"Dəqiq adam"
Hekayə
Elə mən qarışıq, tanıyanların
çoxunun "Sərkər" deyə
çağırdığı Paşaxan dəqiq adamdır!
Haqq-hesabını qəpiyinəcən düz, tərəzidə
misqalınacan tələbkardır. Özünün də
dediyi kimi, "gözü tox, nəfsinə ağa, qənaətcil"dir.
Amma işini, zəhmətini də dönə-dönə
deyib nəzərə çatdırmağı, yaddaşlara
yazdırmağı sevəndir.
Ariflər məsəlidir, soruşarlar: "Çox
oxuyan çox bilər, ya çox gəzən?" Cavab verilər
ki, bəs çox gəzən çox bilər. Paşa da
çox gəzib, çox yerlər görüb.
Uşaqlıqdan, elə dabanını yerə basandan bəri
bir ayağı dağların sinəsində binə
bağlayan Xanagahda, bir ayağı da Dədə Savalanla
üz-üzə dayanan Kömürgöy dağının,
Şanişin zirvəsinin ətəklərindəki Qız
qalasında, Oğlan qalasında, Qız yurdunda, Mənnığda,
At axırında, Cəcıqlı yurdda, Semaqonuda olub. Gah ərə
ilə taxta çəkib, gah da naxırı, qoyun
sürüsü ilə yurd yerlərinə köç edib,
yayı beləcə ötürüb.
lll
İndilərdəsə yolu-güzarı şəhərlərədir.
Gəzən adamdır, məmləkətin hər yerində
dabanından iz var. Hələ illər əvvəl
oğurluqla sərhədi keçib İrana mal-qara aparıb
alver edəndə yaxalanaraq qazamata da salınıb. Ərdəbil
mahalının Meskin şəhərində sərasər
qırx yeddi gün dustaq olub. Qazamatdan, o qazamatda keçirdiyi
o günlərdən elə şövqlə
danışır ki, sanki Şimali Qafqazın "Plaza"
sanatoriyasıymış. Danışıqlarına
hayıl-mayıl qulaq asdıqca adamın lap gedib ora
düşməyi gəlir.
Paşaxan kişinin başına gələn əhvalatlar,
qəziyyələr danışdıqca bitib-tükənən
deyil. Deyildiyi kimi, dostumuz o qədər dürüst və tox
adamdır ki, nə birisinin manatında gözü olar, nə
də özünün qəpiyindən keçər. Kişinin
bu məziyyətlərini bilmək üçün təkcə
bu əhvalat da kifayətdir... Bir dəfə həmkarları
nahar vaxtı hərəsi adama üç manatdan pul
yığıb yemək almaq istəyirlər. Paşaxan: - Mən
iki manat yarım verəcəm, - deyir. Səbəbini
soruşanda: - Mən sizdən az yeyirəm, - deyərək,
özlüyündə əsaslı bir dəlil gətirir.
Sərgüzəştləri çoxdur, indi onlardan
birini də danışacam.
...Çoxdanın əhvalatıdır: bizim
Paşaxan özünün "Qaz" yük
maşınının sükanı arxasında
Bakı-Sumqayıt yolu ilə Ceyranbatan tərəfdən gəlirmiş.
O yolun üstündəki, avtomobil sürüb oralardan
keçən hər kəsə bəlli yol polisi məntəqəsinin
yanındakı dairədən səliqə-sahmanıyla sola,
Saray qəsəbəsi istiqamətə dönəndə
avtomobil müfəttişi siqnal çalıb "saxla"
işarəsi verir. İllərin sürücüsü
olmasına rəğmən, Paşa heç vaxt güzgüyə
baxıb arxadan gələni izləməz. O "tormoz"
deyilən əyləci işlətməklə də arası
yoxdu. Onunku sükandı, bir də sürət pedalı, yəni
çox işi kimi elə maşın sürməyi də
Allaha təvəkküldü. Qurban olduğum da hansı əməlinə
görə isə hələ də bunu nəzərə
alır. Dedim axı, illərin sürücüsüdür
Paşaxan. Çoxdan ötmüş o illərdə, mənəm-mənəm
vaxtlarında, yəni cavanlığında Lerikin
sıldırım qayalarının sinəsi ilə
ötüb keçən yollarda, dağda-dərədə
qoşadifer yük maşını - "Qaz 66"da
sürüb dostumuz. Yaylaqda, qışlaqda, otun, samanın,
odunun dalınca yol gedəndə dırmanmadığı
yamac, keçmədiyi meşə, kövşən
qalmayıb. Dəfələrlə, neçə-neçə
təhlükəylə üz-üzə gəlsə də,
salamat qurtarıb...
Talış dağlarının sinəsində,
sıx meşələrlə əhatə olunmuş bol
çeşməli bulaqları diş göynədən,
axar-baxarlı, qədimdən qədim yurd yeri Xanagah kəndindən
şəhərə köçəndə Paşaxan bir
"Niva" maşını almışdı özünə.
