"Ermənistan
tarixən imza atdığı heç bir sənədin şərtlərinə
əməl etməyib"
Tarixçi alim Firdovsiyyə Əhmədova: "Tarixi
qisas almaq üçün yox, ibrət götürmək
üçün öyrənmək lazımdır"
"Tarix həmişə hər şeyi yerinə
qoyur". Bu, Ulu öndərin söylədiyi kəlamdır.
Vaxtilə tarix fənninə çox ürəklə
yanaşmasam da, zaman və hadisələr hər birimizdə
bu sahəyə marağı artırdı. Hərə
özlüyündə arayıb-araşdırıb
qaranlıq qalan və gizli saxlanılan gerçəkləri
bilməyi bir borc bildi. Və
bütün baş verənlər daima diqqət mərkəzimdə
olduğundan, oxuyub bildiyim gerçəkləri həmişə
təəssüflə qarşılamaqla bərabər, bir
suala cavab axtarmağa çalışmışam: bizə
qarşı bu qədər haqsızlığın səbəbi
nə idi görən? Yenə də zaman öz axarı ilə
aradığımız saysız sualların cavabını
bizlərə verdi və bu indi də davam edir.
Azərbaycan həqiqətləri ölkəmiz
müstəqillik qazanandan sonra üzə çıxmağa
başladı və bu fürsəti illərdir gözləyən
bizim tarixçilər, alimlər var güclərilə gizli və
qaranlıq qalan tariximizi aydınlığa çıxarmaqla
gələcək nəsillərə misilsiz bir miras qoymuş
oldular. Daha dərin qatlarda bilmədiyimiz həqiqətlər təbii
ki var və yenə də zaman onları üzə
çıxaracaq. Bilmirəm bizim qədər
haqsızlığa məruz qalan bir xalq, bir millət var, ya
yox, amma sonunda gördük ki, həqiqətən tarix həmişə
hər şeyi yerinə qoyur.
Bir mətbu orqanı olaraq qəzetimizdə tariximizlə
bağlı mövzular daima diqqət mərkəzindədir.
Bu sahənin mükəmməl alimləri, ziyalıları ilə
apardığımız söhətlərlə mütəmadi
olaraq oxucuların qarşısına çıxırıq.
Bu gün də onlardan biri - tarix üzrə fəlsəfə
doktoru, dosent, Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyasının Tarix kafedrasının müdiri, Əməkdar
müəllim Firdovsiyyə Əhmədova şənbə
qonağımızdır.
- Narahat dünyamız bir tarixçinin gözü ilə...
- Dünyanı narahat edən problemlər varsa, bu, istənilən
ölkənin, dövlətin vətəndaşlarından da
yan keçmir. Digər tərəfdən istər
respublikamız, dövlətimiz, millətimiz üçün
dünyada baş verən proseslərin bir təhdidi, təhlükəsi
varsa, əlbəttə, bir vətəndaş, ən əvvəl
bir insan kimi məni də narahat edir,
düşündürür. Və əgər cəmiyyət
olaraq biz bunların qarşısını ən azından
respublikamız üçün, bölgə üçün
almaq istiqamətində nələrsə edə biləcəyiksə,
təbii ki, digər ziyalılarımız, alimlərimiz kimi
bu barədə mən də düşünürəm.
- Məktəbdə əlaçı bir şagird
sonda tarixi seçdi...
- Düzü, məktəb vaxtı tarixçi olmaqla
bağlı bir fikrim olmayıb. Müəllimlərimin əksəriyyəti
texniki sahəyə yönələcəyimi
düşünürdü, hətta məni həkim kimi
görənlər də vardı, bunu çox sonralar bildim.
Lakin düşünürəm ki, bu sahəyə yönəlməyimdə
fəal ictimaiyyətçi olmağımın rolu var,
çünki biz o zaman ideoloji sistemin güclü olduğu bir
dövrdə təhsil almışıq. Digər tərəfdən
anam tarix müəlliməsi olsa da, mən sırf bunu
düşünərək bu sahəyə gəlməmişəm
və valideyn tərəfdən belə bir təkidlə
üzləşməmişəm ki, tarixçi olmalısan.
