O KAMANÇA HARDADIR?
El onun şəninə əfsanələr, rəvayətlər
yaradıb, onun adına sıra-sıra nəğmələr
qoşulub. Nəsil-nəsil şairlər onu
qoşqularında vəsf eləyiblər. Xalq hətta onun
adına bir tapmaca da bağlayıb.
Üzük aldım, qaşı yox,
Təpə gördüm, daşı yox.
O nədir ki ağlayır,
Gözlərinin yaşı yox.
O, gözlərinin yaşı olmadan ağlaya bilən
kamançadır. Kövrək səsi ilə insanın
gözünü yaşardan, insanın dərdinə hayan, qəlbinə
məhrəm olan kamança. O gözəl ki, onun qatar-qatar
musiqi alətlərimiz içərisindəki doğma yeri
tamam ayrıcadır.
Dünyanı gözəl edən yalnız rənglər,
onların saysız çalarları deyil. Dünyanı
gözəl edən həm də səslərdir. Səslər
olmasaydı, sükuta dalan dünyamız nə qədər
cansıxıcı olardı! İnsan səslərlə
dünyanı daha artıq bəzəmək üçün
zaman-zaman musiqi alətləri yaradıb. Və Azərbaycan
tarix boyu musiqi alətlərinin zənginliyi ilə də,
böyük musiqiçiləri ilə də həmişə
seçilib, ucalarda qərar tutub. Azərbaycanın tarixin
dünənlərində qalan iki yüzdən artıq musiqi
aləti olub. Bu gün onların yüzünə
yaxınını namıyla, nişanıyla, necə səslənməsi
ilə biz bilirik. Bugünün azərbaycanlısına
adıyla, görünüşüylə, necə səslənməsi
ilə bəlli olan musiqi alətlərimizin dəqiq sayı
var - 88. Bu bəlli musiqi alətlərimizin 32-si simlidir.
26-sı mizrabla, 2-si çubuqla, 4-ü də kamanla
çalınan musiqi alətləri. Qədimlərdən üzü
bəri yaradılmış, sevilmiş və bu gün də
tanıdığımız musiqi alətlərimizin 23-ü nəfəslidir.
Milli musiqi dünyamızın 16 aləti zərblidir, 17-si də
özü çalınan. Söz yox ki, insanlarımız
onların hamısını sevib. Sevib ki, onları yaradıb.
Ancaq sevgidən sevgiyə də fərq var. Elə musiqi alətlərimiz
olub ki, onları daha çox istəyiblər, daha artıq məhəbbət
bəslədiklərindən də daha ucada tutublar.
Kamança bu baxımdan həmişə övladlar
arasındakı əziz bala kimi olub. Üzeyir bəy
yazırdı ki, Azərbaycanın musiqi alətləri arasında
sədası insan səsinə ən çox bənzəyən
kamançadır. Çox doğru deyir. Ancaq
kamançanın yalnız səsi insan səsinə bənzəmir.
Kamançanın həm də özü insana daha çox
oxşayır. Kamança bəlkə də zərif, incə
səslənişləri ilə insanın ruhunu, içəri
dünyasını, onun ən dərin hissiyyatını digər
musiqi alətlərinin hamısından daha artıq ifadə
edir. Kamançanın səsi zamanın uzaqlarından gəlir.
Sıradan olan insanların kamançanın valehedici sədalarının
ovsununa düşməsi anlaşılandır. Amma əsrlər
boyunca peşəsi heyran qoymaq olanən qüdrətli
şairlər də kamançanın sehrinə
düşmüşlər axı!
Onlar kamançanı dinləmiş, bu səslərin
tilsiminə düçar olmuş və etiraf etmişlər
ki, dörd yana səyirdə bildikləri ilham köhləni və
içərisindəki cövhəri də çıxara
bildikləri sözlər bu gözəlliyi sonacan ifadə etməkdə
acizdir.
Kamançanı "Xosrov və Şirin"ində
dahi Nizami Gəncəvi vəsf edib. Məsnəvinin
"Xosrovun işrət məclisi düzəltməsi və
Şapurun yenidən gəlməsi" adlı fəslində
Nizami kamançanı Musa peyğəmbər məqamına
ucaldır:
Kəmançe ah-e Musavar mizəd,
Moğənni rah-e musiqar mizəd.
Kamança Musatək ah çəkmədəydi,
Kəsirdi çalanın yolun müğənni.
Vaxtilə bu beytə şərh vermiş görkəmli
İran ədəbiyyatşünası Vəhid Dəstgerdi
Nizaminin birinci misrada kamançanın naləsini Musa peyğəmbərin
minacat çəkməsinə oxşatdığı qənaətindəydi.
Başqa sözlə, kamançanın sədası elə Pərvərdigarla
dərdləşmək, Ona ürək sirlərini söyləməyə
bərabərdir.
Kamançanı XIII yüzildə "Mənəviyyat
Məsnəvisi"ndə Mövlana Cəlaləddin Rumi
öyürdü:
Xoşk çub o xoşk tar o xoşk pust,
Əz koca miyayəd an avaz-e dust?
Sözü və hikməti ilə aləmi öz məftununa
döndərən ustadlar ustadı Cəlaləddin Rumi mat
qalmışdı ki, axı kamançanı yaradan quruca simlər,
quruca ağac, quruca pərdəykən nədəndir bu
üç quru, üç cansız olandan yaranmış
varlıqdan sankisevgilinin sədası ucalmaqdadır?
Həm ağac, həm pərdə, həm simlər
quru,
Yar səsi hardan gəlir, bilməm bunu.
Bu, tariximizin kədərli bir günüdür.
