərin axırlarında Bakıya ezamiyyətə gələndə Şoriç rus dilində verilişlər şöbəsinə rəhbərlik edirdi. Bir jurnalist kimi ölkəmizə səfər etməkdə məqsədi Azərbaycanı tanımaq, proqram hazırlamaq idi. Bakıdakı tarixi abidələrə maraq göstərir, ölkənin siyasi, iqtisadi ab-havasını öyrənmək istəyirdi. Fəvvarələr meydanında gəzərkən mənə dedi ki, Qərbdə sizi istəməyənlər belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya Azərbaycan islam fundamentalizminin vüsət alacağı ölkə, ikinci İran ola bilər. Dedi, doğrusu, gendən-genə məndə də buna bənzər fikir oyanmışdı və elə bilirdim Bakının küçələrində çadralı qadınlarla-qızlarla qarşılaşacağam. Bir neçə günlük müşahidəmin nəticəsi olaraq, bunu deyə bilərəm ki, Azərbaycan zəngin mədəniyyətə malik sivil bir ölkədir, onun tutduğu yol işıqlı gələcəyə, inkişafa aparır...

Şoriç Bakı xatirələrini məmnunluqla yada salırdı. Söz sözü çəkirdi, sanki illər öncə ideoloji cəbhənin əks qütblərində qarşı-qarşıya dayanan "əsgərlər" deyildik.

Miodrak Şoriç milliyətcə serbdir, Köln, Moskva, Kiyev universitetlərində təhsil alıb. 1989-cu ildən "Alman dalğası" radiosunda çalışır. Tezliklə onu rus dilində verilişlər xidmətinin rəhbəri vəzifəsinə irəli çəkirlər. Reformator kimi tanınan Şoriç redaksiyada kök salmış, sərt antisovet baxışlarıyla seçilən köhnə kadrları yeni təfəkkürlü jurnalistlərlə əvəzləyir. Bu, dövrün, zamanın tələbi idi. Yalnız Rusiyaya yox, postsovet respublikalarına münasibətdə də yeni yanaşma tərzi tələb olunurdu. Sonralar yaranmış münaqişəyə görə 2022-ci ildən etibarən "Alman dalğası"nın verilişlərinin Rusiya ərazisində yayılmasına qadağa qoyuldu.

"Alman dalğası" radiosu türk dilində də verilişlər verir. Verilişlər yalnız ölkədə yaşayan türklər üçün deyil, həm də Türkiyə türkləri üçün nəzərdə tutulur. Proqramlar rəngarəngliyi ilə seçilir: xəbərlərlə yanaşı, Almaniyada yaşayan türklərin ölkənin ictimai, siyasi, iqtisadi və mədəni həyatındakı yerini, iştirakını göstərən verilişlər yayımlanır. Təbii ki, əsas məram isə Almaniyanı, alman həyat tərzini tanıtmaq, təbliğ etməkdir.

Türkcə verilişlər redaksiyası üçün məndən müsahibə aldılar. Studiyada qəribə hisslər keçirirdim, bir vaxtlar bu studiyadan Sovet İttifaqına, sosializmə qarşı nə kimi kəskin sözlər, fikirlər səslənməyib? İndi mən həmin studiyada, mikrofon qarşısında oturmuşdum, həmkarlarımla dostluq münasibətlərindən, əməkdaşlıq əlaqələrindən danışırdıq. Müsahibədə təbii ki, bədnam qonşularımızın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə toxunmaya bilməzdim. On doqquzuncu əsrin birinci yarısında Azərbaycan ərazisində alman koloniyalarının salındığını, sonradan Gədəbəy mis mədənlərinin istismarında çalışan alman mütəxəssislərinin bu ucqar dağ rayonunda dəmir yolu çəkdiklərini, yerli əhaliylə mehriban şəraitində yaşadıqlarını, indinin özündə də alman mədəniyyətindən xəbər verən binaların, tikililərin tarixi abidə kimi qorunduğunu eşidəndə bonnlu həmkarlarımın marağı birə-beş artdı, müsahibə üçün ayrılan vaxtı uzatmalı oldular.

"Alman dalğası" ilə əməkdaşlıq bizdən ötrü çox faydalı ola bilər. Özümüzü tanımaq azdır, özümüzü tanıtmaq gərəkdir, buna imkanımız da var, haqqımız da çatır.

