AZƏRİN ÖN SIRASINDA OLMAĞI
ARZULADIĞI MÜBARİZƏ
Dünyanın ölüm-itimli olmasını hamı
dərk etsə də, sanki heç kəs yolun istənilən
növbəti anda bitə biləcəyinə inanmır, qəfilcə
son saatın yetişəcəyini düşünməyərək
bir başqasının onun əvəzinə yerinə yetirməsi
çətin, hərdən də mümkünsüz işlərə
də əncam çəkmir.
Vaxt-vədə yetişir, əgər nəfəsinin
axırıncı dəfə gəlib-getdiyi anda insan saniyələr
ərzində bütün ömrünü əvvəldən-sona
xəyalından keçirmək imkanında olursa, yəqin,
mütləq heyifsilənir ki, gərək canını
arxayınca tapşıra bilməkçün hansısa
tapşırıqlarını zamanında vermiş olaydı,
hansısa tək özünün ürəyi istəyən
kimi tamamlaya biləcəyi işlərə çarə
qılaydı.
Bu baxımdan qoca Məşədi Azər, belə
güman edirəm ki, dünyadan nigaran köçməyib.
Çünki həyatının mənası olan əsas sərvətinin
aqibətini öz səliqəsinə və zövqünə
uyğun olaraq sağkən həll etmişdi. Bu işi görəndən
sonra, yəqin, bu da fikrindən keçibmiş ki, daha
ölümdən qorxusu yoxdur. Çünki etibarlı əllərə
tapşırdığı bu sərvəti mütləq əvvəl-axır
üzə çıxacaq, onu da həyata yenidən qaytaracaq.
1949-cu ildə, səksənin lap astanasına
yetişdiyi əsnada bütün əlyazmalarını
özü qovluq-qovluq, bağlama-bağlama
ayırmışdı, gətirib təhvil vermişdi
ovaxtkı Əlyazmalar şöbəsinə. O vaxt bu əlyazmaları
qəbul edənlər də, sonralar fonda, ardınca da instituta
çevriləcək bu XƏZİNƏni gün-gün
quraraq zənginləşdirənlər Azər
Buzovnalını da yaxşı tanıyırdılar, ondan qəbul
etdiklərinin qiymətini də gözəl
anlayırdılar. Həmin əvəzsiz miras yarım əsrdən
uzun bir müddətdə əsl
araşdırıcısını gözləsə də, hər
halda ustadın özünün də bir vaxtlar təxmin etdiyi
xoşbəxt saat gəlib yetişdi. Könül
Bağırova bu irsi tam halda üzə
çıxarmaqçün ilk cəhd edən olsa da, söz
yox ki, hələ Məşədi Azər saxlancının dərinlərinə
nüfuz etmək niyyətli yeni araşdırıcılar da
olacaq. Ancaq Könül həm də o sabahkı yenilərin
işini rahat, Azər dünyasına aparan yollarını daha
kəsə etməkçün başqa bir nəciblik də
etdi. Məşədi Azərin şəxsi arxivində olan
bütün əlyazmalarının təsvirindən ibarət
ayrıca bir kitabı da 2015-ci ildə nəşr etdirdi. Odur
ki, gələcəkdə Məşədi Azərdən
qalanları araşdırmaq istəyən hər kəs bu
soraq kitabının bələdçiliyi ilə asanca izə
düşə biləcək, təbii ki, bundan sonrakılar
artıq onun özünün gücündən, biliyindən,
dəqiq nişan verilən qaynaqdan nələri tapıb
çıxara bilmək səriştəsindən
asılı oalacq.
Ağla sığışdırmaq belə
mümkün deyil ki, Məşədi Azər kimi Abşeronda
yüksək xətir-hörmət sahibi olan, yalnız "Məcmə
üş-şüəra"dakı şairlərlə
deyil, digər bölgələrdəki ədəbi məclisdəkilərin
tanınmış söz ustaları ilə mütəmadi
rabitəsi olan bir körpü adamla Salman Mümtaz (1884-1941)
sıx əlaqədə və dostluq münasibətlərində
olmaya. Bütün başqa səbəblərdən savayı,
evində dəyərli bir əlyazma olan hansısa abşeronlu
ilə tanış olub ondan o nüsxəni ən azı vərəqləmək
istəyəndə Azər kimi simsar adam əlverişli vasitəçi
olaraq Mümtaza çox gərəkdi.
1926-cı ildə Türkoloji qurultay gedən günlərdə
çəkilmiş məşhur şəkildə də
başqa ədiblərlə yanaşı, Mümtazla Azər
birlikdədirlər.