1514-cü il avqust ayının 23-ü. İki ordu
üz-üzə durmuşdu. Bir tərəfdə Sultan Səlim
Yavuzun qoşunları, o biri tərəfdə Şah
İsmayıl Xətainin döyüşçüləri.
İki qardaşın qarşı-qarşıya
dayandığı bu faciəli görüş Maku
yaxınlığında, Çaldıran düzündə
baş verirdi. Salnamə xəbər çatdırır ki, həmin
çarpışmadan az öncə, Çaldıran ərəfəsində
Şah İsmayıl Xətai bir mağarada iki sənətkarı
gizlətmişdi: məşhur xəttat Mövlana Mahmud
Nişapurini və adı dillərdə əzbər olan rəssam
Kəmaləddin Behzadı. Söyləyibmiş ki, müharibədir,
hər şeyin baş verməsi mümkündür, ola bilər,
məğlubiyyətə uğrayarıq, ölkəmizi qarət
də edərlər, özümüz də həlak
olarıq, ancaq bu sənətkarlar gərək yaşasın,
çünki onlar salamat qalsalar, böyük sənəti
yaşadacaqlar, bu millətin, bu yurdun sərvəti olaraq
qalacaq, gələcəkdə də incilər yaratmaqda davam edəcəklər.
Çaldıran döyüşü
qızılbaşlarçün sarsıntılarla sona yetəndən
sonra Şah İsmayıl Xətainin birinci yadına
düşən, ilk axtardığı həmin mağarada
gizlətdiyi sənətkarlar olmuşdu. Onları mağarada
sağ-salamat tapanda çox sevinmiş, şükür
etmişdi ki, qalib gəlməsək də, nə
yaxşı, bu qiymətli sənətkarları hifz edə
bildik. Hadisələrin sonrakı gedişi sübut edir ki, gənc
bir insan olsa da, Şah İsmayıl Xətai nə qədər
müdrik, nə qədər uzaqgörənmiş.
Çaldıran döyüşündə Osmanlı
ordusu zəfər çalmışdı və təbii ki, qələbə
qazananın müharibə qənimətləri də olur.
Salnamələr bunu da xəbər verir ki, Sultan Səlim
Yavuzun bu qələbədən sonra əldə etdikləri
yalnız mal-dövlətdən, ləl-cəvahiratdan ibarət
olmadı. O, iki kamançaçını da qənimət
olaraq özü ilə Anadoluya apardı. Azərbaycanın - Səfəvilərin
iki məşhur musiqiçisini, iki mahir
kamançaçalanı Şahqulu və onun oğlu Heydərqulunu.
Müharibənin təfərrüatlarından bəhs
edən salnamənin verdiyi bir fayda da ondan ibarətdir ki, bu
gün bizə Səfəvilər dövründə
yaşamış iki naməlum məşhur
kamançaçımızı nişan verir.
Hər kəsə bəllidir ki, kamançanın bir
sənətkarın adının ayrılmaz parçasına
çevrilməsi XX yüzildə baş verdi - görkəmli
musiqiçimiz Habil Əliyevə "Habil kaman" dedilər.
Ancaq sən demə, bu hadisə daha əvvəlki əsrlərdə
də olubmuş. Şah Abbas sarayında baş katib -
münşi vəzifəsini tutan tarixçi İsgəndər
bəydən millətimizə mötəbər bir salnamə
yadigar qalıb: "Tarix-i aləmara-yi Abbasi"
-"Dünyanı bəzəyən Abbasın tarixi".
İsgəndər bəy Münşinin (1560-1634) bu əsəri
XVI-XVIII yüzillər tariximizin aynası kimidir və həmin
əsərdən də kamança sədası gəlir.
İsgəndər bəy bizə unutduğumuz daha bir
kamançaçımızı da tanıdır. Dəqiqləşdirək:
bir yox, hətta ikisini. Onlardan biri - Mirzə Məhəmməd
dərbarda Şah Abbasın şəxsi saray
kamançaçısı idi və onun təxəllüsü
"Kamançayi" idi. Qaynaq onun adını elə belə
nişan verir - Mirzə Məhəmməd Kamançayi.
Və Mirzə Məhəmməd Kamançayidan
başqa, o dövrdə daha bir mahir qabil kamança ustası
da varmış. Sənətinin böyüklüyü
adının əvvəlində işlənən
"ustad" sözündən, adının sonuna
artırılan "kamança" kəlməsindən
aşkar görünən - Ustad Məsum Kamançayi.
Aydın məsələdir ki, bizə gəlib
çatan yalnız o səslərin səsi, həmin
çalğılar haqdakı soraqlardır. Heç o sənətkarların
təsvirləri də əlimizdə yoxdur. Ancaq Səfəvilər
dövrünün kamançaçılarını təsvir
edən miniatürlər günümüzə gəlib
yetişib. Dövrünün məşhur rəssamı Mir
Seyid Əlinin "Musiqi məclisi" adlı miniatürü
bizə vaxtın uğurlu saxlancıdır ki, orda digər musiqi
alətləri ilə yanaşı, kamançaçı da
kamançasıyla baş-başadır. Belə qəbul edək
ki, elə bu, onlardan biridir, ya elə hər ikisidir!
Ən qədim musiqi alətimiz Qobustandakı
Qavaldaşdır. Onun yaşı nə qədərdir?
Heç kəs bilmir. Ancaq Qavaldaşın sadəcə
daş yox, elə çalınan, sədası ilə
başına insanları toplayan bir varlıq kimi insanlarla birgə
olduğu müddət azı 15-20 min ildir. Çünki tarixi
izlər, buraların insan məskəninə çevrilməsi,
Qobustan qayaları üzərindəki rəsmlərə elmin
qoyduğu yaş 5 min illə 20 min il arasındadır.
