Gəncliyin yaddaşına həkk
olunmalı həqiqətlər - Quba soyqırımı
1918-ci ilin mart-aprel qırğınlarına dair
faktları öyrənmək və təbliğ etmək Azərbaycan
gənclərinin müqəddəs vəzifələrindən
biridir
Şovinist-işğalçı ermənilər son
yüzilliklərdə, xüsusən də 1905-ci ildən
başlayaraq Azərbaycan ərazilərini zorla ələ
keçirməkdən ötrü açıq və gizlin
şəkildə planlar quraraq öz çirkin niyyətlərinə
çatmaq üçün çox sayda təcavüzkar
addımlar atıblar. Müxtəlif qətillər, talanlar,
soyqırım aktları törətmiş, qana susamış
azğın ermənilər öz iyrənc əməllərindən
əl çəkməyərək xalqımıza
qarşı zorakılıq və düşmənçiliyin,
qanlı qırğınların miqyasını durmadan
genişləndiriblər. Daşnak və bolşevik ermənilərin
1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində,
Bakı quberniyasına aid bölgələrdə, eləcə
də Quba, Şamaxı, Xaçmaz, Lənkəran, Cavad,
Salyan, Gəncə, Hacıqabul, Qarabağ, Zəngəzur,
İrəvan, Naxçıvan, Şərur-Dərələyəz,
Qars və başqa tarixi ərazilərimizdə xüsusi qəddarlıqla
kütləvi qırğınlar törədiblər. O
günlərdə xalqımızın başına gətirilən
müsibətlər dünya tarixinin ən qanlı səhifələrindəndir.
Bunları Azərbaycan gəncliyinin diqqətinə
çatdırmaq, sabahımız, gələcəyimiz olan gənclərimizin
yaddaşına həkk etmək müqəddəs milli-mənəvi
borcdur. Çünki o dəhşətli qırğınlar
zamanı 30 mindən artıq Azərbaycan türkü və
minlərlə digər azsaylı xalqların nümayəndəsi
- ləzgi, talış, yəhudi, rus, avar və digərləri
qətlə yetirilmiş, onminlərlə insan öz yurdundan
qovulmuşdu. Azərbaycan xalqına məxsus bütün mədəni-tarixi
abidələr, o cümlədən, məktəblər, xəstəxanalar,
Şamaxı cümə məscidi daxil olmaqla digər dini
ocaqlar və başqa tikililər dağıdılaraq
yerli-dibli viran edilmişdi. Gənclərimiz bu acı həqiqətləri
öyrənməli, bunların bütün dünyada təbliğinə
çalışmalı, qatil ermənilərin bütün
dünyada lənətlənməsi üçün var
qüvvə ilə çalışmalıdırlar.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra
1918-ci ilin mart-aprel aylarında bolşevik-erməni daşnak dəstələri
tərəfindən törədilmiş soyqırım hadisələrinə
siyasi-hüquqi qiymət verilməsi işinə
başlanılıb. Bu məqsədlə Fövqəladə
İstintaq Komissiyası yaradılıb, Xarici İşlər
Nazirliyində xüsusi qurum təşkil edilib.
Şamaxıda, İrəvan qəzasında, Qubada və sair
yerlərdə törədilən soyqırım cinayətləri
qismən araşdırılıb. Lakin 1918-1920-ci illərdə
Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti
dövründə 1918-ci ilin mart-aprel soyqırımına
tutarlı siyasi-hüquqi qiymət verməyə imkan
olmadı. 80 ildən sonra müstəqil Azərbaycan
Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi 31
mart 2018-ci il soyqırımı məsələsinə
siyasi-hüquqi qiymət verilməsini qarşıya məqsəd
qoydu. Bu sahədə Ümummilli liderimiz Heydər Əliyev
misilsiz siyasi iradə, böyük milli təəssübkeşlik
və dahiyanə uzaqgörənlik göstərərək belə
bir vacib məsələnin həlli yolunda əsaslı
addımlar atdı.
Ulu öndər 1998-ci il martın 26-da "31 martın
Azərbaycanlıların Soyqırımı Günü kimi
qeyd edilməsi haqqında" Fərman imzaladı. Fərmanda
deyilirdi: "Azərbaycanın XIX-XX əsrlərdə baş
verən bütün faciələri torpaqlarının zəbti
ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara
qarşı düşünülmüş, planlı surətdə
həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı
mərhələlərini təşkil etmişdir. Bu hadisələrin
yalnız birinə - 1918-ci il mart qırğınına siyasi
qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan
Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu
gün onun axıra qədər həyata keçirə bilmədiyi
qərarların məntiqi davamı olaraq soyqırımı
hadisələrinə siyasi qiymət vermək borcunu tarixin
hökmü kimi qəbul edir".