1925-26-cı illər Mümtazın yaradıcı həyatındakı
ən uğurlu, ən bəhrəli parça idi. Bu qısaca
vaxt aralığında Mümtaz "Kommunist" qəzeti nəşriyyatı
xətti ilə Azərbaycan ədəbiyyatı silsiləsindən
Qövsi Təbrizi, Nişat Şirvani, Ağa Məsih
Şirvani, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə
Şəfi Vazeh, İmadəddin Nəsimi və digərlərinin,
bütövlükdə 24 söz ustasının
kitablarını dolğun önsözlərlə
buraxmışdı ki, bu məcmuələrin əksəri əslində
həmin şairlərin əsərlərinin bütöv halda
xalqa ilk təqdimi deməkdi. Hərəsi mədəni
mühitdə, ziyalılar arasında hadisəyə
çevriləcək bu kitablar qatarı ilə yanaşı,
Mümtazın bir ucdan qəzet-jurnallarda sanballı məqalələri
çıxırdı. Bu arada Nizami məzarı və Gəncədəki
digər şair qəbirləri ilə bağlı
apardığı tədqiqatla əlaqədar hətta bir
neçə ay ərzində gedib orada qalmışdı. Bir
tərəfdən gecə-gündüz deməyərək
usanmadan çalışmağından bədənin zəifləməsi,
digər yandan da qəbiristanlıqlarda, düzənlərdəki
narahat şəraitdə ötən aylarda yemək-içməyinə
gərəyincə diqqət edə bilməməsi səbəbilə
yatalaq xəstəliyinə tutulur və Bakıya halsız vəziyyətdə
qayıdır. Nəvəsi Urxun Qalabəyovun söyləməsincə,
Nəriman Nərimanov Salman Mümtazın xətrini çox
istəyirmiş və tifə yoluxduğundan xəbər
tutunca bir günün içində onun mənzilinə telefon
çəkdirir, gələ bilməsə də, hər
gün zəng vurub əhvalını soruşur, əlavə
nə köməklərə ehtiyacı olması ilə
maraqlanırmış. Urxun anasının dilindən bunu da
nağıl edir ki, Mümtaz hazırladığı və mətbəədən
yenicə gəlmiş "Nəsimi" kitabını Birinci
Türkoloji Qurultayda təqdim etməkçün iclasa elə
xəstə vəziyyətdə, yorğan-döşəkdən
qalxaraq gedibmiş, qələm yoldaşlarıyla birgə
olduğu həmin məşhur foto çəkiləndən
sonra da dərhal evə qayıdıbmış.
Azər də Mümtazın
naxoşladığını eşidincə əvvəlcə
dostunu yoluxmaqçün evinə getmək istəmiş, amma
bunun hər cəhətdən sən deyən münasib
olmadığını düşünərək həmin
niyyətindən vaz keçmişdi. Bunu da fərziyyə ilə
demirəm, belə fikirləşdiyini şeir-məktubunun əvvəlində
özücə yazır ki, xəstə
olmağınızı bu gün mənə "məxtumzadə"
- oğlunuz söylədi, "xidmətinizə gəlmək
istədim isə də, vəli narahət
olmağınızı nəzərə alıb gəlmədim".
Məşədi Azər 1926-cı il iyunun 17-də
yola saldığı şeir-məktubunu elə isti-isti -
Mümtazın oğlundan ayrılınca yazıb göndərmişdi.
Mümtaz söz adamı idi, onunçün bu
sıxıntılı günlərində Azərin məktubu
elə şair dostunun onun qapısını açmasına bərabərdi.
Azər Mümtazı "şahinimiz"
adlandırır, onu bütün dərdlərə əlac etməyə
qadir olan ən ulu həkimin - Pərvərdigarın
Özünün sağaltmasını diləyirdi:
Bəstəri olmuş (yatağa düşmüş
- R.H.)
eşitdim həzrət-i Mümtazımız,
Ey könül, rəftardan qalmış o sərvinazımız.
Bu xəbərdən halımız necə pərişan
olmasın,
Ovc-i iqbal üzrə teyran eyləməz
(uçmaz - R.H.) şəhbazımız.
Hər nəfəs budur təmənnamız şəfa
versin ona,
Bir Həkimi ki, odur hər dərdə çarəsazımız.
Azər-i dilxəstəyi narahət eylər dəmbədəm.
Xəstələnmədən bu günlər möhtərəm
Mümtazımız.
Özü də şair olan, məsləki də daim
gözəl sözlər ardınca düşməkdən
ibarət Salman Mümtazı həmin naxoşluqdan tezliklə
sağaltmış dava-dərman arasında, yəqin, bu
şeirin də payı olmamış deyildi.
XX yüzilin ilk onillərinin Azərbaycan ədəbi-mədəni
həyatında məxsusi yeri olan İbrahim Tahir (Musayev)
Qarabaği (1869-1943) imzası o çağlar "Şərq-i
rus", "Füyuzat", "Dəbistan", "Molla Nəsrəddin",
"Tərəqqi", "İrşad", "Səda-yi
həqq", "Yeni kənd", "Yeni yol" və digər
qəzetlərdə ən tez-tez görünən, Cəlil Məmmədquluzadə,
Əhməd bəy Ağayev, Ruhulla Axundov kimi bilginlərin
çox dəyər verdiyi, həm farsca, həm ana dilində
dövrün söz xiridarlarının təqdirlə
qarşıladığı şeirlər yazan, klassik irsdən
silsilə tərcümələr edən, cavankən
ağsaqqallıq mərtəbəsinə ucalmış
seçkinlərdən idi.
Azərin ayrı-ayrı dostlar, rəğbət bəslədiyi
qələm yoldaşları haqqında tərifli şeirləri
az deyil. Ancaq o, İbrahim Tahir qədər heç bir şairi
bunca ürək açıqlığı və səxavətlə
öyməyib.
Mirzə Ələkbər Sabirdən üzü 1930-cu
illərə qədər xeyli şairimiz, elə Azərin
özü də "Şahnamə"dən çevirmələr
etmişdilər. Ancaq İbrahim Tahirin tərcümələri
həm Firdovsinin öz qələmindən çıxanlara mənaca
uyğunluğu, həm də elə ana dilimizdə
yazılıbmış kimi rəvan, ahəngdar səslənişi
ilə seçilirdi. Bu keyfiyyət İbrahim Tahirin Xəyyamdan,
Xaqanidən, Sədidən, Hafizdən, digər farsdilli
böyük şairlərdən etdiyi tərcümələrdə
də vardı. Ancaq İbrahim Tahir istedadca nə qədər
parlaq idisə də, bəxt sarıdan yarımayanlardan olub.