Bu yerlərdə yurd salmış qədim azərbaycanlıların
ilk musiqi alətini təbiət, Allahın Özü
yaratmışdı. "Bizdə musiqi ənənəsi hər
xalqdakından qədimdir" fikrini qətiyyətlə dilə
gətirəndə özlərini qoca göstərməkçün
nağıllar uyduran hansısa xalqlar kimi dağa-daşa
düşməyimizə lüzum yoxdur, elə ən ulu
babalarımızın Qavaldaşını göstərsək,
yetər.
Arxada qalan minillər, əsrlər boyunca çox
musiqi alətləri yarandı. O musiqi alətləri də
yerində durub qalmadı. İnsanlar zaman ötdükcə
onları cilaladı, təkmilləşdirdi, daha gözəl
bir biçimə gətirməyə, səslənişlərini
daha məftunedici cazibəyə çatdırmağa
çalışdı. Kamança da beləcə. Ən əski
çağlarda kamança birsimli idi, sonralar simlər
qoşalaşdı. Üstündən müəyyən zaman
keçəndən sonra isə kamançada üç sim
oldu. Vaxt axarında idi, kamançaçılar
kamançanın simlərini artırmaqda. Lakin
dördüncü simi də əlavə edib arzulanan səslənişi
alandan sonra daha yeni simlər artırmaq həvəsindən əl
çəkdilər.
Köhnə miniatürlərin, o əlvan lövhələri
yaratmış miniatürçülərimizin millətimizə
bir xidməti də budur ki, kamançanın da digər musiqi
alətləri kimi tarix içərisində asta-asta necə
böyüməsini, nə sayaq cilalanmasını, nə təhər
inkişaf etməsini sənədləşdiriblər. O
miniatürlərdə birsimli kamança da var, ikisimli və
üçsimli də, dördsimli də. Bu, yoldur -
kamançanın Azərbaycan insanıyla ürək-ürəyə
tarix içərisindən keçdiyi uzun və macəralı
yol.
Kamançaya Azərbaycan insanları həmişə
valeh idi, həmişə onu sevdi. Ancaq bir də var kənardan
gələnin, ilk dəfə kamançanı görənin
digər musiqi alətləri içərisində onun yerini
necə hiss etməsi.
1683-cü ildə Azərbaycana məşhur bir səyyah
gəlmişdi. Engelbert Kempfer (1651-1716) bir alman idi. Buraları
gəzib dolaşandan sonra qiymətli bir səyahətnamə
yazıb. Onun dəqiq, maraqlı məlumatlarla zəngin olan
"Səfərnamə"si XVII yüzil tariximizi aydın
görmək üçün ən etibarlı mənbələrdəndir.
Engelbert Kempfer buralara yolu ilk dəfə düşən
bir avropalı idi, müxtəlif məclislərdə
olmuşdu, müşahidələr etmişdi və söz
yox, yalnız kamançanı yox, tarı da, balabanı da,
zurnanı da eşitmişdi, digər musiqi alətlərimizi də
dinləmişdi. Ancaq o, başqa musiqi alətləriiçərisindən
kamançanı seçərək məxsusi tərifləyir,
ona heyranlığını ayrıca ifadə edir. Bu isə
bir daha onu təsdiqləyir ki, kamança yalnız bir azərbaycanlının
və Şərq insanının deyil, hətta onu ilk dəfə
görən bir qərblinin - zahirən sanki bu musiqiyə və
alətə yad olan insanın da hisslərinə,
düşüncələrinə, ruhuna dərhal yaxın
olmağı bacaran ovsunlaya bilən musiqi alətidir.
Kağızın ağına bax,
Sinəmin dağına bax,
Könlün məni istəsə,
Bakının dağına bax.
Yurdundan-yuvasından didərgin salınmış
böyük ustad Mirzə Səttar külfətinə məktubları
beləcə göynəkli bayatılarla bitirərdi. Doğma
ev-eşiyini, istəklilərini yada salar,
kamançasını dilləndirərdi.
Haqqında bu gün çoxlarının heç bir
şey bilmədiyi Mirzə Səttar XIX yüzillikdə
yaşamış, vaxtında şöhrət sahibi olmuş
kamançaçımızdır. Yeni dövrdə Bakıya
kamançanı ilk dəfə Mirzə Səttar gətirərək
dəbə salıb, musiqi məclislərimizdə çoxdan
bəri səsi gəlməyən bu zərif aləti yenidən
dövriyyəyə qaytarıb. Hərçənd 1970-ci illərdə
yazan da olub ki, guya bakılılar kamançanı ilk dəfə
1878-ci ildə Qəssab Hənifənin toyuna Cabbar və
Sadıqcanla gəlmiş Avanesdə görüblər, ancaq
Avanesləri kamançanı əlimizdən almaqdan
ötrü irəliyə dürtmək siyasəti Avanesliyində
qalsın, çünki yavan sözdən savayı, bunun
heç bir sübutu yoxdur. Bu erməniçi uydurma vaxtilə
özünü musiqişünas elan etmiş, mənşəyi
ilə də onlardan olan bir iddialının milli musiqimizin
tarixinə zədə vurmaq səmtindəki növbəti təxribatlarından
idi.
Mirzə Səttar kamançası ilə Bakıya gəldi
və Abşeron məclislərinə bir neçə
günlüyə təşrif gətirib, tezcə də gedən
çalğıçılardan fərqli olaraq, burda
qaldı. Elə bunun sayəsində də XVII yüzildən
sonra musiqi yığnaqlarında yerini başqa alətlərimizin
tutduğu kamança ocağa təzədən qayıdaraq
oturuşdu, asta-asta çox dizlərin üstünə qondu.
