Cinayət və cəza
(Əvvəli ötən çərşənbə
sayımızda)
Cinayətlər cəzanın da meydana gəlməsinə
şərait yaradır
Qədim dövrlərin bəzi cəzasızlıq
halları arxada qaldı, cəmiyyət inkişaf etdikcə
cinayət yoxa çıxmadığı kimi, onun cəzalandırılması
zərurəti də daha açıq şəkildə
özünü göstərdi. Törədilmiş cinayətin
cəzasız qalmasına artıq əsasən son qoyuldu.
Təkamül nəticəsində primitiv xarakter
daşıyan cəza növləri qanunlar əsasında daha ədalətliləri
və cinayətin özünə müvafiq olanları ilə
əvəz edildi. Qisas almanı ifadə edən Talion qanunu
meydana gəldi, bu, qədim dövrlərdə cəzanın tətbiq
edilməsinin təməl hissəsi idi. Hazırda bu məfhum,
cəzanın cinayət dərəcəsində
olmasını və xətər toxundurana eyni formada cavab
verilməsini ifadə edir. Bu qayda "gözə görə
göz", "dişə görə diş" prinsipini
özünün bir ədalət ölçüsü kimi əks
etdirirdi. Bu, əslində səhraların konsepsiyası
olmaqla, Talion qanununu daha aydın ifadə edir. Talion, başqa
sözlə qisas, prinsipcə erkən Babilistan qanununda, hənçinin
Bibliya və Qədim Romanın qanunlarında inkişaf etdirilməklə,
cinayətkarın öz qurbanına vurduğu yaraya və xətərə
dəqiq şəkildə uyğun olan cəzasında ifadə
olunurdu. Erkən cəmiyyətlərin çoxu bu "gözə
görə göz" prinsipini, onun hərfinə tam uyğun
olaraq tətbiq edirdilər. Fələstində bədənə
xətər toxundurmaq və onu yaralamaq da oğurluq tək pis əməl
kimi qiymətləndirilirdi. Ona cəza verilməsi məsələsi
ancaq dövlət tərəfindən həll olunmurdu, fərdin
özünün ixtiyarına buraxılırdı.
Erkən Romada da dövlətin xətər toxundurana və
toxunulmuşa münasibət göstərilməsinə elə
bir əhəmiyyət verilmirdi. Talion və ya qisas
başlıca ağrılı məmnuniyyət əldə
etmək olmaqla, hətta xətər toxundurulmuş adamın
istədiyi pulun verilməsi ilə də yoluna qoyulmurdu. Qisas nəticəsində
hər iki tərəfi təmsil edənlər öz bədənlərinin
eyni üzvlərinə artıq malik olmayacaqdılar. Fələstin
müdrikləri isə belə bir qanunu işə saldılar
ki, gözü itirməyə səbəb olan xətər
toxundurulmuş tərəf, onu toxundurandan, bu vurulan ziyanın
dəyərini tələb etməlidir. Bu, orada cinayətin bərabər
ölçüdə cəzalandırılmasının
qadağan edilməsinə gətirib çıxardı. B.e.ə.
V əsrdən Romada da qisas alma cərimə ilə əvəz
olundu. Lakin hətta Orta əsrlər Almaniyasında, XVII və
XVIII əsrlərdə isə Skandinaviyanın bəzi
zonalarında qisas cəzası bərpa olunmuşdu.
Əgər Talion qanununa görə xətər
toxundurulmuş adam öz düşmənindən eyni qaydada
qisas alırdısa, dövlətin yaranması və
inkişafı ilə cəza siyasəti də onun
ixtiyarına keçdi. İngilis alimi Tomas Hobbsun (XVII əsr)
nəhəng dəniz əjdahası kimi Leviafan
adlandırdığı dövlət, cəmiyyətin sosial
sistemini bütünlüklə idarə etdiyinə görə, cinayətkarlığa qarşı
mübarizəyə də nəzarət etməyi öz üzərinə
götürmüşdü.
Cinayət və cəza sözü cinayətkarlığın
cəzalandırılmasının, məhkəmə prosesinin
və cinayət barədə başlıca ifadələri əhatə
edir. Cinayətlər qəsdən törədilənlərə
və qəsdən olmayanlara bölünür. Həm də
cinayətlər ciddi olanlar və kiçik növlər kimi
bir-birindən fərqlənir.
