İstanbul martiroloqu
Ölülərimi toxum kimi basdırmışam Yer
üzünə,
Kimi İstanbulda yatır, kimi Parisdə, Moskvada kimi
Ən sevdiyim məmləkət yer üzüdür,
Sıram gəlincə Yer üzü ilə
örtün üstümü -
Harada bir qərib azərbaycanlı məzarı
görsəm, böyük Nazim Hikmətin bu içdən gələn,
səmimi, duyğusal misralarını xatırlayıram.
Vətən torpağında uyumaq da əslində bir
qismətdir. Bəzən buna ən çox layiq olanlar, bunu ən
çox haqq edənlər çeşidli səbəblər
üzündən - əksərən də siyasi baxış
ayrılıqları, ideoloji ziddiyyətlər, təqiblər,
çevrilişlər, inqilablar və müharibələr nəticəsində
həyatları bahasına qazandıqları böyük şərəfə
nail ola bilmirlər. Son nəfəsdə vətənin,
başları üstündə görmək istədikləri
yaxınlarının, doğmalarının adını
pıçıldayıb gözlərini uzaq, yad məmləkətlərdə
yumur, tənha və qərib məzarlarda əbədiyyət
uyqusuna dalırlar.
Acı da olsa, həqiqətdir ki, Azərbaycanın bir
sıra ünlü şəxsiyyətləri sanki toxum kimi
basdırıldıqları torpaqlarda xalqın, Vətənin
simvoluna çevrilmək, milliyyət və insanlıq
fidanları yetişdirmək üçün dünyanın
müxtəlif guşələrinə - ucsuz-bucaqsız Yer
kürəsinə səpələniblər. Nəşlərinin
üzərinə vətən torpağı tökülməyib,
üstləri sadəcə hamımız üçün
doğma olan Yer üzü ilə örtülüb.
Abbasqulu ağa Bakıxanov Ərəbistan
yarımadasında, Vadiyi-Fatimədə uyuyur. Mirzə Fətəli
Axundzadənin son mənzili həyatının 40 ildən
çoxunu yaşadığı, milli dramaturgiyanın banisi,
şair, yazıçı, filosof, ictimai xadim, əlifba
islahatçısı kimi şöhrət tapdığı
Tiflisdədir. Nəriman Nərimanov Moskvada, Əlimərdan bəy
Topçubaşov Parisdə, Məhəmməd Ağaoğlu
Miçiqanda (ABŞ), Sadıq bəy Ağabəyzadə
Lvovda, Məhəmməd Əmin Rəsulzadə Ankarada,
Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə
İstanbulda dəfn olunub. Varşavanın, Tehranın,
Peterburqun, Daşkəndin, Aşqabadın, eləcə də
onlarla digər şəhərin qəbiristanlıqlarında
"toxum kimi torpağa basdırılan" azərbaycanlı məzarları da
az deyil...
Vətənə daha çox lazım olduğunu, Vətəndə
daha çox fayda gətirəcəyini bildiyin halda qürbətdə
yaşayıb doğma yurddan uzaqlarda ölümə can vermək,
heç şübhəsiz, kədərli taledir. Amma yenə
bir təsəlli yeri var. Çoxu çətin, mürəkkəb
həyat keçirməsinə rəğmən, sona qədər
məqsədindən, məramından dönməyən bu
ünlü soydaşlarımızın heç olmazsa son mənzillərinin
yeri, ünvanı bilinir və bəlkə də tək elə
bu səbəbdən onları şanslı saymaq
mümkündür. Min təəssüf ki, Nəsib bəy
Usubbəyov, Salman Mümtaz, Sultan Məcid Qənizadə, Yusif
Vəzir, Əhməd Cavad, Mikayıl Müşfiq, Bəkir
Çobanzadə kimi xeyli sayda dövlət adamı, ictimai
xadim, yazıçı, şair və alimlərimizin nə
zaman, necə, hansı şəraitdə dəfn edilməsi, məzarlarının
harada olması hələ də mübhəm qalır...
Və yəqin ki, heç zaman məlum olmayacaq.
Çünki xalqın seçkin övladlarını saxta
ittihamlarla məhv edən qəddar rejim hər bir insanın əzəli
haqqı olan "üç arşın torpağı" da
bu siyasi terror qurbanlarına, günahsız müqəssirlərə
çox görüb. Onları Vətənin bağrından
qoparmağa, izsiz-soraqsız yox etməyə
çalışıb.
