Qələmin alın yazısı

DOST HAQQINDA ÜRƏK SÖZÜ

 

 

Tanrı doğulmamışdan qabaq Adəm övladının alın yazısını yazır və ruzusunu verir. Müdriklər belə düşünür, bu cür söyləyirlər. Ancaq mənə elə gəlir ki, Uca Yaradan seçilmiş, qiymətləndirmiş, bəndələrinin ağlını-zəkasını dərin, mərhəmətini, səxavətini, ədəb-ərkanını artıq edir, onlar ilahinin vergisiylə taleyini yazırlar. Məsələn, uzun illər boyu tanıdığım yazıçı-publisist, şair Əli Mahmud kimi. Yox, yox, bu dağlar oğlu qələmini zəkasının mürəkkəbinə batıra-batıra alın yazısını cızıb, ərsəyə gətirib. Sadəcə Allah məhəbbəti müəyyən məqamda ona yardımçı olub.

Mübaliğə etmirəm, heç buna ehtiyac da yoxdur. Əli Mahmudu kim tanıyıbsa və ya tanıyırsa, ilk mübarək kəlməsi belədir: müqəddəs Allah adamıdır. Bəs niyə hamını qüdrətli Allah yarada-yarada hamı "Allah adamı" ola bilmir. Bu, həqiqətdir, Allah görür. Deməli, pak niyyət və zat sahibi olanacan xeyli ömür məsafəsi keçirsən. 80-90 və ya 100 il. Rəbbin bu səbirlə sınaq payı bəlkə də imtahandır. Ən yaxşılar, saflar keçir, naqislər, paxıllar, xəbislər kəsilir. Əli Mahmud xoşbəxtdir ki, tanrı sınağından həmişə üzüağ çıxıb. Övladlarının, ailəsinin yanında da, saysız dostlarının önündə də. Onların sayı isə lap çoxdur: dünyasını dəyişəni də var, sağ qalanı da. Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Famil Mehdi, Hüseynbala Mirələmov, Vaqif  Bəhmənli, Adil Cəmil, Aqil Abbas, Rəşad Məcid... tanıdıqlarımdır. Üzünü görmədiklərim məni bağışlasın, ad çəkə bilmirəm.

Bakıda ali jurnalist təhsili alandan ömrünü-günün doğma Qarabağda, allı-güllü dağlar şəhəri, mədəniyyət, elm beşiyi Şuşaya bağlayan Əli Mahmud elə adını daşıdığı şəhərin qəzetində çalışıb. "Şuşa" rayon qəzetində. Özü demişkən, yay-payız aylarında bu şəhər qaynar olsa da, turistlərin seçdiyi oylaq sayılsa da, qışın şaxtası, sazağı sanki ən mülayim insanları da burdan hürküdürdü. Hünərin var Murovun uzaqdan, Kirsin yaxından bəyaz qarına tamaşa edəsən, əllərin donmaya, canından üşütmə keçməyə. Qəribədir ki, Bakıda çap olunan "Çinar pöhrələri" adlı poeziya almanaxında da Əli Mahmudun ilk dəfə dağlar haqqında şeirini oxumuş, məftun olmuşdum.

Qardaş, dağda böyüyəsən, dağa şeir yazmayasan, təbiəti vəsf etməyəsən, amma şeir də var, şeir... Dağlar haqqında Tufarqanlı Aşıq Abbasın, Dədə Ələsgərin elə könül oxşayan gəraylı və qoşmaları var ki, heyrətdən söz qabağında səcdə qılırsan. Düzü, Əli Mahmud da ustad sələflərindən geri qalmamışdı. Dağlara dağlar ucalığında söz qoşmuşdu. Bələd olduğu, hər gün seyrinə daldığı, sehrində ovunduğu dağlara. Gərək o havanı yaşayasan, o cür şeir yazasan, süni surətdə özünü kökləmək, ilhamı pərvazlandırmaq olmaz. O nümunədən misralar yaddaşıma hopub. Bütöv bəndləri unutduğumdan misal çəkməyə qıymıram. Yəni dağlar barədə şeiri yaralamaq, misraları parçalamaq istəmirəm. Yoxsa şair Əli Mahmud məni bağışlamaz.

