Niyyətin arşını  

 

 

Jurnalistikaya təzə gəldiyim vaxtlar idi. İşlədiyim bölməyə dair çox az şey bilirdim, hər tədbirdə həyəcanlanır, az qala ən xırda detalı da iş yoldaşlarımla məsləhətləşirdim. Tədbirlərdən öncə məşvərət etdiyim həmkarlarımdan biri mənimlə eyni bölmədə çalışan xanım idi. Yaxşı başa düşürdüm ki, orada olmağımı istəmir, onun yerini tutacağımdan ehtiyat edir. Ancaq bunu büruzə verməməyə çalışır, özünü kömək edirmiş kimi göstərirdi.

Günlərin birində olduqca vacib tədbirə mənim getməyimdə israr elədi. Dedi ki, bu, çox yaxşı təcrübə olacaq və tədbir müddətində mənə əlindən gələn köməyi göstərəcək. Çox həvəsli olduğum üçün cahil cəsarəti ilə dərhal razılaşdım. O da, kimə yaxınlaşmalı olduğumu, hansı suallar verəcəyimi izah elədi. Hər şey çox yaxşı gedirdi. Ta ki həmin suala kimi.

Xeyli jurnalist sual vermək üçün növbəsini gözləyirdi. Nəhayət, sıra mənə çatdı. Həyəcanlı şəkildə, dilim topuq vura-vura sualıma başladım. Elə ikinci cümlədə gördüm ki, hamı mənə təəccüblə baxır, özümü itirdim. Yanımda dayanan həmkarım sözümü kəsib, söhbəti başqa tərəfə yönəltdi. Sualımı ayaqüstü redaktə edib, məni biabırçılıqdan qurtardı.

Üstündən neçə il keçib, ancaq hələ də həmin an mənə zillənən baxışları xatırlayanda içimdən bir sızıltı keçir. Onda necə utanıb, sınmışdımsa, eyni cür sınır, utanıram. Yadımdadır, tədbir bitməmiş adamların arasından sıyrılıb, heç kimə demədən məkanı tərk elədim. Yolboyu o qədər ağlamışdım ki...

Sonralar da məni incidənlər olmuşdu. İçlərində bağışladıqlarım çox olub. Ancaq niyəsə o qıza qarşı nifrətim hələ də zərrə qədər azalmayıb. Əslində, həmin gün nə baş verdiyini heç kim başa düşmədi. Yanımdakı həmkarım istisna olmaqla. O, dərhal müdaxilə edərək səhvimi düzəltdi. Dəfələrlə bu sualı özümə vermişəm: Əgər həmin gün həmin həmkarım orada olmasaydı, nə olardı?

Yəqin ki, karyeramda həmişəlik utanacağım bir səhvə yol verərdim. Məlum məsələdir ki, jurnalistin etdiyi səhv daha çox gözə çarpır. Tutaq ki, ixtiyarı şirkətdə çalışan işçinin etdiyi səhvi ancaq həmin qurumun işçiləri görürsə, bizim etdiyim səhvlər sözün əsl mənasında hər kəsin gözü qarşısında baş verir.

Təbii ki, mənim təcrübəli həmkarım bunu yaxşı bilirdi, əgər mən onun öyrətdiyi kimi sualı versəydim, bəlkə də indi jurnalistikada yox idim.

Ancaq maraqlısı budur ki, indi o, jurnalistikada yoxdur. Necə deyərlər, hər kəs qəlbinin çörəyini yeyir...

Mənə görə, niyyət də ən az əməl qədər vacibdir. İnsan niyyətində saf deyilsə, əməlinin nəticəsi nə olursa-olsun xeyri yoxdur. Gec-tez əsl məram özünü göstərir. Məlum məsələdir ki, həyatın müəyyən doğruları var. Sənin, mənim arşınımla ölçülmür həqiqətin mahiyyəti.

Həyatın gedişatını əməl müəyyənləşdirir, çox vaxt niyyəti sorğulamağa lüzum qalmır.

Bəlkə də belə olmağı daha yaxşıdır. Yoxsa hərə bir niyyətin kölgəsinə sığınar, beləcə nizam pozulardı.

Raskolnikovun da niyyəti pis deyildi, ağlınca ədaləti bərqərar etmək istəyirdi. Ancaq əməlinin adı qarətdir, qətldir.

Olur belə, niyyətlə nəticə üst-üstə düşmür. Ancaq həmişə əsas olan əməl olur, niyyət kölgədə qalır. Bəzən birinciyə o qədər aludə olurlar ki, ikincini sorğulamırlar da.

Bəlkə də elə belə də olmalıdır. Yoxsa qalardıq Napoleon olmaq istəyən Raskolnikovların əlində.

Əlbəttə ki, həyati əhəmiyyətli mövzularda bu qanuna tabe olmaqdan başqa yolumuz yoxdur. Ancaq insanlararası münasibətlərdə niyyət sorğulamaq pis olmaz.

Kim nəyi, niyə edir? Təmənnası nədir?

Bu suallara cavab axtaranda həyatımızdakı adamların yerini daha yaxşı müəyyən edə bilərik. Tək nəticəni görsək, əməl bizi çaşdıra bilər.

Həmkarımla bağlı danışdığım əhvalatla da məhz bunu demək istəyirəm. İnsan öz yaşadıqlarından çıxardığı dərslə daha əmin danışa bilir. Əslində, həmin gün nə baş verdiyini məndən başqa bilən olmadı. Bir sözlə, pislik ancaq niyyətdə qaldı. Ancaq hər şey əməl deyil axı.

 

Mən o qızın niyyətini bağışlaya bilmirəm.

Tanrı qarşınıza niyyəti gözəl adamlar çıxarsın...

 

Aytac SAHƏD

525-ci qəzet .- 2024.- 26 oktyabr(№197).-S.13.