Evdə ədəbiyyat baxımından tarixi kitablar
üstünlük təşkil edirdi və dünürəm
ki, bunların təsiri daha çox olub. Bu günə qədər
heç zaman tarixçi olduğum üçün təəssüf
hissi yaşamadım.
- Tələbəliyiniz respublikanın təlatümlü
bir dövrünə təsadüf edib. Bu illərdə Azərbaycan
tarixinin həqiqətlərinə artıq az-çox bələd
idiniz yəqin ki...
- Mən Bakı Dövlət Universitetini bu ali məktəb
Məhəmməd Əmin Rəsulzadənin adını
daşıdığı dövrdə bitirmişəm -
1991-ci ildə. Biz müstəqillik dövrünün gəncləri
sayıla bilərik. Çox ağıllı bir dönəmdə
keçdi təhsil illərim. Bu, həm şərəfli, həm
acınacaqlı bir tarix idi. Meydan hərəkatı, istiqlal
mübarizəsinə qalxan xalqın cərgəsində olmaq,
digər tərəfdən 20 Yanvar faciəsini yaşayan və
buna qarşı etiraz səsini ucaldanlarla yanaşı
yürümək. Bu, artıq tariximizin həqiqət
qapılarının açılması demək idi.
- Yəni ideoloji bir qurumun yetirməsi olan siz artıq
müstəqillik illərindən əvvəl bu həqiqətləri
görə bildiniz...
- Elə demək olar... Digər tərəfdən mən
universiteti bitirəndən sonra Elmlər Akademiyasının o
zaman Azərbaycan Tarix Muzeyində fəaliyyətə
başladım. Mən Nəriman Nərimanovun seçilmiş
əsərlərinin hazırlanması prosesində iştirak
edirdim və həmin dönəmdə Azərbaycan Xalq
Cümhuriyyəti istiqamətində ilk addımlar
atılırdı. Üçrəngli bayraq meydana
çıxarılırdı, müxtəlif səpkili qeyri-rəsmi
nəşrlər, Cümhuriyyət qurucularının əsərləri
çap olunaraq insanlar arasında yayılırdı. Zamanla rəsmi
olaraq Tarix muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin
ekzpozisiyası yaradıldı, onlarla bağlı sənədlərin
toplanmasına başlanıldı. Təbii ki, bununla
bağlı Elmlər Akademiyasında müvafiq struktur
yaradıldı. Nəriman Nərimanovla bağlı tədqiqat
mövzumla yanaşı, Cümhuriyyət tarixi haqqında
arxivlərdəki sənədlərin toplanması, onların
nəşr olunmasında iştirakım elmi fəaliyyətimin
başlanğıcı oldu.
- Bu o demək idi ki, sizin kimi yetişməkdə olan gənclik
illər boyu onlardan gizlədilən bir tarixlərinin olduğunu
anladı...
- Bizə illər boyu SSRİ tarixi tədris olunub və
biz də hamı kimi oradan oxuyub bildiklərimizi həmişə
bir həqiqət olaraq qəbul etmişik.
Hətta xatırlayıram ki, həmin kitablarda Urartudan
bəhs olunarkən bu ərazi gürcü və ermənilərin
qədim torpaqları kimi təqdim olunurdu. XX əsrin 30-cu illərindən
sonrakı nəşrlərdə bu saxtakarlıq daha geniş
şəkildə özünü göstərirdi. Belə bir
sual mənə imtahanda düşmüşdü və oxuyub
bildiklərimi ətraflı danışırdım.
İmtahan götürən iki müəllimdən biri Etibar Məmmədov
idi. Mənə dedi ki, danışmağa başqa mövzu
yoxdur? Bax, bu mənə ilk siqnal oldu. O zaman hələ sovetlərin
aşkarlıq dövrü idi. O da yadımdadır ki, hər
bir azərbaycanlı həqiqətləri əks edən o
kağız parçalarını əhali necə səbirsizliklə
gözləyir və axtarırdı. İndiyə qədər
mən o arxivi saxlayıram. Texnologiyanın olmadığı
bir vaxtda belə məlumatların üzünü
artırıb yaymağın özü belə, bir tarixdir. O
da yadımdadır ki, "Kommunist" qəzetində "Dəyirmi
masa" adlı bir rubrika açılmışdı və
onun ətrafına toplaşan tarixçi və ziyalılar
arasında Azərbaycanın real tarixi haqqında,
metodologiyası, konsepsiyası haqqında müzakirələr
gedirdı. Ziya Bünyadov, Fəridə Məmmədova, Yaqub
Mahmudov və digər mütəxəssislərin bu masa ətrafındakı
müzakirələri təkcə oxunmurdu, insanlar onları bir
fakt olaraq kəsib saxlayırdı da. Həmin diskusiyalara gənclər
də cəlb olurdu ki, bu da Azərbaycanın gələcək
müqəddəratında əhəmiyyət kəsb edirdi.
