Vətənin bütövlüyü - Milli ideologiyanın təməli  

 

Azərbaycan Respublikasının tam suverenliyinə yol açan Vətən müharibəsinin və bir günlük lokal antiterror əməliyyatının ardınca ölkəmiz, cəmiyyətimiz tamamilə yeni bir mərhələyə qədəm qoydu. Hər zaman olduğu kimi, bu mərhələ haqqında da ilk sərrast dəyərləndirmə, yönverici fikirlər Prezident İlham Əliyevdən gəldi.

Bu ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsində Azərbaycan Prezidenti ölkəmizdə yeni bir dövrün başlandığını bildirdi və bu dövrün də uğurlu olacağına əminliyini ifadə etdi. "Əldə edilmiş uğurlarla sakitləşməyin, kifayətlənməyin müəyyən durğunluğa gətirib çıxara biləcəyini" vurğulayan dövlət başçısı yeni konseptual inkişaf strategiyamızın, milli ideologiyamızın yeni istiqamətlərinin vacibliyinə diqqət yönəltdi. Azərbaycanın gələcək inkişafı, xüsusən milli ideologiya məsələsinə toxunan Prezident, cəmiyyəti bu məsələ ətrafında fəal müzakirələrə çağırdı: "Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq, təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar; yəni bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır".

Prezidentin qeyd etdiyi kimi, belə bir mühüm məsələ barədə ilk növbədə ölkənin nüfuzlu ziyalıları, alimlər, ictimai xadimlər, ədəbiyyat və sənət adamları fikir bildirməli olsalar da, təəssüf ki, ötən müddətdə bu yöndə ciddi fəallıq müşahidə olunmadı. Ola bilsin, bu hal yeni dövrün mahiyyətini, başlanmış fərqli mərhələnin çağırışlarını dəqiq müəyyən etməyin çətinliyindən irəli gəlib. Ancaq bütün dövrlərdə qiymətli olmuş zaman anlayışı hazırkı sürət çağında daha da dəyərlənərək olduqca yüksək önəm kəsb etməkdədir. Odur ki, vaxt itirmədən milli ideologiyamızın yenilənməsi, bununla bağlı tutarlı, effektli müzakirələr açılması, bu sahədə konkret addımlar atılması son dərəcə vacibdir.

Tanınmış fikir adamı, millət vəkili Fazil Mustafanın bu günlərdə "Real TV"dəki çıxışında bu mövzuda xeyli maraqlı, aktual fikirlər səsləndirdi. Diqqətimi çəkən həmin çıxışında F.Mustafanın xüsusi vurğuladığı bir məqam da milli ideologiya məsələsində, bununla əlaqədar müzakirələrdə öncəliyin ziyalılara, elm və mədəniyyət xadimlərinə məxsusluğu oldu.

Təəssüf ki, son zamanlar bu kimi taleyüklü məsələlərdə, konkret olaraq, milli ideologiyaya aid müzakirələrdə sözügedən zümrələr bir xeyli çəkingən, tərəddüdlü davranış sərgiləyir. Əlbəttə, bunun da məsələyə kifayət qədər agah olmamaq, düşüncələrinin birmənalı qarşılanmayacağından, yaxud mövqeyinin ciddiyə alınmayacağından ehtiyatlanmaq kimi müxtəlif səbəblərini sadalamaq olar. Amma elə bilirəm ki, bu yeni dövrdə milli ideologiyamızın təməlində məhz Vətənin Bütövlüyü amilinin dayanması bütün tərəddüdlərə, duruxmalara qəti şəkildə son qoya bilər. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə böyük vüsət almış Azərbaycançılıq ideoloji xəttinin ardınca Vətənin Bütövlüyü amalını əsas götürən yeni ideoloji xətt bütün azərbaycanlıları vəhdət halında bir araya gətirər. Kamil düşüncə, yüksək vətənpərvərlik duyğusu, yetkin və məsuliyyətli davranış sayəsində əldə olunan sarsılmaz vəhdət hərtərəfli tərəqqimizə güclü təkan verər.

Aydın məsələdir ki, Bütöv Vətən, qüdrətli Azərbaycan, şüurlu Azərbaycançılıq, fəal Azərbaycanlılıq olduqca irimiqyaslı və dərin mahiyyət daşıyır. Vətən kəlməsinə mövcud coğrafi hüdudlardan qat-qat geniş anlam verən Xalq şairi Sabir Rüstəmxanlının bu misralarını son zamanlar tez-tez xatırlayıram:

 

Bu Vətən deyilən dünyam sirlidi:

Bir paytaxtı sevinc, bir paytaxtı qəm.

Bu Vətən torpağı çox qəribədi -

Hələ sərhədini tapa bilmirəm.

 

Sözün bütün mənalarında Vətənin Bütövlüyünə nail olmaq və bu nailiyyəti qoruyub saxlamaq, sözsüz ki, çox uca məram, müqəddəs amaldır. Bu ali məram ən əvvəl şüurumuza yerləşməli, təfəkkürümüzdə aydınlaşmalı, zehinlərdə öz həllini tapmalıdır. Və bu amalla, belə bir şəkildə qurulan ideologiyaya, heç şübhəsiz, özünü gerçək Azərbaycançı və Azərbaycanlı sayan hər bir insan inamla, əzmlə sahib çıxar.

Hazırkı məqamda ən vacib işlərdən biri bu ideologiyanın sağlam təməllərini məqsədyönlü və faydalı müzakirələr nəticəsində mümkün qədər tez zamanda meydana çıxarmaqdır. Düzgün müzakirə mühiti cəmiyyətin ən müxtəlif təbəqələrini bu mühüm əsasda bir araya gətirməyin mühüm şərtidir. Belə olarsa, Vətənin Bütövlüyü ideoloji xətti, ulu mütəfəkkirlərimizin dediyi kimi, Fikirdə, Sözdə və Əməldə Birlik üzərində uğurla inşa edilə bilər.

 

Rəşad MƏCİD

"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini

525-ci qəzet .- 2024.- 26 oktyabr(№197).-S.6.