Yaxşılıq üçün
yaranan insan...
Jurnalist peşəsi olduqca məsuliyyətli və nəcib
peşədir. Jurnalistikanı özünə peşə
seçmək istəyənlər daim
dünyagörüşünü genişləndirməyə
çalışmalı, müasir dünyamızda gedən
mürəkkəb proseslərin mahiyyətini bilməlidirlər...
Hamımızın arzusu budur ki, jurnalist olmaq həvəsinə
düşənlər seçdiyi peşənin məsuliyyəti
haqqında dərindən düşünsünlər və
bu məsuliyyəti dərk etməyə
çalışsınlar...
Tofiq Rüstəmov
Acılı günlər də, sevincli günlər də
bir gün bitir, qutarır. Ancaq onlardan qalanlar içini incidir,
ağrıdır... Acılı günləri xatırlayanda
sızıltısı səni dincəlməyə qoymur,
özünə yer tapmırsan. Yaranın qabığı
qopur, Allahdan o günlərin bir də yaşanmamasını təvəqqe
edirsən. Sevincli günləri xatırlayanda gülümsəyib
keçirsən. Kaş ki bir də qayıtsaydı o anlar,
deyirsən...
İndi mən hər gün o günlərin bir
anını qaytarmaq üçün Tanrıya dua edirəm.
Yenə xatirələrə əsir
düşmüşəm. Yadıma düşdükcə
gülümsəyirəm. Yenə tələbəlik illərini
vərəqləyirəm. Yenə yadıma qızıl
ayarlı insanları salmışam. Gözümün
önündən bir-bir gəlib keçirlər. Heç
birisini də bir-birindən ayıra bilmirəm. Kimsəni
birinci, kimsəni ikinci yerə qoymağa çətinlik
çəkirəm. Hansından başlayım deyə gücənirəm.
Bacarmıram. Ürəyimin telləri titrəyir. Hərəsinin
qəlbimdə öz yeri, öz şirin xatirəsi var. Çəkidə
ağır basmır heç biri o birindən...
Mən Azərbaycan Dövlət Universitetinin (indiki
BDU) Jurnalistika fakültəsində onun dekan olduğu dövrdə
oxumuşam. Professor Tofiq Rüstəmovun - zəhmətkeş,
gözəl jurnalist, sözə əsir düşmüş
adam, gözəl tərcüməçi, dilçi, gözəl
insan, gözəl alim...
Tofiq müəllim...
1936-ilin may ayının 18-də Quba şəhərində
anadan olub. Baharın üzə güldüyü bir zamanda. Bərəkətli
çöllərin, bağ-bağçaların
çiçəkləndiyi, nazlandığı bir
çağda. İnsanın arzularının gül
açdığı zamanda. Ümüdlərin
çoxaldığı bir vaxtda... Özü kimi bir zamanda...
İnsana ancaq müsbət enerji verərdi.
Gülümsəyərdi, əyrisini,
çatışmazlığını görməzlikdən
gələrdi. Özünün anlaması üçün səbirlə
gözləyərdi, çalışardı. Qəribəydi
Tofiq müəllim. Sanki insanı incitmək onun
üçün böyük yükdi, əzabdı,
bağışlanmazdı...
Belə insanlar var dünyada. Ancaq yaxşılıq
etmək üçün yarananlar. Yaxşılıq mücəssəməsi.
Onları görəndə ancaq yaşıl dünyaya
düşürsən. Rahat nəfəs alırsan, ürəklənirsən.
Sanki dağ havasıyla qidalanırsan. Çiçəklərin-güllərin
içində olursan. Ən ağrını, acını belə
unudursan. Həyat nə gözəldi deyirsən,
yaşamağa dəyər, mən bacararam deyirsən... Mən
belələrinə "bahar insanları" deyirəm. Ancaq
irəli səsləyər, ancaq gözəllik saçarlar
dünyamıza. Günəş kimi, gecəni aydınladan
ulduzlar kimi, ay kimi... Yaxşılıq üçün
yarananlar...
Tofiq Rüstəmov 1953-ildə 1 nömrəli Quba
şəhər beynəlmiləl məktəbində orta təhsilini
başa vurduqdan sonra uşaqlıqdan arzusunda olduğu peşəyə
yiyələnmək üçün Bakıya yollanır.
Azərbaycan Dövlət Universiteti Filologiya fakültəsinin
Jurnalistika şöbəsində təhsil alır və
oranı fərqlənmə diplomu ilə bitirir.
