"Mən indi bilirəm, İlahi..." -

 

 

Yağışı, çiskini ilə gələn payızın saralmış üzündən baş götürüb xatirələrimizin nostalji bədbinliyinin dibsiz dərinliyinə üzüquylu gömüləndə Vaqif Bayatlının bu mənsur misraları antidepressant effekti ilə yenidən ruhumu silkələdi: "...Mən indi bilirəm, İlahi, Sənin bir yandan məndən uzaqlaşdığını duyduğum anda sən milyonlarla yandan mənə yaxınlaşıbmışsan. Mən indi bilirəm, İlahi, ruhdan düşdüyüm, məni görmədiyini düşündüyüm anlarda sən milyonlarla gözlə mənə baxırsanmış. Həm də bilirəm, İlahi, insanın özünü harda və necə görməyi əsas deyilmiş, əsas Sənin onu harda və necə görməyinmiş..."

Ruhdan söz açmışkən, subyektiv düşüncələrimə ordan başlamaq istəyirəm ki, fikrimcə, Vaqif Bayatlı çağdaş poeziyamızda spiritualistik (ruhçuluq) - mistikqatlarla, yalnız (və yalnız) özünə xas orijinal üslubla yazan müasir mütəsəvvif şairlərin biri və bəlkə də birincisidir. O, şeir yazmır, öz təbiri ilə desək, min illər, milyon illər əvvəlki "yaşadıqlarını" dəqiqcə xatırlayır və qələmə alır.

Ruhçuluq nəzəriyyəsinə görə, zaman-zaman Yer üzünə müxtəlif vücudlarda təkrar-təkrar bədənlənən ruhumuzun ali məqsədi mənəvi təkamül yollarından keçərək Allaha qovuşmaqdır. İlahi yaddaşın kodlandığı bəzmi-ələst aləmində taleyimizin cizgiləri bircə-bircə özümüzə göstərilib razılığımız alınıb sonra yer üzünə göndəriləndə hamımız hardan qopub gəldiyimizi burada unutduq. Halbuki yaşadıqca ruhumuzun missiyasını yenidən xatırlamalı, keçən yaşantılarımızda bitirmədiyimiz həyat dərslərimizi tamamilə yekunlaşdırmaq üçün yuvadan pərvazlandığımızı bilməliydik... Amma bizlərdən çox azımız bunları düşünüb xatırlamağa cəhd elədik. Nəfsimiz və həvəsimizlə sınanmağa gəldiyimiz bu dünyada "seçilmiş"liyi ilə heyrətləndirən Vaqif Bayatlı isə o bilgini incəliyi ilə xatırlaya bilən, xatırlamaq istəyənlərə də xatırlada bilən şairdir. Onun poetik xatırlatmalarında paralel dünyalar da var, ilham yoluyla ilahi qaynaqdan ona ötürülən fənafillah məqamının düşüncəmizin dərk etmədiyi çalarları da, seyri-sülük yolçuluğunda Allahın sonsuz böyüklüyünə uçuşun təsviri də... Və bunları bildiyinə, bildirdiyinə rəğmən, fitrətən təvazökar şair nə peyğəmbərlik iddiasındadır, nə də insanları övliya olmağa çağırır. Sadəcə hamını ən azı insan olmağa səsləyir. Aldatmaqdansa, aldanmağı yeyləyən insan olmağa. Çünki aldatmaq iblisanə tərəfimizdi, aldanmaq isə məhz insani yönümüz: "...İlahi yol aldatmaqdan yox, aldanmaqdan keçir. Həqiqətə aldada-aldada yox, aldana-aldana gedilir. Bununçün insan ən azı insan olmalıdır. Ən azı insan! Heç vaxt aldatmayan, hər an aldanmağa hazır insan!"

Vaqif Bayatlının özünü də, sözünü də sevməmək mümkün deyil. Çünki sadəcə ona məxsus işıqlı frekansın, məxsusi auranın daşıyıcısıdır. Onunla hələ 15 il əvvəl şəxsən görüşəndə də min illər əvvəldən ruh tanışı olduğumuzu, ən əsası da özünün də sözü kimi olduğunu bilmişdim. Onun Allahdan yazılan və yazdırılan nə varsa, onlara xəyanət etmədən işıqlı, munis yaşamağa çalışdığına Vaqif Bayatlını böyük sevgiylə TAMAMlayan xanımının fədakarcasına onu hamımız üçün qorumaq istəyi ilə dolu müsahibələrini oxuyanda bir daha əmin olmuşdum: "Hər bir adam onunla müsahib olanda elə bilir ki, onu çoxdan tanıyır. O, hamının daxilindəki adamdır. İnsanın durulması üçün elə bir adamın varlığı kifayətdir. Allahın seçilmişidir. Ona görə də bu qədər sevilir"...

Dəqiq təsbitlərdir. İndi özünün olmadığı yerlərə də onun şeirləri Vaqifdir. Səhhəti ilə bağlı şairlə  həmsöhbət olmaq imkanından indilik məhrum olsaq da, təsəllimiz budur ki, şeirləri onu dipdiri təmsil edir.