Məzarlar tək dirilərin ölülərə son
ehtiramı deyil. Şair demişkən, "hər saxsı
parçası, hər məzar daşı" həm də
torpağın sinəsinə həkk olunmuş tarixdir, əsrlərdən əsrlərə,
nəsillərdən nəsillərə ötürülən yaddaş estafetidir...
Bu mürəkkəb, qarmaqarışıq
duyğuları məndə İstanbuldakı Azərbaycan
Baş konsulluğunun yüksək səviyyədə təqdimatını
keçirdiyi və həqiqətən də belə mərasimə layiq olan qiymətli
bir kitab doğurdu.
"Son mənzili İstanbul olan azərbaycanlılar"
kitabı. Əslində məlumat və mənbə
genişliyinə, yeni sənədlər, ilk dəfə
gün işığına çıxarılan arxiv
materialları, nadir fotolar sayəsində ona bəlkə
ensiklopediya da demək mümkündür.
Baş konsulluğumuz həqiqi qədirşünaslıq
nümunəsi göstərərək nəcib, gərəkli
bir layihə həyata keçirib. Hələlik qardaş
Türkiyənin yalnız bir böyük şəhərində
- İstanbulda dəfn olunan tanınmış azərbaycanlı siyasətçi
və ictimai xadimlərin, hərbçilərin, ədəbiyyat
adamlarının, alimlərin, mühacirət fədailərinin,
soy-kökü ilə Azərbaycana bağlı olan diqqətəlayiq
şəxsiyyətlərin məzarları haqqında diqqət
və ehtiram nişanəsi olan elmi-tədqiqat xarakterli
ensiklopedik soraq kitabı nəşr edib. Tərəddüdsüz
demək mümkündür ki, bu, İstanbulda Azərbaycan
Baş konsulluğunun mövcud olduğu 32 il ərzində həyata
keçirilən ən mühüm tarixi-mədəni layihələrdən
biri, bəlkə də birincisidir.
Layihənin rəhbəri baş konsul Nərminə
Mustafayevadır. Heç şübhəsiz, Nərminə
xanımın diplomatik həyata mətbuatdan,
yaradıcılıq mühitindən gəlməsi, tarix və
mədəniyyətimizə bələdliyi, ən
başlıcası isə dərin sevgi və ehtiramı belə
lazımlı, faydalı təşəbbüsün meydana
çıxmasına təsirsiz qalmayıb. Mötəbər
nəşrin işıq üzü görməsində Azərbaycan
Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin
maddi-texniki dəstəyi də mühüm rol oynayıb.
Layihənin məsləhətçisi diplomatik qurumun
konsulu Zaur Allahverdizadə, koordinatoru isə həmkarı
Sevinc Süleymanovadır. Xalqın yaddaş tarixinə
mühüm töhfə olan əsərin müəllifi səkkiz
il ərzində Azərbaycanın və Türkiyənin arxivlərində,
kitabxanalarda yorulmadan axtarış apararaq, ucsuz-bucaqsız
İstanbulun müxtəlif səmtlərinə səpələnmiş
məzarlıqları addım-addım dolaşaraq, mühacir
ailələrinin həyatda olan üzvləri, yaxın və
doğmaları ilə təmas quraraq bütün bu məlumatları
toplayan, dəqiqləşdirən, sistemə salan gənc
soydaşımız - 2016-cı ildən İstanbulda
yaşayan araşdırmaçı-yazar, publisist,
tanınmış kolleksiyaçı və kitabşünas
Dilqəm Əhməddir
Onun barəsində bir qədər sonra.
Elmi redaktor son dövrlər XX yüzilliyin əvvəllərində
Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin
tədqiqi və azərbaycanşünaslıq sahəsindəki
məhsuldar fəaliyyəti ilə diqqəti çəkən
başqa bir azərbaycanlı alim - Mərmərə
Universitetinin dosenti Mehdi Gəncəlidir. Üç gənc
xanım - tarix üzrə fəlsəfə doktoru Həyat
Şamıyeva, Fəridə Ağazadə və Vəfa Babasoy
redaktor kimi nəşrin etibarlılığı və
mükəmməlliyi üçün az iş görməyiblər.