"Alman dalğası" televiziyasının istedadlı pianoçu Əzizə Mustafazadə haqqında çəkdiyi filmə həvəslə baxdım və bundan böyük qürur duydum. Əzizə Mustafazadəni Almaniyada çox yaxşı tanıyır, sənətinə böyük hörmətlə yanaşır, dəyər verirlər. Tamaşaçılar, musiqisevərlər Əzizənin hər ifasını səbirsizliklə gözləyirlər. Əzizə atasının yolunu davam etdirərək Şərq musiqisi ilə cazın sintezindən yaranan ecazkar ahəngi avropalılara sevdirə bilir. Əzizəni "Cazın şahzadəsi" adlandırır, onun simasında virtuoz pianoçu, istedadlı bəstəkar və bənzərsiz caz müğənnisi görür və sevirlər. Almaniyada yaşasa da, o özünü azərbaycanlı ifaçı kimi təqdim edir, doğma vətənini unutmur. Deyir ki, hər dəfə səhnəyə çıxanda vətənimi təmsil etdiyimdən qürur duyuram.

"Alman dalğası"nda Yaromir məni bir əməkdaşla da tanış etdi. Dedi sənin həmyerlindir - Həsən Hüseynovdur. Tanışlığımıza məmnun oldum. Əslində, mən Həsəni bir gün əvvəl foyedə görmüş, "bizim tərəfin adamlarına oxşayır" deyib fikrimdən keçirmişdim. Zənnim məni yanıltmamışdı.

Birinci mərtəbədəki kafedə çay içə-içə söhbət elədik. Öyrəndim ki, Həsən 1953-cü ildə Bakıda anadan olub, uşaqlıq və gənclik illəri Moskvada keçib. Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Filologiya elmləri doktorudur. Almaniya, Danimarka və ABŞ universitetlərində dərs deyib. Bir neçə ildir ki, "Alman dalğası"nda çalışır. Mədəniyət tarixi, çağdaş ədəbiyyata dair kitabların, çoxlu sayda məqalələrin müəllifidir. O, Azərbaycan Televiziya və Radiosunun nümayəndəsini "Alman dalğası"nda gördüyündən məmnun olduğunu söylədi. Dedi ki, Azərbaycanın informasiya blokadasından çıxmasında xarici ölkə teleradiolarıyla əlaqə yaratmaq vacibdir. Bacardıqca bu cür əlaqələri genişləndirmək lazımdır. Ermənilər Qərbdə elə təbliğat aparırlar, guya onlar bizim torpaqlarımızı yox, Azərbaycan onların ərazisini işğala məruz goyub... Dedim, cənab Şoriçlə söhbətimiz də əməkdaşlıq mövzusu ətrafında keçdi, əməkdaşların təcrübə mübadiləsini apamaq, proqram dəyişimi etmək kimi məsələlər dilə gətirildi...

Bəri başdan bunu deyim ki, danışıqlar nəticəsiz qalmadı, bir neçə əməkdaşımız "Alman dalğası"nda uzunmüddətli təcrübə keçmək üçün ezam olundular. Hyala Xristov ikinci dəfə Bakıya gəldi. Almaniyalı həmkarlarımız mübadilə məqsədiylə bizə radio və televiziya proqramları göndərdilər.

"Alman dalğası" yarandığı gündən radio olaraq fəaliyyətə başlasa da, hazırda ən müasir avadanlıqlarla təchiz edilmiş televiziya kanalına da malikdir. Radioda olduğu kimi, televiziya proqramları da, əsasən, xarici auditoriya üçün nəzərdə tutulur. Məqsəd, məram isə ölkəni dünyada tanıtmaq, xalqın mədəniyyətini təbliğ etməkdir. "Alman dalğası"nın təsisçisi Almaniya Federativ Respublikasıdır.

"Alman dalğası"nın tarixi, bu günü haqqında istənilən məlumatı asanlıqla əldə etmək olar. Qurumda bir neçə bələdçi ştatı var. Onların vəzifəsi qonaqları əməkdaşların iş şəraitilə tanış etmək, studiyaları göstərmək, "Alman dalğası"nın fəaliyyəti barədə məlumat verməkdir.

"Alman dalğası" sürətlə dəyişən texnologiya ilə ayaqlaşır. Müasir texnologiyanın tətbiqi işin keyfiyyətini, səmərəliliyini yüksəldir. Onu da deyim ki, bu müasirliyin fonunda radionun keçdiyi inkişaf yolunun hər bir dövrü tarixdir və bu tarixə qurumun muzeyində səyahət etmək mümkündür. Yetmiş ildən çox bir müddətdə istifadə olunan radio avadanlığı, nümunələr muzeyə gələnlərin marağını çəkir.

