Almas İldırım irsində
"nerdə" sözünün fərqli yükü
Azərbaycan mühacirləri 1923-cü ildə
İstanbulda "Yeni Qafqasya" dərgisi ilə ana dilində,
ərəb əlifbasında Türkiyə türklərinin də
anlaya biləcəkləri bir üslubda nəşri fəaliyyətə
başladılar. Dərgi sovet hökumətinin israrlı, təkidli
tələbi ilə 1927-ci ildə çapını
dayandırdıqdan sonra onun işini sələfinin
proqramı əsasında davam etdirən "Azəri
türk" (İstanbul, 1928-1930, ) məcmuəsinin ilk 20
nömrəsi ərəb, sonrakı 10 nömrəsi latın əlifbası
ilə, eyni qaydada buraxılırdı. Sonradan fəaliyyət
göstərən qəzet və jurnallar - "Yaşıl
yarpaq" (İstanbul, 1928), "Odlu yurd" (İstanbul,
1929-1931), "Bildiriş" (İstanbul, 1930-1931),
"İstiqlal" (Berlin, 1932-1934), "Qurtuluş" (Berlin,
1934-1938,), "Azərbaycan" (1952, son vaxtlara kimi nəşrini
davam etdirir, Ankara), "Azərbaycan" (Münhen, 1952-1954),
"Mücahid" (Ankara, 1955-1962), eləcə də "Azərbaycan
türkləri", "Xəzər" (Istanbul, 1990) və
digər mətbu orqanlar, kitab və broşürlər
latın əlifbası ilə dillə bağlı artıq
formalaşmış ənənəni davam etdirmişlər.
Odur ki, mühacirət irsində az qala ortaq türkcə
adlandıra biləcəyimiz bir dil, üslub yaranıb.
Mühacirət nəşrlərində tez-tez təsadüf
edilən sözlərdən biri də bizdəki
"harada" sözünün qarşılığı
olan və eyni semantik məzmun daşıyan "nerdə"
kəlməsidir. Bu söz Azərbaycan istiqlal
poeziyasının parlaq, bənzərsiz siması, şeirimizin
ideyasına, məzmununa milli "libas geyindirən", onu
milli duyğu və hisslərlə süstləyən Almaz
İldırım (24 mart, 1907, Bakı - 14 yanvar, 1952, Malatya)
yaradıcılığında xüsusi yer tutur, hətta belə
demək caizsə, bu söz onun irsinin dəyərini,
sanbalını, çəkisini birə on artırır.
Şair:
Kimsə bilməz Tanrıdağın yasını,
Duman almış Altayların başını
Uçurmuşdur başdan dövlət quşunu,
Sətvətinə üz çevirmiş zaman hey!
Qoca Türkün düşdüyü dərd yaman
hey!
- misraları ilə başlayan, "Qara dastan" şeirində
"dörd bir yana dağılan", "ocağı
sönən", "köçüb gedən",
"bir-birinə yadlanan" Türk boylarına, "dərdli-dərdli
axan çaylarına", "toy-düyünü pozulmuş
yaylalarına" ağı deyir.
Almas İldırım kədərə
bürünmüş Türk dünyasının coğrafi xəritəsini
matəmli misralarla cızır, ozansız, yazarsız,
şamansız qalan gözü yaşlı, qüssəli
Buxaranın, Başkəndin, Səmərqəndin, Daşkəndin,
sürülən Kazanın, Krımın faciəsini, ürək
parçalayan mənzərəsini göz önündə
canlandırır. Məzmununa, təsir gücünə, bədii
təsvir və ifadə vasitələrinin zənginliyinə, estetik sanbalına, ictimai-siyasi əhəmiyyətinə
görə poema təəssüratı yaradan 50 misralıq bu
şeir uzun müddət oxucunu düşündürür, təsirləndirir,
yaddaşından çıxmır. Şeirin
finalındakı "nerdə" sözü ətrafa qəzəb
saçır, od, atəş püskürür, Almas
İldırım bu kəlmə ilə amansız tarixə və
kor taleyə üsyan edir:
Azərbaycan dərd içində boğulmuş,
Sevənləri diyar-diyar qovulmuş,
Ağla, şair, ağla, yurdun dağılmış,
Nerdə qopuz, nerdə qırıq kaman hey?
Nerdə böyük Vətən, nerdə Turan hey?
("Qara dastan")
Almas İldırım poeziyasında Azərbaycan pərən-pərən
düşən Türk dünyasının bir
parçasıdır, onun qədəri də, kədəri də
şairi düşündürür, narahat edir:
Oh, mən də saatlarca durdum o gözəl yerdə,
Daldım şən təbiətin o dilrüba rənginə.
Düşündüm elim nerdə, Krım nerdə, mən
nerdə,
Xəyalım uçdu həmən uzaqlara, ənginə...
