"Sevgi dolu şeirlər"in
işığı
Hərə dünyaya bir missiya ilə gəlir. Zaur
Ustac da şairlik missiyasını yerinə yetirmək
üçün qələmdən yapışmalı olub və
ilk şeirlərindən anadan şair doğulduğunu təsdiqləyib.
Zaur poeziyasının işığında
görürsən ki, qələm ona, o da qələmə
yaraşır. Qələmlə ülfət bağlayan
şair ürəyindən gəlməyən bir misranı da
yazıya almayıb. Bu da onu göstərir ki, şair ülfət
bağladığı qələminə xəyanət etməyib,
etməyir və etməyəcək də...
Şairin "Sevgi dolu şeirlər"
kitabını (2024) böyük maraqla, həvəslə, həm
də həyəcanla oxudum. Ürəyim ağappaq
işıq selinə büründü, duyğularım təzələndi
və ruhumu qidalandıran şeirlər Zaurun söz
dünyasının təmizliyindən, saflığından,
halallığından xəbər verməklə
yanaşı, həm də şairin vətənə,
torpağa, yurd yerinə... böyük sevgisinin göstəricisidir.
Zaurun təkcə "Ağ çiçəyim"
şeirilə onun vətən sevgisini, yurdun hər
gülünü, çiçəyini necə əzizlədiyini,
onlara müqəddəs bir varlıq kimi
baxdığını hiss edirsən. Hiss edirsən ki,
"Xoş gördük, günaydın, ay Ağ
çiçəyim!" - deyən şairin ürəyindən
süzülən səmimi, kövrək misralar ruhumuzu
sığallayır və o, gözəl bir təbiət mənzərəsini
Ağ çiçəyin timsalında rəssam kimi çəkərək
gözlərimiz önündə canlandırır. Sözlə
Ağ çiçəyin şəklini çəkən,
çiçəyi insaniləşdirib onunla söhbət edən
şair inandırıcı, təsiredici misraları inci kimi
ard-arda düzərək həm gözümüzü, həm
də könlümüzü oxşayır.
Dümağsan, qar sənin yanında qara,
Tanrım rüsxət verib, baxmayıb qara.
Bu qarlı qış hara, tər çiçək
hara?
Xoş gördük, günaydın, ay Ağ
çiçəyim!
Zaurun hər şeiri onun həm
yaradıcılığını, həm məramını,
məsləkini səciyyələndirir, həm də hiss
olunur ki, onun hər bir poetik misrası qətiyyən pafos
xatirinə yazılmayıb, hər misra onun iç
dünyasından qopub gələn ən kövrək, ən həzin,
ən səmimi hisslərdir, duyğulardır.
Duyğularını, hisslərini, fikir və
düşüncələrini şeirlərinə hopduran, hər
"sözə ehya" verən Zaur Ustacın "Sevgi dolu
şeirlər" kitabını çəkinmədən, cəsarətlə
ədəbi hadisə saya bilərəm. Bu fikrimdə
haqlıyam. Çünki ədəbiyyatın ədəbi
tarixinə yazıla biləcək bu misraları onun kimi yazan
olarmı? "Yelləncək" şeirində oxuyuruq:
Çiçəklər ruhumun yelləncəyidir,
Ruhumu asmışam nar çiçəyindən.
Arzular dünyamın gələcəyidir,
Arzumu tutmuşam bar çiçəyindən.
Bu poetik misraları oxuyandan sonra düşündüm
ki, Zaurun özü də işıqdır, sözü də.
Onun sözünün işığında ziyarətgaha
doğru üz tutub getmək olar. Çünki şair
sözünün işığında mənən
saflaşırsan, ruhən təmizlənirsən, imam
övladı olursan! Ziyarətgaha da məhz mənən təmiz
və halal adam kimi getməlisən ki, ziyarətin də qəbul
oluna.
Bu misraların işığında müqəddəs
yerlərə ziyarətə necə getməyə bilərsən?
Və həm də ziyarətə Qarabağ atının
belində getmək necə də gözəl olardı!
Anası Günəşdi, atası Aydı,
"Qıratdı", "Düratdı"
Qarabağ atı!
Tanrı ərməğanı, butadı, paydı,
Baratdı, muraddı, Qarabağ atı!
