Sarsılmaz ruh

 

 

Bu yaxınlarda 105 illik yubileyini qeyd etdiyimiz böyük Hüseyn Cavidin arzuları çiçək açmadan solan oğlu Ərtoğrol Cavid... Həyatın acı üzünü erkən yaşlarda görmüş, taleyin sərt sınaqları ilə qarşılaşmış bu istedadlı, müstəsna savada, bacarığa malik gənc ömrünün baharında solub getdi.

Ərtoğrol Cavidin həm həyatını, həm də yaradıcılıq fəaliyyətini yaxından araşdırsaq, onun istedadının nə qədər geniş yelpazəyə yayıldığının şahidi olarıq. Böyük mütəfəkkir, filosof şair, dramaturq, sarsılmaz əqidə və amal sahibi Hüseyn Cavidin ocağında dünyaya göz açan, bu yaradıcılıq çənbərində yetişən biri başqa cür ola da bilməzdi.

Ərtoğrol Hüseyn oğlu Rasizadə 1919-cu il oktyabrın 22-də Bakıda dünyaya göz açmışdı. 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmiş, elə həmin il Konservatoriyanın bəstəkarlıq şöbəsinə daxil olmuşdu. Konservatoriyanın direktoru, böyük bəstəkarımız Üzeyir Hacıbəylinin sevimli tələbəsi olan Ərtoğrul Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev kimi bəstəkarlarla birlikdə təhsil almışdı.

Azərbaycanın bir çox ziyalısını məhv edən, qələm sahibi, əqidə sahibi oğullarını, sayılıb-seçilən mərd, cəsarətli övladlarını gedər-gəlməzə yollayan totalitar sovet rejiminin qurbanı təkcə onlar olmurdu. Bu əzab-əziyyəti, məşəqqətli taleyi onların ailələri də yaşayırdı. Hətta deyərdim ki, geridə qalanlar acının minbir üzünü görürdülər. Hüseyn Cavidin panislamist, pantürkist, milliyyətçi damğası ilə repressiyaya uğraması təkcə onun faciəsi deyildi, bu ağrı-acılı amansız tale onun ailəsinin - həyat yoldaşı "sevgili Mişginazın", qızı, gözünün nuru Turanın, nəhayət, oğlu Ərtoğrolun da faciəsi idi.

1937-ci il iyun ayının 4-də NKVD-nin qara maşını Cavidlərin də qapısında dayandı, Hüseyn əfəndini evindən, ailəsindən, sevimli yazı masasından həmişəlik qoparıb apardı... Beləliklə, ailənin faciəsi başladı. Görkəmli şəxsiyyətin ailəsi həm maddi, həm mənəvi məhrumiyyətlərlə üz-üzə qaldı.

Bütün bu çətinliklərə baxmayaraq, Ərtoğrolun əzmi qırılmır, yenə eyni həvəslə dərslərinə çalışır, yazıb-yaratmağa, çox sevdiyi musiqi ilə məşğul olmağa davam edirdi. Pedaqoji İnstitutun ədəbiyyat fakültəsini yüksək qiymətlərlə başa vurub konservatoriyaya daxil olur. 1942-ci ildə II kursda təhsil almasına baxmayaraq, hərbi xidmətə çağırılan Ərtoğrol ön cəbhəyə yox, "xalq düşməninin oğlu" damğası ilə arxa cəbhəyə - Tiflisdə yerləşən fəhlə batalyonuna işləməyə göndərilir. Ağır iş rejimi, soyuq hava şəraiti, aclıq çox çətin idi. Lakin ən çətini o idi ki, Ərtoğrol anası və bacısı üçün narahatlıq keçirirdi. Onlardan xəbər ala bilməmək, bir oğul, qardaş kimi ailəsinə dəstək ola bilməmək ona əzab verirdi. Axı atası gedərkən ailəni Ərtoğrola tapşırmışdı.

