Dəhşətlər
və bədbəxtliklər. Ləyaqət və iradə
xilaskar rolunda
(Əvvəli ötən şənbə
sayımızda)
Hakimiyyətdən əvvəl o, 6 il ərzində Ham
məhbəsində olanda onun səhhəti
korlanmışdı. Ayaqları soyuqdan xroniki ağrıya məruz
qalırdı. 1872-ci ildə sürgündə onun səhhəti
daha da pisləşdi və 9 yanvar 1873-cü ildə vəfat
etdi. Öləndə onun axırıncı sözü:
"Axı biz Sedanda qorxaqlıq göstərmədik"
oldu. Göründüyü kimi, öz səhvlərini etiraf
etməkdən də bu adam çox uzaq idi.
Lakin Parisin yenidən qurulmasında,
abadlaşdırılmasında
II İmperiya mühüm rol oynamışdı. Bu
böyük işin təşəbbüsçüsü
olan III Napoleon, onu Sena prefekti, baron Osmana həvalə
etmişdi. Baron Osman Fransa paytaxtının bir prefekturasının
(rayonunun) başçısı olmaqla, kiçik vəzifə
sahibi idi, lakin atlant Göy qübbəsini çiyinlərində
saxladığı kimi, Parisin yenidənqurulması tək
olduqca böyük miqyaslı, həm də çox
ağır işi öz üzərinə
götürmüşdü və onun öhdəsindən
şərəflə gəlməyi bacarmışdı. Bu
nadir istedad və iradə sahibi bilavasitə titana xas olan cəhdləri
və zəhməti ilə Parisi yeni gözəl bulvarlarla,
prospektlərlə, göz oxşayan binalarla, arxitektura inciləri
ilə zənginləşdirmişdi. Yenidənqurma onun nəhəng
fəaliyyətinin uğurlu nəticəsi olsa da, təsadüfi
deyil ki, bu nəhayətsiz ölçüdəki tədbiri
"osmanlaşma" adlandırırlar, imperator kimi III
Napoleonun da xidmətlərini danmaq insafsızlıq olardı.
V.İ. (Ulyanov) Lenin (1870-1924-cü illər)
Bolşevik partiyasının lideri və Oktyabr
inqilabının rəhbəri, ilk sovet hökumətinin
başçısı V. İ.Lenin utopik sosialistlərin də
arzusunu yerinə yetirmək üçün, elmi kommunizm nəzəriyyəsi
ilə silahlanaraq, tarixin gedişini dəyişdirmək kimi
müstəsna əhəmiyyətə malik olan bir işi
bacardı və onu reallaşdıra bildi.
Lenin Simbirskidən Petroqrada gəlmişdi, bundan
üç il sonra, 1897-ci ildə burada ali təhsil alıb,
hüquqşünas ixtisasına yiyələnmişdi. Onun pərəstiş
etdiyi Maksimilian Robespyer də hüquqşünas idi. İdeya
axtarışları və inqilabi taleyi onu marksizmə gətirib
çıxardı. O, çarizmin qatı düşməninə
çevrildi. Qanunsuz təşkilat qrupunun yaradılmasında
iştirak etdiyinə görə həbs olunub, Sibirə
sürgünə göndərildi. Minusinsk mahalının
Şuşenskoye kəndində yaşayarkən, oraya gələn N.K.Krupskaya ilə evləndi.
Sonra Lenin İsveçrəyə sürgünə
yollandı və oradan bolşeviklərə liderlik etdi.
Rusiyada marksist Sosial Demokrat Partiyası (RSDRP) 1898-ci ildə
yaradılmışdı, 1903-cü ildə keçirilən
II qurultayında partiya menşevik və bolşevik
fraksiyalarına bölünmüşdü. Menşeviklər
Qərb modeli şəklində mübarizə aparmaq tərəfdarı
idilər. Bolşeviklər isə radikal inqilabi mübarizəyə
üstünlük verirdilər. Həmin qurultayda menşeviklərin
lideri Martov istehza şəklində "leninizm" kəlməsini
işlətmişdi. İki-üç onillikdən sonra isə
leninizm artıq əsl inqilabi təlimə çevrildi.
Leninin başçılığı altında
bolşeviklər özlərini zorakı mübarizəyə
həsr etdilər və Oktyabr inqilabının qələbəsi
ilə öz məqsədlərinə nail oldular.
