Yazıçının bayraq sevgisi
Elə insanlar var ki, onların adı çəkiləndə
adamın üzünə olanların xoş təbəssümü
qonur, etdikləri bir-bir xatırlanır. "Nə
yaxşı ki olub, var", -
deyə sevinirsən.
Yazıçı Mustafa Çəmənlinin adı
gələndə yada öncə Azərbaycanın
tanınmış simaları, incəsənət xadimləri
haqqında kitablar düşür. Beyində köhnə
vallar fırlanır, söz, səs səni öz aləminə
aparır.
Bir də "Xallı gürzə" tarixi
romanı. O illərdə hamının əl-əl gəzdiyi
"Xallı gürzə". Pənahəli xandan bəhs edən
gözəl əsər. Eləcə də I Şah Təhmasibdən
və onun oğlu II Şah İsmayıldan bəhs edən
"Ölüm mələyi" tarixi romanı,
"Ruhların üsyanı", "Üçyaşlı
əsir" povestləri, Azərbaycanın milli qəhrəmanları
Asif Məhərrəmov haqqında "Fred Asif" sənədli-romanı,
Mübariz İbrahimovdan bəhs edən "Mübariz"
povesti, 35 illik zəhmətin bəhrəsi olan "Sənəd
hekayələri" kitabı!
Ömrünü həm Azərbaycan mədəniyyət
xadimlərinə - X.B.Natəvan, Ə.Haqverdiyev,
Ə.Ağdamski, X.Şuşinski, S.Şuşinski,
Ş.Ələkbərova, Ə.Əliyev, Y.Məmmədov, S.Məmmədov
və daha neçə-neçə sənət adamları
haqqında kitablara, "Leyli və Məcnun" - 100 il səhnədə"
adlı sənədli bədii ensiklopediyanın ərsəyə
gəlməsinə həsr edən Mustafa Çəmənli
bütün bu işləri sevə-sevə və təmannasız,
ürəyinin istəyi ilə, "sonra gec olar, nə qədər
ki, şahidlər yaşayır, onların fikir və xatirələrini
yazım, tariximizi zənginləşdirim", deyərək
arxivləri araşdırıb onlar haqqında əsərlər
yazmaqla bərabər, radio və televiziyada silsilə
verilişlər də hazırlayıb.
Ömrünü yazdığı kitablara və nəşriyyat
işinə həsr edən, "Yazıçı" nəşriyyatında
redaktor, şöbə müdiri, "Gənclik" nəşriyyatında
baş redaktor vəzifələrində çalışan
Mustafa Çəmənli yaşının bu
çağında da öz bədii, publisistik yazıları,
kitabları ilə tariximizi yaşatmaqla yanaşı,
dünyasını dəyişmiş şair və ədiblərimiz
haqqında albom-kitablar tərtib edib, çap etdirərək
oxucuların ixtiyarına vermişdir. Yüksək peşəkarlıqla,
zövqlə çap edilmiş bu albom-kitabların hər biri
öz tərtibçilik prinsipinə, mövzu əhatəsinə,
təqdimetmə üslubuna görə kitabçılıq
tariximizi zənginləşdirən örnəklərdir.
Mustafa müəllim unudulmaz sənətkarlarımızı
ölkə və dünya oxucusuna tanıdır.
Yaddaşımızı zənginləşdirir.
O kitabları oxuduqca, elə bil həmin səsdə
muğam dinləyirsən. Sözün, səsin sehrinə
düşürsən. Ruhun dincəlir. Azərbaycan
xalqının nələr yaratdığını bir daha
yaxından tanıyırsan.
Mustafa müəllim müdrikliyinə cavanlıq
eşqi qataraq eyni eşqlə yenə də yorulmadan
yazıb-yaradır.
İşğal olunmuş Ağdama, cümlə
Qarabağa doğulduğu Çəmənli kəndindən
baxanda Mustafa Çəmənli doğma yurdlarından didərgin
düşənlər qədər ağrıdı, həsrət
sinəsini göynətdi. O, göynərtinin, Birinci
Qarabağ müharibəsində döyüş bölgələrindəki
gördüklərinin, yaşadıqlarının, itkilərin,
ağrıların üstünə Qələbə
bayrağı sərmək istəyirdi. Bilirdi ki, o göynərtini
ancaq o, soyuda bilərdi.
