"Azərbaycanın
"Yaşıl enerji" siyasəti hərtərəfli
inkişafa yeni təkan verir"
Azərbaycanın enerji resurslarının dünya
bazarına çıxarılması istiqamətində
Ümummilli lider Heydər Əliyevin 1994-cü ildə
imzaladığı "Əsrin müqaviləsi" ilə
başlanan uğurlu siyasət bu gün "Yaşıl
enerji" naminə görülən işlər formasında
da uğurla davam etdirilir. Prezident İlham Əliyev isə
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş
ərazilərində "Yaşıl enerji"
zonasının yaradılması ilə bağlı tədbirlər
haqqında" Sərəncam imzalamaqla Azərbaycanda yeni
enerji qaynaqlarının yaradılmasına istiqamət verdi.
Bərpaolunan və yaşıl enerji əsasında
istehsal edilən elektrik ixracı Azərbaycanın enerji
strategiyasında yeni eranın başlanğıcı oldu.
Ölkədə energetika sahəsində bərpaolunan enerji mənbələrindən
istifadənin genişləndirilməsi Prezident İlham
Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli
sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş
gücündə bərpaolunan enerjinin payının 30 faizə
çatdırılması hədəf kimi müəyyənləşdirilib.
Mütəxəssislər hesab edirlər ki,
Azırbaycan dövlətinin uğurla yürütdüyü
"Yaşıl enerji" siyasəti hərtərəfli
inkişafa yeni təkan verir. İqtisadçı ekspert Rəşad
Həsənov deyir ki, COP29 "Yaşıl enerji" məsələsinin
Azərbaycan siyasətinin gündəliyinə gətirilməsi
və bu istiqamətdə qavrama səviyyəsinin artmasına
səbəb olacaq. İqtisadçının sözlərinə
görə, əgər COP29 çərçivəsində
müzakirə edilən məsələlərə müvafiq
diqqət ayrılarsa, bütün maraqlı tərəflər
bu prosesdən faydalanacaq: "Həmçinin gələcəkdə
bu çərçivədə müsbət təcrübələrin
ölkəyə gətirilməsi və tətbiqi istiqamətində
siyasət hazırlanacaqsa, bu zaman, əlbəttə ki, orta və
uzunmüddətli dövrdə bütün maraqlı tərəflər,
o cümlədən, iqtisadiyyat, yerli icma və dövlət
prosesdən müsbət mənada faydalanacaq. Xüsusilə də
enerji mənbələrinin transformasiyası,
"yaşıl" iqtisadi siyasətlərin, o cümlədən,
dairəvi iqtisadiyyatın təşəkkülü,
resursların səmərəli istifadəsi və ətraf
mühitin mühafizəsi baxımından potensial faydalar
yüksəkdir".
Ekspertin sözlərinə görə,
yaşıllaşma, rəqəmsallaşma və intensiv
iqtisadiyyata transformasiya kifayət qədər xərcli
prosesdir: "COP29 tədbirini maliyyəyə
çıxış aspekti kimi daha kiçik hədəflərlə
məhdudlaşdırmaq doğru olmazdı. Əslində, bu
istiqamətdə hər hansı məhdudiyyətlərin
olduğunu düşünmürəm. Əsas məqam əməkdaşlıqda
maraqlı olmaqdır. Bunun üçün də dövlət
fəaliyyətində beynəlxalq standartların, o cümlədən,
şəffaflıq və hesabatlılıq
standartlarının tətbiqinə üstünlük verməlidir.
Tədbirin maliyyəyə çıxış aspekti kimi daha
kiçik hədəflərlə məhdudlaşdırmağın
düzgün olmadığını düşünürəm.
O ki qaldı beynəlxalq sərmayənin əhəmiyyətinə,
əlbəttə ki, yaşıllaşma, rəqəmsallaşma
və intensiv iqtisadiyyata transformasiya kifayət qədər xərcli
prosesdir. Bu prosesin dövlət vəsaitləri hesabına həyata
keçirilməsi səmərəlilik aspektindən ən
uğursuz yanaşmadır. Yerli investorların maliyyə
gücü adekvat deyil. Ona görə də xarici investisiya səmimi
siyasətdə çox önəmlidir".