Çox şadam ki, İstanbulla Sarayevo
arasındakı məsafənin uzaqlığına baxmayaraq,
mən də elmi məsləhətçi qismində
yaranmasının addım-addım şahidi olduğum
kitabın ərsəyə gəlməsində müəyyən
qədər iştirak etmişəm.
lll
"Son mənzili İstanbul olan azərbaycanlılar".
Bu ad özü məndə müxtəlif duyğu və təəssüratlar
oyatdı. Milli-etnik kimlik, ana vətənlə bağlı məlumat soydaşlarımızın
çoxunun baş daşlarında da təkrarlanır. Məzar
sahibinin Azərbaycanda doğulması, "azərbaycanlı",
"Azərbaycan milli istiqlal mübarizəsinin
mücahidi" olması xüsusi vurğulanır. Deməli,
bu insanlar dili dilindən, dini dinindən olan qardaş Türkiyədə,
qədim türk yurdunda yaşasalar da, Azərbaycan kimliklərini
heç zaman unutmamışdılar.
Kitabın doğurduğu başqa bir vacib təəssürat:
Bir daha inandım ki, həm fiziki, həm də ideoloji mənada
məzarlardan qorxmaq lazım deyil. Onları qorumaq, yaşatmaq,
ziyarət etmək, tanıtmaq lazımdır. Bir xalqın
vahid məqsədə fərqli yollarla gedən, son hədəfi
eyni olan övladları arasında ayrı-seçkilik
qoymağa ehtiyac yoxdur. İstanbulda əbədiyyət yuxusuna
dalan azərbaycanlıların əksəriyyəti
ömürlərini Azərbaycan davasına, türklük,
milliyyət, azadlıq, insanpərvərlik, şərəf və
heysiyyət mücadiləsinə vermiş insanlardır. Təsadüfi
deyil ki, onların arasında taleyi Azərbaycan Cümhuriyyəti
ilə sıx bağlı olan, milli dövlətimizin siyasi, hərbi,
mədəni və s. qurumlarında çalışan,
mühacirətdə də ideyasından, idealından dönməyən
fədailər üstünlük təşkil edir.
Belə şəxsiyyətlər, onları adları və
irsləri müstəqil dövlətimiz üçün,
çağdaş Azərbaycan gerçəkliyi üçün önəmli və
həmişəyaşar olmalıdır.
Burada tariximizlə bağlı məzarlar haqda bir xatirəmi
bölüşməyə bilmirəm.
XİN rəhbəri olduğum 2001-ci ildə YUNESKO-nun
Azərbaycan Milli Komissiyasının katibi, mühacirətimizin
ilk tarixçisi və mahir bilicisi mərhum Ramiz Abutalıbov
Paris ətrafındakı müsəlman məzarlığında
dəfn edilən tanınmış mühacirlərimizin qəbirlərinin
bərbad vəziyyətə düşdüyünü,
itib-batmaq təhlükəsi qarşısında
qaldığını dedi. Fransaya növbəti səfər
zamanı Paris yaxınlığındakı kiçik Babinyo
şəhərini ziyarət etdik. Cümhuriyyətin sənaye
və ticarət naziri Mirzə Əsədullayevin, onun
qardaşı oğlu, H.Z.Tağıyevin qız nəvəsi
Nadirin, Paris Sülh konfransında Azərbaycan Nümayəndə
heyətinin üzvü Məhəmməd Məhərrəmovun
məzarlarını güclə tapdıq. Heyətin digər
üzvü Əkbər ağa Şeyxülislamovun məzar
yerini qəbiristanlıq xəritəsinə əsasən
müəyyən etdik. Nazirliyin vəsaiti ilə qəbirlər
səliqəyə salındı, başdaşı
yazıları təzələndi. 2031-ci ilə qədər
30 illik xərcləri (Fransada məzar yerləri icarəyə
götürülür və pulu verilməsə
başqalarına satıla bilər) ödənildi.