Ərtoğrol Cavid Gürcüstanda olarkən, gördüyü ağır işlərdən və soyuq hava şəraitindən səhhətində problem yaranıb hərbi hospitalda yatarkən, nəhayət ata yurdu Naxçıvana getməyə icazə verilib ömrünün son günlərini orada yaşayarkən daim öz ailəsinə, qohumlarına, sevimli müəllimlərinə məktub yazırdı. Hüseyn Cavidin ev-muzeyində Ərtoğrolun şəxsi arxivi ondan xəbər verir ki, o, bu məsuliyyətlə əsgərliyə yola düşməzdən əvvəl tez-tələsik sevimli müəllimi Üzeyir Hacıbəyliyə məktub yazmış, bacısı və anası üçün iş istəmişdi. Bu məktublarla tanış olarkən insanı ən çox təsirləndirən məqam Ərtoğrolun ümidini itirməməsi, ağır vərəm xəstəliyinə tutulmasına baxmayaraq, nikbinliyi, xəstəliyə qalib gələcəyini və sonda evinə - anası Mişginaz xanımla bacısı Turanın yanına qayıdacağına olan inamı idi.

Ərtoğrol Cavid iyirmi dörd yaşında çox erkən vaxtda vəfasız dünyaya gözlərini yumub əbədiyyətə qovuşdu. İnsana elə gəlir ki, yaşadığı qısa, lakin dəyərli ömür yolunda çəkdiyi əzab-əziyyət, hər cür çətinlik bu dünyadan köçdükdən sonra yerini hüzura verdi. Mən inanıram ki, Azərbaycanın görkəmli oğlu Cavid əfəndinin ruhu əziz oğlunun ruhunu yalnız buraxmadı, ata və oğul qovuşdular... Onların olduğu yerdə nə qorxu, nə aclıq, nə təqib, nə iftira, nə də həbs var idi artıq.

Ərtoğrol Cavidin bütün əlyazmaları, bəstələdiyi musiqi notları bu gün Hüseyn Cavidin ev-muzeyində qorunub saxlanılır. Onun ölkəmizin müxtəlif bölgələrindən topladığı folklor nümunələri qruplaşdırılaraq "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" adı ilə kitab halında nəşr olunub.

Nazim Paşa Quliyevin müəllifi olduğu, 2019-cu ildə çapdan çıxmış "Hüseyn Cavidin natamam əsəri - Ərtoğrol Cavid" adlı kitabda nəql edilən bir hadisə çox təsirlidir. Başı minbir əziyyət çəkib həyatdan vaxtsız köçən Ərtoğrolun bacısı - bütün ömrünü Cavidlərə, onların ömür və yaradıcılıq yoluna həsr etmiş Turan xanım ömrünün ahıl yaşında ata-baba yurdu Naxçıvana gedir, vaxtilə ana nənəsinin yaşadığı evə, həyətə baş çəkir. Ən əsası sevimli qardaşı - canından bir parça olan Ərtoğrol ömrünün son dəmlərini bu evdə, bu həyətdə keçirmişdi. Ona görə də bu məkan Turan xanım üçün bir başqa cür əziz idi. Ailənin yaxın qohumlarından biri Turan xanıma həyətdəki armud ağacını göstərib Ərtoğrolun onlara yolladığı məktubları bu ağacın altında əyləşərək yazdığını deyir. Həmin an Turan xanımın yaşadığı hissləri yəqin ki, heç birimiz anlaya bilmərik. Turan xanım ağacın başına fırlanır, elə bil onunla söhbət edir, qardaşını soruşurdu. Ürəyinə nəsə dammış kimi ağacla dərdləşir və vidalaşırdı. Qıraqdan baxana elə gələrdi ki, ağaca bu həyatdakı missiyasını tamamladığını, tezliklə öz doğmalarına qovuşacağının müjdəsini verirdi. Sanki qocaman ağac da bu görüşü gözləmişdi, əyilmədən, qurumadan 60 ildən çox idi ki, gözləyirdi...

Həmin ilin yazında ağac qurudu, payızında isə Turan xanım bu dünyadan köçdü.

Hüseyn Cavidin repressiya dövrünün qurbanı olması Ərtoğrulun gənclik illərini ağır məhrumiyyət içində keçirməyə məcbur etmişdi. Bütün bu maneələrə baxmayaraq, o, atasının adını, onun yaradıcılığını yaşatmaq uğrunda yorulmadan çalışmışdı.

Ərtoğrul Cavidin həyat hekayəsi - məğlub olmayan bir ruhun, milli irsə həsr olunmuş bir ömrün hekayəsidir.

 

 Nuranə NƏRİMANOVA

Hüseyn Cavidin ev muzeyinin əməkdaşı

525-ci qəzet .- 2024.- 31 oktyabr(№200).-S.13.