Mirzə Səttar Bakıda kamançasını
bir-iki gecə çalaraq, sadəcə bu gözəl səsləri
çoxdan tamarzısı olanlara dadızdıraraq getmədi,
uzun illər bu küləkli şəhərdə
yaşadı və köhnə Bakının musiqi mühiti də
onun varlığıyla çox şey qazandı.
Bəzən araşdırıcılar arasında
kamançaçı Mirzə Səttarla xanəndə Səttarı
qarışdıranlar da olub.
Xanəndə Səttar 1844-cü ildə -təxminən
iyirmi yaşlarında olarkən Naxçıvana
köçüb. Kamançaçı Mirzə Səttarsa həmin
il anadan olub.
Xanəndə Səttar barədə çoxları
söz deyib, haqqında şeirlər qoşulub və bircə
nəfər belə onun kamança çala bilməsi barədə
soraq verməyib.
Xanəndə Səttarın şəkli qalıb, amma
kamançaçı Səttarın surətinin dəunudulmaz
tarzənimiz Bəhram Mansurovun (1911-1985) atası Məşədi
Süleymanın (1872-1955) əlyazmasında elə foto qədər
dəqiq təsviri var. O fotoya baxıb bu yazını oxuyanda xəyalda
xarici görünüşcə büsbütün fərqli
iki insan canlanır.
Bir yanda xanəndə Səttarın 1850-ci ildə xanəndə
Yevanqul və kamançaçı Gevorqla çəkilmiş
fotosu, o biri yanda da kamançaçı Mirzə Səttarı
bir-iki dəfə ötəri görmüş yox, neçə
illər onunla bir tavan altında yaşamış Məşədi
Süleyman Mansurovun "çəkdiyi" şəkil -
fotodakı topa saqqallı xanəndə Səttarla Məşədi
Süleymanın "rəsm etdiyi" "nazik məhasinli"
(saqqallı, xətli - R.H.) Mirzə Səttar qətiyyən
oxşar deyillər. Məşədi Süleyman
kamançaçı Mirzə Səttarın axsaq olduğunu
bildirir. Xanəndə Səttardan yazanlarınsa heç biri
onun ayağını çəkməsi barədə kəlmə
kəsmir.
Xanəndə Səttar Şamaxı musiqi məclisinin
rəhbəri Mahmud ağayla (1826-1896) yaxın dost olub, tez-tez
onun yığıncaqlarında iştirak edib.
Kamançaçı Mirzə Səttarsa vur-tut bircə dəfə
Mahmud ağanın yanında olub, onda da inciyib, qayıdıb və
bir daha oralara üz tutmayıb.
Kamançaçı Mirzə Səttar tarixi şəxsiyyətdir
və onu danmaq sadəcə musiqi tariximizdə dəyərli
xidməti olmuş, el musiqisinin saflığı yolunda
çalışmış bir sənətkara biganə qalmaq
demək deyil. Bu, vaxtilə Azərbaycanda kamança
meydanının dünənini də, indisini də ermənilərə
bağlamaq naminə yeridilən bir fitnə idi.
Mirzə Səttarın doğum tarixini - 1844-cü ili
Məşədi Süleyman dəqiq göstərsə də,
bu sənətkarın vəfat tarixini təxmini bilirik (Mirzə
Səttar Məşədi Məlikdən (1845-1909) bir neçə
il əvvəl vəfat edib. Bəhram Mansurov
danışırdı ki, Mirzə Səttar dünyadan
köçəndə atası Məşədi Süleyman təqribən
33-34 yaşında olub. Bu hesabla Mirzə Səttarın
ölüm tarixi təqribən 1905-07-ci illər arasına
düşməlidir). O, əslən Ərdəbildən idi və
oralardan Bakıya gəlib çıxmasının macəralı
hekayəti var. Ata-baba yurdu Ərdəbildə Mirzə Səttar
Mir Saleh adlı bir müctəhidlə qonşuymuş. Bir
gün həmin müctəhid Mirzə Səttarı
çağırtdırır. Ustad içəri girib salam
verməyinə bənd olur ki, Mir Saleh başlayır, nə
başlayır:
"Sənin salamın mənə lazım deyil. Mənimlə
qonşusan, səhərdən-axşamacan da kamançanı əlindən
yerə qoymursan, məlun! Mən Allah yolunda
çalışıram, sən şeytan yolunda. Ya gərək
mən bu evdən köçəm, ya sən. Əlbəttə
ki, mən burdan köçəsi deyiləm. Sabahdan
yığış burdan, hara gedirsən, get! Yoxsa səhər
səni həbsə saldırram!"
Bu cümlələri sözbəsöz dəqiqliyi ilə
45-46 il qabaq - 1970-ci illərin sonlarında Məşədi
Süleymanın Mirzə Səttar haqqındakı əlyazmasından
köçürmüşəm. Ona görə tam
yazıldığı kimi iqtibas edirəm ki, sanki bu cümlələrin
ardından Mirzə Səttarın öz səsi gəlir. Yəqin,
bunları Məşədi Süleymana dönə-dönə
söyləyibmiş ki, danışdıqlarının
hamısı həmsöhbətinin yaddaşında
bütün ayrıntıları ilə həkk olunubmuş.
Mirzə Səttar nağıl edibmiş ki, Ərdəbildə
Mir Salehin qılıncının dalının da,
qabağının da kəsdiyi çağlarmış. Odur
ki, müctəhidin qeyzli hədələrindən çəkinərək
şəhəri tərk etməli olur. Əvvəlcə Nəminə
qaçır, orda, öz sözü, bir yaxşı
mütrüb varmış, onu da götürüb Salyana gəlir.
