COP29-a hazırlıq yüksək səviyyədə həyata keçirilib

BU BÖYÜK TƏDBİR AZƏRBAYCAN REALLIQLARININ DÜNYAYA ÇATDIRILMASI ÜÇÜN DAHA BİR NÜFUZLU BEYNƏLXALQ PLATFORMA OLACAQ

 

Noyabrın 11-22-də Azərbaycanın paytaxtı Bakı möhtəşəm bir tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və onların öhdəsindən layiqincə gəlib. Lakin Prezident İlham Əliyevin dediyi kimi, COP29 bu vaxtaqədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Bakı iki həftə ərzində dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən, Azərbaycan bu razılaşmaya qoşulub.

Hər il dünyanın çox sayda ölkələrindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün müzakirələr aparır, çağırış edirlər. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib.

Hələlik sonuncu olan COP28 ötən il Dubayda təşkil edildi. 100 minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT-nin tarixində ən genişmiqyaslı tədbir olub. Konfrans çərçivəsində təşkil edilən Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb. Sözügedən tədbirdə ilk dəfə olaraq Prezident İlham Əliyev də iştirak edib.

COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib.

Hazırkı tarixə olan məlumata əsasən, bu ilin 11-22 noyabrında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak üçün müvafiq qeydiyyat prosesindən keçən iştirakçıların sayı 32 min nəfəri keçib.

COP29 Azərbaycan Əməliyyat Şirkətindən verilən məlumata görə, beynəlxalq iqlim konfransında iştirakla bağlı qeydiyyat prosesinə bu ilin 24 iyun tarixindən etibarən başlanılıb. Dünyanın müxtəlif ölkələrindən konfransda iştiraka dair göstərilən maraq qeydiyyatdan keçənlərin sayının da günbəgün artımı ilə müşayiət edilir. COP tədbirlərinə xas olan əksər deleqasiyaların tədbirə daha yaxın tarixlərdə qeydiyyat üçün müraciət etmə tendensiyası nəzərə alınaraq, davam edən qeydiyyat prosesi ərzində bu rəqəmlərin yaxın həftələrdə daha da artması gözlənilir.

COP29-da Media əməliyyatları üzrə direktor Pirim Pirimov bildirib ki, indiyədək COP29-u işıqlandırmaq üçün 2 min 700 media nümayəndəsi qeydiyyatdan keçib. Media Mərkəzi artıq tam olaraq hazır vəziyyətdədir. P.Pirimov bildirib ki, eyni anda çalışmaq üçün 1200 media nümayəndəsi üçün şərait yaradılıb: "Xırda detallar var ki, üzərində işlər gedir. Media, TV və radio, yazılı mətbuat üçün iş otaqları ayrılıb. TV və radio yayımçıları üçün 330 iş, 300 yazı masası ayrılıb".

Qeyd edək ki, COP29 konfransı beynəlxalq iqlim siyasətinin formalaşmasında əsas platforma olaraq, dünya miqyasında iqlim dəyişmələrinə qarşı mübarizə məsələlərinin müzakirə mərkəzi olacaq. Dünyanın bir sıra ölkələrindən bu müzakirələrdə iştirak etmək üçün onminlərlə nümayəndənin Bakıda qarşılanması üçün yekun hazırlıq işləri davam etdirilir.

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, COP29 Azərbaycan reallıqlarının dünyaya çatdırılması üçün növbəti beynəlxalq platforma olacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanmaqla bərabər, bəşəriyyəti düşündürən, xalqlar və dövlətlər üçün olduqca aktual çağırışlara da adekvat cavab verir: "Yaşıl enerji" gündəliyi əsasında iqlim dəyişikliyinə qarşı qlobal mübarizə sahəsində ardıcıl fəaliyyətin həyata keçirilməsi də bu kontekstdə xüsusi qeyd edilməlidir. COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar Azərbaycana beynəlxalq müstəvidə böyük etimadın olduğunu bir daha təsdiqləyir. Azərbaycan qlobal tədbirlərə ev sahibliyi ilə əlaqədar zəngin təcrübəyə malikdir. İndiyədək bu sahədə əldə olunan uğurlu nəticələr - imza atdığımız nailiyyətlər Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə də uğurla ev sahibliyi edəcəyini əminliklə söyləməyə əsas verir. Şübhəsiz, bir neçə gün sonra keçiriləcək COP29 iqlim dəyişmələrinə qarşı fəal mübarizə mövqeyi nümayiş etdirən ölkəmizin bu bəşəri əhəmiyyətli, qlobal xarakterli prosesə dəyərli töhfəsi olacaq, eyni zamanda Azərbaycan reallıqlarının dünyaya təqdimatı üçün növbəti mühüm platformaya çevriləcək".