O, xarici sərmayənin əhəmiyyətindən
söz açaraq COP29 gündəliyinin və potensial öhdəliklərin
gerçəkləşdirilməsi üçün xarici sərmayənin
əhəmiyyəti ilə yanaşı, Azərbaycan
üçün də bu məqamın vacibliyini
vurğulayıb: "Belə ki, işğaldan azad edilən ərazilərin
bərpası, qeyri-resurs iqtisadiyyatına keçid prosesləri
kifayət qədər böyük maliyyə tələb edir.
Digər tərəfdən isə xarici maliyyəyə
yalnız vəsait olaraq baxılması doğru deyil. Xarici sərmayə
özü ilə paralel hesabatlılıq, şəffaflıq,
inkişaf etmiş təcrübə, xarici bazarlarla əlaqə
kimi ölçülə bilməyən qeyri-maddi
üstünlüklər gətirir. Bunların hər birinin Azərbaycanın
inkişafı aspektindən böyük faydaları var".
R.Həsənovun fikrinə görə, Azərbaycandakı
ekosistem hələ ki yüksək texnoloji inkişafı dəstəkləyəcək
vəziyyətdə deyil: "Dünyanın heç bir
ölkəsi texnoloji transformasiyanı yalnız öz
resursları hesabına həyata keçirmir. Buna görə
bu sahədə asılılığın səviyyəsi
yüksəkdir. Azərbaycan da hələlik mövcud ekosistem
səbəbindən yüksək texnoloji inkişafı dəstəkləyəcək
imkanlara sahib deyil və yaxın dövrdə buna nail
olunması mümkünsüz görünür. Hazırda bu
istiqamətdə rəqabət özünün tamamilə
yeni mərhələsi, xüsusi ilə də süni
intellektin maksimum səmərəli tətbiqi mərhələsinə
keçir ki, bu da yerli iqtisadiyyat üçün hələki
əlçatan deyil".
İqtisadçı transformasiyanın əmək
bazarına və yüksək ixtisaslı kadrların
yetişdirilməsinə təsirinin qaçılmaz
olduğunu deyir: "Xüsusilə, yüksək ixtisaslı
kadrlara tələbat daha da artacaq. Bir çox peşələr
sıradan çıxacaq, əvəzində yeniləri yaranacaq.
İndiki halda ölkədə insan kapitalının
inkişaf səviyyəsi müvafiq
çağırışların çox gerisindədir. Bu
isə ilk dövrlərdə kadr
çatışmazlığını ən böyük
maneələrdən birinə çevirə bilər. Bununla
belə, düşünürəm ki, rasional siyasətlərlə
uzunmüddətli dövrdə əmək bazarında
müvafiq adaptasiyaya böyük həcmdə nail olmaq
olar".
Mütəxəssis növbəti beş ildə
"yaşıl enerji" istiqamətində sahibkar təşəbbüskarlığında
inkişafın müşayiət olunacağını
söyləyib: "Sürətli texnoloji inkişaf sayəsində
"yaşıl enerji"nin maya dəyəri sürətlə
aşağı düşür. Bu isə öz növbəsində
prosesdə iştirakçılığın cəlbediciliyini
həm biznes, həm də ailə təsərrüfatları
üçün artırır. İstehsal prosesinin təşkili
sahibkar üçün mövcud aktivlərini, məsələn,
dam örtüklərini daha səmərəli istifadəyə
imkan yarada bilər. Nəticədə istehsal etdiyi enerjini həm
daxili istehlakı və həm də satışı və
bundan gəlir əldə etməsi üçün geniş
imkanlar yaradır. Düşünürəm ki, növbəti
beş il bu istiqamətdə sahibkar təşəbbüskarlığının
inkişafı ilə müşayiət olunacaq. Əlbəttə
ki, dövlətin də bu sahədə səmərəli təşviq
siyasətləri və həllər təklif etməsi
çox önəmlidir".