Salyanda vur-tut ikicə ay yaşasa da, tezliklə məclislər
bəzəyinə çevrilir, hamının hörmətini
qazanır. Ancaq qəfildən mütrüb naxoşlayıb
canını tapşırır. Mirzə Səttar
mütrübdən sonra Salyanda çox qalmır, 1879-cu ildə
yollanır Bakıya. Burda bəxt üzünə
gülür, tale onu musiqi aşiqi, Abşeron musiqi məclisinin
rəhbəri Məşədi Məliklə rast salır. Bu gəlişlə
düz səkkiz il - ta 1887-ci ilə qədər
Mansurovların mülkündə elə onların
doğması kimi yaşayır.
Məşədi Süleymanın yazmasınca, Mirzə
Səttar yalnız qabil kamançaçı deyilmiş, tar,
qoltuq sazı və yeddi dilli qarmonu da məharətlə
çalarmış.
Bu da canlı şahidin yazılaşmış, sənədləşmiş
qiymət verməsi olduğundan öz sözümlə nəql
etmir, elə birbaşa Məşədi Süleymanın qələmindəki
kimi gətirirəm: "Mirzə Səttar kimi ədib, onun
kimi kamançaçalan və onun kimi musiqi bilən nə
İranda, nə Qafqazda olub. Təbiət ikinci Səttar xəlq
eləməyib. O, fars, ərəb, türkcəni mükəmməl
oxumuş, oxuduğunu başa düşmüş bir adam idi.
Göyçək bənizi vardı. Boyu uca, bədəncə
arıq idi. Sağ qıçının dabanı bir az yerə
çatmırdı. Odur ki, pəncə üstə gedirdi.
Başına qələmi uzun papaq qoyardı. Çox nazik məhasini
vardı. Uzun don, uzun çuxa, tirmədən
döşlük geyinər, çiyninə əba salardı.
Qızıl saatı vardı, saatın qayışı qara
qaytanlı idi".
Zənnimcə, təsvirin bunca yerli-yataqlı
olması həmin sətirləri oxuyan hər kəsdə bu
düşüncəni oyadır ki, Məşədi
Süleyman çox yaxşı tanıdığı, sifətininvə
təbiətinin hər cizgisinə bələd olduğu
simsarının sözlə yetərincə görümlü
portretini cızır.
Məşədi Süleymanın sorağına
görə (və bu da sevimli musiqi alətinin
özünün keçdiyi tarixi təkmilləşmə
yolu baxımından diqqətəlayiqdir), Mirzə Səttarın
kamançası o biri kamançalardan seçilirmiş. Onun
kamançasının çanağı başqalarından
bir yarım dəfə böyük və qolu da uzunmuş.
Məşədi Süleyman lap dəqiqliyə gedir:
"Onun kamançasının qəmçili də indikilərdən
uzun idi".
Toylarda kəndlilər onu görcək: "Mirzə,
çıxart o alaqarpızı, bir az çal", - deyərmişlər.
Bu da Mirzə Səttarın kamançasının
artıq bələd olduğu quruluşu ilə bağlı
sözmüş - onun kamançasının
çanağının bir mili ağ, bir mili qara
sümükdən imiş. Doğrudan da, gendən bir suyu elə
ala qarpıza bənzəyirmiş.
Məşədi Süleymanın indinin
kamançaçıları, kamança düzəldən
ustaları, kamança tədqiqatçılarından
ötrü biganə qalmamalı daha bir dəqiqləşdirməsi:
"Mirzə Səttarın kamançasının
çanağı qolundan vint ilə açılırdı.
Aşıxlar da vintlə
açılıb-bağlanırdı. Mənzilində olanda
kamançanı söküb qoyarmış bir yana. Ona görə
ki, hər gələn: "Mirzə, bizim üçün bir
şey çal", - deyəndə o, sökülmüş
kamançanı göstərib qayıdırmış ki,
kamança xarab olub, qayırtdıracağam. Düzəlsin,
sonra nə desəniz çalaram".
1887-1888-ci illərdə Mirzə Səttar
şamaxılı Ağabala və əslən iranlı olan
Ələsgər adlı iki mütrüblə tez-tez
Abşeron toylarında görünürmüş. O vaxt Ustad
artıq Mansurovgilin evindən çıxıbmış, Məhəmməd
bəyin karvansarasında - sonrakı "Şərq"
mehmanxanasında (indiki Azərbaycan, keçmiş Hüsü
Hacıyev küçəsində yerləşirmiş.
Ümumən, XIX əsrin sonları, XX əsrin əvvəllərində
həmin həndəvərdə bir neçə karvansaradan
savayı, "İslamiyyə", "Təbriz",
"Dağıstan", "Metropol" mehmanxanaları
vardı və bazarın da orda yerləşməsini nəzərə
alsaq, Bayır şəhərin ən çoxadamlı, get-gəlli
guşəsi idi. Burda yaşamaq da toy-düyünə
müştəri tutmaqçün Mirzə Səttar
üçün sərfəli məkandı)
yaşayırdı.
Məşədi Süleyman bunu da əlavə edir ki,
Mirzə Səttar onların mülkündən
köçüb getmişdisə də, atası ilə səmimi
dostluqları yenə əvvəlki məcrasında idi və Məşədi
Məlik Ustadı tez-tez bağa dəvət edərmiş. Hətta
oğlu Ağahüseyni Mirzə Səttara xidmətçi
ayırıbmış.
Həm də Mirzə Səttarın Mansurovların
bağına gəlib-getməsi bu evdə tez-tez gecələyən
başqa iki-üç günlük qonaqların gəlişindən
deyilmiş, gələndə aylarla qalarmış.