Sağlığında haqsız tənqidlərə də məruz
qalıb, vəfatından sonra da ayrı bir ədalətsizlik
- bir belə məhsuldar yaradıcılığıyla sanki
heç belə adam olmayıbmış kimi unudulması onun
ruhunu incidib.
1924-cü ilin 5 fevralında Məşədi Azər
yaxını Əlipaşa Səbura (1885-1934)
yazdığı mənzum məktubunda İbrahim Tahirin
Şuşadan Bakıya köçməsi sevincini
bölüşür, dostunu muştuluqlayırdı, bu gəlişlə
şəhərin ziyalılıq işığının
bir az da artdığını, Mirzə Əbdülxaliq Yusif,
Səməd Mənsur kimi həm qüdrətli qələm
sahibi, həm də qəlbən yaxın olan insanların
gedişiylə yaranmış boşluğu məhz İbrahim
Tahirin doldura biləcəyinə ümid bəsləyirdi. Məşədi
Azər kimi sözü neçə dəfə sonalayaraq dilə,
qələmə gətirən kamil sənətkar İbrahim
Tahirin tərifini göylərə qaldırır, onun ədəbiyyatda
varlığını Füzulinin yenidən həyata gəlməsi
kimi mənalandırır, yazdıqlarının heç
Əlişir Nəvaininkilərdən fərqlənmədiyini
bəyan edirdi.
Səburum, müjdələr olsun sənə, Bakı
ziyaləndi,
Könüllər güzgüsündən gərd-i qəm
(qəm tozu - R.H.) getdi, səfaləndi.
Əlindən aldı gər birəhm əcəl
Yusiflə Mənsuru,
Sıxılma, onların fövtilə minbəd
(bundan sonra - R.H.), ey gözüm nuru.
Əvəz etməkdən ötrü ol iki sima-yi məşhuri,
Neçə gündür ki, Tahir gəldi Bakıdə
binaləndi.
Qəzəl yazmaqda İsatək Füzulini edüb əhya,
Əlişir-i Nəvaidən seçilməz nəzmdə
əsla.
Bu ifrat təsiri bağışlayan qiymətləri
bir başqası versəydi, bəlkə də gəlişigözəl
söylənmiş sözlər sayaraq bunlardan yan keçmək
olardı. Lakin bu, mötəbər bir şairin, İbrahim
Tahirlə ortaq mövzularda yazıb-yaradan, sinncə elə təqribən
eyni olan saf bir peşəkar haqqındakı heyran etirafı
idi.
Azəri qat-qat artıq şadlandıran bu idi ki,
İbrahim Tahir Bakıya yetişincə onu da
düşünüb və dünən, yəni fevralın
4-də baş çəkməyə gəlib.
Azər İbrahim Tahiri canından artıq sevdiyini
bildirir, amma Bakıdakı hər şairin də təxminən
eyni qənaətdə olacağına inanırdı:
Keçən gün iltifat etmişdi, gəlmişdi bəni
didə
(məni görməyə - R.H.),
Fərəhdən bilməzəm nə halə
düşdü qəlb-i qəmdidə.
Vəli didar-i şadibəxş-i Tahir kibi həmdəmdən
Könüldən qəmlərim məhv oldu da,
çeşmim ziyaləndi.
Budur vəchi ki, canindən füzun Azər sevər
onu,
Xəlilasa gülüstan etdi küllən Azəristanı.
Fəda eylər ona canın bu şəhrin hər
süxəndanı,
Vüsal-i paki ilə ölkə yüksəldi, minaləndi.
Azərin məsləkdaşları arasında dost,
sirdaş, həmdəm saydıqları az olmayıbsa da,
Əlipaşa Səbura münasibəti daha dərin səmimiyyəti
ilə fərqlənirdi. Səbura istəyi elə çox idi
ki, ona heç doğmaca oğluna belə etmədiyi tərzdə
məhrəmcə müraciət edir, "Səburum!"
yazırdı. Dənizçi oğlu Əlipaşa Səbur
şeir, yazı-pozu aləminə erkən gəlmişdi və
görünür, bunun əsas səbəblərindən biri
ilk müəlliminin tanınmış Abşeron şairlərindən
Mirzə Həsib Qüdsinin (1828-1908) olması idi.
Əlipaşa qısa ömrü (49 illik həyatının
son 2 ilini də ağır mərəzə düçar
olaraq yataqda keçirdi) boyunca lap kiçik yaşlarından
etibarən çoxlu şeirlər yazsa da, XX əsrin əvvəlinin
mətbuatında imzası ən tez-tez görünənlərdən
olmaqla yanaşı, özü də naşirliyə
başlayaraq hələ 1910-cu ildə "Yeni Füyuzat"
dərgisini buraxsa da, keşməkeşli həyatının kədərli
hadisələri yaratdıqlarının çox hissəsinin
itib-batmasına gətirib çıxarmışdı.