Ciddi cinayətlərə adam (uşaq) oğurluğu
(kidnup) və kiminsə onun iradəsi əleyhinə
götürülüb aparılması, yanğın törətməklə
mülkiyyətə od vurmaq, adama hücum etmək, burada fiziki
hücum nəzərdə tutulur, evi yarmaqla oğurluq cinayəti
törətmək üçün qanunsuz olaraq tikintinin
içərisinə girmək (İngiltərədə hətta
mülkiyyət sayılan əraziyə girmək - trespass da
cinayət sayılır), uşağın pis davranışı,
narkotik vasitələrinin alveri - narkotiklərin qanunsuz
idxalı, saxta şəkildə dustaq edilmə - şəxsi
öz iradəsi əleyhinə və qanuni hakimiyyətin xəbəri
olmadan dustaq etmək, aldatmaq - şəxsi və ya maliyyə
faydası əldə etmək üçün aldatma, insan
alveri - qanunsuz olaraq adamların qul əməyinə cəlb
etmək, həm də seksual məqsədlər
üçün başqa yerə aparılması, qətlə
yetirmək - bu cinayət bir neçə növdə olur, bura
həmçinin genosid - irqi və ya dini qrupların
ardıcıl olaraq öldürülməsi də daxildir,
mütəşəkkil cinayət - mütəşəkkil
banda qrupları və ya təşkilat tərəfindən
törədilən cinayət, qaçaqmalçılıq - əmtəələrin
qanunsuz idxalı və ixracı, terrorizm - qanunsuz
zorakılıq və ya siyasi məqsəd naminə qorxutma, hədələmə
- bütün bunlar daha çox yayılmış cinayət növlərinə
daxildir.
Kiçik cinayətlərə isə cib
oğurluğu, mağazadan pulunu ödəmədən mal
götürmək, yol qəzaları, vandalizm - tikintini qəsdən
uçurma və ya ona xətər toxundurmaq şəklində
baş verir.
Cinayətlərin növləri çox olduğu kimi,
cəzaların da növləri müvafiq olaraq müxtəlifdir.
Bunlara ölüm cəzası,
dustaq etmək barədə hökm verilməsi,
ömürlük həbs, 10 illik və ya 6 aylıq həbs,
hökmün təxirə salınması, mülkiyyətdən
məhrum etmə, dustaq kimi xəstəxanada müalicə
olunmaq üçün saxlamaq, cərimələr, ev
dustağı etmək, sürücülük sənədindən
istifadə hüququnu dayandırılması daxildir.
Məhkəmə hakimiyyəti, cinayətə həsr
olunmuş qanunçuluq və kodekslər, cəza
institutları, cinayət və cəza tarixinin bütöv
hissələridir.
Cinayət və cəza nə vaxt start
götürmüşdür? Hansı faktorlar adamları cinayət
törətməyə sövq etmişdir? İlk anlarda cəza
növü kimi qisas almaq, cinayətin əvəzini ödəmək
qaydalarında və formalarında olmuşdu.
Bu dövrlərdə cəza cinayətlə
müqayisə olunmurdu və cəzalar o qədər də sərt
deyildi, bu, onunla nəticələnirdi ki, qurban, törədilən
cinayətə görə yeni bir rola daxil olurdu, əsasən,
öz qisasını hansı qaydada almaq yolunu axtarırdı.
Bu, bəzən qarşı tərəflər arasında qan
düşmənçiliyinə aparıb
çıxarırdı, bunun bariz nümunəsi Şekspirin
"Romeo və Cülyetta" pyesində Montekki və
Kapuletti ailələrinin timsalında öz əksini
tapmışdır. Qan qisasını almaq bəzən bir
neçə nəsil boyu davam edirdi, bu, getdikcə daha
ağır və geniş cinayətlərə yol
açırdı. Qisas alma tədbirindən Siciliyadakı
mafioz qruplar, "Koza Nostra" faydalanırdı. Onlar və
ya Yaponiyadakı "Yakudza" təkcə qurbanları
üçün deyil, öz üzvləri üçün də
qəddar cəzalar tətbiq edirdi, satqınlıq və bəzən
hətta kiçik xətalara görə mafiya təşkilatının
üzvləri sərt qaydada cəzalandırıldılar.