Energetika naziri Pərviz Şahbazov bildirir ki, 2027-ci ilə
qədər Azərbaycanda 2,8 milyard ABŞ dolları məbləğində
xarici və yerli investisiya hesabına 2 QVt gücündə sənayemiqyaslı
8 günəş və külək elektrik stansiyasının
inşası və şəbəkəyə qoşulması
planlaşdırılır ki, bu da Azərbaycanın
"yaşıl enerji" cığırı ilə sürətlə
irəlildiyini, bu prosesin artıq geriyədönməz
olduğunu göstərir: "Növbəti illərdə
elektrik enerjisinin istehsal-ixrac dinamikası əhəmiyyətli
dərəcədə bərpa olunan enerji mənbələrinə
əsasən formalaşacaq. Bunun üçün zəngin
potensial, "yaşıl enerji" növlərinin
yaradılmasını və dünya bazarlarına nəqlini
prioritetləşdirən dövlət siyasəti, yeni
qanunvericilik bazası və beynəlxalq investorlarla əməkdaşlıq
kimi bütün zəruri şərtlər mövcuddur".
Nazir vurğulayır ki, hidroenerji potensialı yüksək
olan Qarabağ və Şərqi Zəngəzurda su elektrik
stansiyaları bölgənin "təmiz enerji" təminatının
əsas mənbəyidir və bu regionların elektrik enerjisi tələbatı
100 faiz "Yaşıl enerji" hesabına təmin edilir və
tələbatdan artıq qalan həcm ölkə enerji sisteminə
ötürülür: "Bu gün Azərbaycanın
"Yaşıl artım" ölkəsi kimi
inkişafında və 2026-cı ilədək
"yaşıl enerji" məkanlarının yaradılmasında
müstəsna rol "Yaşıl enerji zonası" modelinə
məxsusdur. Azərbaycan Prezidentinin Qarabağ və Şərqi
Zəngəzurun modern quruculuğa, xalis sıfır
emissiyalı "Yaşıl enerji Zonası"
Konsepsiyasına əsaslanan inkişafı ilə bağlı
strateji qərarı bu gün dünya ölkələri
üçün də faydalı olacaq unikal nümunə
formalaşdırıb. İndiyə qədər 270 MVt
gücündə 32 su elektrik stansiyası istismara verilib. Bu, il
ərzində 600 milyon kVt-st-dan çox "yaşıl
enerji"nin istehsalı, 160 milyon kubmetrdən artıq təbii
qaza qənaət edilməsi, atmosferə atılan karbon
qazının (CO2) həcminin isə 330 min tondan çox
azalması deməkdir".
P.Şahbazovun söylədiyinə görə,
Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilən
"Su ehtiyatlarından səmərəli istifadəyə dair
Milli Strategiya"nın 2024-2027-ci illərdə həyata
keçirilməsi üzrə Tədbirlər Planı bu ərazilərdə
daha 28 su elektrik stansiyasının tikintisini nəzərdə
tutur: "Onlardan ümumi gücü 37,5 MVt olan 6 kiçik su
elektrik stansiyasının tikintisi aparılır. Bundan
başqa, KSES-lərin bərpasına özəl investisiyanın
cəlb edilməsi istiqamətində Kəlbəcər və
Laçında Həkəri və Tərtər
çayları üzərində yerləşən 5
kiçik su elektrik stansiyasının bərpa edilərək
istismara verilməsi ilə bağlı Türkiyənin
"Demirören Yatırım Holding A.Ş." şirkəti,
"Arges Enerji Team" MMC şirkəti və "Azərbaycan
İnvestisiya Şirkəti" ASC arasında ötən ilin
dekabrında imzalanmış müqaviləyə əsasən
Laçında kiçik su elektrik stansiyalarından birinin təməli
qoyulub, digər stansiyalarla bağlı müvafiq tədbirlər
görülür".
Nazir xatırladıb ki, bu ilin may ayında
açılışı olan "Xudafərin" və
"Qız Qalası" hidroqovşaqları, yaxın
perspektivdə istifadəyə veriləcək 140 MVt
gücündə su elektrik stansiyaları Şərqi Zəngəzurun
"yaşıl enerji" zonası kimi inkişafının
mühüm elementləridir: "Ümumi gücü 500 MVt
olan 5 günəş, eləcə də külək elektrik
stansiyalarının inşası ilə bağlı planlar
üzrə investorlarla əməkdaşlığımız
da bu strateji bölgəni "yaşıl enerji"nin
istehsalı və ixracının mühüm mərkəzlərindən
birinə çevirəcək".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2024.- 29 oktyabr(№198).-S.15.