Ali məktəblərin publik hüquqi şəxsə çevrilməsi: inkişaf üçün genişlənən imkanlar

 

Azərbaycanda daha beş ali təhsil müəssisəsi publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarlar imzalayıb. Qərarlarla Sumqayıt Dövlət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Lənkəran Dövlət Universiteti publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq. Həmin ali təhsil müəssisələrinin nizamnamələri də təsdiqlənib.

Qeyd edək ki, ali təhsil müəssisəsinin publik hüquqi şəxs statusuna malik olması onun müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsinə, göstəriləcək ödənişli təhsil xidmətlərinin çeşidinin genişləndirilməsinə şərait yaradan məsələ kimi dəyərləndirilir. Bu isə ali təhsil müəssisəsinin maddi-texniki bazasının və infrastrukturunun yeni keyfiyyət əmsalı deməkdir. Ali təhsil müəssisələrinin iqtisadi cəhətdən dayanıqlılığının təmin olunması onların ölkədə və beynəlxalq səviyyədə rəqabət qabiliyyətini yüksəltməklə təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsini və tədqiqat universiteti statusunu əldə etməsini stimullaşdırır. Bu da əldə edilmiş innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqinin əsas şərtlərindəndir.

Mütəxəssislərin fikrincə, Azərbaycanda doqquz ali məktəbin publik hüquqi şəxsə çevrilməsi və yenidən təşkil edilməsi qərarı təhsil sektorunda həyata keçirilən islahatların bir hissəsi kimi görülür. Publik hüquqi şəxs statusu təhsil müəssisələrinin idarəetmə və maliyyə müstəqilliyini artırmaq, dövlət vəsaitlərinin səmərəli istifadəsini təmin etmək, tədris prosesinin keyfiyyətini yüksəltmək məqsədini güdür. Publik hüquqi şəxs statusu bir təşkilatın dövlətə bağlı qalmaqla yanaşı, müəyyən dərəcədə müstəqil fəaliyyət göstərməsini təmin edən hüquqi formadır. Belə təşkilatlar dövlətin müəyyən məqsədlərini həyata keçirirlər, lakin eyni zamanda hüquqi, maliyyə və idarəetmə sahələrində müstəqil qərar qəbul etmək səlahiyyətinə malikdirlər. Azərbaycanda ali məktəblərin publik hüquqi şəxsə çevrilməsi onların dövlət büdcəsindən asılılığını azaltmaq, daha çox maliyyə və idarəetmə müstəqilliyi qazandırmaq məqsədini daşıyır. Bu yanaşma, eyni zamanda, universitetlərin daha çevik, innovativ və müasir təhsil sisteminə uyğun fəaliyyət göstərməsinə imkan yaradır.

Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, Ali məktəblərin publik hüquqi şəxs olmağı onlar arasında rəqabətə gətirəcək, bu isə son nəticədə təhsilin keyfiyyətini yüksəldəcək. Belə status əldə edən ali məktəblər əlavə maliyyələşmə mənbələri uğrunda rəqabət aparacaq: "Publik hüquqi şəxs statusu alan universitetlər, bəzi təşkilatlarla sərbəst formada birgə fəaliyyətlə bağlı saziş imzalayaraq öz büdcəsini artıra bilərlər. Bu da universitetlərin bir-biriləri ilə rəqabət aparmasına gətirib çıxaracaq. Bu cür şərait maliyyə imkanlarını yaxşılaşdırmaqla yüksək əmək haqqı ilə savadlı müəllim cəlb etməyə imkan verəcək, nəticədə isə tədrisin keyfiyyəti artacaq. Bütün bunlar bu cür universitetlərdə təhsil alanların gələcəkdə işə qəbul imkanlarını artıracaq".

Təhsil eksperti Kamran Əsədov deyib ki, o universitetlər yenə də dövlət universiteti sayılır. Publik hüquqi şəxs statusunun ali təhsil müəssisələri üçün hansı təsirləri ola biləcəyi məsələsi ətrafında bir neçə əsas məqamı diqqətə çatdırmaq istəyirəm: "Publik hüquqi şəxs statusu dövlət tərəfindən yaradılan, lakin maliyyə və idarəetmə baxımından müəyyən qədər müstəqil olan təşkilatları ifadə edir. Bu status ali təhsil müəssisələrinə daha çox iqtisadi və idarəetmə müstəqilliyi verir, yəni universitetlər öz maliyyə məsələlərini və digər daxili proseslərini dövlət müdaxiləsi olmadan müstəqil şəkildə idarə edə bilər. Bu model bir çox ölkədə dövlət müəssisələrinin müasir idarəetmə modellərinə uyğunlaşmasını təmin etmək məqsədilə tətbiq olunur. Müsbət tərəfləri - publik hüquqi şəxs statusu universitetlərə maliyyə baxımından daha böyük müstəqillik verir. Bu, universitetlərin dövlət büdcəsindən asılılığını azalda və onların özlərini maliyyələşdirmək üçün yeni mənbələr tapmalarına imkan yarada bilər (məsələn, qrantlar, kommersiya layihələri və s.) Nəticədə universitetlər öz proqramlarını, laboratoriyalarını və təchizatlarını yeniləməklə tədris keyfiyyətini artıra bilərlər. Eyni zamanda universitetlər müstəqil olduqda, yeni və daha müasir tədris proqramları tətbiq edə bilərlər. Bu da onların beynəlxalq səviyyədə rəqabət aparmaq imkanlarını artırar. Bununla yanaşı, beynəlxalq əməkdaşlıqların genişlənməsi və tələbələrə daha çox qlobal təcrübə qazandıracaq proqramların yaradılması mümkün ola bilər".