Bu barədə Prezident Heydər Əliyevə məlumat
verəndə çox razı qaldı. "Yaxşı
iş görübsən" - dedi. Sonra 1970-ci illərin
ortalarında Əlimərdan bəyin arxivini Fransadan gətirməyə
çalışdığını, oğlu Ələkbər
bəyi Azərbaycana dəvət etdiyini, bütün bu
işləri yoluna qoymaq məqsədi ilə Mərkəzi
Komitə katibi Həsən Həsənovu Parisə göndərdiyini
danışdı. Axırda da özünəməxsus
işıqlı təbəssümlə gülümsəyib
"İndi sən tarixə bir az bələdsən. Odur ki,
düzgün qərar veribsən. Dərd budur ki,
çoxlarının heç nədən xəbəri
yoxdur" - dedi.
lll
Türkiyəyə pənah gətirən azərbaycanlı
mühacirlərin böyük qismi sadəcə "azacıq
aşım, ağrımaz başım" prinsipi ilə
günlərini keçirmək, öz həyatlarını
yaşamaq fikrindən uzaq olmuşdu. Qardaş ölkəni
özlərinə ikinci vətən saymışdı. Onun
yalnız sevinc payına şərik
çıxmamışdı. Dərd və
ağrılarını bölüşmüş, problemlərinin
həllində imkanı daxilində iştirak etmişdi.
Ən müxtəlif sahələrdə türk xalqına,
Türkiyə Cümhuriyyətinə həqiqi xidmət
örnəyi göstərmişdi.
İstanbulun Feriköy məzarlığında uyuyan
Ağaoğlu ailəsi üzvlərinin haqq səsi bir əsrə
yaxın müddət ərzində əvvəl Osmanlı Məclisi-Məbusanından,
sonra isə Türkiyə Böyük Millət Məclisindən
gəlmişdi. Əhməd Ağaoğlu, Tezer
Taşkıran-Ağaoğlu, Səməd Ağaoğlu, Nəriman
Ağaoğlu qardaş ölkənin siyasi həyatında və
parlamentarizm tarixində yaddaqalan izlər qoymuşdu.
1919-cu ildə Bakıdan Cümhuriyyətin Paris
sülh konfransına rəsmi nümayəndəsi kimi
İstanbula qayıdan Əhməd Ağaoğlu ingilis
işğal qüvvələri tərəfindən haqsız
göndərildiyi həbsə bərabər Malta
sürgünündən döndüyü gündən Mustafa
Kamal Paşanın yanında olmuş, sözü və qələmi
ilə Qurtuluş Savaşı sıralarında yer
almışdı. TC-nin mətbuat və informasiya siyasətinə
rəhbərlik etmiş, Ankara Hüquq Məktəbinin qurucusu
olmuşdu. Yeni Türkiyənin ictimai, siyasi və mədəni
həyatına yön verən qüdrətli fikir adamı,
nüfuzlu universitet professoru, vicdanlı qələm sahibi kimi
tanınmışdı.
Qızı Sürəyya Ağaoğlu beynəlxalq miqyasda
ilk türk qadın vəkili kimi ün qazanmışdı.
Uzun illər Türkiyə Cümhuriyyətini Dünya
Hüquqşünas Qadınlar Federasiyasının rəhbərliyində
layiqincə təmsil etmişdi.
Digər qızı Tezer Taşqıran-Ağaoğlu
ölkədə yeni təhsil sisteminin yaradılması sahəsində
Atatürkün diqqətini çəkəcək dərəcədə
fəal çalışmış, bir sıra dərslik və
dərs vəsaitləri hazırlamışdı. Karsdan iki dəfə
TBMM-ə seçilmişdi.
Oğlu Səməd görkəmli
yazıçı-publisist, siyasətçi və dövlət
xadimi idi. Demokrat Partiyanın liderlərindən biri kimi TC-də
çoxpartiyalı sistemin qurulmasına töhfə vermiş,
baş nazirin müavini, nazir,
millət vəkili kimi dövlətə xidmət etmişdi.
Əslən Şəkidən olan Qurtuluş
Savaşı iştirakçıları - Məhəmməd Nuri və Mahmud Sarıkərimli
qardaşları (soyad qanunundan sonra Bərköz familiyası
ilə tanınmışdılar) Türkiyə silahlı
qüvvələrində uzun illər qüsursuz xidmət edərək
ordu generalı rütbəsinə
yüksəlmiş, hərbi-diplomatik sahədə
Atatürkün yüksək etimadını qazanmış,
böyük hərbi birliklərinin komandanı olmuşdular.
Abdullah Cövdətin "rəsuli-həqq"
adlandırdığı filosof, şair, həkim, rəssam,
Azərbaycan Cümhuriyyəti bayrağının ilk eskizini
çəkən Əli bəy Hüseynzadə on illər
boyu Türkiyənin fikir həyatının öndərlərindən
biri kimi tanınmışdı.