1998-ci ildən başlayaraq dünyada ümumi sayı
50 milyondan çox olan dünya azərbaycanlıları hər
il 31 martı soyqırımı qurbanlarının anım
günü kimi qeyd edirlər. Ümummilli liderimiz Heydər
Əliyev 31 Mart -Azərbaycanlıların Soyqırımı
Günü münasibətilə Azərbaycan xalqına
müraciətində deyirdi: "Bu gün Azərbaycan öz
müstəqilliyinin səkkizinci ilini yaşayır. Müstəqillik
dövründə qazandığımız mühüm nailiyyətlərdən
biri tariximizin uzun illər gizli saxlanılan,
saxtalaşdırılan və təhrif edilən dövr və
hadisələrinin obyektiv mənzərəsini yaratmaq
imkanı əldə etməyimizdir. Belə hadisələrdən
biri də dövlətimiz tərəfindən artıq öz
siyasi və hüquqi qiymətini almış və bu gün
ildönümünü qeyd etdiyimiz azərbaycanlıların
soyqırımı günüdür. Hər il martın 31-ni
azərbaycanlıların soyqırımı günü kimi
qeyd etməklə biz bir daha tarixi keçmişə
qayıdır, xalqımıza qarşı açıq şəkildə
həyata keçirilən miqyaslı aksiyaları ürək ağrısı
ilə yad edirik".
1918-ci ildə cinayətkar erməni-daşnak dəstələri
tərəfindən Qubada həyata keçirililən
qırğınlar öz miqyasına görə daha geniş
olduğu üçün onların nəticələrinə
xüsusi diqqət yetirməyə ehtiyac var. 1918-ci ilin aprel-may
aylarında terrorçu erməni silahlı dəstələri
təkcə Quba qəzasında 167 kəndi soyub talayaraq
dağıtmış və həmin kəndlərdə
yanğınlar törətmişlər. Qəzanın ərazisində
yaşayan dinc əhalidən qadınlar, qocalar, gənclər
və uşaqlar daxil olmaqla 16 min nəfərini xüsusi qəddarlıq
və işgəncələrlə qətlə yetirmişlər.
Quba şəhərində və qəzanın ərazisindəki
kənd və qəsəbələrdə qətllər,
talanlar və yanğınlar 9 gün davam etmişdi. Yerli əhalinin
121,8 milyon rubl dəyərində xalça, silah və sair
kimi qiymətli əşyalardan ibarət əmlakı Qubadan 35
araba ilə Xaçmaz dəmir yolu stansiyasına
aparılmış və orada vaqonlara yüklənmişdi.
Daşnak quldur dəstələri tərəfindən Quba qəzasında
baş vermiş soyqırım hadisəsinin nəticələri
2018-2020-ci illərdə Fövqəladə Tədqiqat
Komissiyası tərəfindən 3 cilddə 451 səhifədən
ibarət sənədlər toplusunda geniş əks olunub. Quba
soyqırımı haqqında "Quba-1918" sənədli
film çəkilib və Nizami Kino Mərkəzində onun təqdimatı
keçirilib. Azərbaycan gəncliyi xalqımızın
üzləşdiyi o qanlı qırğınlardan ətraflı
xəbərdar olmaq üçün bu barədə materiallara
yaxından tanış olmalıdır.
1 aprel 2007-ci ildə Quba şəhərində tikinti
məqsədilə qazıntı işləri aparılarkən
kütləvi məzarlıq aşkar edildi. Həmin kütləvi
məzarlıq 2018-ci ilin mart-aprel aylarında Azərbaycana
qarşı ərazi iddiasında olan erməni millətçiləri
tərəfindən törədilmiş dinc minlərlə
müsəlman əhalisinə və yəhudilərə
qarşı törədilən soyqırımının
canlı sübutu idi.
2007-ci ilin iyulundan başlayaraq Azərbaycan
Respublikası Milli Elmlər Akademiyasının Arxeologiya və
Etnoqrafiya İnstitutunun əməkdaşları Quba şəhərində
1918-ci ildəki soyqırım hadisəsinə aid edilən
kütləvi məzarlıqda tədqiqat işlərinə
başlamış və həmin işləri 2008-ci ilin
sentyabr ayında yekunlaşdırmışdı. Tədqiqat nəticəsində
müəyyən edilmişdi ki, həmin məzarlıq həqiqətən
dinc əhaliyə qarşı 1918-ci ilin mart-aprel aylarında
törədilmiş qanlı soyqırım hadisələri ilə
bağlıdır. Tədqiqatçıların rəyinə
görə, məzarlıqda 400-dən artıq cəsəd
aşkarlanıb. Onların 100-dən çoxu qadın, 50-dən
çoxu isə uşaqdır. Qətlə yetirilənlər
arasında yeniyetmələr, gənclər və qocalar da
olub.