Bakı quberniyası çar jandarm idarəsi tərəfindən
1911-ci ildə baş verən həbsi, bir müddət
dustaqxanada saxlanandan sonra 3 il müddətinə Qafqazdan Həştərxana
sürgün edilməsi, ömrünün bu zəlzələləri
toxtayınca təzədən taleyinin "silkələnməsi"
- 1918-ci ilin martında Bakıda erməni
qırğınları ucbatından canını qurtararaq
İrana getməsi bais olmuşdu yazılarının xeyli hissəsi
yoxa çıxsın. Əvvəlcə evində
axtarışlar apararkən bir hissəsini polis müsadirə
etmişdi, sonra da əlyazmalarının xeyli hissəsi onun
sürgün və mühacirəti dönəmində yiyəsiz
qalaraq tələf olmuşdu. Oğlu, unudulmaz ədəbiyyatşünas
və naşir Aydın Hüseynzadə olmasaydı, yəqin,
bu gün Səbur haqqında yalnız xırda-para bilgilər,
bur də köhnə mətbuatda dərc edilmiş
yazıları əsasında danışa bilərdik. Taleyini
böyük Seyid Hüseynin ailəsi ilə
bağlamış, üstündə "xalq düşməni"
damğası olan ocağın qızı ilə evlənməsi
həm Aydın Hüseynzadənin o qəliz sovet
çağlarındakı mərdanəliyinin nişanəsi,
həm də ədəbiyyatımızın
naxışıdır ki, qayınatası Seyid Hüseynin də,
qayınanası Ümgülsümün də, atasının
da irsinin pasibanına çevrildi, onların əldə-ovucda
qalan əsərlərini qorudu, yasaqlar dövrü keçəndən
sonra nəşr etdirdi, haqlarında kitablar yazdı.
Məhz Aydın Hüseynzadənin həm atası, həm
ədəbiyyatımız qarşısında ləyaqətlə
yerinə yetirdiyi övladlıq borcu nəticəsində
jandarm idarəsinin iki qarətindən və ardıcıl həyat
sarsıntılarından sonra Səburun arxivində xoşbəxt
təsadüflər üzündən salamat qalmış bir
sıra əlyazmalar qeyb olmaqdan qurtularaq yeni həyat qazandı
ki, onların arasında Əlipaşanın özünün
də, Seyid Hüseynin də, Məhəmməd Hadinin də,
Məşədi Azərin də, Əzim Əzimzadənin də
bilinməyən, çap olunmamış şeirləri və
məktubları vardı. 1999-cu ildə Məşədi Azər
nəslinin davamçılarından olan Rəhimağa
İmaməliyev qurduğu "Boz oğuz" nəşriyyatında
Aydın Hüseynzadənin atası haqdakı kitabını
buraxdı ki, orada Azərin Səbura həsr etdiyi şeirlər
və mənzum məktublar ilk dəfə
hamınınkılaşdı. Bunların bir neçəsi
heç Azərin öz əliylə vaxtilə Əlyazmalar
şöbəsinə təqdim etdiyi şəxsi arxivində
də yoxdu. Amma bu məktublar 1928-ci ilə aiddir. Aralarında
bunca mehriban münasibətlər varkən, məntiqlə, əvvəlki
və sonrakı illərdə də bu qəbil
yazışmaları olmamış deyildi. Ancaq təəssüflər
ki, qalana şükür etməkdən ayrı çarəmiz
yoxdur.
Şeirli məktublaşmalarında Azərlə Səburun
bölüşdükləri bir çox vacib mətləblər
sırasında daim yaradıcılıq məsələləri
önə çıxırdı.
Səbur dərin təvazö ilə hər dəfə
Azəri özündən hər cəhətdən çox
ucada dayanan ustad olaraq vəsf edir, şeirdə nəyə nail
olubsa, hamısının bu mənəvi müəllimindən
gəldiyini bəyan edirdi. 1928-ci il martın 12-də Azər Səbura
növbəti şeirli məktubunu yazır, onun bişkin qələmini
tərənnüm edir, hər misrasının "mühəssənat"
- gözəlliklərlə doluluğunu, onun hər
sözünün altında incə mənalar
yatdığını, bu cür şeirin möcüzə
sayılmağa layiq olduğunu təsdiqləyirdi. Həm də
xüsusi vurğulayırdı ki, bu zərifliklər onun hələ
gündəlik yazdığı, yəni şeir olaraq üzərində
xüsusi işlənməyən, cilalanmayan məktublarındadır:
Nəzmə çəkib bu gün yenə məktub
göndərib,
Bəh-bəh, nə nəzm, başdan-ayağə
mühəssənat.
Tədqiq olunsa dide-yi təhqiq ilən əgər,
Hər kəlməsində müzmər olub biədəd
nükat.
Etmiş nisar təb-i gühərbarı dürlər,
Şayəstədir denilsə bu əş`arə
möcüzat.
Şahi piyadə etmədədir nərd-i nəzmdə,
Mat olsa şeirinə nola beş qitə, şeş cəhat.
Səbur razılaşmırdı, bu tərifləri
elə ustad nəvazişi kimi qavrayır, mənim şeirimdə
yaxşı nə varsa, hamısı ustaddangəlmə, Azərdən
əxzetmədir deyirdi:
Olsa mühəssənat kəlamində, ey Səbur,
Azərdən iktisab eylədin (qazandın - R.H.) hər
nə səndə var.
...Azər ömrü uzunu övladcanlı olmuşdu.
Körpə, şirin vaxtlarında da, uşaqlar yaşa dolaraq
qayğıları artdıqca da onların arasında
mehribanlığın daimi olmasına, ailənin
sağlamlığına, birliyinə
çalışmışdı. Bir vaxtlar
yaşadığı övlad itkisinin dağı ürəyində
daim göynədiyindən (şeirləri arasında oğlu
Ağanın vaxtsız ölümünə həsr etdiyi,
misraları gözüyaşlı "Son
gülüş" adlı bir ağısı da
qalmaqdadır) oğul-uşağa istəyindəki həssasiyyət
daha da artırdı.