Əlbəttə, yaxşı olmaq hər kəsin borcudur, amma yaşadığın ölkənin vətəndaşı olmaq, sözün məcazi və həqiqi mənasında, Məmməd Araz demişkən, Vətən daşı olmaq əqidə, məslək yolçusuna çevrilmək deməkdir. Əli Mahmud dostum məhz əqidə, məslək adamıdır. Bunu təsdiq etməyə ehtiyac yoxdur. Çünki yaxın tariximizin Qarabağ hadisələri bu ortaboylu qələm adamının kimliyini bir daha ortaya qoydu. Bəzi yerli manqurt məmurlarla, eyni zamanda xəstəhal ermənilərlə açıq milli münaqişəyə sürüklənən bu qeyrətli, dəyanətli insan qətiyyən geri çəkilmədi. Gah "Şuşa" qəzetində (unutmayaq ki, hələ SSRİ vardı, mətbuata nəzarət edən dövlət qurumu mövcud idi), gah da başlanan mitinqlərdə Azərbaycan xalqının haqq işini kəskin, sərt kəlmələrlə müdafiə edir, laxlamış imperiyanın səbatsızlığını, laqeydliyini pisləyirdi. Ona hər cür şər və böhtan atırdılar, susmurdu. Halbuki o, bütün şirin vədləri qulaqardına vurmuş, inadından dönməmişdi. Bütün bunlar indi bizdən uzaqlaşan yaxın keçmişdi. Əli Mahmudun canla-başla vurulduğu Şuşa şəhəri də azaddır, külli-Qarabağ da.

44 günlük mücadiləmiz düşməni pərən-pərən saldı, qırılanı qırıldı, qaçanı qaçdı, nəticədə haqq qalib gəldi. Türk birliyi söz savaşında da cəllad ermənilərin avropalı, amerikalı havadarların cavabını verdi.

 

Uca Tanrının ətası-

Allah qorusun, qadası,

İki dövlətin sədası,

Bir millətin diriliyi,

İlham-Ərdoğan birliyi.

 

Mənfur düşmən torpaqlarımızın bir hissəsini işğal altında saxladığı zaman Əli Mahmud köçdü Bakıya - şəhərin ən hündür yeri sayılan Yeni Yasamal ərazisinə. Yenicə tikilmiş çoxmərtəbəli binaların birində məskunlaşdı. Onda ayıldım ki, biz qonşuyuq. Bəli, tale qədim, əski dostla məni qonşu eləmiş, yaxınlaşdırmışdı. Bozumtul Yasamal dağı kiçik Qafqazın əsrarəngiz Şuşa dağlarından kəskin şəkildə fərqlənsə də, axşamlar mavi Xəzərin xəzrisi, hərarətli yay gecələrinə sərinlik qatırdı. Hərdənbir rastlaşır, dərdləşməyə macal tapırdıq. O, "Qarabağ" qəzetində işləyir, mənsə "Azərbaycan" qəzetində çalışırdım. Yer-yurd, Vətən itirmişdi Əli Mahmud, qohum-qardaşından onlarla yaşlı, cavan, uşaq, torpaq yolunda canlarını fəda etmişdilər. Bilirdim ki, içindən nələr keçir, ürəyindən qara-qanlar axır.

Amma nikbinliyini qətiyyən itirmədi köhnə dostum, təzə qonşum. Baməzə danışığı yerində idi. Söhbətlərindəki duz-məzə sanki azalmamış, artmışdı, sındığını gizlətmişdi. Mən elə sanırdım Əli Mahmud şəhərdə gəzən dağ zirvəsiydi. Murovun, Kəpəzin, Kirsin zirvəsi. Bu yeriyən və danışan canlı zirvə məni görən kimi, "ay qardaş, deyirlər Lerik Şuşaya, Laçına çox bənzəyir, nə vaxt məni aparırsan" deyirdi, ağzımı açmağa qoymurdu: "Lələnin canı, mənim hesabımadır hər şey" zarafatla əlavə eləyirdi. Bir gün isə bərk dirəndim, "qardaş, sabah dur uşaqları da götür, gedək Lerikə" söylədim. Qəhqəhə çəkib güldü, heç demə məni qabaqlayırmış, iki gün öncə bir həftə bizim dağlarda olubmuş, qohumumun "Meşəbəyi" adlı istirahət-əyləncə mərkəzində dincəlibmiş.

Nəhayət, Əli Mahmudun alın yazısında "Qarabağa aparan yol" qəzeti də varmış. Onun təsisçisi, baş redaktoru və təsəllisidir bu çoxtirajlı mətbuat orqanı. Çalışır hər gün yolunu "Azərbaycan" nəşriyyatından salsın. Axı onun redaksiyası və kiçik kollektivi bu Sovetdənqalma əzəmətli binanın 6-cı mərtəbəsində yerləşir. İstedadlı qələm adamı, yazıçı-publisist Fariz Çobanoğlunun rəhbərliyi altında hərdən bir Əli Mahmudun başqa dostları ilə bahəm mən o ünvana baş çəkirəm. Elə bilirəm Əli Mahmudla yox, Əbdürrəhim bəy Haqverdiyevlə, Üzeyir Hacıbəyovla və ya Şuşanın ən qədim maarifçi ziyalılarından biriylə görüşürəm.

 

 

Ağacəfər HƏSƏNLİ

525-ci qəzet .- 2024.- 29 oktyabr(№198).-S.13.