Vaqif Bayatlı poeziyası su daşı kimidir. Bulananda damla-damla ondan keçib durulursan, süzülüb qəlibini aldıqca, öz içindəki ilahi cövhərlə tanış olduqca, daxilindəki işığı kəşf elədikcə bunun "səbəbkarına" şükranlıq hissi ilə dolur ürəyin... Mərhəmətin kəlmələrdə vücud tapmış halından doğulan şeirlərin təsiri ilə pıçıldayırsan ki:

 

Bəlkə də bizi Tanrı dərgahına,

Bağışladığımız günahlar qaldıracaq...

 

Hər halda buna inanmaq istəyirsən... Və tam inandığın məqamda yeni bir məna atlayışı olur. Görürsən ki:

 

Yürüməyə irəli yox,

Qayıtmağa geri yoxmuş...

 

Bu məqam elə bir "yoxluq"dur ki, burda nə sən varsan, nə mən varam, amma həm də hamımız burdayıq,  günahları, savabları da dualist dünyanın üzərində qoyub hamımız bir olmuşuq, vəhdəti-vücud şəklində Allaha qovuşmuşuq. Heçlik məqamının şüuru, qəlbi, zehni  susduran o ilahi zövqündə sağ ovcumuzu göy üzünə, sol ovcumuzu yer üzünə çevirib orbitimizdə fırlanaraq sözün hər mənasında özümüzdən keçirik - Allaha tərəf...

 

Heç bir iz qoymadan

Yox olmaq!

Yox olduğunu bilmədən

Bütün yox olanlarla

 alın-alına, göz-gözə,

nəfəs-nəfəsə qalmaq...

 

Tam o an yer üzünün "sol"luğundan göy üzünün "sağ"lığına ilahi vəcddən sərxoş ruhumuz bir bədənlik qədəh kimi qaldırılır... Tam o anda Allahın növbəti xatırlatması Vaqif Bayatlıdan keçib bizə bir udum nəfəs kimi üflənir, Xızır kimi yetişir imdadımıza:

 

Lap min il də qal tənha, tək,

Səni Allah yaradıbsa,

Bil, sən ən böyük varlığa,

Allaha lazımsan demək...

 

Və onda ruhumuzun təməl ehtiyaclarına diqqət kəsilirik: Sevgi, dəlilik, ölüm... Əslində hamımız da bu ehtiyaclardan qorxuruq. Halbuki ruhu diri tutan bu üçüdür... Vaqif Bayatlının poeziyasında sevgi - ağı, dəlilik - səfillik, ölüm qaramat qiyafəsində görünmür, ən işıqlı, qəlbin ən doğma qəbul edəcəyi şəkildə təqdim edilir. Onların hamısı ilahidir, İlahiyədir, İlahidəndir. Onun sevgi şeirlərində vücudların sevişməsi deyil, ruhların bir-birinə qovuşan işığının vəcdi var:

 

Bu dünyadan xəlvət, kəsə,

Qalxaq, sivişək səninlə...

Min illər, milyon illər

Göz-gözə, nəfəs-nəfəsə,

Qalaq, sevişək səninlə.

 

Məhz bu, gerçək ilahi sevgidir: dünyaya dəfələrlə gəlib-getmişliyinin yaddaşı ilə ruhların dünyadan kəsə yolla zaman və məkan sonsuzluğunun ağuşuna sivişib bir-birinə min illərin, milyon illərin aşinalığıdır. Ki, vücud da başqa bir bədəndəki ÖZünü bir baxışdan tanıyır, o ruhun heyranlığı ilə o vücudun hər telinə ayrı ayrı qurban olur. Ruh başqa vücudda bir olan ÖZünü tanıdığındadır ki, bu hisslərdən qaçmağa lüzum görmür, ruhani olandan utanılmaz, qaçılmaz, gizlədilməz...

 

Eşqdə gizlətdim bu canı,

Görəmməyən varmı, hanı,

Həm gizlətdim, həm də hamı

Bilə istədim, niyə?!

 

Belə "niyə"lərin cavabı olmur. Bu cür niyələrin səbəbi "dəlilik"di. İlahi eşqin və eşqin ilahiləşdirilməsinin vəcdindən yaranan məsum, tərtəmiz dəlilik... Elə o məqamda da heyrətləndirən, iliyə işləyən misraların oxucunu dəli edən növbətim həmləsi gəlir:

 

Bir mən bilirəm,

İnsan göz yaşından oynamağa necə keçir...

 

Bundan sonra isə heç eyninə də almırsan ki, o dəliliyə kim necə baxır?! Bu misralarda "dəlilik"dən vəliliyə bircə addım var. O həqiqət mərtəbəsində anlaşılır ki, "amentü"-  nə gəlirsə Allahdandır, vuran əllər də, saçına sığal çəkən isti ovuclar da Onundur, bunu ilk başda tanımamış kimi hiss etsən də:

 

Deyirlər, burda dəli var,

Kimdi dəli, tanımıram.

