İşğal
zamanı Azərbaycana vurulmuş ekoloji ziyanın
hesablanması davam edir
Azərbaycanın Daşaltı Dövlət Təbiət
Yasaqlığı haqqında Əsasnamə təsdiq olunub.
Bununla bağlı Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Kollegiyası qərar qəbul edib. Əsasnamədə
Yasaqlığın fəaliyyət istiqamətləri,
xüsusi mühafizə rejiminin xüsusiyyətləri və
Yasaqlığın mühafizəsi müəyyənləşib.
Əsasnamənin ümumi müddəalarında qeyd edilib ki,
Daşaltı Dövlət Təbiət Yasaqlığı təbiət
komplekslərinin və ya onların komponentlərinin (nadir və
nəsli kəsilməkdə olan Bənövşəyi
güləbətin, Hirkan şümşəsi (Hirkan
pırkalı), Kürən güneyotu, Qarabağ
tülpanı, Qayalıq böyürtkəni, Nöqtəli səhləb,
Sağsağan gülxətmisi, Şoviç soğanı,
Şmidt tülpanı, Şuşa gəvəni, Şuşa vələsi,
Vələsyarpaq azat, İslandiya setrariyası, Dağ
ramalinası, Avropa vaşaqı, Avropa cüyürü,
Böyük qırğı, Adi uzunqanad, Enliqulaq
bükükdodaq, Cənub nalburnu və s.) qorunması və ya
bərpası, habelə ekoloji tarazlığın
saxlanması üçün xüsusi əhəmiyyət
daşıyan ərazidir.
Yasaqlığın ərazisi ölkə əhəmiyyətli
xüsusi mühafizə olunan təbiət ərazilərinə
aiddir və bu əraziyə xüsusi mühafizənin
hüquqi rejimi tətbiq edilir. Yasaqlığın torpaq və
su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən
qorumaq məqsədilə həmin ərazilərin
sanitariya-mühafizə zonaları müəyyən edilir. Sənəddə
qeyd edilib ki, xüsusi mühafizə olunan təbiət ərazilərinin
sxemləri əsasında Yasaqlığın
yaradılması və genişləndirilməsi
üçün torpaq sahələri müvafiq ehtiyat torpaq
fondunda saxlanılır və həmin ərazilərdə
torpaqların istifadəsinə məhdudiyyətlər qoyulur.
Əsasnamədə yasaqlığın fəaliyyət istiqamətləri
də müəyyənləşib. Belə ki, buraya təbiət
komplekslərinin və ya onların komponentlərinin
qorunması və ya bərpası, habelə ekoloji
tarazlığın saxlanılması, torpaq mülkiyyətçiləri,
istifadəçiləri və icarəçiləri tərəfindən
təsərrüfat fəaliyyətində müəyyən
edilmiş məhdudiyyətlərə əməl edilməsinin
təmin olunması, həmçinin elmi, mədəni, tədris
və məhdud təsərrüfat fəaliyyətlərinin həyata
keçirilməsi daxildir.
Bundan başqa, genetik fondun, bioloji müxtəlifliyin,
ekoloji sistemlərin, təbiət komplekslərinin və obyektlərinin
təbii şəraitdə bərpa edilərək
sağlamlaşdırılmasının və təbii vəziyyətinin
qorunub saxlanılması məqsədilə təbiət ərazilərinin
mühafizəsinin həyata keçirilməsi,
Yasaqlığın ərazisində ətraf mühitin və
təbii ehtiyatların dövlət monitorinqi çərçivəsində
ekoloji monitorinqin həyata keçirilməsi, müasir
yanaşmaların tətbiqi əsasında unikal meşə
fondunun və mühafizə olunan təbiət komplekslərinin
bərpasını təmin etməklə regionun
"yaşıl zona"ya çevrilməsinə töhfə
verilməsi nəzərdə tutulur.
Əsasnaməyə görə, yasaqlığın vəziyyətinə,
mühafizəsi, qorunması və bərpası üzrə tədbirlərin
yerinə yetirilməsinə, normativ hüquqi aktlarda nəzərdə
tutulmuş qaydalara və tələblərə əməl
olunmasına dövlət nəzarətini nazirliyin regional
orqanı həyata keçirir.
