Ədəbiyyat və
digər xəstəliklər
Esse
Yaradıcı adamlar barədə ən çox deyilən
cümlələr hansılardır? Birini mən deyim:
"Onun öz dünyası var..." Nədir "onun öz
dünyası?" Bu sual sənətin də nə olduğu
sualının təməl cavablarından biridir, əslində.
Davamlı şəkildə özünü təkrarlayan və
bundan mozaxistcəsinə həzz alan bizlərin həyatında
yaradıcılıq sıradan bir hadisə kimi qiymətləndirilmir.
Qədimdə şair olanlar lənətlilər kimi qiymətləndirilir
və yandırılırdılar. Onlar özlərini
tanrıyla bərabər tutmaqda ittiham edir və lənətli
cümlələrlə - şeirlərlə xalqı yoldan
çıxarmaqla günüahlandırılırdılar. Sənət
insan üçün çox gec aydınlandı. Mahiyyətində
eqoizm olan adəm oğlunun özünü daim sorğulayan sənəti
başa düşməsi və qəbul etməsi çox
qurbanlar tələb edirdi. Çünki sənət
tanrının verdiyi (ya da yazdığı) həyata
alternativlər axtarırdı, o həyatları bəzən
şərin timsalında, bəzən də xeyir mələklərinin
hədiyyəsi kimi təqdim edir, insan məişətində
nəyin doğru, nəyin yanlış olduğuna bir növ qərar
verməyə çalışırdı. Sənət insan
münasibətlərinin aliləşməsinə, insana
heyvani cinsdən çıxıb ruhi mahiyyətinə və əsas
xüsusiyyətlərinə geri qayıtmağa kömək
etdi. İlk əhvalatların, ya da rəsmlərin necə
yaranması ilə bağlı həm mifoloji mətnlərdə,
həm də qədim yazılı abidələrdə
yüzlərlə fərziyyələrə rast gəlirik.
Mayya miflərində insanın gəldiyi yerə (cənnətə)
qayıtmasına mane olan iki kəşfdən söz
açılır. Birincisi, alov, ikincisi, rəsm. Bu iki nəsnənin
kəşfi insanın Yer üzündəki komfortunu təmin
etdi və yalnız bu iki kəşfdən sonra insan özünü
yaşamağa məcbur bildi.
Dəyişən həyatın şəkilləridir.
Bir vəziyyətdən başqa vəziyyətə deformasiya
edən həyatımız monoton təkrarlarla sərhədlənir.
Sənət insanı bu monotonluqdan azad etməyin tək yolu
idi. Yaradıcı şəxslər "öz
dünyasında" tapdığı əhvalatları
danışdıqca bunun digərləri üçün də
maraqlı olduğunu gördülər. Bu yolla insanlara
kütlələrə bölmək, onları idarə etmək
daha rahat idi. Nağıllar ilkin dini cərəyanların əsası
oldu. Din isə ilk cəmiyyətlərin formalaşma alqoritmini
yaradan bir sistem idi. Bu sistemin bir parçası olan sənətin
"vəzifələri" arasında dominantlığı
inandırmaq məqsədi tutdu. İnandırmağın ilk
şərti isə inanmaq idi. Uydurulmuş, bəzədilmiş
bir əhvalata öncə onu danışan inanmalı idi. Bu isə
artıq insan beynin alt qatlarına həllini tapacaq məsələlər
idi. Şübhəsiz, sənətin inkişaf modelləri
artdıqca insanın beyin yarımkürələrinin də
işləmə mexanizminə təsir göstərdi. Hətta
Freydin nəzəriyyəsinə görə insanın öz
yaradıcı potensialını kəşf etməsi onun beyin
formasını dəyişən və genetikasında vacib
kodların yaranması üçün münbit şərait
yaradan səbəb idi. Daha sərt şəkildə ifadə
etməyə ehtiyac duysaq, bu ifadəni işlətməyə
ehtiyac var: İnsan özünü aldatmağa məcburdur. Sənət
şəxsi kimliyini gizlədən, bu detektiv oyunundan yeni
obrazlar quran və ən vacibi istədiyi həyatı təqdim
edən, ondan danışmağın bütün
yollarını kəşf etmək istəyənlərin
toplandığı bir müstəvi oldu. Sənət
insanı öz dünyasından xilas edən yaradıcı
kimliyini ortaya qoydu. Bu, şəxsiyyət ikiləşməsindən,
şəxsiyyət pozuntusundan ciddi dəyişiklik idi.