2009-cu ildə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin sərəncamına əsasən "Quba rayonunda
kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə
dair tədbirlər planı" təsdiq edilib.
Kompleksin tikintisi üçün Quba şəhərində
3,5 hektarlıq ərazi ayrılıb və orada böyük
quruculuq işləri aparılıb. Quba Soyqırım Memorial
Kompleksdə rəmzi məzarlıq sahəsi yaradılıb.
Kompleksə öz unikal orijinallığı ilə seçilən
tərtibat verilib. Memorial Kompleksdə soyqırım
qurbanlarının xatirəsinə hörmət və ehtiram əlaməti
olaraq matəm sükutunu təcəssüm etdirmək məqsədilə
heç bir bəzəkdən istifadə edilməyib.
2013-cü ilin 18 sentyabrında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Heydər
Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba
Soyqırımı Memorial Kompleksinin
açılışında iştirakı zamanı söylədiyi
çıxışında bildirmişdi: "Deyə bilərəm
ki, Azərbaycanda ilk dəfə olaraq belə memorial kompleks
yaradılır. Kompleksin tərtibatı çox təsirlidir,
memarlığı çox böyük rəmzi məna
daşıyır. Bir sözlə, burada nümayiş etdirilən
eksponatlar bizim tariximizi göstərir. Eyni zamanda, memorial
kompleksdə yaradılmış ekspozisiya çox
böyük məna daşıyır. Kompleksin girişində
Quba qəzasının dinc vaxtları öz əksini
tapır. Ailələr, vətəndaşlar dinc həyat
sürürlər. Ondan sonra qanlı günlər, dinc əhaliyə
qarşı tötədilən vəhşilik əks olunur.
Ekspozisiyanın sonunda, hesab edirəm ki, çox düzgün
tərtibat nəticəsində, insanlar buradan nikbin əhval-ruhiyyə
ilə ayrılır. Çünki Bakının erməni
quldur dəstələrindən azad edilməsi elə bil ki,
ekspozisiyanın son nöqtəsidir".
Prezident İlham Əliyev
çıxışının davamında bir məqamı
da vurğulamışdı ki, sovet dövründə tariximiz
təhrif edildiyi üçün bu həqiqətlər bizdən
gizlədilirdi: "Hesab edirəm ki, bu, böyük faciədir.
Çünki uzun illər xalqımıza qarşı
amansızlıqla vəhşilik törədən
ünsürlər sovet tarixində qəhrəman kimi təqdim
edilirdi... Yalnız müstəqillik dövründə biz həqiqi
ədaləti bərpa etdik... Yəni tarix, ədalət zəfər
çaldı. Biz bu gün öz tariximizə
qayıdırıq. Tarixin bütün məqamlarını
bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki,
xalqımız keçmişdə hansı fəlakətlərlə
üz-üzə qalmışdır".
2018-ci ilin 18 yanvarında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 1918-ci il
soyqırmının 100 illiyi haqqında Sərəncam
imzalayıb. Bu tarixi sənədə deyilir: "Ötən
20 il ərzində aparılmış araşdırmalar sayəsində
çoxlu sayda yeni faktlar və sənədlər
toplanmış, Quba şəhərində kütləvi məzarlıq
aşkar edilmişdir. Üzə çıxmış tarixi
faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə
erməni millətçilərinin həyata keçirdikləri
qanlı aksiyaların coğrafiyasının daha geniş və
faciə qurbanlarının sayının qat-qat çox
olduğu sübut etmişdir".
Qeyd etdiyimiz kimi, Azərbaycan gəncliyi tarixi müsibətlərimizdən,
o cümlədən 1 Mart 1918-ci il soyqırımının
ağır nəticlərindən düzgün nəticələr
çıxarmalıdır. Azərbaycan gerçəklərini
beynəlxalq aləmdə tanıtmaq, erməni
terrorçularının zaman-zaman, ən çox da XX
yüzillikdə xalqımıza qarşı törətdikləri
soyqırımı cinayətlərini bütün dünyada
ifşa etmək, dünən olduğu kimi, bugünkü və
sabahkı gəncliyin də mühüm milli vəzifəsidir.
Zakir BAYRAMLI
Şair-publisist,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin
üzvü
525-ci qəzet .- 2024.- 30 oktyabr(№199).-S.12.