Cəhalət
xoşbəxtlikdir
TOPHANƏ QƏSRİ 172 İLDƏN SONRA QAPILARINI
AÇDI
Karaköyün mərkəzində, dənizin sahilində
yaşıl bir bina var. Yanından ötəndə İstanbul
Modern Muzeyin pəncərəsindən baxanda, Tophanei Amirenin
atriumundan boylananda görürdüm və heyranlıqla
baxırdım. Üzərində məlumat
yazılmadığı üçün binanın nə
olduğunu bilmirdim. Bu günlərdə yeni açılan
muzey bildirişlərində bu bina ilə bağlı da məlumat
göndərilmişdi. Sən demə, bütün fəsillərdə
rəngini itirməyən, solmayan, həmişə
yaşıl qalan həmin əsrarəngiz abidə Tophanə qəsri
imiş.
Bir az təəccüb...
Nə az-nə çox, düz 172 ildən sonra
qapılarını açdığına dair e-maili alan
kimi, dərhal Karaköyə doğru üz tutdum. Qəsrin
önündə sonsuzluq qədər uzanıb gedən
növbə vardı. Əksəriyyəti gənclər idi.
Əvvəlcə bir az təəccübləndim,
çünki İstanbulda çox muzeydə olmuşam, amma
heç vaxt yerli əhalinin sırf muzeyi görmək, əsərlərlə
tanış olmaq üçün uzun növbələrdə
dayandığına rast gəlməmişəm.
Öz-özümə fikirləşdim ki, hər-halda gənclərdə
tarixə, kültürə, mədəniyyətə maraq
yaranmağa başlayıb. Qəsr də yeni
açılıb, ödənişsizdir deyə, yəqin ki,
fürsəti əldən vermək istəməyiblər.
Açığı, biraz da fərəhləndim, eybi yox, mən
də sıraya qoşulub gözləyim dedim. Çünki bu
cür doluluq müşahidə edilən yerlərə erkən
saatlarda getmək daha məqbuldur. Əks-halda ciddi vaxt itkisinə
səbəb olur. Qəsr çox da böyük
olmadığı üçün adamları içəriyə
hissə-hissə buraxırlar. Sıra mənə
çatdı. Yeddi-səkkiz nəfərə
qarışıb içəri keçdim.
Səhv düşəndə yerimiz
Abidə mükəmməl şəkildə
restavrasiyadan keçib. Eyni zamanda içəridə qəsrin
bu günə qədər olan tarixi fotolarla, videoroliklərlə
tanıdılır. Xüsusi epizodlar sərgilənir. Şəhərin
ortasında sarmaşıqların içində gizlənən
bu zərif gözəlliyin memarlığı haqqında
yazılar məlumat lövhələrinə yerləşdirilib.
Birinci mərtəbəyə daxil olanda baxdım ki,
bütün əsərlərin önü boşdur.
Öz-özümə fikirləşdim ki, bəs bu qədər
adam hardadır? Qəflətən birinin içəridən
ciddi üz ifadəsi və iti addımlarla əndrabadi hərəkətlər
edərək mənə doğru gəldiyini gördüm, bir
addım kənara çəkildim, bu anda qız başladı
oynamağa, sonra yerə uzandı, qəflətən ayağa
qalxdı. Bu zaman dəhlizdən bir oğlan
çıxdı, əlində kamera ilə yerdəki
qızın ətrafında dövrə vurub dizlərinin
üstünə çökdü. Nə olduğunu
anlamağa macal tapmadan bir başqa qız Lozanna müqaviləsinə
dair müzakirə aparılan dəyirmi masanın ətrafında
fırlanmağa başladı. Tənginəfəs
qalmış rəfiqəsi isə onun arxasınca
qaçırdı, olmadı deyib, eyni şeyi təkrarlayan bu
ikilinin də yanından keçdim, valehedici pilləkənləri
gördüm. Sırf bu sütunları görmək
üçün bu qəsrə gəlməyə dəyər
deyə fikirləşdim. İşə bir bax, çöldən
bu qədər balaca görünən qəsrin içində
sən demə, nə xaruqələr var imiş. Pilləkəndən
yuxarıya baxdım, əvvəlcə gözlərimə
inana bilmədim, ilahi, içəridə nə qədər
insan var imiş. Pilləkən dolu, pəncərələrdə
dibçək kimi sıralanan adamlar, güzgünün
önündə bütün əllər havada hamı selfi
çəkir, balkonda video çəkən çəkənədir.