Gəncəli Əhməd Cəfəroğlu
qardaş ölkədə müasir türkologiyanın əsasını
qoymuş, Avropa miqyasında elmi məktəb yaradan alim kimi
şöhrət tapmışdı.
Mühacirlərin "Azəri dayı" kimi
tanıdıqları köhnə cümhuriyyətçi Hüseyn Camal Yanarın üç
bacısı qızı - qarabağlı Talıbxanbəyli
bacıları Türkiyənin elm və maarif tarixinə
adlarını həkk etmişdi. Böyük bacı, ilk
nikahla Cümhuriyyətin sonuncu daxili işlər naziri Mustafa Vəkilli
ilə evli olan Sürəyya
Ə.Cəfəroğlunun rəhbərliyi altında
Qarabağ dialekti ilə bağlı tədqiqat aparmışdı,
Türkiyə gözəl sənətlər məktəbinin
yetirməsi Qəmər dünya miqyasında yapon və Cənub-Şərqi
Asiya çinisi sahəsində görkəmli mütəxəssis
kimi tanınmış, ABŞ universitetlərinin professoru
olmuşdu. Kiçik bacı Dilşad Elbrus isə Türkiyədə
fizika sahəsində ilk qadın professor adını
qazanmışdı.
Məşhur Rəfibəyli ailəsinin üzvləri
vətəndəki doğma və yaxınlarını təhlükəyə
salmamaq üçün şəxsi seçimləri olan
Arran, Əsgəran, Sayqın soyadları ilə yeni Türkiyəyə
hərbçi, həkim, ictimai xadim kimi xidmət etmişdilər.
Siyahını yenə də davam etdirmək
mümkündür. Layiqli adlar çoxdur.
Son mənzili İstanbulda olan azərbaycanlılar həyatlarının
sonuna qədər onlara şərəfli türk vətəndaşlığı,
azadlıq və özünütəsdiq imkanları vermiş
Türkiyəyə övlad məhəbbəti, sədaqət
və səmimiyyətlə bağlı idilər. Nəsillərinin
həyatda olan davamçıları ailə ənənəsini
yaşadır, estafeti ləyaqətlə daşıyırlar.
lll
Həyatının son illərində uzaq, yad Fransadan
yorulan, oğul itkisindən sarsılan, həmkarlarının
soyuq, laqeyd münasibətindən bezən Əlimərdan bəy
Topçubaşı da İstanbula köçmək, fikir və
əqidə dostları ilə birlikdə olmaq haqda
düşünürdü. Əgər alçaq böhtana
uğramasaydı ("xeyirxahlar" guya ermənilərin
Türkiyəyə ərazi iddialarını dəstəklədiyi
və Paris sülh konfransının rəhbərliyinə Azərbaycan
Nümayəndə heyəti adından müvafiq
razılıq notası göndərdiyi ilə bağlı
Ankara rəsmi dairələrində əsassız şayiələr
yaymışdılar - V.Q.) yəqin ki, o da son mənzilini
İstanbulda tapacaqdı. Amma Türkiyəni nə qədər
sevsə də, saxta Fransa reallıqları ilə çox
çətinliklə barışsa da, Əlimərdan bəy
bütün varlığı ilə rus işğalına
uğramış vətəninin yanında idi. Dostu Əli bəy
Hüseynzadəyə 1924-cü ilin iyununda göndərdiyi məktub
bu cəhətdən səciyyəvidir: "Yaxşı ki,
artıq sultan və xəlifənin olmadığı,
respublika quruluşunun elan edildiyi, deyərdim ki, bütün
mövcud və cari irsin latın əlifbasına
keçirildiyi bir ölkədə yaşayırsan... Bu
baxımdan aramızdakı fərqlər nə qədərdir?
Doğrudur, mən də respublikada yaşayıram. Amma əvvəla,
o, yad bir respublikadır, ikincisi, burada kilsənin dövlətdən
ayrı olduğu elan edilsə də, katolisizmin hər yerə
yol tapan ruhunu hiss etməmək imkan xaricindədir. Mənim (həm
də sənin!) doğma respublikama gəldikdə isə...
Heyhat! O, ikimizə də yaxşı tanış olan və
indi insanımızın həyatına hakim kəsilən
çirkli rus çəkmələrinin tapdağı
altındadır".