Özü məclis adamı idi, şeir-sənət
yığnaqlarından ixtiyar çağlarınacan ayağı
çəkilmədi. Amma ailəsinin içərisində də
həmişə bir bayram havası vardı. Bunu canlı
şahiddən, qızı Qəmər Rəhimovadan dəqiq
kim təsvir edər ki?! Qəmər xanım yada
salırdı ki, ailə dərsdən qayıdandan sonra evimiz
qiraətxanaya çevrilərdi, hər kəs kitabını
açıb bir tərəfdə dərsə
hazırlaşardı (bunlar hamısı qandan gəlirdi, Azərin
tərbiyəsinin nəticəsi idi. Şeir və şairlik də,
həyatı boyunca çörəkpulu qazanmaqçün məşğul
olduğu bütün başqa işlər də bir yana, o,
bütün varlığıyla daim müəllim olaraq
qaldı və onun nəzərində məktəbdən
müqəddəs bir məkan yox idi. Bu mövqeyinin əvvəldən-axıracan
sabit qalmasının dəlili də ən azı bir
şeiridir. "Məktəbxanə" adlı o qoşqusunu
Azər hələ cavan yaşlarında yazmışdı və
1904-cü ildə "Şərq-i rus" qəzetində dərc
etdirmişdi. 1933-cü ildə "Divan"ını tərtib
edərkən həmin şeiri ən sevimli mənzumələri
sırasına qatır və əlavə edirdi:
"İmla-inşasına toxunulmadan eynən
yazıldı":
Kim görüb pərsiz (qanadsız - R.H.) olurmu asimanə
quş uça?
Pər olubdur uçmağa insanə məktəbxanədir.
Yandıran qəlbində elmin şəm`ini şəxsin
müdam,
Eyləyən rövşən, salan meydanə məktəbxanədir).
Qəmər xanım xatirələrində evlərindəki
adi axşamların "şəklini çəkirdi" və
günlərin hər birində bayramsayağılıq
vardı: "Böyük qızım Zəhra həm həkim,
həm elmi işçi, həm də incəsənət
olimpiadalarında dəfələrlə birincilik qazanan
solistdir. Yaxşı döşənmiş mənzilimizin
görkəmli yerində piano qoyulmuşdur. Qızım Zəhra
yaxşı piano çalır. Anam Bikəxanımdan
tutmuş balaca qızım Humaya qədər hamı
çalır, oynayır, oxuyur".
Ancaq dövr gərdişinin, taleyin Azəri
övladlarla bir çətin sınağaçəkməsi
də olmuşdu. Vətəninin adını özünə
həm təxəllüs, həm ad etmiş Buzovnalı
İmaməlinin vətənpərvər, millətsevər
kişi olduğu çox şeirlərində nəbz kimi
çarpmadadır. Ancaq sonu görünməyən dəhşətli
müharibə başlanmışdı. Onun da nəslindən,
bilavasitə öz ocağından cəbhəyə gedənlər
vardı. Hər gün evlərin qapısını
ölüm soraqlı "qara kağızlar"
döyürdü. Vətən, ya bala seçimi
qarşısında qalan insanın kimliyi, mahiyyəti bircə
sözündən, hərəkətindən bəlli olur.
Sovetin apardığı o 1941-1945 savaşına indi yüz
cür rəng verib hər nə ad istəyirsən qoymaq olar.
Sovet təbliğatı həmin davanı "Böyük Vətən
müharibəsi" adlandırırdı. O zamanlar vətən
deyəndə sənin balaca vətənin, öz respublikan yox,
Sovet İttifaqı nəzərdə tutulurdu. Bu müharibə
dünyanı pəncəsinə almaq istəyən faşizmə
qarşı xalqlar çoxluğunun mübarizəsi idi.
Əslində oçağkı Sovetlər Birliyindən bu
müharibəyə atılan hər bir əsgər mahiyyətcə
sözdə "vətən" deyilən SSRİ ilə
yanaşı, ona doğma olan yurdu dünyanı vahiməyə
salan bəladan qorumağa səfərbər olmuşdu.
Heç kim də iddia etməsin ki, guya həmin savaşda
alman faşizmi məğlub olmasaydı, gəlib digər
xalqları, o sıradan bizi ağ günə
çıxaracaqdı.
İndi tarixin çox tozanaqları yatandan sonra təzə
başla köhnə tarixə ayrı rəng vermək cəhdləri
də edilir, Üçüncü Reyxin İkinci Dünya
müharibəsində yenildiyini duymağa başlayarkən hərbi
əsirlərdən yaratdığı legionlarda
döyüşənləri qəhrəmanlar, əsl vətənpərvərlər
kimi qələmə verənlər tapılır.
Onlara nə bir zamanlar sovetin "qatı düşmən
və xain" damğası vurması kimi qiymətləndirmə
ilə razılaşıram, nə də onları guya yüksək
ideallara xidmət etmiş igidlər hesab edirəm. Bu,
müharibə faciəsinin doğurduğu tale idi - nə
yaxşı, nə yaman, bu qisməti vaxtın amansız
yazısı kimi anlamaq daha insaflı və ədalətlidir.
