Maestro

 Yalçın Adıgözəlov-65

 

Bir neçə gün sonra - noyabrın 4-də Azərbaycan dirijoru, Bakı Musiqi Akademiyasınn dirijorluq kafedrasının professoru, Əməkdar incəsənət xadimi, Xalq artisti, "Şöhrət" ordenli Yalçın Vasif oğlu Adıgözəlovun 65 yaşı tamam olur.

Yalçın Adıgözəlov 1959-cu il noyabrın 4-də Bakıda, Qarabağ muğam məktəbinin parlaq nümayəndəsi, tanınmış xanəndə, Azərbaycanın Əməkdar artisti Zülfüqar (Zülfü) Səməd oğlu Adıgözəlovun oğlu, bəstəkar, pianoçu, ictimai xadim, pedaqoq, Qara Qarayevin ən parlaq tələbələrindən biri, Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi, Azərbaycanın Xalq artisti, Dövlət Mükafatı laureatı, professor, "Şöhrət" və "İstiqlal" ordenli Vasif Adıgözəlovun ailəsində dünyaya göz açıb. O, Azərbaycan incəsənətinin yaradıcıları olan musiqiçilərin - Niyazinin, Süleyman Ələsgərovun, Arif Məlikovun, Tofiq Quliyevin, Ramiz Mustafayevin, Oktay Zülfüqarovun, Əşrəf Abbasovun və digər tanınmış sənətkarların qonşuluğunda yaşayıb-böyüyüb, onlardan çox mətləblər əxz edib. Musiqinin incəliklərini ailədə atasından öyrənib, yaşadığı mühitin və bəstəkar atasının onun yetişməyində, şəxsiyyətə çevrilməyində böyük rolu olub. Maestronun özünün dediyi kimi, həyatda onu ən çox həyəcanlandıran, yaşadan musiqi olduğundan o, musiqidən başqa heç nə ilə məşğul ola bilməzdi.

Yalçın Adıgözəlov ilk musiqi təhsilini 8 yaşında olarkən konservatoriyanın nəzdində fəaliyyət göstərən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ifaçılığı üzrə alıb. Oranı bitirdikdən sonra təhsilini Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsində - o zaman Moskva Konservatoriyasının 2 fakültəsini bitirib, Azərbaycan Dövlət Konservatoriyasında həm vokal, həm də fortepiano kafedralarına rəhbərlik edən, böyük musiqiçi, professor Rauf Atakişiyevin sinfində davam etdirib. 1983-1984-cü illərdə Daşkənd Dövlət Konservatoriyasında opera-simfonik dirijorluğu fakültəsində, 1984-1989-cu illərdə Leninqrad (Sankt-Peterburq) Konservatoriyasının opera-simfonik dirijorluğu fakültəsində tanınmış professor İlya Musinin sinfində təhsil alıb, sonradan Vyana Musiqi və İfaçılıq Sənəti Akademiyasında professor Karl Esterrayxerin sinifində təcrübə keçib.

Yalçın Adıgözəlov 1989-cu ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, sonrakı 7 il ərzində orkestrin bədii rəhbəri və baş dirijoru olaraq fəaliyyət göstərib. O, keçmiş Sovetlər birliyində simfonik orkestrin ən gənc baş dirijoru kimi 1991-ci ildən  bumbuz, maaşı və proqramı olmayan Azərbaycan Dövlət Filarmoniyasında orkestrə rəhbərlik edib, ölkəmiz üçün ağır olan ictimai-siyasi illərdə aparıcı musiqi kollektivlərinin qorunub saxlanılması üçün əvəzsiz xidmətlər göstərərək çoxsaylı premyeralar təşkil edib, Azərbaycan bəstəkarlarının əsərlərinin dünyada fəal təbliğatçılarından olub, bir çox konserlər verib. O zaman simfonik orkestr tarixində ilk dəfə olaraq xarici qastrollara çıxıb və 100-dən çox dövlət konserti təşkil olunub. Maestronun sözlərinə görə, o illərdə Azərbaycanı dünyaya yalnız mədəniyyətlə tanıtdırmaq olardı. 

Yalçın Adıgözəlovun dirijorluğu və müəlliflərin iştirakı ilə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası 1991-ci ildə Moskva Konservatoriyasının böyük zalında Bakıda baş vermiş 20 Yanvar faciəsinin ildönümü münasibətilə bəstəkar Vasif Adıgözəlovun "Qarabağ şikəstəsi" oratoriyasını və Ələmdar Karamanovun "Stabat Mater" vokal-simfonik əsərini ifa edib.

2000-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dirijorun yozumunda milli və dünya bəstəkarlarının bir çox əsərləri ("Şəhrizad", "Romeo və Cülyetta", "Bolero", "Sevil", "Don Kixot", "Min bir gecə", "Natəvan", "Sehrli fleyta", "Aida", "Bohema", "Toska", "Karmen", "Yevgeni Onegin", "Aleko", "Nəsimi" və s.) tamaşaya hazırlanıb.