Qeyd olunub ki, yasaqlığın hüquqi və fiziki
şəxslərin idarəçiliyinə, istifadəsinə
və icarəsinə verilməsi qadağandır.
Yasaqlığın rejiminin pozulmasında təqsirkar olan
şəxslər qanunvericilikdə nəzərdə tutulan
qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti
daşıyacaqlar.
Xüsusi mühafizə olunan təbiət əraziləri
və obyektləri haqqında normativ hüquqi aktların tələblərinin
pozulması nəticəsində yasaqlığa vurulan zərər
Mülki Məcəllədə və təbiətin
mühafizəsi ilə bağlı digər normativ hüquqi
aktlarda nəzərdə tutulan qaydada ödəniləcək.
Daşaltı Dövlət Təbiət
Yasaqlığı haqqında Əsasnamədə nəzərdə
tutulan qadağalar da açıqlanıb. Yasaqlığın
ərazisində aşağıdakılar qadağan edilə və
ya məhdudlaşdırıla bilər: geoloji kəşfiyyat
və faydalı qazıntı işlərinin
aparılması, su, bataqlıq ərazilərinin qurudulması
və meliorativ işlərinin aparılması, bitki aləmindən
təsərrüfat məqsədilə, habelə biçənək
və otlaq kimi istifadə edilməsi. Ov və balıq ovu
(balıqartırma və elmi-tədqiqat məqsədləri ilə
balıq ovu istisna olmaqla), vəhşi fauna növlərinin təsərrüfat
məqsədilə istifadə edilməsi və ovlanması, ətraf
mühitə hər hansı kimyəvi, bioloji və fiziki təsirin
tətbiq edilməsi, kütləvi idman və tamaşa tədbirlərinin
keçirilməsi, çadırların qurulması və
tonqalların yandırılması, bina və
qurğuların, ümumi istifadə üçün
yolların, boru kəmərlərinin və digər
kommunikasiya xətlərinin tikintisi də bu sıradandır. Həmçinin
torpaqların şumlanması, yabanı bitkilərin
yığılması, kolleksiyaların toplanması,
xüsusi icazə olmadan bitki və heyvanları təbii
mühitdən ayırmaqla elmi tədqiqatların keçirilməsi,
kənd təsərrüfatının, sənayenin,
hidroenergetikanın, su nəqliyyatının və digər təsərrüfat
ehtiyaclarının suya olan tələbatının ödənilməsi
üçün yerüstü və yeraltı sulardan istifadə
edilməsi, oduncaq tədarükü, ikinci dərəcəli
meşə ehtiyatları tədarükü, meşədən
əlavə istifadə və ovçuluq təsərrüfatının
ehtiyacları üçün meşədən istifadəsi də
qadağan olunan hallardandır.
Ermənistan 30 ildən çox işğalı
altında saxladığı torpaqlarımızda böyük
ekoloji terror törədib. Bu illər ərzində
böyük meşə zolaqları qırılaraq və ya
yandırılaraq məhv edilib. İşğal illərində,
xüsusilə Vətən müharibəsi zamanı mənfur
düşmən tərəfindən meşələrin
yandırılması Qarabağın təbiətinə
böyük zərbə vurub. Eyni zamanda, bəzi ərazilərdə
torpaqlarımızın flora ilə zəngin olan üst
qatı yandırılıb və məhv edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Ətraf mühitin və təbii sərvətlərin idarə
edilməsi şöbəsinin müdir əvəzi Kənan Kərimli
deyir ki, işğaldan azad edilmiş ərazilərdə
aparılan monitorinq və qiymətləndirmələrə əsasən,
260311 hektar meşə fondu sahəsində sıx meşə
ilə örtülü 54327 hektar
yaşıllığın, eləcə də meşə
fondu torpaqlarına aid olmayan ərazilərdə isə 1
milyonadək müxtəlif cinsli ağac və kolların məhv
edildiyi aşkarlanıb. Məhv edilmiş meşə və
qeyri-meşə sahələrində aparılmış
