Milli Kitabxanada repressiya qurbanlarının xatirəsinə həsr olunmuş kitab sərgisi açılıb

 

Milli Kitabxanada repressiya qurbanlarının xatirəsinə həsr olunmuş kitab sərgisi açılıb

Milli Kitabxanada “30 Oktyabr - Ümumdünya Siyasi Repressiya Qurbanlarının Xatirə Günü” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Stalin repressiyası, sovet imperiyasının azərbaycanlılara qarşı repressiya və soyqırımı siyasəti, repressiyaya məruz qalmış tanınmış yazıçı və şairlərinin, teatr xadimlərinin və digər mütəfəkkir şəxsiyyətlərinin elmi-bədii yaradıcılığı, zindan həyatı və faciəli taleyindən bəhs edən Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

Qeyd edək ki, bu günün tarixi 1974-cü ildən keçmiş SSRİ-də məhkum olunmuş iki siyasi məhbusun həbsxanada belə təşəbbüslə çıxış etməsindən başlayır.

Azərbaycan da keçmiş SSRİ dönəmində siyasi repressiyalardan öz nəsibini almış ölkələrdəndir. 1920-ci illərdən başlayıb 30 ildən artıq davam edən repressiya nəticəsində Azərbaycanda öldürülənlərin sayının təxmini olaraq 70-120 min nəfər arasında dəyişdiyi ehtimal olunur ki, bunların da 29 mini ziyalılar idi.

 

525-ci qəzet .- 2024.- 31 oktyabr(№200).-S.9