Mustafa Çəmənli üçün Vətən
torpağı, insanı, onun səsi, sözü və zirvələrdə
qürurla dalğalanan bayrağı ilə gözəldi.
Bayraq möhrü ilə torpağı vətən
edir!
Bayraq həm də qürurdu!
Bayraqla birlikdə vətəndaşın sevinən
ruhu da dalğalanır!
Mən, Mustafa müəllimin 2022-ci ildə
Xurşidbanu Natəvanın Şuşada keçirilən 190
illik yubileyində Şuşada dalğalanan
bayrağımıza necə baxdığını,
üzündəki sevincin necə parladığını
gördüm. Bu sevinclə qürurun çulğalaşma
anı idi. Mustafa müəllim həmin anda xeyli
cavanlaşmışdı. Ruhu 30 illik ağrını
canından qovub çıxarmışdı. Bu fəxarətin
başdan-başa söz yazısıydı.
Bu idi Vətən, Torpaq, Qələbə və Bayraq
sevgisi. Mənə elə gəlir ki, onun içində olan
bayraq sevgisi həmin an qığılcımdan alova
dönmüşdü. Bunun sonda kitaba çevriləcəyinin
qəti qərar anı idi.
Bayraq dalğalandıqca, özünü orda hiss
edirdi. Ruhu dincəlirdi. Bu, onun içdən gələn sevgi
təntənəsindən, həmişəki kimi vətəndaşlıq
borcundan irəli gəlirdi. Yəqin ki, Mustafa Çəmənli
bayraq haqqında hər cümləni yazanda özünü
bayrağın yanında hiss edir, təmizlənən ruhu
bayraqla birlikdə dalğalanır.
Mustafa Çəmənli tərtib etdiyi "Bir daha
yüksələn Bayraq" kitabını Qarabağın
azadlığı uğrunda canlarını qurban vermiş
şəhidlərimizə, qazilərimizə,
döyüşçülərimizə ithaf edib. Bu bizə qələbə
sevinci yaşadan, bizi məğlub vətəndaş
adından xilas edən, köksündə gəzdirdiyi
bayrağı döyüşüb aldığı
torpaqların ən uca zirvəsinə qaldıranlara verilən
dəyərdi. Dəyərlilərimizə verilən qiymətdir.
Bu kitab-albom tarixi Azərbaycanın, onun
xanlıqlarının, Cümhuriyyət dövrünün və
bu gününün dövlət və onun bayraqları
haqqında ensiklopedik məlumatlarla zəngindir. Kitabın
hazırlanmasında əsas məqsəd, həm də
bayrağın hər zaman bir dəyər olduğunu
oxucuların diqqətinə çatdırmaqdır.
Nəfis şəkildə hazırlanmış bu kitab
44 günlük Vətən müharibəsində
bayrağımıza, Ali Baş Komandana, ordumuza, qəhrəman
şəhidlərimizə, xalqın sonsuz sevgi və hörmətini
çatdırmaqla bərabər, həm də gənclərdə
vətənpərləlik ruhunu yüksəltməkdir.
İdeyalara söykənən kitab adamda xoş əhval və
qürur yaradır.
Kitabda müəllifin klassik şairlərdən
müasirlərədək əldə edə bildiyi Qarabağa
və bayrağımıza həsr olunmuş şeirləri və
onlara uyğun şəkillər, şəhid və qazi
şairlərin şeirləri yer alıb.
Bu çox vacib və dəyərli kitaba görə
kitabı tərtib edən, redaktoru və ön sözün
müəllifi, məqamı, zamanı tarixləşdirən
Əməkdar mədəniyyət işçisi,
araşdırmaçı, yazıçı Mustafa Çəmənliyə
böyük minnətdarlıq düşür. Müəllif
bu kitabla ruhumuzu bayrağa bükdü, bizi
qürurlandırdı.
Rəfail TAĞIZADƏ
525-ci qəzet .- 2024.- 31 oktyabr(№200).-S.13.