1900-1917-ci illərdə Lenin vaxtının çoxunu
İsveçrədə keçirdi. I Dünya müharibəsinin
başlanması bütün Avropada inqilabi şərait meydana
gətirdi. 1917-ci ilin fevralında çarın devrilməsi ilə
Müvəqqəti hökumət yarandı. Bu, bolşeviklər
üçün hakimiyyəti ələ keçirməyə
əlverişli şərait yaratdı.
Alman hərbi komandanlığı Rusiyada siyasi vəziyyətin
ağırlaşmasına ümid edirdi. Həmin məqsəd
naminə Lenin "bağlı vaqonu" olan qatarla Almaniya ərazisindən
keçib, Rusiyaya gəldi. 1917-ci il aprelinin əvvəlində
artıq Petroqradda idi. 20 apreldə dərc etdirdiyi "Aprel
tezisləri" isə Rusiya inqilabının yeni səhifəsini
açdı.
Lenin marksizmin nəzəri
müddəalarına tam əməl etməmək yolunu
da seçdi. O, Aprel tezislərində fəhlə-əsgər
Sovetlərini dəstəkləməklə, Müvəqqəti
hökuməti devirmək üçün üç sadə
şüar irəli sürdü: "Sülh, torpaq,
çörək", "İstehsalata fəhlə nəzarəti"
və "Bütün hakimiyyət Sovetlərə".
Hərbi situasiya da ağır idi, zabitlər
komandanlıqdan uzaqlaşdırılırdı, onların
yerini aşağı sinfin seçilmiş nümayəndələri
tuturdu. Hərbi nazir Kerenski Kornilov qiyamından qorxub, Petroqrad
Sovetindən kömək xahiş etdi. Bu, Müvəqqəti
hökumətin zəifliyini göstərdi.
Zaman bolşeviklərin xeyrinə işləyirdi.
Qısa müddətdə partiya üzvlərinin sayı
üç dəfə artdı. Lenin inanırdı ki,
"Biz dünya proletar inqilabının astanasındayıq".
O, öz ətrafını inandırdı ki, inqilab
üçün vaxt yetişmişdir.
Artıq 6 noyabrdan 7-nə keçən gecə
bolşeviklər Petroqrada nəzarəti ələ
keçirdilər. Lenin gecikməni ölümə bərabər
hesab etmişdi. İnqilab qan tökmədən qalibgəldi.
Rusiyada az sonra baş verən Vətəndaş
müharibəsi ölkəyə böyük ziyan vurdu.
Bolşevik rejiminin əleyhdarları iri qüvvəyə
çevrilmişdi. 1918-ci ilin yanvarında Lenin Qızıl
Ordunun yaradılması barədə dekreti imzaladı.
1918-1921-ci illərdə Qızıl Ordu çox saydakı cəbhələrdə
vuruşmalı oldu və ağlara qalib gəlməyi
bacardı. İnqilabi orduda intizamın nisbətən daha
möhkəm olması və Rusiya Hərbi Sovetinin sədri
L.D.Trotskinin təşkilatçılıq qabiliyyəti də,
onun hədsiz sərtliyi ilə yanaşı, qəti qələbənin
qazanılmasında mühüm rol oynadı. 1921-ci ildə
kommunistlər Rusiya üzərində nəzarəti ələ
keçirdilər. Lakin canlı qüvvə itkisi və
dağıntı böyük idi.
Lenin şəraitə uyğun olaraq çevik qərar
verməyin ustası idi və bu, ona ən çətin anlarda
da uğur gətirirdi. Qatarla Rusiyaya dönərkən
Finlandiya ərazisində onu Rusiya hökumətinin qüvvələri
həbs etməyə cəhd etdi. Lakin bu, baş tutmadı. O,
Petroqrada çatan kimi həbs olunacağını gözləyirdi,
lakin 1917-ci il aprelin əvvəlində vağzalda
özünün təntənə ilə
qarşılandığını gördükdə, fikrini dəyişdi
və az sonra cəsarətlə "Bütün hakimiyyət
Sovetlərə" şüarını irəli
sürdü. Bu, artıq Müvəqqəti hökuməti də
hakimiyyətdən qovmaq məqsədini güdürdü.
Çünki paytaxtda fəhlə-əsgər Sovetləri
solların nəzarətində idi.
İyun ayında Kornilov qiyamı təhlükəsi
baş verdikdən sonra Lenin əvvəlki
şüarını dəyişib, xalqı sosialist
inqilabına çağırmışdı. Müvəqqəti
hökumət onu həbs etmək istəyirdi. Məhkəməyə
çağırıldıqda, bolşevik partiyasının
VI qurultayı (1917-ci il) buna razılıq vermədi və
Lenini Razliv gölü yanındakı komada gizlətdilər.