- Müstəmləkəçiliyin tarixi...
- Onun tarixi çox uzaq əsrlərə söykənir.
Dövlətlər gücləndikcə, xüsusən də
mərkəzləşmiş dövlətlər yarandıqdan
sonra hökmdarlar sahib olduqları ərazilərlə, sərvətlərlə
kifayətlənmədiyindən iddiaları çoxalır. Yəni
ərazilər onlara azlıq edir və sərvəti daha
çox olan ərazilərin işğalı başlayır.
XVII-XVIII əsrlərdə İngiltərə, Fransa kimi
müstəmləkə dövlətləri var idi. Bu, klassik
nümunədir. Sırf Azərbaycala bağlı
danışsaq, biz uzun illər Rusiyanın müstəmləkəsi
altındakı ərazi olmuşuq. Rusiya XVIII əsrdə bir
imperiya olsa da, müstəmləkə dövləti kimi digərlərindən
sonra tarix meydanında görünüb. Lakin Fransa və
İngiltərədən fərqli olaraq onun
yaratdığı imperiya birləşmiş sərhədlər
daxilində oldu. Rusiya imperiyasının nümunəsində
biz gördük ki, yerli xalqların öz dilində təhsil
almaması, mətbuatının olmaması, məktəblərinin
yaranmaması üçün mərkəzi hakimiyyətdə
xüsusi qurumlar, strukturlar yaranırdı. Yalnız müstəmləkəçiliyə
xidmət edəcək yerli kadrların hazırlanmasına qədər
icazə verilirdi. Yerli əhali ilə ünsiyyət
üçün lazım olan qədər dil bilsin və yenə
də məmur kimi mərkəzə xidmət etsin. Madam ki bu
mövzuya toxunduq, bir məqamı mütləq vurğulamaq
lazımdır. İndi də yeni müstəmləkəçilik
anlayışı var. Bakı Təşəbbüs Qrupu bizə
qarşı qərəzli münasibət sərgiləyən
dövlətlərin hələ də müstəmləkəçi
siyasət yürütməsini Azərbaycan ittiham edir. Azərbaycan
bir dövlət olaraq əzəli torpaqlarını geri
qaytarmaq üçün beynəlxalq hüququndan istifadə
edib, mübarizə aparıb, şəhidlər verib, lakin bizi
ittiham edənlər hələ də müstəmləkəçəlik
siyasətilə xalqların öz müqəddəratını
həll etməyə, müstəqilliyini qurmağa imkan vermir.
Təəssüf ki, bunu anlamaq istəməyənlər hələ
də var.
- Birlik ola bilməyən Azərbaycan
xanlıqları...
- Siyasi dağınıqlıq prosesi dünyanın
güclü dövlətlərində, ölkələrində
də olub, yəni bu prosesdən keçib. Elə Rusiyanın
özündə knyazlıqlar arasında bu baş verib.
İtaliya və Almaniya bir neçə əsr siyasi
dağınıqlıq vəziyyətində olub, yalnız
XIX əsrin sonunda birləşiblər. Azərbaycan
xanlıqları üçün bu yarım əsr davam edən
bir müddət olub. Nadir şahın vəfatından
Rusiyanın işğalına qədər olan bir dövr. Mən
bunu müqayisə üçün dedim. Əslində bu istəkdə
olan, səy göstərən xanlıqlar olub. Tarixdə də
bu, əksini tapıb. Cənubda urmiyalı Fətəli xan,
qubalı Fətəli xan, Şəki xanı. Yəni güclü
xanlıqların birləşmə siyasəti tarixdən məlumdur.