O legionlarda sovetə qarşı alman qiyafəsində
döyüşmüşlərin sonrakı aqibətinin və
müharibə artıq tarixdən bildiyimiz kimi deyil, əks nəticə
ilə tamamlanardısa, bizim
çıxacağımızın nə təhər ola biləcəyini
bir ibrətli tarixi hekayət pıçıldamaqdadır.
Bunu mənə özü həmin legionda olmuş
(1917-2014), ömrü Parisdə tamamlanmış həmvətənimiz
Qədir Süleyman söyləyirdi. Ona da bu qəziyyəni Azərbaycan
legionunun rəhbəri olmuş mayor Əbdürrəhman Fətəlibəyli
- Əbo Düdənginski danışmışdı. 1943-cü
ildə sıralarında legionçuların da olduğu
Almaniya hərbi hissələri gəlib Qafqaza yetişir.
Elbrusa qalxan mayor Düdənginski zirvəyə qalibiyyət əlaməti
olaraq alman bayrağını deyil, öz üçrənglimizi
taxır. Az qalır ki, alman zabitləri onu yerindəcə
güllələsinlər, mayoru ən ağır cəzalara
məhkum etmək istəyirlər. Canını onunla
qurtarır ki, yanımda alman bayrağı yox idi, ona görə
bu bayrağı sancdım. Amma başqa vədlər verirdilər
axı! Mayor Fətəlibəyli Qədir dayıya
xısın söhbətlərində özü
danışıbmış ki, faşist Almaniyasının əsl
simasının nədən ibarət olduğunu mən o
gün, Elbrusun zirvəsində baş verən o hadisədən
sonra dərk etdim.
1942-ci il martın 12-si, Almaniya-SSRİ müharibəsinin
şıdırğı döyüşləri gedirdi.
Oğlu əsgərlikdə olan Məşədi Azər cəbhəyə
şeirli məktub yazırdı, nəsihət verirdi:
Bu söz, oğlum, sənə olsun əmanət,
Dava meydanında göstər məharət.
Qorxma, cürətli ol, izhar et hünər,
Çünki qorxan gözə daim çöp
düşər.
Düşməni qudurmuş it eylə hesab,
Öldür quduz iti, etgilən səvab.
Verdiyim öyüddən görməzsən zərər,
Olursan, əlbəttə, nayil-i zəfər.
Oğlum, şad eləmək istəsən məni,
Qoyma ölkəmizə murdar düşməni.
Yazdığım sözlərə etgilən əməl,
Bu sözlər zəfərə təməldir, təməl.
Olmagilən bizdən hərgiz nigaran,
Sağ-səlamət varıq, qoca, həm cəvan.
Yox, bu şeiri Məşədi Azər öz
oğluna yazmırdı. Cəbhədən, oğlu
Əliağadan məktub almış dostu Musa Azərdən
rica etmişdi ki, onun dilindən ciyərparasına bir şeir
yazsın. Və Azər də bu sözləri Musanın
xahişi ilə Əliağaya ünvanlasa da, əslində həm
də elə öz doğmaca balasına deyirmiş kimi qələmə
almışdı.
Amma bu məktub öz övladına dolayısı ilə
aid olsa da, Azər az əvvəl - 1942-ci il yanvarın 20-də
elə birbaşa öz Əmirinə həsr etdiyi şeir-məktubu
da poçt qutusuna atmışdı.
Həmin məktubu şeirə keçməzdən
qabaq, yarı canı cəbhədəki balasının
yanında olan başqa ata-analar kimi, elə adi məktublar kimi
başlayırdı, Əmiri arxayın edirdi ki,
hamımız, o sıradan sənin evin, uşaqların da
sağ-salamatdır. Azərin qızı, Əmirin
bacısı Qəmərin oğlu Hacıbala da cəbhədəydi
və şair, balasını Hacıbala sarıdan da
nigaranlıqdan qurtarırdı ki, ondan da 3 gün əvvəl
kağız gəldi, sağ-salamatdır,
kağızını alıb xatircəm olduq, Moskva
yaxınlığındadır.
Əmir Azərin oğlu idi və heç olmazdı
ki, o, əsgərlikdən atasına məktub yaza, orda şeir
olmaya.
"Sənin kağızında Racinin bir beyt şeiri
vardı:
Külahın satgilən, xərc et, tüfeyl olma namərdə,
Cahanda kəllə sağ olsun, külah əskik deyil mərdə.
Elə bu ikicə sətir də səbəb
olmuşdu ki, Məşədi Azər məktubunu o beytin ahəngində
yazdığı qəzəllə davam etdirsin və dostu
Musanın Əliağasına yazdığı tərzdə
tövsiyələrini versin:
Oğul, mərdanəlik göstər, əlindən gəlsə
hər yerdə,
Xəyanət etmə, beş gün ömr
üçün, dünyadə bir fərdə.
Qızıl əsgərlər olmuşdur sovetlər xəlqinin
fəxri,
Neçin kim, onların şanlı adı əzbərdi
dillərdə.
Vəzifən hər nə olsa əsgəri xidmətdə,
ifa qıl,
Qızıl Orduya layiqli gərəkdir sə`y əsgərdə.
Məharətdə qızıl əsgərlərin hər
fərdi layiqdir,
Komanda verməyə orduya təyin olsa sərkərdə.
Üzrxahlıq edirdi ki, yoruldum, xəstə
olduğumdan bundan çox yaza bilmədim, ancaq vəd də
edirdi ki, inşallah, bundan sonra sənə hər məktubumu
şeirlə yazacağam.
Vəd edirdisə, yəqin, yazıb da. Fəqət həmin
mənzum məktublar da Azərin digər itkin şeirləri cərgəsinə
qoşulub.