Məşədi Süleyman xatırlayır: "Mirzə
üç ay bağda olardı. Orda olanda gecələr saat
birdə, ikidə başlardı kamançasını
çalmağa. Bütün qonşular çıxıb qulaq
verərdilər. Mirzə qapını bağlatdırardı
ki, namərbut adam gəlməsin. Atam xahiş edərdi ki, Mirzə,
icazə ver qapını açım, yazıqdırlar, qoy gəlib
içəridə oturub qulaq assınlar. Atam samovar qalayar, gələnlərə
çay verərdi. Mirzə çalar, başına gələnlərdən
nağıl edərdi. Deyərdi ki, bir dəfə Ərdəbildə
olanda gördüm birisi gəlib ki, bəs məni Nəmin
xanı göndərib, səni görmək istəyir, ancaq
kamançanı da özünlə götür. Dedim: "A
bala, mən çolaq adamam, necə gedim?" Hədə-qorxu
gəldi. Uzun sözün qısası, gedib gördüm xan
çox kök bir adamdır, özü də, deyəsən,
sərxoşdu, arxası üstə uzanıb. Nökərlərin
biri əllərini, biri ayaqlarını ovurdu. Şərab
şüşələri, meyvələr
düzülmüşdü. Bir stəkan çay gətirdilər.
İçdim. Xan dedi: "Ustad, hacətini kök elə".
Dedim: "Nə buyurursunuz?" Dedi: "Nə istəyirsən
çal".
Yumşalsın deyə bir həzin "Segah"
başladım. Şirinliklər edə-edə çalıb
tamamladım. Xəbər aldı ki, bu nə idi? Dedim:
"Segah". Üz-gözünü turşutdu. Sanballı
bir "Çahargah" çaldım. Soruşdu: "Bəs
bu nə idi çaldın?" Dedim: "Çahargah".
Yenə burnunun altında mızıldandı: "Elə
bu?" Anladım ki, yenə razı qalmayıb. Bu səfər
"Şur" başladım. Hər nə hava var
qarışdırdım. "Şur"u düz iki saat
uzatdım. Yavaş-yavaş qırışığı
açıldı, ayağa qalxıb dedi: "Bu nə
idi?" Cavab verdim ki,"Hezargah". Dedi: "Hə, bu,
başqa məsələ. "Segah" nədir? Cəmi-cümlətanı
üçcə guşə, "Çahargah" nədir -
dördcə məqam. Amma "hezar" - mindir, min. Mənim
şənimə "Hezargah" yaraşır".
Sonra da pişxidmətlərə buyurdu ki, mənə
bir taqə yaxşı tirmə, bir də öz atını
bağışlasınlar. 25 tümən də pul verdi. Gələn
kimi atı satdım. Çünki bildim bunun dalınca adam
göndərəcək. Həmin gecə qaçdım
Ərdəbilin bir kəndinə, bir neçə gün
qaldım. Mənə xəbər gəldi ki, xan sərxoşluqdan
ayılan kimi atı satdığım adamdan geri alıb. Mən
də pulu aparıb verdim o adama".
Minnətdarlıq hissi ilə Məşədi Məliyi,
oğlu Məşədi Süleymanı, nəvəsi Bəhramı
düşünürəm.
XIX yüzilin son onilliklərində Qarabağda
Xurşidbanu Natəvanın (1832-1897) "Məclis-i
üns"ü və Mir Möhsün Nəvvabın
(1833-1918) "Məclis-i fəramuşan"ı,
Şamaxıda Mahmudağanın musiqi məclisindəki
çal-çağırların səsi o yığnaqlardan
çox uzaqlara yayıldığı, musiqimizin yüksəlişi,
saflaşıb zənginləşməsi,
yeniçalıb-oxuyanların yetişməsi
üçün necə məktəb siqlətli idisə, həmin
işi Bakıda, Abşeronda Məşədi Məliyin
"Salon"u yerinə yetirir. Məşədi Məlikdən
sonra oğlu Süleyman Mansurovların qapısını
söz-sənət əhli üçün daim açıq
saxladı, Abşeron kəndlərindəki, İçərişəhərdəki
hansısa toylara qıraqdan gələn xanəndələr,
sazəndələr dətoyda çalıb-oxuyub
çıxıb gedə bilmədilər, heç bunu istəmədilər
də, Mansurovlar məclisinin ahənrübası onları
özünə doğru çəkdi, avazı olub camaat
arasında oxumağı ar bilənlər də bu məclislərdə
açılışdılar, ürəklərini
boşaltdılar.
Məşədi Süleyman Məşhəddə
olmamışdı. Ancaq hamı onun Məşədi
çağırırdı və müqəddəs
çalarlı bu söz savab əməlli Süleyman kişiyə
çox yaraşırdı. Bir nəcib işi də bu oldu
ki, imkanı çatdıqca cavanlığından bəri evlərində
görüb-eşitdiklərini qələmə almağa
başladı, sonra oğlu Bəhram da atasından yadigar qalan
hər vərəqin üstündə əsdi, belə
yaşamalı, bilinməli tarix unuduluşdan xilas edildi.
Yoxsa Mirzə Səttar və neçə-neçə
bu qəbil yaddan çıxmış sənətkarımız
haqda bilgini hardan alardıq?!
Bad-isəba, tərəhhüm eylə binəvalərə,
Ərzim yetir vətəndə olan aşinalərə.
Qəm çəkmə, sevdiyim, sənə qəm
çəkmək heyfdir.
Qəm yaxşıdır mənim kimi bəxti qaralərə.
Bu misraları Mirzə Səttar tez-tez zümzümə
edərmiş.
Məşədi Süleyman Mansurov yazır ki, Mirzə
Səttar özü xanəndə deyildisə də,
iki-üç nəfərlik cəmiyyətdə avazla pəsdən
"Şur", "Segah-Zabul", "Çahargah"
oxuyardı.
