Şair Hüseyn Kürdoğluya həsr edilmiş kitabın
təqdimatı olub
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda görkəmli şair, şərqşünas
alim Hüseyn Kürdoğlunun 90 illiyinə həsr olunmuş
“Silinməz sözdən izim” kitabının təqdimatı
keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbiri Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun baş elmi
işçisi professor Qəzənfər Paşayev açaraq
Hüseyn Kürdoğlunun Azərbaycan ədəbiyyatı
tarixində öz üslubu ilə seçildiyini söyləyib.
Bildirib ki, Hüseyn Kürdoğlu Səməd Vurğun poeziya
məktəbinin yetirməsidir. O, ömrünün sonunadək
Ədəbiyyat İnstitutunda çalışıb.
Şairin əslən Laçın rayonunun Əhmədli
kəndindən olduğunu söyləyən professor onun
“Ağ bənövşə” şeirindən bir bənd səsləndirib.
O, Hüseyn Kürdoğlunun bayatı janrına yeni nəfəs
gətirdiyini vurğulayıb, şairin şeirlərini əsasən
Vətən, Qarabağ sevgisi, məhəbbət, təbiət
və gözəlliyə vurğunluq ruhunda
yazdığını bildirib.
Professor bildirib ki, təqdimatı keçirilən
“Silinməz sözdən izim” kitabına şairin həyat və
yaradıcılığı haqqında elmi-publisistik məqalələr
və onunla bağlı xatirələr daxil edilib. Nəşrə
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Ədəbiyyatşünaslıqda
faydalı örnək” adlı ön söz yazıb.
Daha sonra ədəbiyyatşünas alim, professor Rafiq
Yusifoğlu şairlə tanışlığından
danışıb, 2014-cü ildə Hüseyn Kürdoğlu
haqqında məqalə yazdığını söyləyib.
Qeyd edib ki, Hüseyn Kürdoğlu yüzlərlə şeir,
poema, qəzəl, qoşma, bayatı yazıb.
Azərbaycan Mətbuat Şurasının sədri,
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə
çıxışında qeyd edib ki, Laçınsız,
Şuşasız, Ağdamsız illərin
ağrı-acısı ilə çoxsaylı bayatılar qələmə
almış Hüseyn Kürdoğlunun ruhu doğma
torpaqlarımız işğaldan azad edildiyi üçün
şaddır.
“Yaşıl dünya naminə həmrəylik ili”
çərçivəsində “Yaşılım,
yaşılım, hara gedirsən?” adlı kitab nəşr
etdirmək niyyətində olduqlarını söyləyən
Rəşad Məcid kitaba Hüseyn Kürdoğlunun da təbiətlə
bağlı şeirlərinin daxil ediləcəyini bildirib.
Digər çıxış edənlər görkəmli
şairlə bağlı xatirələrini
bölüşüblər.
525-ci qəzet .- 2024.- 31 oktyabr(¹200).-S.9