1958-ci ildə "Uçitelskaya qazeta"nın Azərbaycan
SSR üzrə xüsusi müxbiri kimi iş həyatına
addım atan Tofiq Rüstəmov müxtəlif yerlərdə
jurnalistik fəaliyyətini davam etdirərək saysız
publisistik yazıların, elmi məqalələrin müəllifi
kimi tanınmağa başlayır. Onun jurnalistik istedadı nəzərdən
qaça bilməzdi. Həm gözəl tərcüməçi,
həm gözəl dil qabiliyyəti olan bir insanı hər
yerdə uğur gözləyirdi. Tezliklə onu Radio-televiziya
komitəsinə tərcüməçi kimi dəvət edirlər.
Sonrasa redaktor, baş redaktor vəzifəsinə yüksəlir.
Çox zəhmətkeş insandı Tofiq müəllim.
Haralarda işləməyib, haralara qatqısı olmayıb ki.
Hər bir insana nümunə göstəriləcək xarakterə
malik olan adam...
Pedaqoji fəaliyyətə 1970-ci ildə başlayan
Tofiq müəllim aspiranturanı bitirdikdən sonra tezliklə
namizədlik, sonrasa elmi işini genişləndirərək
professorluq dərəcəsinə yüksəlib. 1979-cu ildən
jurnalistika fakültəsinin dekanı təyin edilib.
Birinci kursu bitirəndə bizi rayon qəzetlərinə
təcrübəyə göndərdilər. Qrup
yoldaşım Sevdayla Cəbrayıl rayonunda çıxan qəzet
redaksiyasına təcrübə günlərinə
yollandıq. Mən ordan olduğum üçün tələbə
yoldaşımla bizə getməyə qərar verdik. Təcrübədə
olduğumuz günlərdə redaktor, rəhmətlik Sirac
Rüstəmov bizi kəndlərin birinin mağazasına
göndərdi. Şikayət var, dedi. Gedin müfəttişlə
baxın, dəyərləndirin və bir felyeton yazın.
Doğrusu, ilk dəfəydi ki, belə bir
tapşırığa gedirdik ikimiz də. Bir-birimizin
üzünə baxdıq. Nəsə, gedib olanları
görüb, felyetonu da yazdıq.
Yazmağına yazdıq, ancaq arxamızca şikayət
gəldi universitetə. Yenicə dərs ili
başlamışdı ki, Tofiq müəllim məni
yuxarı çağırdı. Yəni dekanatlığa. Təəccübləndim,
doğrusu. Heç zaman məni dekanatlığa
çağırmazdılar axı. Fikirləşdim ki, hər
halda nəsə var. Yuxarı qalxanda, sözün düzü,
çox həyəcanlandım. Məni görən kimi
gülümsədi:
- A qızım, nə yaman qəzəbləndirmisiniz
yerlilərinizi?
Təəccüblə baxdım üzünə:
- Nə olub ki, müəllim?
- Nə olacaq, sizdən şikayət yazıblar ki, sizi
universitetdən xaric edək. Olanları doğru yazmayıblar
deyirlər. Rektoratlıq bizə göndərib işi.
Doğrusu, çox qorxdum. Ancaq heç bir doğru
olmayan işi yazmadığıma görə özümü
ələ aldım:
- Professor, biz ora müfəttişlə getmişdik.
Onlar da hadisələrə şahiddilər və
protokoları imzalamışdılar.
Yenə gülümsədi:
- Sən elə bilirsən onların yazdıqlarına
inandıq biz? Yaxşı bilirəm, sizin doğru
yazdığınızı. Narahat olma, həll edəcəyik.
Get, rahat dərsinlə məşğul ol, dedim ki, biləsən.
Bu gün və gələcək üçün
milli jurnalistikamızda professor Tofiq Rüstəmovun yerini,
mövqeyini və sanbalını belə müəyyənləşdirmək
olar: mətbuat tariximizin və jurnalistika nəzəriyyəsinin
gözəl bilicisi və tədqiqatçısı,
ensiklopedik görüşə malik tərcüməçi,
tele-radio jurnalistikası, tərcümə sənəti nəzəriyyələrinin
ilk yaradıcılarından biri, ana dilimizin saflığı
və təmizliyi keşiyində duran təəssübkeş
redaktor, mətbuat işinin bacarıqlı təşkilatçısı,
gənc jurnalistlərin xeyirxah tərbiyəçisi və
hamisi...