"Yakudza" üzvlərinin öz xətasını yaddan
çıxarmaması üçün, cəza kimi onların
əl barmaqları kəsilirdi. Bəzi üzvlərin əlində
bir neçə barmağın yalnız kötüyü
qalırdı.
Siciliyada isə mafiya qrupunun üzvü
satqınlıq etdikdə, onun nəslinin davamlılığının
az qala bütünlüklə kəsilməsinə nail
olunurdu.
Fransada və İtaliyada qan düşmənçiliyi
vaxtilə geniş miqyas aldığından, onu fərqləndirən
"vendetta" məfhumu da meydana gəlmişdi. Fransız
yazıçısı Gi de Mopassan bir hekayəsində
vendetta naminə qoca qadının bu dəhşəti davam
etdirməyə necə hazırlaşdığı təsvir
edilir.
Ümumiyyətlə, qan qisası, qan düşmənçiliyi
zorakılığa əsaslanmaqla, dövlətlərin
yaranmasından əvvəlki dövrə məxsus olmaqla, qəbilə,
tayfa icmalarının aralarında baş verən mübahisələri
həll etməyin əsas vasitəsi idi. İbtidai insanlar
sonralar yaranan doplomatiyanın nə olduğunu bilmədiklərindən,
ziddiyyətlərin yoluna qoyulmasını yalnız qan
axıtmaqda görürdülər. Ona görə də qan
qisası arxaik xarakter daşıyır. Lakin adamların
ağlında problemlər yarandıqda, bu vasitə müharibələr
şəklində, fərdi qətl törətmək
formasında yenidən işə düşür. Müasir
insan ən ağır cinayətin hansısa bir növünə
yol verdikdə, daha çox ibtidai əcdadını
xatırladır.
XVIII əsrdən başlayaraq Avropa ölkələrində
qəbul olunan yeni qanunlar cəzanın törədilmiş
cinayətə uyğun olması qaydasını meydana gətirdi.
Belə qanunların mövcud olmasına baxmayaraq, bu prinsip
çox vaxt praktikada özünü doğrultmurdu. Qədim
dövrlərdə də cəmiyyətdəki problemləri nəzərə
alaraq, həmçinin qəbul edilən hüquqi sənədlər
cinayət hadisələrinin azaldılmasına cəhd
göstərirdi.
B.e.ə. XVIII əsrdə Köhnə Babilistanda
meydana gələn Hammurabi Kodeksi bu sahədə ilk uğurlu
nümunə sayıla bilər. Kodeks ilk dəfə cinayətlə
cəzanın müvafiqliyi qaydasının həyata
keçirilməsinə yol açmışdı. Hammurabinin
şəxsi təşəbbüsü ilə işıq
üzü görən bu Kodeks müxtəlif cinayətləri
əhatə edirdi, ailə müqaviləsindən tutmuş,
başlıca cinayətlərə qədər gedib
çıxırdı. İlk nümunə bu idi ki, "təqsir
sübut olunana qədər ittiham edilən günahsız hesab
olunurdu". Dörd min ilə yaxın vaxt keçməsinə
baxmayaraq, bu qayda bizim dövrümüzdə də davam edir və
elmi hüquq dilində "təqsirsizlik prezumpsiyası"
adlanır. Müasir cinayət mühakiməsi praktikasına
da Kodeks öz təsirini göstərmişdir. Hammurabi Kodeksinə
uyğun olaraq verilən cəza, əsasən cinayət
dövrünün sosial vəziyyətinə və cinayətin
baş verdiyi şəraitə əsaslanırdı.
Misal üçün, varlı adam oğurluqda təqsirli
bilindikdə, ona qulun oğurluqda təqsirli olduğu hala nisbətən
daha ağır cərimə qoyulurdu. Varlı adamı qətlə
yetirən, qulu öldürmək üçün tətbiq
olunandan daha sərt cəzaya məhkum edilirdi.