Şəhəri gəzmək, muzeylərə baş çəkmək üçün Xristof Hyala maşın sifariş verir. Bu, cəmi bir dəqiqə çəkir. Kompüterdə maşının nömrəsi yazılır.

Açarı alıb qaraja düşürük. Eyni modelli, eyni rəngli yüzlərlə minik maşınının olduğu çoxmərtəbəli nəhəng qaraj yeraltı şəhəri xatırladır. Xristofun özü də az qalır azsın. Maşını çətinliklə tapırıq. Burada sürücü ştatı yoxdur, əməkdaşlar şirkət maşınlarını özləri idarə edirlər.

Xristov Bakıda keçirdiyi günləri həvəslə xatırlayır. Deyir televiziyadan izləyirəm, ölkəniz sürətlə inkişaf edir. Bildirdi ki, Azərbaycan mətbəxi çox zəngindir, orda yediyi yeməklərin dadı-tamı hələ də damağındadı, xüsusən də lüləkababın. Zarafata salıb dedi ki, həyatınız irəliyə doğru hələ çox dəyişəcək, amma qoymayın ki, lüləkababın dadı dəyişsin...

Almanlar öz tarixlərinə dəyər verməyi bacaran xalqdır. Deyirlər, yaxşılı-pisli nə varsa, bizim tariximizdir. Bu üzdən, ölkədə muzey işi çox gözəl, necə deyərlər, alman dəqiqliyilə qurulub. Bonn şəhərində də muzeylər çoxdur. Keçmişi yaşadan bu mədəniyyət ocaqlarında zəngin eksponatlar toplanıb.

İkinci Dünya müharibəsi muzeyi məndə böyük maraq oyatdı. Buradakı eksponatlar, göstərilən sənədli filmlər tarixdə qanlı ləkə kimi iz qoymuş bir faciəni tanıtmaqla yanaşı, həm də insanları ayıq olmağa çağırır, onlarda müharibələrə nifrət hissi aşılayır. Buradakı eksponatların bir çoxu Adolf Hitlerin həyatını əks etdirir.

Muzeyə gələnlər arasında ixtiyar qocaları da gördüm. Yaşlı bir kişi iri şəkildə təsvir olunan əsir düşərgəsinə, tüstülənən krematoriyaya, üst-üstə qalanmış cəsədlərə, şıq keyimli alman zabitlərinə diqqətlə baxırdı. Hiss olunurdu ki, müharibə veteranıdır.

Diqqətimi çəkdiyindən, altdan-altdan ona göz qoyurdum. Elə bilirdim ki, bu ixtiyar adam eksponatlara baxmır, ötən illərə, günlərə boylanır, bəlkə də, özünü axtarır.

Hitlerin iri portreti qarşısından keçəndə ayaq saxladı, hərbi mundirdəymiş kimi qeyri-ixtiyari əlini köynəyinin yaxasına aparıb düymələmək istədi, bükük qəddini dikəltməyə çalışdı və elə bildim, qoca indicə sağ əlini qaldırıb Hitleri salamlayacaq.

Marağımı boğmayıb Xristofdan xahiş etdim, alman dilində kişidən soruşsun ki, şəkillərə belə diqqətlə baxmaqda o kimisə tanıyıb, yoxsa?

İxtiyar adam diksindi, üzünün ifadəsi dəyişdi. Deyəsən, belə sual gözləmirdi. Nəsə bir sirrin, paxırın açılacağından qorxurmuş kimi xoflu-xoflu əlini yellətdi. "Nayn, nayn! (Yox, yox!) - deyib ayaqlarını sürüyə-sürüyə çıxışa sarı uzaqlaşdı...

Onu da deyim ki, tarix yalnız muzeylərdə yaşamır, "Alman dalğası" radio və televiziyası tarixi mövzulardakı proqramlara da geniş yer verir. Muzeylərdən reportajlar hazırlanır, sənədli filmlər çəkilir: tarixi unutmamaq üçün, yaddaşlarda yaşatmaqdan ötrü. Tarixi qorumaq, yaşatmaq həm də insanların sayıq olması, sabaha, gələcəyə baxa bilməsi üçün gərəkdir, ələlxüsus da dünyanın çalxalandığı, münaqişələrin, müharibələrin genişləndiyı bir vaxtda.

 

2024

Kamil ƏFSƏROĞLU

525-ci qəzet .- 2024.- 25 oktyabr(№196).-S.10.