"Sevgi dolu şeirlər"də idrak və təsvir
üslubu təzə, orijinaldır, həyati, dünyəvidir,
təbii və ülvidir. Təbii və ülvi olduğuna
görə də şeirləri ürəyə
yatımlıdır, könül rahatlığı gətirəndir,
oxucunu yaşamağa ruhlandıran, həyatdan zövq
almağa, sevib-sevilməyə, qurub-yaratmağa, insanlara
yaxşılıq etməyə, savab işlər görməyə
səsləyəndir. Bu şeirlərə hopmuş hissləri,
duyğuları canlı səs kimi eşitmək olur,
çünki şair havada uçuşan səsləri
"tutub" şeirə gətirərək oxuculara təqdim
edir. Oxucular da bu şeirlərdə öz hisslərini,
duyğularını, fikir və düşüncələrini
hiss edir, ürək döyüntülərini, qəlb
çırpıntılarını duyur. Şairin ürək
döyüntülərilə oxucuların ürək
döyüntüləri üst-üstə düşür
ki, bu da Zaur Ustacın əsl şair olduğunun göstəricisidir.
"Sevgi dolu şeirlər" kitabını birnəfəsə
oxusam da, gəldiyim qənaət budur ki, Zaur Ustac sözün
həqiqi mənasında lirik duyğular şairidir, fikir və
düşüncə şairidir. Onun şeirlərində fəlsəfi
fikirlər özünü qabarıq şəkildə
göstərir, eləcə də onun şeirlərində
yalan və uydurma bir misraya, misralarında "laxlayan",
yerində olmayan bir sözə, bayağı, cılız
hisslərə, saxta, boğazdanyuxarı deyilən,
cansıxıcı bir misraya da rast gəlmək mümkün
deyil. Nə yaxşı ki, onun şeirlərində ümid
işığı var, bu günə, gələcəyə
inam dolu ovqat var, mübarizəyə
çağırış var, namərdlərə,
şeytan-adamlara nifrət var. Bu, belə olmalıdır.
Axı o, şeirlərinin birində haqlı olaraq
"Ustacam" deyir. "Ustacam" deyən şair ancaq
düzü - düz, əyrini - əyri yaza bilər, qələmilə
vətənə, millətə, Azərbaycan ədəbiyyatına
xidmət edə bilər.
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam.
Zalımın zülmünə təhəmmülüm
yox,
Babəklər yurdunun hürr övladıyam.
Onu da deməyi özümə borc bilirəm ki, Zaur
Ustacın şeirlərinin dili təbii və sadədir. Təbii
və sadə olduğu qədər də xəlqidir. Onun
şeirlərində poetik ritm pozulmur, misralar həzin bulaq kimi
ürəyə rahatlıq gətirir, ovqatı təzələyir,
şairin vətənpərvərlik duyğularından, yurd
yerinə sevgisindən xəbər verir:
Gəzdim qarış-qarış doğma
torpağı,
Hər dağda, dərədə izim var mənim.
Hələ keçilməmiş uca dağların,
Uca zirvəsində gözüm var mənim.
"Sevgi dolu şeirlər"in
işığında sonetlər suçəkən kimi məni
özünə çəkdi. Gözlərim önündə
"Yazıçı" nəşriyyatında ötən
əsrin 70-ci illərində çap olunan, V.Şekspirin
"Sonetlər" kitabı canlandı. O vaxtdan bu günə
kimi Azərbaycan şairlərinin qələmindən (B.Adil
istisna olmaqla) çıxan sonetləri oxumamışdım,
görünür, rastıma çıxmamışdı,
yoxsa diqqətimdən yayınmazdı. Bir sözlə, az qala əlli
ilə yaxın idi ki, sonet janrında şeir
oxumamışdım, amma Zaurun qələmindən
çıxan sonetləri böyük maraqla, həvəslə
oxudum. Bu sonetlərin sehrinə düşdüm, cazibə
qüvvəsindən çıxa bilmədim. Nə vaxtsa
Zaurun sonetlərindən söz açmaq arzusu ilə
sözümü tamama yetirmək istəyirəm. Həm də
istəyirəm ki, bilələr: Zaur Ustac müasir Azərbaycan
poeziyasına yeni nəfəs və ovqat bəxş etmiş
istedadlı bir şairdir. Onun ürəklərə yol tapan hər
bir şeiri Zaur dünyasının böyüklüyündən,
Zaur yaradıcılığının zənginliyindən,
novatorluğundan xəbər verir.
"Sevgi dolu şeirlər" onun zəngin və çoxşaxəli
yaradıcılığından süzülən bir damla
nurdur. Bu nurun özündə bir Günəş
işığı var. Bu günəşin
işığına yığışıb şair qəlbindən
süzülüb gələn şeirləri oxuyun, bu şeirlərin
sehr-cazibəsinə düşün və unutmayın ki, Zaur
Ustac kimi haqqa üz tutan şairlərin yanında olmaq Allaha da
xoş gələr. Allahın xoşuna gəlməyi kim istəməz
ki?
Vaqif İSAQOĞLU
Azərbaycan Yazıçılar və Jurnalistlər
birliklərinin üzvü
525-ci qəzet .- 2024.- 31 oktyabr(№200).-S.14.