Hey öpürəm, öpürəm

Məni vuran bir əli,

Ancaq əli tanımıram...

 

Bütün varlığı ilə sadəcə yerə aid olanların bacaracağı bir iş deyil bu, bunun üçün "göydən gəldiyini" xatırlamalısan... Bunu xatırlayanlar xoşbəxtlərin xoşbəxti olur, çünki bir ürəyə sığışdıra bildiklərinin səadətindən ilahi bir sərxoşluq başlayır. Ayılması mümkün olmayan dərvişanə vəcd:

 

Ha deyinin, ha deyin bu adam divanədi, dəlidi,

Bilin, hamını bir ürəkdə xoşbəxt eləmək

Hamıdan xoşbəxt olmaqdan irəlidi...

 

Yer üzündəki yad ruhlardan çimçəşəndə bunun əksini də yazıb,  amma özü də bilib ki, bəzən "ağlın səsinə uymaq" qəlbə dəlilikdən betər peşmanlıq gətirir:

 

Könlüm dəliliyi unutdu çoxdan,

Axır ki ağlımın səsinə uydum...

 

Amma ağlı dinləmək beynin işidir, ruhun vəzifəsi qəlbi dinləməkdir. Boşuna deyil ki, qəlbin elektromaqnit sahəsinin beyninkindən dəfələrlə güclü olduğunu kvant elmi də isbatladı.  Allah demişdi, elm təkrarlayır, dərinlərdə ruh da bilir... Amma adamlar, adamlar...

 

Üzünü görmədiyimiz adamlar açır,

Taleyimizin ağır qapılarını...

Amma bir yandan da yazılıb ki:

Dəyişən insanlardı, talelər qalır,

Musa elə İsadı, İsa elə Məhəmməd,

Ancaq bir azca yeri dəyişir talelərin

Bu, bir qarışıq yuxudu, heç kəs bilmir...

 

Dünya həyatının yuxu olduğunu əslində yazan özü bilirdi, amma bilməyənlərin anlayacağına əmin olmadığından bu qarışıq yuxunun yozumunu təkrarlamır. Və müəllif də bu qarışıq yuxunun içində şəxsiyyətlər, dinlər, inanclar və yolların iç-içə qaynayıb qarışdığını, ancaq hamısının bir qaynağa - Həzrəti Məhəmmədin dediyi  "İnsanlar yuxudadır, öləndə oyanacaqlar" həqiqətinə apardığını bilir.

Vaqif Bayatlının şeirlərində ölüm ağappaq nur kimi işlənib. O, poeziyamızda ölümü ən işıqlı, ruhun bildiyi, hiss etdiyi və təslim olduğu bir bədii qiyafədə bizə tanıtdıran bəlkə də yeganə müasir şairdir. Şeirlərini oxuduqca əmin olursan ki, Allahın varlığı elə ölümün yoxluğuymuş...

 

Axı Allah olan yerdə nə ölüm?!

O an ancaq başqa bir dünyaya yürüş anı,

Allahla təkbətək qalmaq,

Allahla görüş anı...

 

Bu yerdə ölmədən öncə ölməyin dadını ruhumuzun qəbul edəcəyi şəkildə tamsınıb idrakımızın yetdiyi qədər heçliyin sirrinə Vaqif olmağı öyrənirik... Allahda əriyib yox olmağın, dünyadakı hər varlığın əslində onun əsmalarının təzahürü həqiqətindən bir daha agah oluruq. Ölüm  yoxdu, sən də yoxsan. Gördüyün nə varsa, Ondan görünəndi. Tək var olan Allahdı və biz Onun "bilinməsini istədiyi o gizli xəzinə"dən açığa çıxanlarıq...  Çəkə bilmədiyimiz bilgi ilə çox yüklənərkən bəşəri tərəfimiz dəhşətə gələndə Vaqif Bayatlının spiritual təsəllisi boy göstərir:

 

Həddən çox şey bilirik bu dünyada,

Boş şeydi! Unudulacaq hamısı!

 

Vaqif Bayatlının hamını sevmək missiyasına razılaşıb dünyaya oyanmış ustad olaraq gələn ruhu bir daha bizə xatırladır ki, ən böyük gözəllik unudulmaqdır. Bəşəri tərəfimiz bulanıq zehnin diktəsi ilə tam əksini söyləsə də, unudulmaqdan qorxsa da, ruhun dincliyi üçün "Unudulacaq unudulmaz hər nə var..." Min il sonra dünyaya  gələndə "yenidən sevməkçün hər bahar..."

Vaqif Bayatlını oxumaq  meditasiya kimidir. O şeirləri ruhuna hopdurandan sonra dünya ilə arandakı pərdəni - göz qapaqlarını endirirsən, gözlərini yumursan, xatırladığın minillik bilgilərlə "doğmalar doğması Allaha sarı yüyürürsən". Çünki:

 

Dünyada elə şeylər var

Gözlərini yumub görə bilərsən onları ancaq...

 

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet .- 2024.- 26 oktyabr(¹197).-S.17.