Milli musiqimizin keşiyində
Siyavuş Kərimi-70
Azərbaycan Milli Konservatoriyası milli ənənələrimizi,
milli irsimizi, milli mədəniyyətimizi qoruyub inkişaf etdirən,
bu missiyanı layiqincə daşıyan musiqi məbədidir.
24 ildir fəaliyyət göstərən bu təhsil
ocağının əsası mərhum Prezident - Ulu öndər
Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə
qoyulub, Musiqi Kolleci və İncəsənət Gimnaziyası
onun tabeçiliyinə verilib.
Ulu öndər o dövrdə artıq yetərincə
tanınmış, yenilikçi, gözəl bəstəkar
Siyavuş Kərimini yeni fəaliyyətə başlayan bu
musiqi məbədinə rektor təyin etdi. O gündən bu
günə qədər üzərinə düşən
missiyanın öhdəsindən layiqincə gələn Azərbaycan
Respublikasının Xalq artisti Siyavuş Kərimi sadəcə
bir musiqi təhsil ocağı deyil, bir mədəniyyət məbədi
yarada bildi. Azərbaycan Prezidenti İlham Əliyev 2006-cı
ildə Azərbaycan Milli Konservatoriyası kompleksinin tikintisinə
dair Sərəncam imzaladı. 2014-cü il fevralın 13-də
Azərbaycan Milli Konservatoriyasının indiki gözəl və
möhtəşəm binası hazır oldu. Binanın
açılışında Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva iştirak etdilər, yeni binada
yaradılmış muzey, kitabxana, auditoriya və konsert
zalları ilə tanış oldular, Milli Konservatoriyanın
professor-müəllim heyəti və mədəniyyət
xadimlərilə görüşüb onları təbrik etdilər.
Xalq artisti Siyavuş Kərimi və Milli
Konservatoriyanın idarə heyəti - prorektorlar, kafedra
müdirləri, ümumiyyətlə, rəhbərlik hər səhər
tələbələrin məşq prosesini izləyirlər.
Rektor tələbələrlə görüşür, elə
yerindəcə fikir mübadiləsi aparır. Bu xor və
orkestrlər demək olar ki, ölkədə keçirilən
beynəlxalq və rəsmi dövlət tədbirlərində,
bayramlarda iştirak edir, Bakıda fəaliyyət göstərən
müxtəlif dövlətlərin səfirliklərində tədbirlərə
dəvət alırlar. Tələbələrin konsert fəaliyyətinin
təməli elə tələbəlik illərindən
qoyulur.
Bu gün Konservatoriyada Azərbaycan mədəniyyətinin
çox tanınmış simaları pedaqoji fəaliyyət göstərirlər.
Burada tələbələr tanınmış sənətkarlardan,
musiqi sahəsinin
xiridarlarından dərs alırlar. Tələbələrin hərtərəfli
inkişafı üçün elmi konfranslar, musiqi saatları
keçirilir. Musiqi saatları konservatoriyanın ənənələrindən
biridir. Konservatoriya rəhbərliyinin təşəbbüsü
ilə ənənə halı almış musiqi saatları Tələbə
Gənclər Təşkilatı tərəfindən hər həftə
təşkil olunur. Burada müxtəlif kurslardan öz
istedadlarını nümayiş etdirmək istəyən tələbələr
çıxışlar edirlər ki, bu da onların öz
bacarıqlarını inkişaf etdirmələrinə
böyük zəmin yaradır.
Artıq neçə ildir ki, Azərbaycan Milli
Konservatoriyasında "Xalq çalğı alətləri"
festivalı keçirilir. Hər həftəsi bir musiqi alətinə
həsr olunan, yüksək səviyyədə keçirilən
festivala çoxlu iştirakçılar qatılırlar. Tədbirlər
adətən "Mədəniyyət" telekanalı tərəfindən
canlı olaraq yayımlanır və böyük əks sədaya
səbəb olur.