Lakin bu prosesin başa çatmasına mane olan məqamlar
vardı. Burada xarici amillərin təsiri yox deyildi. Hər bir
xanlıq özünü ayrıca dövlət hesab edirdi və
öz təhlükəsizliyin təminatı üçün
kənardan bir qarant axtarırdı. Onların bir qismi bunu
Rusiyada görürdü, digər qismi Osmanlıda
görürdü. Bütün bunlar məktublaşmalarda da
öz əksini tapıb. Bu da özlüyündə təbii
prosesdir, dövlət xaricdə müttəfiqlər,
özünə dəstək axtarır. Lakin bütün
hallarda Rusiyanın hərbi müdaxiləsi, bölgə ilə
bağlı maraqları artıq II Yekaterinanın, I Pyotrun
dönəmində olmuşdu. Xəzər sahillərinə
yiyələnmək imperiyanın marağında olan istiqamət
idi. Və bu xanlıqlar nə ayrılıqda, nə də
birləşmiş şəkildə bir gücə malik
deyildilər. Xanlıqlar müstəqil olmaqda qərarlı
idilər. Onların da öz arasında müttəfiqlik edənləri
vardı.
- Demək istəyirsiniz ki, xanlıqların birliyi istənilən
halqa Rusiya qarşı zəif bir bənd idi...
- Sizin sualdan belə bir sual doğur - Rusiya ilə
Qacarlar xanədanı da qarşı qarşıya durdu, qalib gələ
bildimi? 23 ay mövcud olan və tanınan Azərbaycan Xalq
Cümhuriyyəti bolşevik təcavüzünün öhdəsindən
gələ bildimi? Tarixdə şərtiliklə geri
qayıdış yoxdur. Lakin bütün hallarda qüvvələr
nisbətinə baxdıqda birləşmiş
xanlıqların vahid qüvvəsi ilə Rusiya
imperiyasının qüvvəsinin çəkisi
ölçüyə gələ bilərdimi? Təbii ki, yox.
Ona görə də indiki zamanın gözü ilə
baxıb o şərtlər daxilinə qiymət verəndə
çox zaman obyektiv yanaşma olmur. Bu baxımdan da
xanlıqların birlik olmamasını biz yalnız həmin dövrün
şərtləri daxilində dəyərləndirə bilərik.
Real şərtlər daxilində qərarlar vermək məcburiyyətində
qalanda, anlamaq olur ki, niyə hansısa sazişlər
bağlandı. Ona görə də tarixi qisas almaq
üçün deyil, ibrət almaq üçün öyrənmək
lazımdır.
- Yəqin ki, bu parçalanmadan ermənilər də
yararlanmağa fürsət tapıb...
- Həmin dönəmdə erməni amili təbii ki,
var idi. Qriqoryanlaşdırılmış albanlardan,
Qarabağ ərazisindəki məlikliklərdən istifadə
olunurdu. Əlbəttə ki, bu məqsədli xarakter
daşıyırdı, Qafqazda bir erməni dövləti
yaratmaq üçün artıq XVIII əsrdən bu səylər
özünü göstərirdi. Lakin xanlıqlarda məsələ
tamam fərqli idi.
- Çar imperiyasından tutmuş sovetlər də
daxil olmaqla ermənilərin Azərbaycan ərazisinə yerləşdirilməsi
siyasətinin məqsədi...
- Bir var əraziləri hərbi yolla işğal etmək.
Ondan da çətin proses işğal edilən əraziləri
əldə saxlamaqdır. Əhali və ərazi
baxımından Cənubi Qafqazın böyük hissəsi azərbaycanlıların
yaşadığı hissə idi. Qonşuluqda yaşayan
Türkiyə və İran hər ikisi müsəlman dövləti
idi. Bunun üçün burada Rusiyanın xristian dayağa
ehtiyacı vardı. İlk növbədə bu torpaqların
işğal olunmasında erməni amilini unutmaq olmaz. Bu gün
İrəvanda erməni dövləti yaradılıb və tək
millətdən ibarət bir respublikadır. Nəzərə
alaq ki, ilk döyüş də, son döyüş də
İrəvan qalası yaxınlığında olub. Əgər
ermənilər oranın əzəli sakinləri idisə, əhali
məmnuniyyətlə qapıları açardı və
Rusiya rahatlıqla torpaqlara sahib olardı. 1827-ci ilə qədər
Rusiya İrəvanı ələ keçirə bilməyib.