Yoldaşı Mərifət bacımız da o vaxt xoflanıb
vaysınaraq qohuma-qonşuya sözarası: - Çevirəcək
maşını, xata çıxaracaq, özü cəhənnəm,
bir fağırı da bədbəxt edəcək, -
demişdi. Ancaq nə az-nə çox, düz iki il Paşaxan
gəlib düşdüyü bu gen-geniş şəhərin
maşın adamın belinə çıxan küçələrində,
hara gəldi, necə gəldi sürtə-sürtə, o iki
qapılı ağ "Niva"sını ora-bura
sürdü. Maşını az qala nimdaş əsgiyə
döndərəndən sonra babat pula satdı da hələ:
dörd min manata. Zamanına, o vaxtın qiymətlərinə
görə yaxşı pul almışdı o əldən
düşmüş "Niva" üçün.
Atalar sözüdür: "Qızıl taxtın
olmasa da, qızıl bəxtin olsun". Paşaxanda bəxt nə
gəzir? Ad günlərində dost-tanış,
yaxınları adama necə əntiq əşyalar, qiymətli
hədiyyələr bağışlayırlar.
Paşaxanın isə ad günləri o yana qalsın,
altmış yaşı olanda da, gündəlik çörək
kəsdiyi dostları, yoldaşları manatlarından
keçib kişiyə "hədiyyə" adına quru,
çöp də olsa, bir şey almadılar.
Zəhmindən yan-yörəsindəkilərin
bağrı yarılan, səsindən ətrafdakı pərəndələr
belə ürküşən "patron"u da kişinin
yubileyini - 60 yaşını quruca şeirlə təbrik edib.
Həm də görün bir, nə yazıb, üstəlik,
epiqrafla:
"...Bəzən turş alça kimi zəqqum, bəzən
də bal kimi şipşirin sevimli Paşa Sərkərin 60
yaşına
O dolu qədəhlər içilib indi,
Keçilməz dərələr keçilib indi.
Yoncalı biçənək biçilib indi,
Çəkilib bilmərrə dara etibar.
Ömür gedib, ümid yarı-yarıya,
Kim bu yaşda arzulardan yarıya.
Sular axıb, ömür qalıb quruya,
Qara geyinibdi, qara, etibar.
Cavanlıq deyilən taxtından keçdi,
Bu ömür, bu yığval baxtından keçdi.
Nə varsa ötüşüb vaxtından keçdi,
Etmə bundan belə yara etibar.
Pulun var, ay Sərkər, yığırsan küncə,
Bir ömrə bəs edər, tam yetərincə.
Geyin, yaxşı ye-iç, xərclə doyunca,
Güvənmə, yox daha vara etibar".
İnsafən, adamı duyğulandıran, kövrəldən
şeirdi...
Bəli, bizim Paşaxan tox adamdı. Pulda, parada onun nə
umacağı? Ancaq...
Qərəz, Paşaxanın "bortavoy
"Qazel"i Bakı-Sumqayıt yolunda şütüyür.
Yenə də arxaya, güzgüyə baxan kimdir, mənzil
başına tələsir. Yol polisinin fiti isə hamı kimi
elə Paşaxan üçün də bütün səslərdən,
siqnallardan fərqlidi. Hər sürücü yüz
siqnalın içində də yol polisinin
"şaqqanasını" ayırd edə bilir. O ki qala
Paşaxan... Dostumuz fit səsini eşidib tələm-tələsik
maşını yolun kənarına çəkib saxlayır.
Kabinənin qapısını açıb yerə düşənədək
müfəttiş gəlib yetişir.
Ovcu qulağının dibində, barmaqlarının
ucu isə furajkasının qırmızısında olan
müfəttiş ağzını açıb kəlmə
kəsənəcən Paşaxan: - Yoldaş rəis, məni
niyə saxlamısan, neyləmişəm, qayda pozmuşam? -
Maşının boş yük yerini işarə edib: -Bəlkə
qanunsuz yük aparıram? - deyə ard-arda, bir sualına cavab
almamış o birisini düyünləyib kükrəyir.
Allah bütün aqillərə rəhmət eləsin. Bax
burada: "Qara məni basınca mən qaranı
basım", - məsəli yada düşür...
Müfəttiş: - Saxlamışamsa, deməli, o məsələ,
yəni... - baş barmağı ilə şəhadət
barmağını bir-birinə sürtüb məlum işarəni
verir. Paşaxan kəkələyə-kəkələyə:
- Yoxumdu, canın üçün, yoxumdu. Fəhlə adamam,
ayı vur-tut üç yüz manata işləyirəm, o da
heç mənim siqaretimə çatmır, - deyib cibindən
əşyayı-dəlil kimi boş siqaret qutusunu
çıxarıb irəli uzadır: - Bax, bax! - deyib sonra da
bir vay-şüvən qoparıb and-aman eləyir ki, gəl
görəsən. Ancaq bu dürüst adam bu dəfə
burasını yalan deyib. O ərəfədəki
bahalaşmadan sonra, "pulumu boşuna yandıra bilmərəm",
- deyərək siqaret çəkməyi tərgidib, atıb
çoxdankı "dostunu". Bunu bilməyən yoxdur.