Qisas almaq üçün yəhudilərdən qəbul
edilmiş "gözə görə göz" prinsipi tətbiq
olunurdu. Əgər adam öz kolleqasının
ayağını sındırmışdısa, onun öz
ayağı da sındırılmalı idi. Bu, heç
şübhəsiz, gözə və ya dişə görə
başı kəsməkdən daha yumşaq cəza idi. Cəzalar
qisas kimi, bədənə xətər toxundurmaqdan
başlayaraq, zorakı ölümə qədər olan
ölçülərdə nəzərdə tutulurdu. Cinayətkar
çox cinayət törətsə, cəza cavabı kimi onun
gözü tökülür, dili və qulağı kəsilirdi
və ya iki qolu bədənindən ayrılırdı.
Kodeks cəmiyyətə baş ağrısı gətirən
problemlərə nəinki göz yumur, əksinə, onun
bütünlüklə aradan qaldırılmasına
çalışırdı. Şəhər bazarında
alıcı ilə satıcının qiymət üstündə
mübahisəsi, nəticədə savaşla
yekunlaşırdı. Bazar, ictimai asayişin daha tez-tez
pozulduğu məkana çevrilmişdi. Kodeks bu vəziyyəti
aradan qaldırmaq üçün "beware bayer" -
"alıcıdan ehtiyat elə" prinsipini maddə kimi təsbit
etmişdi. Alıcıya məsləhət
görülürdü ki, satıcı ilə qiymət
üstündə mübahisə etməsin, axı o, öz əməyinin
bəhrəsini bazara çıxarmışdır ki, əvəzində
müəyyən qazanc əldə etsin. Qiymət
alıcını razı salmırsa, ondan həmin əmtəəni
almasın, başqa satıcı ilə daha əlverişli
alver etmək imkanını da nəzərdən
qaçırmasın.
Sovet dövründə bütün əsas ticarət
dövlətin inhisarında olduğundan, əhalidə
narazılıq yaratmamaq üçün "müştəri
hər şeydə haqlıdır" prinsipi hökm
sürürdü. Kodeks isə bu hüququ əksinə,
satıcıya verirdi. Çünki satıcı öz
malının yiyəsi idi, onu hansı qiymətə
satmasını özü müəyyən edirdi, ona
hansısa bir təzyiq göstərilə bilməzdi.
Kodeksin irəli sürdüyü bu qayda, təəccüblü
qaydada, bazardakı mübahisə və savaşları
bütünlüklə aradan qaldırdı. Kodeks bununla
göstərdi ki, o, təkcə uğurlu hüquqi sənəd
olmayıb, həm də cəmiyyətin ümdə məsələlərinə
müdaxilə etmək qabiliyyətinə malikdir.
Cəzanın obyektiv və ədalətli olması məsələsinin
müzakirəsində qədim filosoflar heç də kənarda
qalmırdılar, ağıllı məsləhətlər
verməyə çalışırdılar. Qədim yunan
filosofları Platon və Aristotel cinayət hüququ sistemində
mühüm yollar açmağa
çalışırdılar, cinayət və cəzanın
cəmiyyət üçün necə böyük problem
olduğunu, həm də mühüm əhəmiyyət
daşıdığını qeyd edirdilər. Hər iki
filosof fərdin cinayət törətməsi səbəblərini
də tədqiq etməyə çalışırdı.
Platon qeyd edirdi ki, adamların cinayət törətməsinin
başlıca səbəbi onların savadsız və
kasıb olmasıdır.
Aristotel isə deyirdi ki, cinayətə görə cəzalar
və məsuliyyət daşımaq, başqaları tərəfindən
cinayət törədilməsinin qarşısını almaq
üçün mühüm imkan tək istifadə edilməlidir.
Böyük din xadimləri də bu məsələlərin
araşdırılmasında kənarda qalmırdılar. Şərqdən
fərqli olaraq, Avropada adamlar mühakimədən qorxmurdular və
məhkəmədə öz haqlarını cəsarətlə
müdafiə edirdilər. Şərq xalqlarında isə
mühakiməyə dözmürdülər, məhkəmə
prosesi əvəzinə hətta hadisə
araşdırılmadan öz ölümlərinə də
hazır olurdular.
Görkəmli din xadimi, Müqəddəs Akvinas
güman edirdi ki, Allah tərəfindən verilmiş "təbii
qanun" mövcuddur. İnsanlar təbiət tərəfindən
məhz yaxşı olmaq üçün dünyaya gəlmişlər.
(Ard; var)
Telman ORUCOV
525-ci qəzet .- 2024.- 30 oktyabr(№199).-S.13.