Bəhram Mansurov atasına Mirzə Səttarın
söyləmiş olduğu bir əhvalatı da yaxşı
dinləyici, xudmani məclisdən söz düşəndə
danışmağı xoşlardı. Deyirmiş ki, Ərdəbildə
yaşadığı əyyamlarda musiqini, şeiri çox
sevən bir zəngin həftəaşırı evində məclis
qurar, zövq əhlini dəvət edər, şeirlər,
musiqilər dinlənib qurtarandan sonra süfrə
açarmış. Ancaq musiqiylə yeməyin
aralığında, çalıb-oxuyanlar qavalını,
tar-kamanını bir kənara qoyub çay paylananda həmin
varlı-hallı tacir yaxından-uzaqdan gəlmiş
çalıb-oxuyanların mükafatını verirmiş.
Ancaq bu əsnada hər dəfə bir gözlənilməzliyə
təəccüblənər, izahını da ha fikirləşsələr
belə, tapa bilmirlərmiş ki, görən, məclis sahibi
niyə belə edir. Axırı vadar olub özündən
soruşurlar və o da qımışaraq sual verənləri əvvəlki
hərəkətindən də artıq şaşırdan
cavabını dilə gətirir. İş ondadır ki, ev yiyəsi
tarçıya, kamançaçıya, xanəndəyə
verdiyindən daha çox qızılı oturub onlara qulaq
asanların arasındakı bir neçə nəfərə
paylarmış. Bunlar da girinc qalırlarmış ki, bu nə
məsələdir? Axı əziyyət çəkən biz
ola-ola rahatca əyləşib musiqidən ləzzət alanlara
niyə bizim boğazımızdan kəsərək ənam
verilməlidir?
"Siz çalıb-oxuduqca məclisdəkilərdən
bəziləri cuşə gələrək ürəklə
"Əhsən", "Afərin", "Yaşa"
deyir, sizi ilhamlandırır, şövqünüzü
artırır. Onların "sağ ol"ları olmasa, siz
belə gözəl çalıb-oxuya bilməzsiniz. Odur ki,
onlara sizdən daha çox hədiyyə verməkdə
haqlıyam!"
Haqq-hesabını dürüst aparırmış ki,
bu tacir digər tacirlər arasında daha
imkanlıymış. Məntiq pıçıldayır ki,
kişi elə bu hərəkətində də düppədüzmüş
Məşədi Məlik, ardınca oğulları Məşədi
Süleymanla Mirzə Mansur (1887-1967), onlardan sonra dədə-baba
şakərinə sadiq qalan Bəhram usta qayğıları
ilə, nəvazişləri, göstərdikləri xətir-hörmətlə
sənətkarları ruhlandıran, onlara qanad verən həmin
"Mərhəba!", "Bərəkallah!" deyənlər
kimi ən yüksək mükafata layiqlik haqqını
qazanmışlar qafiləsindən oldular.
...Bunlar da köhnə dəftərlərimdə onillər
öncə etdiyim qeydlərdəndir. Elmlər
Akademiyamızın Memarlıq və İncəsənət
İnstitutunda Cabbar Qaryağdıoğlunun (1861-1944) qara
karandaşla ərəb əlifbası ilə yazıb
doldurduğu dəftərlərdən ibarət
"Keçmiş Azərbaycan musiqisi haqqında xatirələrim"
adlı əlyazmasını o vaxt da bir qiymətə
sığmaz xəzinə saymışdım, bu gün də
həmin dəyərləndirməmdə qalıram. Ancaq həm
də çox təəssüflənirəm ki, bugünəcən
o xəzinə nəşr edilmədən qalır. Mənimsə
o dəftərləri vərəqlədiyimdən 50 ilə
yaxın zaman ötüb.
Cabbar Qaryağdıoğlu "Segah"
muğamında hansı şeirlərin oxunmasından söz
açarkən yada salırdı ki, XIX əsrdə xanəndə
balaxanılı Hüseyn, kamançazən Mirzə Səttar,
Sabunçulu Qiyas Nizaminin "Xosrov və Şirin"indən
təsniflər oxuyardılar.
...Mirzə Səttarın Bakı, Abşeron illərinin
bir bəhrəsi də yetişdirdiyi musiqiçilər olur.
Onlardan biri elə adını Cabbarın da çəkdiyi
Sabunçulu Qiyas, ikincisi Salik təxəllüsüylə
şeirlər yazmış Mirzə Ağakərim Hacı
Zeynal oğlu (1849-1910), üçüncüsü Fərəc
Rzayev olub.
Bu, həmin Mirzə Fərəcdir (1842-1927) ki, Mirzə Səttarın
yanında öyrənciliyə başlayana qədər
nağara çalarmış, ustaddan tarın dilini və
muğamları mükəmməlcə mənimsəyir,
çox keçmədən Bakının ən adlı tarzənlərindən
birinə çevrilir.
Məşədi Süleyman Mirzə Fərəcin əsas
üstünlüyünü onun muğamata dərindən
vaqif olmasında tapır və bunun da səbəbkarı elə
Mirzə Səttardı ki, vardı: "Mirzə Fərəc
çox yaxşı tar çalırdı. Xanəndələr
onu çox istəyirdilər. Çünki yaxşı
oxudardı, yaxşı müşayiət edərdi. Bakıda
hər nə böyük toylar, ya qonaqlıqlar olsaydı, Fərəc
ora çağırılardı, Fərəcdən cəmi
tarçalanlar qorxardılar. Çünki biliyi çox
idi".