Oktyabr ayının əvvəlində təcili olaraq Petroqrada
gəldi və üsyana bilavasitə başçılıq
etdi. Petroqrad Sovetinin sədri kimi Trotski isə üsyanın təşkilatçısı
idi.
128 il əvvəl baş vermiş Böyük Fransa
inqilabından fərqli olaraq, burada qan tökülmədi.
"Avrora" gəmisindən açılan zərərsiz
top atəşi oktyabrın 24-dən 25-nə (noyabrın 6-dan
7-nə) keçən gecə inqilabın qalib gəldiyini
bildirdi. Qış sarayı üsyançılar tərəfindən
tutuldu, bu vaxt Lenin Smolnıda idi. 25 oktyabr (7 noyabr) 1917-ci ildə
Oktyabr inqilabı qalib gəlməklə, Rusiya tarixində yeni
bir səhifə açdı. Qısa müddətdə
ömür sürən Paris Kommunası yeni sosialist dövlətinin
prototipi hesab edilsə də, inqilab tam fərqli olan dövlət
quruluşunu meydana gətirdi. Ölkəni idarə etmək
üçün ali icra orqanı kimi Xalq Komissarlar Soveti
yarandı və Lenin ona başçılıq etdi. Xeyli əvvəl
isə o, özü demişdi ki, bizim nəsil inqilabı
görməyəcəkdir, çünki hələ əlverişli
şərait yetişməmişdi. Lakin onun pessimist öncəgörməsi
düz çıxmadı, inqilab baş verdi və onun
doğduğu, həyata gətirdiyi hökumətə Lenin
özü başçılıq etməli oldu.
Həllini gözləyən problemlər arasında
qarşıdakı Təsis Yığıncağı
xüsusi yer tuturdu. Xalq tərəfindən seçilmiş bu
orqan Rusiyada hakimiyyətin hansı dövlət quruluşunda -
monarxiya və ya respublika olmasını müəyyən etməli
idi. Lenin Təsis Yığıncağının bolşeviklərin
xeyrinə hərəkət edəcəyinə
inanmırdı və ona görə də Oktyabr dövlət
çevrilişini tələsdirmişdi ki, Təsis
Yığıncağını qabaqlasın. Leninin
ümidsizliyi düz çıxdı, çünki
bolşeviklər seçkilərdə eserlərdən iki dəfəyə
yaxın az səs qazanmışdı. Ona görə də
qanuni yolla şans əldə edilməsi itirildiyindən, yeganə
çıxış yolu bu orqanın işləməsinə
imkan verməmək idi.
1918-ci ilin yanvarında bolşeviklər hakimiyyətə
legitimlik verməli olan, Təsis
Yığıncağını, onun loyallığına
inanmadığından qovdu və digər partiyaların hökumətdə
iştirakına imkan vermədi. Təsis
Yığıncağı yanvarın 6-da Tavriçeski
sarayında keçirilirdi, onun mənfi rəyinə bələd
olan bolşeviklər Yığıncaq nümayəndələrini
qovmaq üçün gülünc bir bəhanəyə əl
atdı, sarayın mühafizə xidmətinin rəhbəri
matros Jeleznyak "Karaul ustal!" - "Qarovul
yorulmuşdur!" deyə qışqırıb, zalda
oturanları güc tətbiq edilməklə oradan
çıxardı. Bolşevik hakimiyyəti diktaturaya
çevrildi, Təsis Yığıncağının
qovulması isə Vətəndaş müharibəsini
başlanmasının mühüm səbəblərindən
biri oldu
İnqilabdan sonrakı dövrdə vəziyyət
başqa səbəblərə görə də heç də yaxşı deyildi,
ölkəyə ağır bəla gətirən Vətəndaş
müharibəsi başlandı. Keçmiş quruluşu bərpa
etməyə çalışan və "ağlar"
adlanan silahlı qüvvələrə qarşı bir
neçə cəbhədə vuruşmalı olan bolşeviklərin
"qırmızılar" adlanan güclü Qızıl
Ordusu meydana gəldi. Yeni ordunun təşkilatçısı,
İnqilabi Hərbi Sovetin başçısı L.D.Trotski vaqonunda müharibə ərzində
uzunluğu ekvatordan artıq olan bir məsafədə
döyüş cəbhələrinə baş çəkmişdi.