("Krımda axşamlar")
Şairin şeirlərində
türkçülüyə, turançılığa məhəbbət
Azərbaycan sevgisi ilə üst-üstə düşür,
bir-birinə sıx bağlıdır, vəhdət təşkil
edir. O, öz Vətəninin təəssübünü, həsrət
və xiffətini necə çəkirsə, eyni dərəcədə
də Krım tatarlarının, çeçenlərin həsrətinə, dərdinə
şərikdir. Şair misralarında "nerdə" deyib ah
çəkərək soydaşlarını soraqlayır,
onların fiziki və mənəvi əzablarını ifadə
edir. Buradakı "nerdə",
həm də vətəndən qovulanların
sürgünə etirazı kimi mənalandıra bilir:
Dün orda sakin, yaşıl bir Krım vardı nerdə?
Nerdə qoca Qafqasın bağrında Çeçen
yurdu?
("Bir gün gələcək")
Bu şeirində Almas İldırım tarixə nəzər
salır, Pyotrun dövründən sovet işğalı daxil,
bütün zamanlarda türk xalqlarının üzləşdiyi
fəlakətləri göz yaşları ilə təsvir
edir, şair kədərlidir, dərdlidir, incikdir:
Söylə, hansı tarixdə, hansı dövrdə,
nerdə,
Görülmüş milyonları aşan
sürgün sürüsü?
("Bir gün gələcək").
"Gözü qanlı", "iti caynaqlı",
"qanlı pəncəli", "qan içən
kralların hakim olduğu" Qərbə müraciətlə
qələmə aldığı eyni adlı şeirdə
"nerdə" kəlməsi ittihamçıdır:
O krallar, o kinli cəlladlar
Hökm edən farsda, Çində, hər yerdə.
Qopuyor ölkələrdə fəryadlar,
Nerdə vicdan, ədalətin nerdə?
("Qərbə")
"Mənim incim" şeirində üsyankar, asi
"nerdə"dən əsər-əlamət yoxdur. Burada
"nerdə" sazaqdan, şaxtadan üşüyən və
dərələrə, kol dibinə çəkilən
boynubükük bənövşənin halını
xatırladır:
Nerdə mənim gəncliyim,
nerdə mənim sevincim?
Duymadım, uçdu getdi
o məndən çox uzağa,
Taleh quşum başından
enib düşdü tuzağa.
O zamandan ki, mənim
öz incimi çaldılar,
Sanasan ki, eşqimi,
sevincimi çaldılar...
Sözün ecazkar gücünə inanan və ona
sığınan Almas İldırım poeziyasında
"nerdə" sözü bəzən sunamidən sonra
sahilə sığmayan, kükrəyən, şahə qalxan
dalğaya bənzəyir:
Nerdə məni gül qoynunda doğuran,
Xəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə "layla balam" çağıran,
Azərbaycan, mənim baxtsız anam oy!..
("Əsir Azərbaycanım").
Almas İldırımın "nerdə"si təlaş
dolu sualdır, həqiqətin tərcümanı,
nidasıdır, hiss və həyəcanların
carçısıdır:
Kim məni saldı bilməm dayanılmaz bu dərdə,
Nerdə mənim öz yuvam, öz elim, günüm
nerdə?
("Yaralı olmasaydı")
Qürbət acısı, vətən həsrəti
ilə çırpınan şair itirilmiş yurdun xiffətini
çəkir, "nerdə" ilə onun axtarışına
çıxır:
Uzaqda qaralır Qızlar qalası
Söylər ki, başımın çoxdur bəlası,
Nerdə öz oğulu, igid balası,
Acısın düşdüyü oda, əlvida...
("Əlvida, Bakı")
Almas İldırımın
yaradıcılığında dövranın gərdişindən,
amansızlığından, yolsuzluqdan, haqsızlıqdan, bəxtsizlikdən
şikayət notları çox güclü və təsirlidir.
"Şikayət" şeirində o, hakimdən xahiş
edir ki, onun "puç olmuş", "yüz yerdən
paralanmış qəlbini" dinləsin, "Qafdan ayrı
düşən şahinin" dərdli, halını
yazsın:
Yaz, dostları sağır, dövranı sərxoş,
Yaz, könlündə çarpan əməlləri
boş,
Sorma nerdən gəlmiş, nerdə vurulmuş,
Dağdan-dağa çarpmış, yaralanmış,
yaz.
("Şikayət")
Biz bu yazıda Almas İldırım
yaradıcılığında "nerdə"
sözünün semantikasından, məna
çalarlarından bəhs etdik. Bunu da qeyd etmək yerinə
düşər ki, şairin həyatı və irsinin daha dərindən
və əhatəli araşdırılması istiqamətində
son vaxtlar həm Azərbaycanda, həm də Türkiyədə
ciddi elmi tədqiqat materialları ərsəyə gəlməkdədir.