Fikrimcə, ürəyin dərinliyindən gələn
kədərli sətirlərdə Əlimərdan bəy
yalnız Fransa, yaxud Almaniyada deyil, bu ölkələrlə
müqayisədə hər bir azərbaycanlı
üçün qat-qat doğma olan, ana yurd sayılan
Türkiyədəki Cümhuriyyət mühacirlərinin də
ən munis hiss və duyğularını ifadə etmişdi.
lll
İndi isə əsas "günahkar" - Dilqəm
Əhməd haqqında. Kitabın ərsəyə gəlməsində
zəhməti olanların adlarını yuxarıda bir-bir
sadalamışdım. Təbii ki, hər kəsin zəhmətini
qiymətləndirmək, halal haqqını özünə
vermək lazımdır. Belə layihələr yalnız birgə
səyin, kollektiv əməyin nəticəsində meydana
çıxır. Amma ona da qətiyyən şübhəm
yoxdur ki, işin ən çoxu, yükün ən
ağırı, məsuliyyətin ən böyüyü Dilqəmin
payına düşüb. Həm də o, sadəcə zəhmət
çəkməyib, deyərdim ki, vətəndaşlıq
örnəyi, fədakarlıq nümunəsi göstərib.
Günlərlə, aylarla Azərbaycanın İstanbuldakı
Fəxri xiyabanı sayılacaq Feriköy islam məzarlığını,
Qaraca Ahmet, Seyid Ahmet, Zincirlikuyu, Edirnekapı,
Sakızağacı, Yehya Efendi Dergahı, Büyükada,
Bülbüldərə, Eyup, Fatih, İhlamurkuyu, Kartal, Dedeler,
Bakırköy məzarlıqlarını qəbir-qəbir
dolaşıb. Bəzən bir məzarın yerini
doğru-dürüst müəyyən etmək
üçün necə arxiv sənədi qaldırıb, nə
qədər kitablar, xatirələr vərəqləyib. Nəticədə
Ağaoğlu ailəsi, Xanxoylu ailəsi, Əmircan ailəsi,
Kürdəmir ailəsi, Səfiyurdlu ailəsi, Ziyatxan ailəsi,
Rəfibəyli ailəsi və b. kimi Azərbaycanın
seçkin nəsillərinin İstanbulda uyuyan üzvlərinin
son mənzili haqda səhih məlumat toplayıb. Təbii ki,
bu, ilk baxışdan göründüyü qədər asan
iş deyil. Qəbiristanlıqların administrasiyası,
görəvliləri, gözətçiləri ilə
mübahisəyə girdiyi, bəzən şirin dillə,
xahiş-minnətlə yola gətirdiyi, çoxlarına qəribə
görünən axtarışının səbəblərini
uzun-uzadı izah etdiyi vaxtlar da az olmayıb.
İstanbulda, Bakıda dəfələrlə
görüşüb saatlarla maraqlı söhbətlər
etdiyim Dilqəmlə təxminən 7-8 ildir ki, şəxsən
tanışam. Mayasında xeyirxahlıq, qədirşünaslıq,
vətənpərvərlik dayanan
araşdırıcılıq fəaliyyətini isə daha əvvəl,
hələ mətbuatda ilk qələm təcrübələri
ilə çıxış etdiyi vaxtdan izləyirəm.
Yaşının nisbətən azlığına (hərçənd
az da sayılmaz!) baxmayaraq, yetərincə təcrübəsi,
XX əsrin əvvəlləri Azərbaycan siyasi, ədəbi-mədəni
mühitinə, xüsusən də Cümhuriyyət irsinə
və mühacirət tarixinə hərtərəfli bələdliyi,
tükənməz sevgisi var. Onu xarakterizə edən başqa
bir mühüm cəhətsə tükənməz
axtarış ruhu, ardınca getdiyi işin uzmanı, bilicisi
olmaq istəyidir. Mətbuat və ədəbiyyat aləminə
gəldiyi ilk gündən məlum olanları yeni şəkildə,
fərqli formada təqdim edib təkrarlamaq deyil, naməlumluqlar
üzərindən sirr pərdəsini qaldırmaq yolunu tutub.
Və indiyə qədər bu sahədə az iş görməyib.