Müfəttiş ilanı yuvasından
çıxaran bir tövrlə:
- Vətəndaş sürücü, çox
olmasın, az olsun, heçə lənət, axır ki bir
şey olsun, - deyə yüngülcə təkid edir.
Paşaxan əlini şalvarının cibinə
salıb bir xeyli o yan-bu yana gəzdirib qurdalayır: - İyirmicə
manatım var, onun da yarısını benzinə verəcəyəm,
yarısı isə heç naharıma çatmır. Yoxumdu,
vallah, yoxumdu, qoy çıxıb yolumla gedim. Müdirim də
zalımın zalımıdır, geciksəm, açacaq o
"gül" ağzını, yumacaq gözünü, indi
anan ölsün, Paşaxan, gəl döz də, hələ
yaxşı ki, gözünü yumur, yoxsa balaca bir əyrini
yüz metr uzaqdan görüb seçən o baxışa
dözmək olar? Neştərdir e, neştər kimi kəsir...
- deyib maşınına tərəf dönüb,
uzaqlaşmaq istəyir.
Müfəttiş də, görünür, artıq
onunla "məzələnməyə" keçibmiş,
belə qeyri-adi sürücü hələm-hələm ələ
düşmür axı. Paşaxana çımxırıb: -
Hara gedirsən, a kişi, bir bəri dön görüm. Dedim,
axı, çox yoxundu, az olsun, beşcə manat... Yoxsa protokol
yazacam ha, - deyərək "hədə-hərbəyə"
keçir, sərt üzünü göstərir.
Paşaxan əli hələ də ağ
şalvarının cibində (köynəyi ağır rənglərdə
olsa da, sürücü olmasına rəğmən,
Paşaxan həmişə ağ şalvar geyinir): - Xırdam
yoxdu, dedim axı, bircə dənə iyirmiliyim var... - deyib
dik-dik polis müfəttişinin üstünə yeriyir.
Müfəttiş də: - Bəri ver, xırdanı qaytararam...
Paşaxan söz güləşdirir: - Belə?..
İndi sənə necə inanım? Birdən qaytarmadın?..
Müfəttiş tam ciddi bir tonda: - A kişi... - deyə
səsini qaldırır, - uzatma, qaytararam dedimsə, deməli,
qaytaracam. O iyirmiliyi at ora, - deyə maşının
açıq qapısından sükanın ardındakı
oturacağı göstərir.
Çar-naçar qalan Paşaxan tükü-tükdən
ayıran barmaqlarının ucunda ustufca cibindəki
pullarının arasından ayırdığı o "bircəcik"
iyirmi manatlığı əynindəki ağ
şalvarının cibindən çıxarıb ədəb-ərkanla
oturacağın üstünə qoyur. Dönüb gözlərini
həyəcanla müfəttişə zilləyir:
qalığı qaytaracaq, ya yox... Səksəkə içində
gözləyir.
Müfəttiş də, demə, dürüst
adammış, əlini cibinə salıb bir qom pul
çıxarır, arasından on beş manat ayırıb
Paşaxana uzadır: - Al, götür, mən
sözümün ağasıyam, al, al da...
Paşaxan pulu almaq istəyəndə müfəttiş
əlini azacıq geri çəkib: - Ancaq bir şərtim
var, sən də söz verməlisən ki, bu aramızda
olanları, "yol polisindən "zdaç"
aldım" əhvalatını heç yerdə, heç
kimə danışmayacaqsan, - deyə bərk-bərk
tapşırır.
Pulu görəndə gözləri par-par parıldayan
Paşaxan: - Sözümüz sözdü, rəis, arxayın
ol, heç açıb ağartmaram, - deyərək pulu cəld
alıb geri baxmadan maşınına sarı
götürülür...
lll
Bax belə, Paşaxan sözünün sahibi olan
kişilərdəndi, müfəttişlə
aralarındakı o əhvalatı bir kimsəyə söyləyərmi
heç?.. Danışsa, danışsa, yenə köhnə
yurda yolu düşəndə, Qız yurdunda, At
axırında görüb rastlaşacağı köhnə
dost-tanışına danışar, o da ki, eh, kim bilir...
...Heç bilmirəm, bu əhvalatı bəs mən
kimdən eşidib xəbər tutdum...
20 oktyabr 2024-cü il,
Köhnə koma
Novruz NƏCƏFOĞLU
525-ci qəzet .- 2024.- 26 oktyabr(№197).-S.20.