Bütün sahələrin eyni müstəvidə kəsişdiyi
bir dünyada sənət və psixologiya ən yaxşı
yola gedən və heç vaxt bir-birini tam çözə
bilməyən yoldaşlar olaraq qalacaq. Psixologiya sənətin
mahiyyətini aça bilmir, çünki sənət kontursuz
bir sonsuzluqdur və onun sərhədləndirilmək kimi bir dərdi
də yoxdur. Psixologiya isə (elm kimi) dəqiqliyə can atan və
özünə düsturlar hazırlayan bir hala gəldi.
Şüurun idarə edilməsi yollarını axtararkən
özünü tamamilə çəpərləyən
psixologiya psixo-analizin kəşfinə qədər ruhi xəstələrin
və ya şəxsiyyət problemləri yaşayan
adamların problemlərini həll etməkdən daha
faydalı heç nə etmirdi. Ta ki bu problemlərin cərgəsinə
yaradıcı adamların narahatlıqları girdi. Sənət
və bu incə elm arasında əlaqələri tapmaq
lazım gəldi.
Yunqun fərziyyələri
İnsan və sənət arasında münasibətləri
araşdıran Karl Qustav Yunq psixologiyanın, ümumiyyətlə,
heç bir elmin insanın yaradıcı kimliyini üzə
çıxarmağı bacarmadığını izah edir.
Tarixin ən saf dönəmində belə, psixologiyanın,
şeirin, siyasətin bir-birinə uşaq beynində olduğu
kimi saf, təmiz əlaqələri zamanı belə bu sahələrin
bir-biri üçün həmişə gizli
qaldığını vurğulayır. Yunq psixologiyanın sənətin
insana təsir edə biləcək qatına qədər
endiyini, əsas mahiyyətindən həmişə uzaq qaldığını
deyir. Bunun əsas göstəricisi kimi psixologiyanın
özünü məhdudlaşdırdığını əsas
gətirir. Din və sənət ruhun yaddaşında gizlidir.
Sənət yaradıcı eqonun meydana gətirdiyi
iddiaların cəmidir. Bu eqo həm də tanrıya məxsusdur.
Belə deyək, insanın öz sənət tərəfini
tapması metafizik mənada onu yaradana da sərf edir. Sənət
dinin alternativi olaraq meydana çıxır. Bu tərif isə
sənət cərəyanlarının yaranmasına və
inkişafına əsas qol verən iddiadır. Öncə mərkəzdə
tanrının, sonra insanın, sonra isə əsərin
durduğu piramidaların işıq düşməyən tərəfində
əsl mahiyyət gizlidir. Psixologiya bu piramidaların yalnız
gözlə görülə bilən yanlarında
fırlanır. Psixologiya sənət və din
anlayışlarını bütünlüklə izah edə
bilmir. O, yaranan əhvalın və şəxs üzərindəki
təsirin konturlarını müəyyən edə bilir. Bu
baxımdan heç elm də sənət və inanc kəlmələrinin
haqqını vermir. Çünki sənətin və
bütün anlamıyla dinin qanunauyğunluğu, sərhədləri,
əsasları yoxdur. Belə olsaydı, biz onlardan elə
psixologiyanın bir sahəsi kimi danışardıq.
Sənət əsərinin yaranma müddəti,
yaradıcı kəsin mətbəxi və mövzu
axtarışları psixoloji yozuma əsas verən şərtlərdir.
Məsələn, bir şairin həyatından
çıxış edərək onun şeirlərini təhlil
etmək və ya yaşadığı coğrafiyada gedən
proseslərə güzgü tutmaq istəyi və sair. Elm sənətin
bu qədərini izah edə bilir. Bir şeirin əsas özəyi
bunlar deyil təbii ki. Müəllifin bioqrafik detalları onun
oynadığı oyunun açıq kartlarıdır. Hələ
müasir ədəbi tendensiyaları da nəzərə alsaq,
sənət və psixologiya Yunqun nəzəriyyələrini
bir az daha gerçək kimi göstərir. Karnaval
dövrünün mətnləri özündə fəlsəfəni,
siyasəti, psixologiyanı, sosial elmləri birləşdirdikcə
əsasdan bir az da uzaqlaşırıq. Sənətin məişət
praqmatikliyi onu yaradan ilkin ehtimalları daha dərinə
basdırır. Freydin təcrübələrindən sonra
psixologiyada olduğu kimi, ədəbiyyatda da fərdə
münasibət dəyişdi. Və fərd əsas xarakterləri
ilə roman sənətində, şeirdə şüurunda
gedən prosesləri özü danışmağa
başladı. Yəni bu gün psixoloji nəticə kimi
göstərilən bütün detallar sənətin özünün
verdiyi ip uclarıdır.