Onunla uzun illər birgə işləmiş, professor
Akif Rüstəmovun dedikləri:
- Tofiq müəllim ambisiyasız, səmimi adam idi. Elə
ona görə də, heç kimlə şəxsi
münaqişəsi yox idi. Fakültədə bəzən
elmi mübahisələrdə özünü çox təmkinli
aparırdı. Tofiq müəllim hətta tələbəyə
irad tutanda da sakitcə ona
nöqsanını başa salardı, səsini
qaldırmazdı. Mən onun müavini olanda bir daha hiss etdim
ki, bu insan yaxşılıq eləmək üçün
dünyaya gəlib.
Bir hadisəni yada salım. Rektorluğa təcili məktub
göndərməliydik, onu mən yazıb hazırladım,
verdim imzalasın, aradan iki gün keçməsinə
baxmayaraq, məktubu imzalamamışdı. Dedim, təcili bu məktubu
göndərməliyik. Üzümə baxdı və sakitcə
dedi:
- Oxu, gör harada səhv buraxmısan. Oxudum, səhv
tapmadım. O yazını mənə təkrar bir heçə
dəfə oxutdurdu, səhv tapmadım. Gülümsəyib
dedi imzaya bax, baxdım. Sən demə, dekan Tofiq Rüstəmov
əvəzinə, Akif Rüstəmov yazmışdım. Tofiq
müəllim vaxtsız dünyasını dəyişdi.
Allah rəhmət elısin! Məkanı cənnət olsun!
Bəli, bu gözəlliyi ailədə də
özünü göstərirdi: Gözəl ailə
başçısı, mehriban və qayğıkeş
ataydı Tofiq müəllim. Qızı Sevinclə söhbət
zamanı onun evdə özünü necə
apardığını soruşdum. Sevinc xanım tərəddüd
etmədən dedi:
- Ailədə iki uşaq olmuşuq - Abbas və mən.
Atamı hər gün yad edirik, hələ də yoxluğu ilə
barışa bilmirik. Ailədə çox mehriban,
qayğıkeş idi. Aramızda heç fərq qoymazdı.
O, tək valideyn deyil, həm də gözəl dost, məsləhətçi
idi.
Tofiq Rüstəmovun etdiklərini sayıb bitirmək
olmur belə bir yazıda. Bütün media
mükafatlarını aldığından, konfranslarda
iştirakından, yazdığı dərsliklərdən,
elmi məqalələrdən və işlədiyi yüksək
vəzifələrdən, Ali Sovetin deputatı olduğu
zamanlardan, redaktor fəaliyyətindən, Jurnalist Sənətkarlığı
İnstitutunun rektorluq vəzifəsindən saatlarla
danışmaq olar.
Son kursda olanda rəhmətlik Famil Mehdinin rəhbərliyi
ilə diplom işi yazırdım. Mövzu ilk dəfəydi,
işlənirdi: "Ədəbiyyat və incəsənət"
qəzetində dəyirmi stol arxasındakı söhbətlər".
Heç bir ədəbiyyat yoxdu istifadə etməyə. Fikirləşdim
ki, bir o qədər səhifəni necə yazacağam.
Yuxarı çıxıb Famil müəllimə mövzunu dəyişmək
istədiymi bildirdim. Danışığımızı
eşidən Tofiq müəllim dedi:
- Dəyişmə, qızım, bilirəm ki,
bacaracaqsan. Təmkinli ol, səni yaxşı tanıyıram,
mətbuatdakı yazılarını izləyirəm.
Doğrudan, onun belə sakit və ümidverici sözləri
məni ruhlandırdı. Diplom işimi yazdım və əla
qiymətləndirildi. Son günlərimizdi universitetdə. Məni
görüb dedi:
- İstərdim o diplom işini böyüdüb elmi
iş müdafiə edəsən. Oxudum, çox xoşuma gəldi..
Nə qədər gözəl insandı, nə qədər
mərhəmətli və qayğıkeşdi. Allah məqamın
cənnət eləsin!
Və sizi heç unutmadıq, unutmuruq. Bizim qəlbimizdə
yaşayırsınız, bizimlə birgə
addımlayırsınız. Verdiyiniz dərslər, məsləhətlər
hələ də əlimizdən tutur çətin
anlarımızda, bahar insan!
Sizinlə bahara, yaşıl dünyaya
düşürük...
İstəyirəm, bunu biləsiniz...
Ulduz QASIM
Yazıçı-publisist, Moskva
525-ci qəzet .- 2024.- 31 oktyabr(№200).-S.12.