Müəllifi olduğu kitablardan birinin adına
çevrilən "mühacirlərin
qayıdışında" - Azərbaycan mühacirəti
nümayəndələrinin öz vətənlərində
tanıdılmasında böyük zəhməti var. Həyat
yolları, fəaliyyətləri haqda cüzi məlumat olan, bəzən
isə ümumiyyətlə heç nə bilinməyən bir
sıra mühacirət xadimlərinin milli yaddaş səhifələrində
həqiqi yerini tutması üçün çox zəhmət
çəkib. Bir sözlə, gənc yaşdan könlünü
Vətən tarixini, xüsusən də onun Cümhuriyyət
səhifələrini vərəq-vərəq, səhifə-səhifə
bərpa etmək, əskikləri tamamlamaq sevdasına verib.
Nəcib fəaliyyəti ilə bu mənada gənclərə,
həmyaşıdlarına yaxşı nümunə göstərir.
Gizlətmirəm, bəzən mənim də şikayətçilər
xoruna qoşulduğum vaxtlar olur. Gənc nəslin elmi
araşdırmalara, tarix və mədəniyyətimizin ilkin mənbələr
əsasında öyrənməsinə ciddi maraq göstərmədiyini,
özlərini əziyyətə salmaq istəmədiyini,
tanınmaq üçün asan yolla getməyə
çalışdığını haqlı-haqsız iddia
edənlərin fikirləri ilə razılaşıram.
Əslinə baxanda, nə qədər acınacaqlı
görünsə də, indi həqiqətən belə
tendensiya mövcuddur. Hətta güclüdür.
Amma xoş istisnalar da var və onlar gələcəyə
ümidlə baxmağa zəmin yaradır.
Gərək unutmayaq: irəliləyiş, inkişaf
heç vaxt kütləvi xarakter daşımır. Bu əziyyətli,
mürəkkəb proses bütün dövrlərdə
qabağa düşüb zəhməti, məsuliyyət
yükünü çiyninə
götürən ayrı-ayrı fərdlərin adı, fəaliyyəti
ilə bağlı olur. Belə məqamlarda böyük
Üzeyir bəylə ustad publisist Ömər Faiq Nemanzadənin
məşhur polemikasını xatırlayıram. Üzeyir bəy
"Nəyimizin vaxtıdır?" adlı məqaləsində
cəmiyyəti sarmış süstlük, laqeydlik, ətalət
hissindən gileylənirdi, məhz ürəyi
yandığına görə millətin gələcəyi
ilə bağlı bir qədər ümidsizlik ruhu
aşılanmış həyəcan
və narahatlığını açıq şəkildə
dilə gətirirdi. Gənc həmkarının fikirləri ilə
razılaşmaq istəməyən Ömər Faiq isə
"Açıq söz" qəzetinin səhifələrində
dərc etdirdiyi nikbinlik və inam dolu
"İşığımız sönməyəcəkdir!"
(20 yanvar 1916-cı il) adlı məqaləsində onu ruhdan
düşməməyə çağıraraq
yazırdı: "Hər dürlü, hüquqdan məhrum məmləkətimizdə
belə ən cahil və həmiyyətsiz vaxtımızda adi
mirzələrdən - Fətəli Axundovlar, ən
fağır baqqal Məşədi Ələkbərdən -
Sabirlər, Şamaxı mühitində əsir qalmış
seyidlərdən - Seyid Əzim Şirvanilər kimi ədiblər,
şairlər yetişdirən bu millət
işığının gələcəkdə gözlədiyimiz
"haqq və ədalət" altında daha artıq
parlayacağı "aşkar" deyilmi?"
Təbii ki, hər cür müqayisə qüsurludur.
Lakin istənilən halda bu gün Azərbaycan humanitar elminin
İstanbulda yaşayıb-yaradan Dilqəm Əhməd (hələlik
rəsmən heç bir elmi dərəcəsi olmasa da), dosent
Mehdi Gəncəli, Türkiyə, Polşa və Almaniyada əsaslı
tarixçilik məktəbi keçmiş, indi professor
kürsüsü tutmağa hazırlaşan Zaur Qasımov kimi
istedadlı, məhsuldar, təəssübkeş, çətinlik
və zəhmətdən qorxmayan nümayəndələrinin
olması gələcəyə ümidlə baxmağa, məşhur
"İşığımız sönməyəcəkdir!"
düşüncəsinə şərik çıxmağa əsas
verir.
lll
İstanbul martiroloqu demək olar ki, əsas adları,
ünvanları ilə başa çatdırılıb. Amma
azərbaycanlı məzarları tək İstanbulda deyil.