Sənət bir iradə azadlığıdır və
psixologiya zehin azadlığının tərəfində
duran elm olduğu üçün ruhun təməlinə enə
bilmir. Əsər sadəcə öz zamanında aktual olmaya
bilər, hətta ən ciddi nümunələr min illər
sonraya belə mesaj verəcək qədər önəmli
sayılır. Məsələn, Dante. Psixoloqlar, daha dəqiq
desək, psixo-analtiklər fərdin yaşadığı
zamanı, ona təsir edən ictimai-siyasi səbəbləri və
gen yaddaşındakı (ailədən gələn) ənənələri
araşdırır. Yunq Hötedən misal çəkir və
"Faust"un hansı səviyyədə təhlil
olunacağı barədə ən kiçik nümunə belə
çəkə bilmədiyini yazır. Öz zamanını
qabaqlayan əsərlərin təməlində yalnız sənət
üçün məlum olan, bizə və hətta sənətçiyə
naməlum qalan detallar var.
Sənətçi
Freyd sənət və psixologiya münasibətlərini
araşdırarkən yaradıcılığın əsas
özülündə dayanan sənətçini də təhlil
etməyə çalışır və bunun
üçün onun şəxsi xəstəliklərinə və
narahatlıqlarına nəzər yetirir.
Yaradıcılığı nevrozun bir forması kimi qiymətləndirən
Freyd ümumi anlamda şəxsiyyət ikiləşməsindən
söz açmır. Yəni yaranan yeni sənət
növü bir şəxsiyyətin fərqli ruh halını
xarakterizə etmir. Sənət ruhun kənara
sarpmasıdır. Şəxsiyyət problemləri kimi, o da
birbaşa beyinlə bağlıdır. Şəxsi xəstəliklərin
sənətə təsiri danılmazdır. Freyddən sonra
Rank və Stekel də eyni təcrübələri apardılar
və demək olar ki, eyni nəticələrə gəlib
çıxdılar. Lakin bu xəstəliklər
yaradıcı kəsin mətbəxində olur, yəni sənət
əsərinin yaranmasına şərait yaradan nəsnələrdən
sadəcə biri olaraq qalır. Sənət nümunəsinin
xarakterində hiss olunacaq qədər vacib bir mövhum olsa da,
bu belə onun əsl mahiyyətini açıqlaya bilmir.
Əslində, ruhi xəstələri sənət yolu ilə
sağaltmağa çalışan psixoloqlar bu fərziyyələr
üzərindən iş görürlər. Tərs məntiq.
Yəni sənət əsərinin yaranmasına lüzum yaradan
xəstəliklər elə onların müalicəsində də
diaqnozu bəlli edə bilər. Psixoloqun yanına gedərkən
bizə müxtəlif qarışıq rəsmlər göstərməsinin
səbəbi budur. Həmin rəsmlərin kökündə
dayanan məna bizim əziyyət çəkdiyimiz depressiya ilə
birbaşa əlaqədar ola bilər. Həmin rəsmi
hazırlayan sənətçilərlə və ya elə
psixoloqların öz alt şüurları ilə bizim xəstəliyimiz
hardasa kəsişir və o nöqtə həmin rəsmlərdə
nə gördüyümüzlə bağlı olur.
Bütün yaradıcı fərdlərin ruhu ya
ikilidir, ya da bir neçə ruhun sintezidir. Ona görə bir sənət
əsərinin təhlili zamanı onun
yaradıcısının fərdi qənaətlərini deyil,
daha çox "ikinci ruhu"nun, yəni yaradıcı
ruhunun nəticələrini araşdırmaq lazım gəlir.
Yaradıcı şəxslərin digərlərindən fərqi
təkcə bununla yekunlaşmır. Onlar eyni anda bu şəxsiyyətləri
idarə etməyi də bacarırlar. Məsələn, kafedə
kofe sifariş edib şeir yazan biri eyni anda həm fərdi
kimliyini, həm də yaradıcı kimliyini
daşıyır. Bunlardan biri idarə olunmayanda nevroza və
ya şizofreniyaya gətirib çıxarır. Əlbəttə,
bunlar sənətçinin düşünəcəyi
şeylər deyil, çünki hansı ruhda olması onun
iradəsi xaricindədir.
Rəvan
525-ci qəzet .- 2024.- 26 oktyabr(№197).-S.19.