O, İstanbul Opera və Balet Teatrının simfonik orkestri, Rusiya Milli Orkestri, P.İ.Çaykovski adına Böyük Simfonik Orkestri, Sankt-Peterburq Filarmoniyasının Orkestri, ABŞ, İspaniya, Avstriya, Belçika və bir çox aparıcı simfonik orkestrləri ilə əməkdaşlıq edib və bir çox tanınmış musiqiçilərlə çıxış edib.

Məlumdur ki, bəstəkar Vasif Adıgözəlovun şair Teymur Elçinin sözlərinə yazdığı - aparıcı, solistlər, xor və simfonik orkestr üçün 7 hissədən ibarət "Qarabağ şikəstəsi" oratoriyası yüksək professional və bədii səviyyədə yazılmış möhtəşəm və monomental bir əsərdir. Respublika Dövlət Mükafatına layiq görülmüş bu əsərin Şuşada ifa olunması Vasif  müəllimin ən böyük arzusu idi. Əsər qələbəyə qətiyyət və inam ifadə edərək Azərbaycan xalqına himn kimi səslənib. Mahir dirijor Yalçın Adıgözəlov atasının bu arzusunu 2021-ci ilin mayında Şuşada - Cıdır düzündə keçirilən "Xarıbülbül" festivalında yerinə yetirib. İnsanları heyrətə gətirən bu ifanı Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da iştirak etdikləri konsertdə böyük tamaşaçı kütləsi sürəkli alqışlarla dəyərləndirib. Bu ifası ilə istedadlı dirijorumuz öz ifaçılıq qabiliyyətinin ən gözəl və səciyyəvi - yüksək professionallıq, sənətkarlıq və mahirlik xüsusiyyətlərini bir daha nümayiş etdirib. O, hər dəfə bu mürəkkəb və möhtəşəm əsəri çox orijinal bir tərzdə, parlaq üslubda özünə məxsus bir ustalıqla interpretasiya edir. Yalçın Adıgözəlovun dediklərindən: "Valideynlərimin də iştirak etdiyi "Qarabağ şikəstəsi" oratoriyasının premyerasının video görüntülərinə baxarkən atamın mənimlə necə fəxr etdiyini hiss etdim. Ümumiyyətlə, atam bütün əsərlərini mənə həvalə edirdi. Deyirdi ki, mənim əsərlərimi heç kim Yalçın qədər hiss edə bilməz. Bu, qan məsələsidir".

Yalçın müəllimin hər ifası mərhum bəstəkarın sözlərinin doğruluğunu sübut edir.

Professor Yalçın Adıgözəlov 30 ilə yaxındır ki, Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur. Azərbaycan milli dirijorluq məktəbinin formalaşmasında əməyi danılmazdır. Hazırda onun tələbələri respublikanın aparıcı dirijorlarıdır.

Maestro 2023-cü ilin sonunda H.Əliyev sarayının tabeliyində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsinə təyinat alıb.

Musiqi mədəniyyətindəki böyük xidmətləri və səmərəli fəaliyyətinə görə Yalçın Adıgözəlov "İlin ən yaxşı dirijoru" nominasiyasında "Humay" mükafatının ilk laureatı (1993), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2007), Azərbaycan Respublikasının Xalq artisti (2012), Prezident Mükafatçısı (2012, 2014, 2015), "İlin ən yaxşı musiqiçisi" nominasiyasında "Zirvə" mükafatı laureatı (2015) olub, "Şöhrət" ordeni (2019), "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı (2024) ilə mükafatlandırılıb.

Hər gün 90 nəfərlik orkestrə dirijorluq etmək, saatlarla dirijor pultu arxasında dayanmaq, musiqi alətlərinin dəqiq və yerində səslənməsinə nail olmaq, orkestrdə hərb sahəsində olduğu kimi yüksək səviyyədə nizam-intizam yaratmaq, tez-tez müxtəlif konsertlərdə, qastrollarda çıxış etmək dirijordan çox böyük zəhmət tələb edir. Xalqımızın fəxri, maestro Yalçın Adıgözəlov bu işin öhdəsindən bacarıqla gəlir.

Bir musiqisevər dinləyici və tamaşaçı olaraq əminəm ki, incəsənət tariximizə adını böyük hərflərlə həkk edən, musiqimizi ölkəmizdə və onun hüdudlarından kənarda böyük müvəffəqiyyətlə təmsil edən tanınmış dirijor, Əməkdar incəsənət xadimi, professor, Xalq artisti Yalçın Adıgözəlovun hələ uzun illər təntənəli və heyranedici konsertlərinin şahidi olacağıq.

Özünü bütövlüklə Vətənə və musiqiyə həsr edən, milyonlarla insanın sevgisini qazanmağı bacaran görkəmli sənətkar Yalçın Adıgözəlovu 65 illik yubileyi münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı, yaradıcılıq fəaliyyətində böyük nailiyyətlər, uğurlar arzu edirik.  

 

Solmaz RZAYEVA

ARETN Polimer Materialları İnstitutunun laboratoriya müdiri, dosent

525-ci qəzet .- 2024.- 31 oktyabr(№200).-S.11.