"Ağların" hücumu qarşısında
qaçan əsgərləri öz alovlu
çıxışı ilə geri döndərib, onları
qaliblərə çevirə bilirdi. Lakin o, həm də sərt
cəzalar tətbiq edirdi, ilk dəfə geri qaçanları
güllələmək üçün
"zaqradotryadlar" yaratdı və ingilislərin Bur
müharibəsində tətbiq etdikləri həbs düşərgələrini
Rusiyada da təşkil etdi. Ümumiyyətlə. ölkədə
"qırmızı" terror baş alıb gedirdi.
1918-ci ilin martında Leninin təkidi ilə almanlarla
Brest-Litovsk sülh müqaviləsi bağlandı. Bu
biabırçı akta görə, Rusiyanın qərb ərazilərinin
böyük hissəsi almanlara verildi. Lenin almanların I
Dünya müharibəsində məğlub olacaqlarına və
Almaniyada inqilab baş verəcəyinə görə Brest
sülhünü müvəqqəti hal kimi qiymətləndirərək,
onun imzalanmasına getmişdi. Leninin peyğəmbərliyi
düz çıxdı və məğlub olan Almaniya həm
inqilabla üzləşdi, həm də ona verilmiş Rusiya ərazilərini
tərk etməli oldu.
Lenin inqilab düşmənləri hesab etdiyi adamlara və
din xadimlərinə qarşı yakobinçi qəddarlığı
göstərirdi. Çox sayda alimlər, yaradıcı
ziyalılar Rusiyanı - "Filosof gəmisi"ndə tərk
edib, Avropa ölkələrində məskunlaşdı.
Onların arasında Nikolay Berdyayev kimi görkəmli filosoflar
da var idi.
Sürgünə göndərilənlərin içərisində
rus faşizminin ideya liderləri də meydana gəldi. Filosof
İvan İlyin (1883-1954-cü illər), onun anası alman idi,
özünün "Bizim vəzifələrimiz" əsəri
ilə qeyri-azadlığın qaranlıq yolunda "bələdçilik"
edirdi, bu yol isə zəruri olaraq əbədiliyə
aparırdı. O, həm də narazı idi ki, niyə
italyanlar faşizmi rusiyalılardan əvvəl meydana gətirmişlər.
İlyin Rusiyanı və rusiyalıları dünyada
bütün xalqlardan istisna hesab edirdi. O, elan etmişdi ki,
rusiyalılara məxsus günahsızlığı kənar
dünyada müşahidə etmək mümkün deyildir. O,
özünü "kor edən" vaxt, millətinin "təmiz
və obyektiv" olduğunu görür. O, deyirdi ki,
rusiyalılar başlanğıcdan Yerüstü Cənnətdə
(Edemdə) olan heyvan kimi günahsızdırlar.
İlyinə görə. rusiyalıların nə
vaxtsa vuruşduğu hansısa bir xüsusi döyüş,
yalnız müdafiə döyüşü olmuşdur. Rusiya
heç bir səhv etməmişdir, ancaq Rusiyaya qarşı səhv
edilmişdir. Filosof bu mülahizəsində tarixə
bütünlüklə göz yumur. 1848-ci ildə
Macarıstanda inqilab baş verdikdə, Avstriya imperatorunun
xahişi ilə çar I Nikolay 140 min nəfərlik rus
ordusunu inqilabı yatırtmaq üçün 1849-cu ildə
oraya göndərdi. Ordu qan
axıtmaqla inqilabı, macarların azadlıq mübarizəsini
boğdu. İngiltərə kraliçası Viktoriyanın əri
Albert bu münasibətlə yazmışdı:
"İmperator Nikolay Avropanın ağasıdır, Avstriya
isə onun alətidir".
Məgər dünyadakı ən böyük əraziyə
malik olan bir dövlət, həmin torpaqları işğalla əldə
etməmişdirmi? Elə doğma Azərbaycanımızın
taleyini götürək.
İranla müharibələrdəki qələbəsinin
nəticəsi kimi 1813-cü ildəki Gülüstan və
1828-ci ildəki Türkmənçay müqavilələri ilə
vahid millət iki yerə parçalanaraq, şimalda yaşayan
azərbaycanlıların ərazisi, İrəvan
xanlığı da daxil olmaqla Rusiya imperiyasının tərkibinə
daxil edilmişdi. Belə misalları çox gətirmək
olar, qoy onlar İlyinin vicdanı üzərində qalsın.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2024.- 26 oktyabr(№197).-S.22.