Öz-özümə düşündüm ki, bu adamlar əgər
sərgiyə gəlibsə, necə ola bilər ki, bir tablonun,
bir fotonun önündə dayanıb bir cümlə
oxumasınlar?! Bu vaxt sanki diksinərək özümə gəldim.
Sən demə, tik-tokerlərin, instaqramda "reels" çəkənlərin,
internet fenomenlərinin ortasına düşübmüşəm.
Yəni çöldə gördüyüm o gənclərin
məqsədi bu möhtəşəm yerdə foto, video
çəkdirmək imiş. Bu durumu anladıqdan sonra qəhqəhə
atdım. Halbuki içəridə hər iki mərtəbədə
xüsusi və lazımlı sərgilər var; Mehmet Əli
Laqa, Nailə Akıncı, Kadir Ablak, Ayətullah Sümərə
aid səmti təsvir edən yağlı boya ilə çəkilmiş
tabloları görmədən, fərqində belə olmadan qəsri
tərk etmək günah olar.
Bir qəsrin hekayəsi
Neoklassika tərzində olan qəsrin tikilmə
ideyası Sultan Abdulməcidə aiddir. Sultan, İngiltərə
elçilik binasını inşa etmək üçün
İstanbula gələn memar Ulyam Ceyms Smitin gördüyü
işi çox bəyənir və çoxdandır beynində
olan Tophanə qəsrini də ona inşa etdirir. 1849-cu ildə
tikintisinə başlanan abidə 1852-ci ildə tamamlanır.
Qeyd edim ki, Ulyam Ceyms Smit Tophanei Amire xəstəxanasının
və Bəhriyə xəstəxanasının da baş
memarıdır.
Tarixi meydan 1950-ci illərdə pozulur, qəsirlə dəniz
arasında dükanlar, mağazalar və s. tikilir. Bu cür
abidə bu gün lazımsız tikililərin arasında
büzüşüb qalmış kimidir. Ancaq bütün
hallarda heyranedici gözəlliyi ilə insanın gözlərini
oxşayır. Həm yolun genişləndirilməsinə və
hündürləşməsinə görə, həm də
zaman içində 1.50 metr alçalan abidənin ətrafındakı
rabitəsiz şəkildə böyüyən ağaclar
ucbatından lazımi diqqəti çəkə bilmir. Bu da az
deyilmiş kimi, altmış il əvvəl yolun genişləndirilməsi
işləri ərəfəsində qəsrin
yaxınlığındakı Top Arabaçıları
Qışlası dağıdılır, solunda liman
binaları ucaldılır və nəticədə qəsrin dənizlə
bağlantısı kəsilir.
Memarlığın qənimi: yanlış restavrasiya
Qəsrin memarının ingilis olmağı deyəsən,
öz sözünü deyib, eyni dönəmdə ucaldılan
Ihlamur Qəsri, Beykoz qəsri, Kiçiksu qəsri kimi abidələrlə,
Tophanə qəsri arasında ciddi fərq var. Həmin dönəmdə
taxta abidələrin tərk edildiyini və betondan, kərpicdən
tikilən binaların inşa edildiyini görürük. Tophanə
də onlardan biridir. Abidə sahildə yerləşir. Bu isə
adi materiallarda çürüməyə və metal
materiallarda erroziyaya səbəb olur. Ancaq bu hal Tophanədə
baş verməyib, çünki içi və
çölü sementlə örtülüb. Buraya ən
böyük zərbəni illər, əsrlər, təbii fəlakətlər
yox, xətalı restavrasiya işləri vurub.
Əl əməyi, göz nuru
Bina dənizə paralel dördbucaq şəklində,
iki mərtəbəli, eni 10 metr, uzunluğu 22 metr olaraq
tikilib. Qəsrin bütün pəncərələri yumru kəmərli
olub, barmaqlıqlarla əhatələndirilib. Abidənin
fasadı kəmərləri üzərində qabarıq
naxışlar, oyma vasitəsi ilə medala bənzər
işləmələr, lentlər, həm dik, həm də yan
üstü yerləşdirilən bitki motivləri istifadə
edilib. Abidənin inşasının Osmanlı memarlıq
üslubundan Avropa memarlıq üslubuna keçid dönəminə
təsadüf etməyi ikinci mərtəbədə daha
aydın görünür. Xeyli qəsr gəzmişəm, əminliklə
deyə bilərəm ki, bura barok üslubunun qüsursuz şəkildə
istifadə edildiyi ən fərqli və ən başgicəlləndirici
yerdir. Abidənin içindəki motivlər əl işidir.