...Məşədi Azərin təkcə 1928-ci il ərzində
yazıb-yaratdıqlarını vərəqləyəndə
onun ədəbi mirasının bu gün bizə bəlli olan
həcminin əslində bütöv irsinin yalnız
kiçicik bir hissəsi olması qənaətinə gəlirsən.
Yaxşı, onun ömründə 1937-1938-ci illər də
olmuşdu axı. Düzdür, o vaxt yaşlı idi, ancaq
Şura hökuməti qocalığa-ahıllığa baxan
idimi?! Həmin ildə elə Məşədi Azər sinnində
olan o qədər insanları gülləyə tutmuş,
zindana atmış, sürgünlərə göndərmişdi
ki. Bəlkə də Məşədi Azərin əlillik sənədi
verilərək həmin təlatümlər başlanmazdan
xeyli əvvəl əmək fəaliyyətindən
ayrılması, daha çox xanənişin olması da bu məsələdə
təsirini göstərmişdi. Ancaq ən vacib səbəblərdən
biri onun həmin dövrdə tam sükutudur. Ola bilməz ki,
bu cür məhsuldar insan bir neçə il bircə sətir
belə yazmadan inadla sussun. Allah bilir, bəlkə də olan
yazılarını zəmanənin
qatışıqlığını görərək
özü məhv edibmiş. Lakin elə dövr idi ki, hətta
tam kirimək, gözdən-nəzərdən qıraqda olmaq
da bir çox hallarda xilas etmirdi. Araşdırırdılar,
hansısa həbs olunmuşun işində adı keçən,
onunla yazışması, birgə fotoları olanları da
istintaqa cəlb edirdilər, tezliklə onların da iniltisi NKVD
zirzəmisindən gəlirdi. Azərsə sovetin "qara
siyahılar"ında adı keçənlərin bir
çoxu ilə oturub-durmuş, dostluq etmiş, mütəmadi
yazışmışdı.
Biri elə Seyid Hüseyn (1887-1938), biri elə Əmin
Abid (1898-1937), biri elə Salman Mümtaz, biri elə Əliabbas
Müznib (1883-1938), biri elə Əli Razi Şamçızadə
(1886-1939)...
Sabiq müsavatçı Əli Razi
Şamçızadə məktublarında Məşədi
Azərə "qardaşım" deyə müraciət
edirdi. Əli Razi artıq 1937-ci ilin yanvarından həbs
olunacaqların siyahısında idi, bu haqda dövlət təhlükəsizlik
müstəntiqinin hazırladığı qərar masanın
üstündə idi. Onu martda bir dəfə tutub hansı
gizli məqsədləsə müvəqqəti azad buraxsalar
da, 4 ay sonra yenidən götürürlər və budəfəki
həbsi artıq gedər-gəlməzlik olur. Əli Razini
1936-cı ildən əksinqilabi fəaliyyətlə məşğul
olmaqda, terrorçuluqda, təxribat yolu ilə burjua-millətçi
təşkilatın üzvü kimi iş görməkdə
ittiham edərək, eləcə də silahlı üsyana
hazırlıq görülməsində, sovet hökumətinə
qarşı düşmən təbliğatı
apardığına görə təqsirli sayaraq güllələnmə
cəzasına məhkum edirlər. Təbii ki, həbs etmişdilərsə,
yaşadığı mənzildə axtarış da
aparmışdılar, bütün sənədlərini,
kağız-kuğuzunu yığışdırıb
aparmışdılar. Apardıqlarının arasında Azərin
məktublarının da çox olmasına heç bir
şübhə yoxdur.
"Unudulmaz qardaşım Azər! Kaş bu məktub
kimi hüzurunuzda olaydım. Sizdən ayrılandan sonra
İrana getdim. 1922-ci ildə İrandan qayıdıb Gəncədə
yaşamaqdayam.
Gəncədə ədəbiyyat maraqlıları ilə
hər bir məclisdə Azərin şərəfinə qədəh
qaldırılmaqda və söhbətiniz söylənməkdədir".
O Gəncədəki ədəbi məclislərdə
1927-ci ildə toplaşanların çoxu 1937-ci ildə
artıq soyuq kameralarda, barmaqlıqlar arxasında idilər və
Dövlət Təhlükəsizlik Komitəsi arxivlərində
o dövrə aid araşdırdığım yüzlərlə
cild cinayət işinin sabit məntiqi deyir ki, o tutulanlarla birgə
onlarla həmfikir olmasına hansısa xəfif işarə əldə
edilənləri də azad buraxmırdılar. Azərsə nəinki
həmfikir, daha artıq, o cür "əksinqilabi
ünsürlərə" fikir qığılcımı
ötürənlərdən idi. Səbəbsiz deyil ki, hələ
1920-ci ilin sonlarında sovetəzidd məzmunlu şeirlərini
Əli Razi kimi çılğınlar bir münsif kimi Azər
Buzovnalının diqqətinə yetirirdilər.
Elə Şamçızadə də bu məktubuna həmin
üsyankar ruhlu şeirlərindən əlavə edib:
Hər həyatın bir zamanı, hər həyatın
saəti,
Bir acı təsiri var, təsiri bir fəryaddır.
Hakim olma fikrimə, hökm eyləmə vicdanıma,
Can əsirin olsa da, fikrim, dilim azaddır.
Hər xəyalın bir ümidi bir təsəlli
parladır,
Hər təsəlli çarəsiz bir dərd
için imdaddır.