Yeni maliyyələşdirmə modellərindən danışan ekspert əlavə edib ki, publik hüquqi şəxs statusu universitetlərə yeni maliyyə mənbələri tapmağa imkan verə bilər: "Məsələn, universitetlər müxtəlif layihələrə görə özəl sektordan və ya beynəlxalq fondlardan qrantlar cəlb edə bilər. Bu, universitetin büdcəsini artırmaqla yanaşı, tələbələrin daha yaxşı təhsil resurslarına çıxışını təmin edə bilər".

Məsələnin mənfi tərəflərinə gəlincə isə Kamran Əsədov qeyd edib ki, təhsil haqlarının artırılması  ehtimalı ola bilər: "Universitetlər müstəqil olduqda, dövlət dəstəyinin azalması nəticəsində tələbələrdən daha çox maliyyə dəstəyi tələb oluna bilər. Təhsil haqlarının artması ehtimalı tələbələr və onların ailələri üçün maliyyə çətinlikləri yarada bilər. Bu, xüsusilə aztəminatlı ailələrdən olan tələbələr üçün böyük bir problem ola bilər. Eyni zamanda bəzi universitetlər publik hüquqi şəxs statusundan yaxşı istifadə edə və maliyyə resurslarını genişləndirə bilsələr də, digərləri bu çətinliklərə uyğunlaşmaqda çətinlik çəkə bilər. Nəticədə bəzi universitetlərdə tədris keyfiyyəti artarkən, digərlərində geriləmə müşahidə oluna bilər. Universitetlərin idarəetmə sisteminin dəyişməsi müəllimlərin iş şəraitinə və əmək haqlarına təsir göstərə bilər. Universitetlər publik hüquqi şəxs statusu aldıqda, onlar müəllimlər üçün yeni müqavilə şərtləri tətbiq edə bilərlər, bu da iş şəraitində qeyri-müəyyənliklərə səbəb ola bilər.

Publik hüquqi şəxs statusuna keçid zamanı bəzi dövlət təminatlarının azalması riski yarana bilər. Bu, təqaüdlər, sosial təminatlar və ya tələbələr üçün digər dövlət yardımlarının azalması ilə nəticələnə bilər. Bu da tələbələr arasında narazılıq yarada bilər".

Ekspert onu da qeyd edib ki, beynəlxalq təcrübədə publik hüquqi şəxs modeli geniş tətbiq olunur: "Bəzi ölkələrdə bu model təhsil haqlarının artmasına səbəb olub. Məsələn, Böyük Britaniyada universitetlərin müstəqilləşməsi nəticəsində təhsil haqları əhəmiyyətli dərəcədə yüksəlmişdi, bu da tələbələrin kreditlər və borclarla təhsil almaq məcburiyyətində qalmasına gətirib çıxarıb. Azərbaycan universitetlərinin publik hüquqi şəxs statusuna keçməsi onların maliyyə müstəqilliyini və idarəetmə qabiliyyətini artıraraq tədris keyfiyyətini yaxşılaşdırmaq üçün bir fürsət yaradır. Lakin bu, tələbələr və valideynlər üçün maliyyə yükünün artması riskini də özündə daşıyır. Təhsil haqlarının artma ehtimalı və sosial təminatların azalma riski narahatlıq doğurur. Beynəlxalq təcrübəyə əsasən, bu prosesdə həm universitetlərin, həm də tələbələrin ehtiyacları balanslaşdırılmalıdır ki, təhsil haqları artmadan keyfiyyət yüksəlsin və tələbələr bu dəyişikliklərdən mənfi təsirlənməsin".

Təhsil eksperti Nadir İsrafilov bildirib ki, publik hüquqi şəxs statusu Azərbaycanda nisbətən yeni olsa da, dünyada çox istifadə olunan bir modeldir: "Yəqin çoxlarına məlumdur ki, inzibati dövlət quruculuğu çərçivəsində mülki hüququn konsepsiyalarından biri kimi təxminən iki əsr bundan qabaq Avropada, daha konkret desək, Fransada yaranan Publik hüquqi şəxs haqqında qanunlar bir səmərəli model olaraq XX əsrin əvvəllərində keçmiş Sovetlər birliyinin bir sıra respublikalarlnda, xüsusilə Baltikyanı ölkələrdə də qəbul olunub və tətbiq edilib. Yəni adi hüquqi şəxsdən fərqli olaraq, onun kifayət qədər imtiyazları var və onun bilavasitə təsisçisi dövlətdir. İnkişaf etmiş Avropa ölkələrinə nəzər yetirsək görərik ki, uşaq bağçalarından başlamış məktəb və universitetlər, dövlətə məxsus tibb klinikalarından tutmuş böyük korporasiyalara qədər publik hüquqi şəxslərdir. Bu mənada atılan belə addımlar təhsil müəssisələrində idarəetmənin keyfiyyətinin artırılmasında maraqlı tərəflərin - ictimaiyyətin, işəgötürənlərin bu prosesdə iştirakını daha da genişləndirmək, şəffaf və səmərəli idarəetmə mexanizmlərin - onların müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsinə, göstəriləcək ödənişli təhsil xidmətlərinin çeşidinin genişləndirilməsinə şərait, habelə təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaratmaq məqsədinə xidmət etməsi baxımından da dəyərləndirmək olar".

 

Sevinc QARAYEVA

525-ci qəzet .- 2024.- 26 oktyabr(№197).-S.23.