Buranı zənginləşdirən, ona fərqli ab-hava qatan
elementlərdən digəri isə həm birinci, həm də
ikinci mərtəbədə qarşımıza çıxan
mərmər buxarılardır.
Kimlər gəldi, kimlər getdi...
Dönəmin padşahları, Tophanədəki əsgər
təsislərini mütəmadi olaraq ziyarət edirmişlər.
Bu ziyarətlərin məqsədi, öncəliklə topların
emalını görmək, atış testlərini izləmək
imiş. Hal belə olunca, ərazidə qəsr tikmək şərt
olur. Qəsrin inşasından sonra şəhərə dəniz
yolu ilə gələn əcnəbi dövlət adamları
da burada qarşılanmağa başlanır.
Buna görə də, ucaldılan bu qəsr həm
işləmək, həm dincəlmək, həm də seyr
xüsusiyyəti daşıyır. Tarixi faktlara görə, məkan
Rus çarının qardaşı Qranduk Konstantinin Sultan
Abdulməcid tərəfindən qəbuluna şahidlik
etmişdir.
Eyni zamanda, şərqi Rumeli probleminin ələ
alındığı İstanbul Konfransı və Lozanna
müqaviləsindən sonra bu qəsrdə toplanmış,
burada müzakirələr aparmış, qərarlar qəbul
etmişdilər. Yeri gəlmişkən, Lozanna müqaviləsi
1923-cü il iyulun 24-də Türkiyə ilə Qərb
dövlətləri arasında imzalanan müqavilədir.
Türkiyənin indiki sərhədlərini, regiondakı
statusunu müəyyən edən bu müqavilə tarixin
sonrakı mərhələlərində baş verəcək
bir çox hadisə üçün də platforma rolunu
oynadı. Birinci Dünya müharibəsini məğlub bitirənlər
arasında olan Osmanlı Türkiyəsi faktiki olaraq
suverenliyini itirdi. Yunanıstanın təkidi ilə
imzalanmış Sevr müqaviləsinə əsasən,
Osmanlı dövlətinin qəti sərhədləri, orduya
malik olmaq hüququ və Aralıq dənizindəki adalara olan
iddiası ləğv edildi. Amma Yunanıstandan başqa,
heç bir dövlətin müqavilənin şərtlərini
tanımaması "Lozanna" konfransının
çağırılmasına səbəb oldu. Səkkiz ay
davam edən mübahisələrdən sonra nəhayət
1923-cü il iyulun 24-də tarixi "Lozanna" müqaviləsi
imzalandı. Bununla, yüz illərlə davam edən
türk-yunan ixtilafı qismən həllini tapdı və iki
dövlət arasındakı sərhəd dəqiqləşdirildi.
Egey dənizindəki xırda adalar
bölüşdürüldü. Bir milyona yaxın yunan
Türkiyədən Yunanıstana, 500 min türk isə
Yunanıstandan Anadoluya köç etdi. Lozanna
razılaşması faktiki olaraq Türkiyəni Dardanel və
Bosfor boğazlarındakı haqlarından məhrum etdi.
Türkiyə bu qiymətli keçidlər üzərindəki
haqlarını bir də 1936-cı ildə imzalanmış
"Montrö" sazişi ilə geri ala bildi.
"Lozanna" müqaviləsi həm də Osmanlı sərhədləri
daxilində yaşayan erməni və yəhudilərin statusunu
müəyyən etdi. Bu milli azlıqlar tam hüquqlu
Türkiyə vətəndaşı elan edildi.
Təbii ki, Tophanə qəsrinin bu cür tarixi hadisəyə
ev sahibliyi etməyi təkcə memarlıq deyil, siyasi olaraq da
abidənin tarixi əhəmiyyətindən xəbər verir.
Məlumatların hamısı, hətta daha artığı
qəsrdəki lövhələrdə yazılıb. Bu
baxımdan içəridə gördüyüm mənzərə
məyusluq yaratdı. Cəhalətin bu qədər
güclü olmağı insanı ürküdür. Sabahaddin
Alinin qulağıma sırğa etdiyim bir sözü var, deyir
ki, "insan dünyaya sadece yemek, içmek, koynuna birini
alıp yatmak için gelmiş olamazdı. Daha büyük,
insanca bir sebep lazımdı". Oxumaq, varoluşu
sorğulamaq, həyatın fərqində olmaq da o səbəblərdəndir.
Ya da, biz yanılırıq, bəlkə də xoşbəxtlik
elə cəhalətdir. Kim bilir...
Türkan TURAN
525-ci qəzet .- 2024.- 26 oktyabr(№197).-S.21.