Yox səmimiyyət, ədalət, doğruluq bir kimsədə,
Sağ-solum, qarşım, dalım min qaniçən
cəlladdır.
Sovet siyasi repressiyalarının acılarını
dadmışlar həmin mənhus illərin bu adətini də
ağrı ilə yada salırdılar ki, mümkün
xatalardan kənarda qalmaqçün "xalq düşməni"
elan edilmiş hər növbəti ad haqqında səs
yayılınca dərhal sığortalanma tədbirləri
tökürmüşlər, albomlarını açaraq həmin
şəxslərlə olan fotolarını
cırırmışlar, ya qayçı götürərək
həmin şəxsləri o fotolardan ixisara
salırmışlar, o cür adamlardan məktublar,
açıqcalar varsa yandırırmışlar, xatirə
yazılı kitablar varsa torpağa
basdırırmışlar.
Azər də bu yazılmamış naəlaclıq dəbinə
riayət etməyə bilməzdi. Odur ki, təsadüfən
salamat qalmış bircə məktubdan özgə Əli
Razinin ona göndərdiklərindən başqa heç nə
saxlanmayıb.
1930-cu illərdə Azər Buzovnalının
başqalarından da ikiqat ehtiyatlılığının,
sudan da sakit dolanmasının və əslində elə
toxunulmamasının da başlıca səbəbi, yəqin
ki, qızı Qəmər idi.
Bu paradokslarla dolu quruluşun bir siyasəti də qəhrəmanlar
yaradaraq onları şöhrətləndirmək, sadə
insanlara bu dövlətin necə qayğıkeş münasibət
bəslədiyini gözə soxmaq idi. Məşədi Azərin
hələ 1920-ci illərdə Sergey Mironoviç Kirovla
görüşmüş Qəmərini də qadın hərəkatının
fəallarından biri kimi irəli çəkirdilər,
tanıyanların bir ağızdan "kişi kimi qadın
idi" söylədiyi bu xanım Sənaye İnstitutunu bitirərək
neft mədənlərində mühəndis işləməyə
başlayandan sonra elə hey addım-addım irəli çəkilmiş,
o dövrün Bəsti Bağırova kimi rəmz qadın qəhrəmanlarından
biri kimi şöhrətlənmişdi, VIII Ümumittifaq
Fövqəladə Sovetlər Qurultayına nümayəndə
seçilmiş, hətta qurultay gedişində "Lenin milli
siyasətinin" təntənəsini əlavə dəfə
nümayiş etdirməkçün Moskvada, Kremldə ona əlavə
vəzifə də həvalə edilmiş, Bakıya
dönüncə haqqında geniş oçerk
yazılmışdı.
Bütün bunlar ailəni, ilk növbədə elə
Azəri qoruyan zireh idi, dünyanın elə əyyamları gəlib
yetişmişdi ki, Azər hansısa işlərinin irəli
getməsi üçün özünü yeri gələndə
daha "şair Azər Buzovnalı" olaraq deyil, "Qəmər
Rəhimovanın atası" deyə təqdim edirdi.
...Hüznlü mərsiyələr şairi Təbrizli
Əbülhəsən Raci (1831-1876) məşhur qəzəlində:
Nə eşq olaydı, nə aşiq, nə hüsn-i
dilbər olaydı,
Nə ayinə, nə səfa, ey könül, nə
cövhər olaydı, -
deyirdi, ona bənzətmə yazan Hüseyn Cavid
(1882-1941) "Şeyx Səna"ında Kor ərəbin
diliylə:
Nə dərd olaydı, nə dərman, nə sur
olaydı, nə matəm!
Nə aşiyane-yi vüslət, nə bar-i firqət
olaydı! -
söyləyirdi.
O da, bu da əslində "Olmayaydı!"
yazırdı. Həmin şeirə Azər Buzovnalı da
qayıtmışdı, bir nəzirəni də o, qələmə
almışdı və Raciylə Caviddən fərqli olaraq,
"Olaydı"nı "Olaydı" deyərək
"Olmayaydı" anlamında yox, elə birbaşa mənasında
işlətmişdi. Azər nəyin olmasını umurdu? O,
müəllim idi və müəllimcə arzulayırdı:
Cəhalətin düşünüb də duyaydı
cahillər,
Bulub həqiqəti aləm ülumpərvər
olaydı.
Açaydı elm ü məarif çəmənləri
güllər,
Xülasə, bu kürre-yi ərz həp müəttər
olaydı.
Mübarizə aparanda bu yolda əhl-i cahan,
Birinci şəxs-i mübariz o vəqt Azər
olaydı!
O gün haçan gələcək? Dünyanın
dörd bucağında insan oğlu nə vaxt anlayacaq ki, bu
balaca Yuvamızı, Yer Kürəsini və
hamımızı bütün bəlalardan qurtaracaq, aləmi ətrə
bürüyəcək tək qüvvə bilikdir, öyrənmək
yanğısıdır.
Şair və müəllim Məşədi Azər nə
qədər ki sağ idi, bu yolda usanmadan
çalışdı, az yaşamadığı bu həyatdan
ayrılanda da bir də qayıtmağı dilədi - bura təzədən
dönərək almağa imkan tapmadığı ləzzətləri
duymaq üçün yox, dünyanı biliyin təntənəsiylə
daha gözəl etmək mübarizəsinə hamının
qoşulacağı zaman mübarizənin ən ön cərgəsində
olmaq üçün!
18 oktyabr 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2024.- 26 oktyabr(№197).-S.14-15.