Yuxarıda da qeyd etdiyim kimi, böyük Məhəmməd
Əmin Ankarada, Əsri qəbiristanlığında uyuyur.
Adanada, Amasiyada, Karsda, Elazığda, Trabzonda, Çanaqqalada və
qardaş Türkiyənin digər şəhərlərində,
qəsəbələrində onlarla soydaşımızın
tanıtma, diqqət gözləyən sahibsiz, ziyarətsiz qəbirləri
var. Azərbaycan mühacirətinin həyatda olan son
mogikanlarından biri, canlı ensiklopediya təsiri
bağışlayan professor İbrahim Yıldırım
öz çıxışında gələcək
axtarışların coğrafiyası və istiqamətləri
barəsində geniş məlumat, ağıllı məsləhətlər
verdi. Təbii ki, Dilqəm də həmin fikirləri
bölüşür və hazırda növbəti cildlərlə
bağlı axtarışlarını davam etdirir. Sirr
açıram: əsər 3 cild olaraq nəzərdə
tutulub.
Eyni zamanda İstanbulla bağlı işlərin tam
başa çatdığını düşünmək də
tezdir. Məncə, bəzi oçerklərin daha da təkmilləşdirilməsinə
ehtiyac var. Elə kitab ətrafında söhbət zamanı son
mənzili İstanbul olan daha bir görkəmli
soydaşımızın - şəhid Behbud xan Cavanşirin
adını daşıyan qardaşı oğlu, məşhur
otolyorinqoloq-həkim, uzun müddət Türkiyə tennis və
alpinizm federasiyalarına rəhbərlik etmiş professor Behbud
Cümşüd Cavanşirin (1926-1999) qəbrinin yerini müəyyənləşdirə
bildik. Onun Tofiq Fikrətin də son mənzili olan Aşiyan məzarlığında
torpağa tapşırıldığını dəqiqləşdirdik.
Behbud xanın digər qardaşlarının - İstanbulda
yaşamış, Almaniya təhsilli mütəxəssislər
kimi ölkənin iş həyatında iştirak etmiş
Cümşüd xan və Surxay xanın məzarlarını
tapmaq da, fikrimcə, çətin olmamalıdır. Onlar
1970-80-ci illərə qədər həyatda idilər. Hətta
Azərbaycanla, buradakı Cavanşir ailəsi ilə əlaqələr
yaratmışdılar.
lll
Baş konsulluğumuz son mənzili İstanbul olan azərbaycanlılar
haqqında kitabın təqdimat mərasimini çox əlamətdar
bir vaxta - Azərbaycanın dövlət müstəqilliyinin bərpası
günü kimi qeyd olunan 18 oktyabra təyin etmişdi.
Şübhəsiz, həyatlarını azadlığı,
müstəqilliyi, dövlətçiliyi uğrunda mübarizə apardıqları
vətəndən uzaqlarda başa vurmuş insanlar
üçün bundan daha yaxşı, daha münasib anım,
ehtiram nümayişi düşünmək çətin
olardı. Əgər ruhlar həqiqətən mövcuddursa, həmin
axşam onların qərib ruhları mütləq sevindi.
Bakıdan xüsusi olaraq təqdimat mərasimində
iştirak etmək üçün gəlmiş Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anarın, Türkiyə Böyük
Millət Məclisinin Azərbaycan əsilli üzvü
Şamil Ayrımın, Cümhuriyyətin qurucu baş naziri Fətəli
xan Xoyski nəslinin nümayəndəsi Kərim Mehmetzadənin,
professor İbrahim Yıldırımın, gecənin
aparıcısı Mehdi Gəncəlinin, Ağaoğlu ailəsinin
Azərbaycandakı təmsilçisi Nigar Axundovanın
biri-birindən maraqlı çıxış və xatirələri
iştirakçıları zamana və tarixə səyahətə
apardı. Təqdim edilən kitabın işığında
Nazim Hikmətin "torpağın altındakı köklərimiz"-
deyə minnətdarlıqla andığı fədakar
insanların əməl və fəaliyyətlərinə bir
daha bələdçilik etmiş oldu.
Sarayevo
22 oktyabr 2024-cü il.
Vilayət QULİYEV
525-ci qəzet .- 2024.- 26 oktyabr(¹197).-S.10-11.