İqtisadçı, ekspert Gündüz Camalzadənin dediyinə görə, COP29-un Azərbaycanda keçirilməsi, ölkənin iqtisadi mövqeyini gücləndirən və onu qlobal səviyyədə yaşıl iqtisadiyyata keçid imkanlarını artıran strateji addım kimi qiymətləndirilən COP29 ölkəni beynəlxalq ictimaiyyətin mərkəzi etmək və onu qlobal müzakirələrdə aparıcı bir oyunçuya çevirmək potensialına malikdir. Bu cür tədbirlər təkcə iqlim dəyişikliyi ilə bağlı müzakirələrə ev sahibliyi etməklə qalmır, həmçinin iqtisadi, siyasi və sosial aspektləri olan geniş məsələləri də gündəmə gətirir: "Azərbaycanın iqlim dəyişikliyi sahəsində addımları beynəlxalq əməkdaşlıqlara yol açacaq. Azərbaycanın enerji sektoru, xüsusilə də neft və qaz ixracına əsaslanan iqtisadiyyatını beynəlxalq iqlim razılaşmalarına uyğunlaşdırmaq istəyi dayanıqlı və yaşanıla bilən dünya üçün xoş niyyətinin göstəricisidir. Eyni zamanda bu, ölkəmizin ekoloji və iqlim məsələlərinə olan bağlılığını təsdiqləyir. Azərbaycanın müzakirələrdə aktiv rol oynayaraq enerji keçidi, dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat üzrə mövqeyini gücləndirməsi gələcək beynəlxalq əməkdaşlıqlara yol açmasına təkan verəcək".

G.Camalzadə COP29-un bərpa olunan enerji mənbələri istiqamətində unikal platforma təqdim etdiyini də söyləyib: "Azərbaycan, xüsusilə son dövrlərdə bərpa olunan enerji mənbələri (külək, günəş) üzrə potensialını dəyərləndirməkdədir. COP29 bu sahədəki addımların sürətlənməsi və enerji sektorunun daha dayanıqlı və diversifikasiya olunmuş bir istiqamətə yönəlməsi üçün unikal platforma təqdim edir. Bundan əlavə, bu cür qlobal tədbirlərin keçirilməsi ölkəyə xarici investisiyalar cəlb etməyə, texnologiya transferini sürətləndirməyə və işgüzar mühitin şəffaflığını artırmağa imkan verir. İqlim dəyişikliyi ilə bağlı qlobal məsələlərdə fəal iştirak Azərbaycanın beynəlxalq arenadakı mövqeyini möhkəmləndirəcək və ölkənin Qərblə enerji təhlükəsizliyi, iqlim dayanıqlığı kimi strateji məsələlərdə dialoqunu gücləndirəcək. Bu isə Azərbaycan üçün yalnız iqtisadi yox, həm də geosiyasi əhəmiyyət kəsb edir".

Politoloq Elşad Həsənov bildirib ki, BMT-nin iqlim dəyişikliyi üzrə 29-cu konfransı başlamasına sayılı günlər qalıb. Artıq Azərbaycan COP-un hazırlıq işlərinin yekunlaşdığını və iştrakçıları qarşılamağa tam hazır olduğumuzu elan edib. Bu konfransa dünyanın 190-dan artıq ölkəsindən nümayəndələr gələcək və ilkin hesablamalara görə, onların sayı 70-80 min nəfər olacaq. Bu qədər qonağı qarşılamaq çətin məsələ olsa da, Azərbaycan bunun öhdəsindən yüksək səviyyədə gələcək. Avropa Şurasının Parlamenti dünən Azərbaycanla bağlı qətnamə qəbul etdi və həmin qətnamədə çox sayda yalan və böhtanlar yer alır: "Yəni Azərbaycanı istəməyən qüvvələr sözün həqiqi mənasında birləşib COP29-un ölkəmizdə keçirilməsinə qarşı çıxırlar. Lakin bütün bunlar əbəsdir. Çünki keçən il Dubayda keçirilən COP28-də ölkələrin əksəriyyəti COP29-un Azərbaycanda keçirilməsi üçün səs veriblər. Buna görə də Azərbaycana qarşı olan qüvvələr etdikləri ilə heç nəyə nail olmayacaqlar, atdıqları daş öz başlarına dəyəcək. COP dünyamiqyaslı tədbirdir və hər ölkədə keçirilməsi mümkün olmur. Buna görə də COP29-a Azərbaycanın ev sahibliyi etməsi ölkəmizə çox böyük uğur gətirəcək. Ölkəmizə gələn müxtəlif ölkələrin media nümayəndələri Azərbaycan reallıqları, həqiqətlərlə tanış olacaqlar. Bu da beynəlxalq aləmdə nüfuzumuzun artırılması baxımından olduqca müsbət haldır.COP-un məqsədi dünya karbon qazının miqdarının sənayeləşmədən əvvəlki dövrdə olduğu miqdar ilə məhdudlaşdırmağa nail olmaqdır. Bunun üçün də Azərbaycanda xüsusi tədbirlər görülür. 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan etmişik və bu istiqamətdə də mühüm işlər görülür. Yaşıl enerji istehsalı artırılır, artıq bəzi kəndlərdə yalnız yaşıl enerjidən istifadə olunur. İnanırıq ki, bütövlükdə COP29 yüksək səviyyədə keçiriləcək və Azərbaycan üçün müsbət nəticələrlə yadda qalacaq".

 

Sevinc QARAYEVA

525-ci qəzet .- 2024.- 31 oktyabr(№200).-S.15.