Azərbaycan torpaqlarının işğal olunmasında Rusiya
imperiyasına kömək edən erməni hərbçilərindən də
danışmaq lazımdır. Onlar Cənubi Qafqazda həm hərbi
sahədə, həm mülki işlərdə vəzifə
sahibi idilər. Lakin məsələ işğalla bitmədiyindən
müstəmləkələr köçürülmə
syasətini yeritməyə başlayır. Və beləcə,
Rusiya özünə xristian dayağı yaratmağa
başlayır. Ermənilər əsasən münbit torpaqlara
köçürülürdü, sərhədyanı
bölgələrə yerləşdirilirdi. Bu
köçürülmə siyasəti birdəfəlik
baş verməyib. Birinci Dünya müharibəsi daxil olmaqla
ermənilərin bizim torpaqlara yerləşdirilməsi davam
edib. Cənubi Qafqazda Azərbaycan ərazisi daha geniş
olduğundan onlar bura daha çox yerləşdirildi. Çox
hiyləgər və məkrli olan bu köçkünlər
kütləvi qırğınlar hesabına yerli əhalinin
sayını azaltmaqla torpaqlara sahib olmağa
çalışırdı, çünki onların xisləti
belə idi. Kütləvi şəkildə İrəvanda
törədilən soyqırımlar sayəsində onlar
İrəvanı ələ keçirməyə nail ola bildilər.
Bununla belə, azərbaycanlılar öz milli
varlıqlarını həmişə müdafiə etməyə
qadir olub.
- Erməni adının konkret olaraq sübut olunmuş
kökü və mənşəyi...
- Bununla bağlı Azərbaycanda son dönəmlərdə
çox ədəbiyyat yazılıb. Bu, ermənilərin
etnogenizinə xüsusi bir simpatiyadan irəli gəlmir. Ermənilər
öz tarixlərini qədərindən də artıq
saxtalaşdırıblar. Bununla yanaşı, Azərbaycan
tarixi də saxtalaşmaya məruz qalıb. Onlar hətta Nuh əyyamına
çatan iddialarla çıxış belə ediblər. XX əsrin
əvvəllərində azərbaycanlılar və
gürcülər tarixilik prinsipindən çıxış
etdikləri halda, ermənilər real məskunlaşma prinsipini
ortaya atırdı. Ona görə ki, ermənilərin tarixilik
prinsipinə istinad ediləsi heç nəyi
olmadığından onlara məskunlaşma prinsipi daha sərfəli
idi. Çünki artıq əhali faktoruna çevrilə
biliblər və real olaraq buradadırlar. Dövlətçiliyi
itirəndən sonra ermənilər kilsə ədəbiyyatına
üz tutdular. Anonim keşişlərin, müəliflərin
adı ilə tarix yazmağa başladılar. Hətta qismən
obyektiv olmağa çalışan, vicdanı titrəyən
erməni müəlliflərin bəziləri öz əsərlərində
yazılmış saxtakarlıqları tənqid edib. XIX əsrdə
onlar bu yazılmış kilsə ədəbiyyatının
qaynaqlarını bir əsas kimi götürməyə
başladılar. Onlar heç zaman Ermənistanın, ya da erməni
dövlətinin tarixi yazmırlar. Yalnız erməni
xalqınınn tarixi deyə yazılarla çıxış
edirlər. Yerləşdikləri dövləti, torpaqları tədricən
o kilsə ədəbiyyatına istinadən öz adlarına
çıxarmaqla sonradan bu əraziləri zəbt etməyə
nail olublar. Saxtakarlıq baxımından onlar kifayət qədər
ifşa olunsalar da, həmin prosesi hələ də davam edirlər.
Məsələ ondadır ki, onların ərazi iddiaları təkcə
bizə qarşı deyil. Bu iddialar Rusiyaya, Gürcüstana
qarşı da var. Sadəcə bizim torpaqlarda öz dövlətlərini
yaratmağa müyəssər olduqlarına görə, ən
çox ağrını çəkən Azərbaycan
xalqı olub.