Türkiyədə buraxılan "Çinaraltı",
"Göyboru", "Qopuz", "Boz qurd",
"Orkun", "Özləyiş", "Topraq",
"Turan", "Altan", "Demokrat Malatya"... kimi,
türkçülük fikrini yayan məcmuələrdə "Elmas Yıldırım",
"E.Y.", "E-zade", "Elmasz?de İ.",
"İki Nokta",
"Şengel" və sair imzalardan istifadə edən
Almas İldırım yaradıcılığının tədqiqi
tarixindən danışarkən vurğulanmalıdır ki, bu
sahədə ilk addımlar mühacir soydaşlarımız tərəfindən
atılıb. Məhəmməd Əmin Rəsulzadə,
Mustafa Vəkiloğlu, Əhməd Qaraca, Əbdülvahab
Yurdsevər, Feyzi Aküzüm, Məhəmməd Altunbay
şairin irsi ilə bağlı dəyərli məqalələr
yazıblar. Türkiyədə, həmçinin Alptəkin, Lətif
Elsevər, Səlahəddin Kılıç, Ramiz Arda, Zeynal
Abidin Makas, Əli Yavuz Akpinar, Aygün Attar və Sabahattin
Şimşir, Ənvər Aras, Günay Göksu
Özdoğan, Mahmut Goloğlu, Məhərrəm Aras, Salih
Okumuş, Ümid Akın, Tuğba Bora və Betül
Görkem, Aida Babutcu, Mahmut Goloğlu, Mehmet Çağlar və
başqaları şairin həyat və
yaradıcılığından bəhs ediblər. Ölkəmizdə
Almas İldırım haqqında ilk, hələlik sonuncu
elmi-nəzəri əsəri - "Didərgin şair (Almas
İldırımın yaradıcılıq yolu)" adlı
monoqrafiyanı akademik Bəkir Nəbiyev qələmə
almışdı. Akademik Nizami Cəfərov "Almaz
İldırımın ölməz idealları" adlı məqaləsində
haqlı olaraq yazır ki, Azərbaycan poeziyasının,
ümumən ədəbiyyatının məlum tarixi
dövründə Almaz İldırım kimi böyük bir
şair olmasaydı, həmin dövrün nəinki ədəbi,
eyni zamanda mənəvi-ideoloji mənzərəsi barədəki
təsəvvürlərimiz bugünkü qədər dolğun, məzmun-mündərəcəli
və obyektiv olmazdı.
Tanınmış alimlər - Rəfiq Zəka Xəndan,
Cəfər Rəmzi, Kamil Vəli, Vaqif Sultanlı, Nazif Ələkbərli,
Vaqif Yusifli, Nikpur Cabbarlı, Bədirxan Əhmədov, Asif
Rüstəmli, Aygün Həsənoğlu, Yaşar Qasımbəyli,
Vahid Ömərov və başqaları da Almas
İldırım yaradıcılığına məqalələr
həsr ediblər. Son vaxtlar gənc tədqiqatçı
Hülya Cəbiyevanın Almas İldırımın həyatı
və yaradıcılığı ilə bağlı
araşdırmaları diqqəti çəkir. Müxtəlif
illərdə şairin irsinə dair Süleyman Rüstəm,
Hacı Hacıyev, Maarif Teymur, Şəfəq Əlixanlı,
Ramilə Qurbanlı, Məlahət
Rzayeva, Xatirə Qədirova, Tahir Abbaslı, İlahə
Şıxəliyeva və digər müəlliflərin qələmə
aldıqları yazılar maraq doğurur, Gənc tədqiqatçı
Dilqəm Əhmədin tərtib etdiyi "Dəhşətli
ölüm düşərgələri. Almas
İldırım" və Ergün Məmmədovun
(Ucatürk) hazırladığı "Qaf dağının
türküsü Almas İldırım" adlı iki hissədən
ibarət kitablar rəğbətlə qarşılanıb və
Almas İldırım yaradıcılığına artan məhəbbətin
göstəricisidir.
Göründüyü kimi, ideya nöqteyi-nəzərindən
milli, istiqlalçı, vətənçi, aktuallıq
sarıdan əhəmiyyətli, məzmun cəhətdən
mükəmməl, sənətkarlıq baxımından bənzərsiz Almas İldırım poeziyasına
dair xeyli əsər həsr olunub. Bununla yanaşı, hesab
edirik ki, şairin "Seçilmiş əsərləri"nin
nəşrinə, irsinin daha dərindən və əhatəli
araşdırılmasına, elmi-nəzəri dəyərləndirilməsinə
ciddi ehtiyac vardır.
Abid TAHİRLİ
525-ci qəzet .- 2024.- 29 oktyabr(¹198).-S.14.