monitorinqlər zamanı, ağac cinslərindən əsasən
palıd, çinar, sərv, akasiya, ağcaqayın,
göyrüş, fısdıq, cökə qoz, alma, ərik,
armud, tut və digərlərinə ciddi ziyan dəyib. Ot bitkilərindən
isə İtikənarlı süsən, Kamilla süsəni,
Kuznetsov əsməsi, Komarov birəotu, Qarabağ dağ laləsi,
Sağsağan gülxətmisi, Şoranyer
qarğasoğanı və digər bitkilərə də
böyük həcmdə zərərin vurulduğu müəyyən
edilib: "İşğal dövründə məhv
edilmiş yaşıllıqların və meşə sahələrinin
bərpası məqsədilə mina təhlükəsizliyi məsələləri
nəzərə alınmaqla, nazirlik tərəfindən ilkin
mərhələdə 2022-2026-cı illərdə 1400 hektara
yaxın ərazidə yeni yaşıllıqların
salınması və meşəbərpa tədbirlərinin həyata
keçirilməsi planlaşdırılıb. Zəngilan şəhərinin
girişində 55 ha, Ağdam rayonu ərazisində 11 ha, Cəbrayıl
rayonunda isə 74 ha sahədə yeni yaşıllıqlar
salınıb, 100 hektara yaxın meşə fondu sahəsində
əkin və səpin işləri aparılıb. 2024-cü
il ərzində isə 250 hektardan çox ərazidə
meşəbərpa tədbirlərinin keçirilməsi nəzərdə
tutulur. Biomüxtəlifliyin qorunması məqsədilə həyata
keçirilən reintroduksiyası layihələri çərçivəsində
Cəbrayıl rayonu ərazisinə 33 baş ceyran, eləcə
də Laçın rayonu ərazisinə 5 Şahin quşu və
4 baş Şərqi Qafqaz turu buraxılıb. Eyni zamanda,
işğaldan azad edilmiş ərazilərdə su
bioresurslarının artırılması məqsədilə
su hövzələrinə 1,1 milyonadək
qızılxallı forel və çəki cinsli balıq
körpələri buraxılıb. İşğaldan azad
edilmiş ərazilərdə yerüstü su
ehtiyatlarının qiymətləndirilməsi məqsədilə
10 çay üzərində 11 avtomat hidroloji stansiya, eləcə
də bu ərazilərdə hidrometeorloji vəziyyətin
öyrənilməsi məqsədilə 5 avtomat meteoroloji və
4 radioekoloji stansiya quraşdırılaraq isifadəyə
verilib".
Onun sözlərinə görə, işğaldan azad
olunmuş ərazilərdə aparılmış ilkin ekoloji
monitorinqlərə əsasən, 30 illik işğal
dövründə 54 min hektardan çox sıx meşə
örtüyünün, təbiət abidəsi statuslu 130-dan
çox çoxillik ağacın, meşə fonduna aid olmayan
ərazilərdə 1 milyonadək ağac və kol bitkisinin məhv
edildiyi, 50-dən çox mineral xammal yatağının istismar
edildiyi məlum olub. Hazırda qiymətləndirmə işləri
davam edir və proses başa çatandan sonra zərərin
yekun hesabatı hazırlanacaq: "Erməni işğalı
dövründə ətraf mühitə dəymiş zərərlərin
kompensasiya edilməsi məsələsi gündəmdədir.
Bundan başqa, ekosistemin, eləcə də bu ərazilərdə
sağlam ətraf mühitin yaradılması məqsədilə
məhv edilmiş meşə fondu sahələrinin bərpası,
yeni yaşıllıq massivlərinin salınması nəzərdə
tutulub. Eyni zamanda, xüsusi mühafizə olunan təbiət ərazilərinin
fəaliyyətinin bərpası və idarəetmənin təşkili,
eyni zamanda region üçün tarixən ənənəvi
hesab olunan fauna növlərinin, o cümlədən, su
bioresurslarının artırılması və bu ərazilərdə
mövcud olan yeraltı və yerüstü su
ehtiyatlarının düzgün idarə olunması ciddi əhəmiyyət
kəsb edir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2024.- 3 sentyabr.(№158).- S.15.