Azərbaycan Milli Konservatoriyasında musiqi günləri
ölməz sənətkarlarımızın yubileyləri,
xatirə günləri, ədəbi görüşləri
keçirilir, əlamətdar günlər qeyd edilir, konsertlər,
beynəlxalq elmi praktiki konfranslar təşkil olunur. Milli
Konservatoriyada fəaliyyət göstərən kafedralar hər
il iki dəfə hesabat konsertləri, festivallar, müsabiqələr
təşkil edirlər. Müsabiqələr nəzəriyyəçi
və musiqişünas tələbələr
üçün də keçirilir. Azərbaycan Milli
Konservatoriyası hər gün həyat qaynayan bir universitet
olmaqla yanaşı, həm də görkəmli sənətkarlar
və öz işinin biliciləri ilə əhatə
olunmuş bir təhsil ocağıdır. Azərbaycan Milli
Konservatoriyası bir çox türk dövlətlərinin
Milli Konservatoriyaları ilə əməkdaşıq
memorandumları imzalayıb. Həmin universitetlərdən
Milli Konservatoriyaya təcrübə üçün tələbələr
gəlir. Son günlərdə Kurmanqazı adına
Qazaxıstan Konservatoriyasının bir qrup tələbəsi
Azərbaycan Milli Konservatoriyasında təcrübə
keçib.
Əməkdaşlıq memorandumları ölkəmizin
mədəniyyət ocaqları və universitetləri ilə də
bağlanır. Belə təhsil ocaqlarından biri də
Naxçıvan Dövlət Universitetidir (NDU). Azərbaycan
Milli Konservatoriyasının professor və müəllim heyəti,
tanınmış sənətkarlar NDU-də ustad dərsləri
təşkil edirlər. Uzun illərdən sonra qürur yerimiz
olan müqəddəs torpağımız Xankəndidə fəaliyyətə
başlayan Qarabağ Universitetinə Milli Konservatoriyanın da
bir neçə nəfər əməkdaşı gedib, onlar
bu təhsil ocağında fəaliyyət göstərirlər.
Bu, Azərbaycan Milli Konservatoriyası ailəsi
üçün böyük iftixar və qürurdur.
Bu təhsil ocağında başlıca məqsəd
Azərbaycan milli musiqisinin, muğamın, milli musiqi alətlərimizin
qorunmasıdır: bu səbəbdən də Milli
Konservatoriyada milli musiqi alətləri laboratoriyası fəaliyyət
göstərir, muğam görkəmli sənətkarlarımız
tərəfindən yüksək peşəkarlıqla tədris
edilir, öz işinin, peşəsinin bilicisi olan istedadlı
professor-müəllim heyəti istedadlı gənclərin hərtərəfli
yetişmələri üçün əllərindən gələni
əsirgəmirlər. Bizim mənəvi dəyərlərimizdən
biri də milli musiqimizdir. Bayağı musiqilərdən,
anlamsız ifaçılardan uzaq olmaq, musiqimizi qorumaq
borcumuzdur. Azərbaycan musiqisini öz çalarlarında,
öz gözəlliyində tərənnüm edən bir nəsil
yetişməlidir. Azərbaycan Milli Konservatoriyasının
başlıca prinsipi də elə budur.
Azərbaycan Milli Konservatoriyasında mövcud
ab-havanı başda rektor Siyavuş Kərimi olmaqla burada
çalışan görkəmli
sənətkarlarımız yaradıblar. Rektor kimi Siyavuş Kəriminin
öz sənət dostlarına, tələbələrə,
personala olan diqqət və qayğısı danılmaz həqiqət
və reallıqdır.
2024-sü ilin noyabrın 9-da Siyavuş Kəriminin 70
yaşı tamam olur. Yubiley yaşının astanasında olan
Xalq artisti, professor, "Şərəf" və
"Şöhrət" ordenləri ilə təltif
olunmuş gözəl bəstəkar, bütün bu
titulların fonunda duran ali insani keyfiyyətlərə malik
Siyavuş müəllimə Azərbaycan Milli
Konservatoriyasının nailiyyətlərini bundan sonra da davam
etdirmək, yeni-yeni ucalıqlara yol açmaq yolunda uğurlar
diləyir, tanrının bəxş etdiyi ömür
payını ləyaqətlə yaşayan yubilyara
cansağlığı, xoşbəxtlik, pedaqoji fəaliyyətində
daha böyük uğurlar arzulayırıq. Qoy onun
yazdığı gözəl mahnıların, musiqi əsərlərinin
sayı daha da artsın, Azərbaycan Milli Konservatoriyası
bundan sonra da uca məqamlara yetişərək Siyavuş
müəllimi daima fərəhləndirsin.
Aysel FİKRƏT
525-ci qəzet .- 2024.- 31 oktyabr(№200).-S.10.