- Otuz il haqq səsimizi eşitməyən dünya,
haqq qələbəmizdən sonra belə, bizə
qarşıdır...
- Dünya deməzdim... Sadəcə dünyanın
aparıcı, söz sahibi olan dövlətlərinin qərəzli
münasibətlərini 44
günlük müharibə zamanında gördük və bu,
indi də davam edir. Bu qərəz Ermənistana olan sevgidən,
erməniyə olan rəğbətdən irəli gəlmir.
Bu dövlətlərin sırf marağı daxilindən gələn
bir qərəzlikdir. Hər hansı bir regionla bağlı
marağı olan dövlət ora müdaxilə etmək
üçün hansısa imkanlara malik olmalıdır ki, bunu
əsas tuta bilsin. Bu istiqamətdə ən həssas nöqtə
dini və etnik məsələdir. Müasir dünyadada insan
haqları, demokratiya prinsipləri adları ilə də
müdaxilələr yaranıb. Əslində böyük
dövlətlər özlərinə sərf edən prinsipi
irəli sürərək onu beynəlxalq dərəcəyə
qaldırmağa nail olurlar. Bizim məsələdə Qafqazla
bağlı, Xəzər hövzəsilə bağlı
regiona daxil olmaq üçün ermənilər bir vasitədir.
Bir vasitə aləti olan ermənilər bu işdə həm
uğur yaşayır, həm də faciə. Daha çox
uğura ümidlənir sonra aqibəti faciəli olur. Rusiya da
ondan istifadə edir, regiona daxil olmaq istəyənlər də.
Qafqazda bu rolu əsasən Ermənistan oynayıb. Ermənilər
imkan verməyib ki, nə 1918-20-ci illərdə Qafqaz Evi
yaradılsın, yəni regionda sabitlik olsun, nə sonralar, nə
də indi. Cümhuriyyət dönəmində İngiltərənin
burada siyasi nümayəndəsi olub. Sonralar həmin polkovnik
yazır ki, biz bu xalqların bir araya gəlməsi
üçün çox çalışdıq, lakin buna
nail ola bilmədik. Çünki erməni faktoru buna imkan verməyib.
Əgər bu gün Fransa, ABŞ və ya başqa dövlətlərin
regiona maraqları varsa, ən rahat istifadə edilən Ermənistandır.
Bu gün erməni diasporu siyasi hakimiyyətlərə təsir
edəcək gücə malikdir və sizin dediyiniz dünya niyə
bizə qarşıdır sualının cavabının əsasında
məhz həmin erməni gücü dayanır.
- Onda gələcək nəsil yenidən bu haqsızlıqla üzləşə
bilər...
- Bu tarixdən dərs alınmasa, üzləşə
bilərlər. Biz artıq onlarla bir qonşu olaraq
yaşamağa məhkumuq. Bu qonşunun imzalayacağı
sazişə, müqaviləyə beynəlxalq qarant olmadan
heç vaxt etimad göstərmək olmaz. Biz bunu 1918-ci ildə
imzalanan Batum müqaviləsində, 1919-cu ildə Azərbaycan
Respublikası ilə onların hökuməti arasında
imzalanan sazişdə də görmüşük. Ermənistan
imza atdığı sənədlərin şərtlərinə
heç zaman əməl etməyib. İrəvanın onlara
paytaxt kimi verilməsi şifahi razılaşma əsasında
olmuşdu, ona görə bundan heç danışmağa dəyməz.
Bu baxımdan Azərbaycan cəmiyyəti tarixi
unutqanlığı heç vaxt təkrarlamamalıdır. Hər
tarixi fürsət yarandığı zaman, konyiktura
yarandığı zaman onlardan növbəti zərbəni, ərazi
iddialarını gözləmək mümkündür. Ona
görə də bizim kimlərlə qonşu olduğumuzu,
tarixən nələr yaşadığımızı, bu
günün özündə
belə, çəkdiyimiz ağrı və acıları
unutmağa haqqımız yoxdur.
Tamilla M-ZADƏ
525-ci qəzet .- 2024.- 26 oktyabr(№197).-S.12;13.