Mirzə Səttarın bilginliyini, çap
olunmuşundan daha genişi elə həmin Memarlıq və
İncəsənət İnstitutunda qorunan "Azərbaycan
oxuma məktəbi" adlı araşdırmasında
Bülbül (1897-1961) də təsdiqləyir: "Vaxtilə
Bakıda Ala Palas oğlu və Mirzə Səttar muğamı
yaxşı bilən nəzəriyyəçilər kimi
şöhrət qazanmışdılar. Sonralar Bakıda tarzən
Mirzə Fərəc və həvəskar xanəndə
Ağabala Ağasayıd oğlu məşhur olmuşlar. Onlar
muğam sənətini Mirzə Səttardan və Ala Palas
oğlundan öyrənmişlər".
...Bir neçə ünvan dəyişsə də, sənətdə
kamil, həyatda yarımamış olan Mirzə Səttarın
həyatının son saatı da Bakıda, Məşədi Məlik
Mansurovun evində vurur.
Məşədi Süleyman xatirələrinin bu
parçaları yanıqlı, həsrətlidir: "Mirzə
Səttar çalan vaxt oxuyan lazım deyildi. Kamançanı
elə çalardı ki, sanki bir adam kamançanın
içində oturub oxuyur. Ustad-iəzəmdi. İldə bir dəfə
"Quran" surələrini - "Yasin"i, "ər-Rəhman"ı
oxuyub kamançada çalardı.
Kəndlilərlə də arası saz idi. Onlara
çox hörmət edərdi. Ancaq mollalarla heç arası
yox idi. Deyərdi ki, məni balalarıma həsrət qoyan
onlar olublar. Çox kitabları vardı. Mənzili musiqi
kitabları və şüəranın "Divan"ları
ilə dolu idi. Özü bu qəzəli çox oxuyardı:
Zəmanə qoymadı bir dəm məni nigarım ilən,
Deyəm-danışam bir zaman öz yarım ilən.
Qoyanda qəbrə məni göndərin xəbər
yarə
Görək nə küftgu edəcək yar mənim məzarım
ilən.
Bakıda naxoş olanda anasına bu şeiri yazıb
göndərmişdi:
Gedin deyin mənim anam ağlasın,
Əl götürüb başa qara bağlasın.
Mənim əmanətim yaxşı saxlasın,
Mən gəlirdim, əcəl məni qoymadı.
Mirzə Səttar vəfat edəndə atam öz
evimizdə ona üç gün matəm saxladı".
...Məşədi Süleyman 1930-cuillərin
sonlarında qələmə aldığı "Mirzə Səttar"
ünvanlı dəftərçəsinin axırında yenə
barmağını erməniyə tərəf tuşlayır.
Yazır ki,1923-cü ildə Saşa Ohanezaşvili Bakıya gəldi.
Dedi: "Tiflisdə konservatoriyada qulluq edirəm. Gürcü
hökuməti mənə 25 min manat pul verib ki, Mirzə Səttarın
kamançasını muzey üçün alım".
O vaxt Mirzə Səttarın Məşədi
Süleyman tərəfindən Bakıya
çağırtdırılan qardaşı oğlu
kamançanı heç bir təmənnasız verməyə
boyun olur. Bu şərtlə ki, gedib Ərdəbildən gətirmək
üçün ona bir adam qoşulsun.
Səslənincə ilk baxışdan gürcü
familiyası təəssüratı oyadan bu soyadın əsli
Ohanezyandır, sadəcə axırına "şvili"
artıraraq rəngini dəyişiblər, erməniliyi isə
erməniliyində qalıb. Bir əsr əvvəl
kamançamıza və
kamançaçılığımıza qarşı qəsbkarlığın
başında duranlardan, Üzeyir bəyin ayağının
altını qazıyanlardan olub.
Məşədi Süleyman şahidlik edir: "Mirzə
Səttar rəhmətə gedəndən sonra ondan qalan
şeylər öz ailəsinə göndərilmişdi.
Saşa Ohanezaşvili Tiflisə gedib Mirzə Səttarın
kamançası və kitablarını Ərdəbildən gətirtdirmək
üçün adam yollamalı idi. Gətirdimi
kamançanı, gətirmədimi - xəbərim olmadı. Tək
onu deyə bilərəm ki, Mirzə Səttar çox
böyük sənətkar idi və kamança çalmaqda
onun tayı-bərabəri olmayıb".
...Görən, Mirzə Səttarın
kamançası o vaxt Qafqaza gəlib çıxıbmı?
Gəlib yetişibsə, sonra hara aparılıb - Tiflisəmi,
İrəvanamı? Sonralar həmin kamança elə Mirzə
Səttarınkı kimi, ya Ohanezaşvilininki olaraq qələmə
verilib?
O illərdəki Mirzə Səttar Bakıda
yaşayırdı, şəhərdə adla deyilən
fotoqraflar vardı. Doğrudanmı, Mirzə Səttar günlərin
birində həmin kameralardan hansınınsa
qarşısında dayanmamışdı? Məşədi
Süleymanın sözlə çəkdiyi Mirzə Səttar
şəkli öz yerində, bəlkə haçansa
qarşımıza çıxmaq gümanı çox
qüvvətli olan gerçək fotosu ilə də bir gün
üzləşdik?
Yaxından tanıdığım, ömür yoluna
yaxşı aşina olduğum kamançaçıların
hamısının həyatında nisgillər, taleyində
düyünlər sezdim. Ən azı bir sadiq həmdərdləri
olsun deyə tale özü onları kamançayla
qovuşdurmuşdu, ya musiqi alətlərimizin ən kövrəyi
olan kamança özü onları ağuşuna çəkmişdi
ki, onun onlarınkından da çəkilməz gizli dərdlərinə
şərik çıxsınlar?!
Kamançanın ürəyində dərd
olmasaydı, belə oxuyardımı?!
20 oktyabr 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2024.- 30 oktyabr(№199).-S.10-11;16.