Əməkdaşlıq perspektivi vəd
edən sərgi
“Sərgi sənət bayramıdır”.
Düşünürəm ki, bu mədəni hadisənin
mahiyyətini sözügedən ifadə çox yaxşı
xarakterizə edir. Belə tədbirlər incəsənətə
yaxın insanlar üçün lazımi mühit yaradaraq,
ünsiyyət körpüsünə çevrilir. “QGallery”də
baş tutan RAK İncəsənət Fondunun rəssamlarının
əsərlərindən ibarət sərgi də sənətsevərləri
növbəti dəfə bir araya gətirdi.
Bəhreyn Krallığında fəaliyyət göstərən
RAK İncəsənət Fondu və paytaxtın məşhur
rəsm qalereyası olan QGallery ilə əməkdaşlıq
çərçivəsində təşkil edilən sərgi
özünəməxsus atmosferi ilə fərqlənə
bildi. Buna misal olaraq, tərtibat, tabloların düzümü,
əsərlərin seçilməsi kimi bir sıra vacib
nüansları qeyd edə bilərik.
Sərginin açılış mərasimində
çıxış edən RAK İncəsənət
Fondunun təsisçisi, rəssam Raşid Al Xəlifə bildirdi
ki, belə tədbirlərin davamlı şəkildə
keçirilməsi nəzərdə tutulur: “Bəhreyn rəssamlarının
istedadını QGalery və sənətsevərlərlə
bölüşmək fürsəti əldə etdiyim
üçün çox şadam. Düşünürəm
ki, bu əməkdaşlıq Azərbaycan və Bəhreyn
arasında ümumbəşəri sənət dili vasitəsilə
uğurlu mədəni mübadilələrin
başlanğıcı olacaq. Ümid edirik ki, Azərbaycan rəssamlarının
əsərlərinin də yaxın gələcəkdə Bəhreyndə
nümayişi baş tutacaq. Belə bir əməkdaşlığın
məqsədi bəhreynli sənətkarların zəngin
qobelenlərini Bakının canlı və rəngarəng incəsənət
səhnəsinə təqdim etməkdən ibarətdir. Bu isə,
incəsənət həvəskarları və
kolleksiyaçılara Bəhreyn müasir incəsənətinin
gözəlliyinə və əsərlərdəki fəlsəfi
yanaşmalar aləminə baş vurmaq üçün unikal
bir imkandır”.
“QGallery”nin təsisçisi Emin Məmmədov ölkələr
arasında mədəniyyətin inkişafı
baxımından rəssam Rəşid Əl Xəlifə və
RAK İncəsənət Fondu ilə əməkdaşlığın
əhəmiyyətini vurğuladı: "Rəssam Raşid
Al Xalifa və RAK İncəsənət Fondu ilə əməkdaşlığımız
incəsənətin beynəlxalq dostluq və mədəni
anlaşmanın daha geniş təşəkkül
tapmasının bariz sübutudur. Biz, hörmətli rəssam
Raşid Al Xalifa ilə bu nəcib amalın təşviqinin
qaçılmaz olduğu qənaətinə gəldik. Bu
gün Bəhreynin müasir incəsənət nümunələrinin
ümumi mənzərəsinin Bakıda
canlandırılmasından məmnunuq. İnanıram ki, bu
ölkələrimiz arasında gələcək mübadilə
və tərəfdaşlıq imkanlarının daha geniş
vüsət almasına təsir göstərəcək”.
Mərasimdə çıxış edən digər
incəsənət nümayəndələri də sərginin
əhəmiyyətindən danışarkən, sözügedən
fikirləri təsdiqlədilər.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyeva, Azərbaycan Prezidentinin köməkçisi,
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov
da iştirak edirdilər.
Açılış mərasiminin rəsmi hissəsi
yekunlaşdıqdan sonra qonaqlar nümayiş olunan əsərlərlə
tanış oldular. Tədbirin gedişatında imkan tapıb sərgi
iştirakçılarının fikirlərini öyrəndik.
Azərbaycan Rəssamlar İttifaqının sədri,
Xalq rəssamı Fərhad Xəlilov sərgidə
nümayiş olunan əl işləri ilə yaxından
tanış olduğunu bildirdi: “Əvvəla, onu qeyd edim ki,
Raşid Al Xəlifə ilə çox gözəl münasibətimiz
var. Biz danışmışıq ki, bəhreynli rəssamlarla
Azərbaycan rəssamları arasında əlaqələrin
qurulması istiqamətində bir sıra işlər həyata
keçirək. Sentyabrın sonunda onlarla aramızda
görüş olacaq və bizim rəssamların işləri
də Bəhreyndə nümayiş olunacaq. Bir sözlə, bu
görüşlər davam edəcək. Hazırkı sərgi
də yüksək səviyyədə təşkil olunub. Biz
Bəhreyndə olarkən rəssamların əl işləri
ilə tanış olmuşduq. Ancaq belə yığcam və
səviyyəli sərgi təşkil etmək asan məsələ
deyil. Burada işləri nümayiş olunan rəssamlar
çox geniş dünyagörüşünə malikdirlər.
Tablolar estetik olmaqla bərabər, həm də informativdir”.
Xalq rəssamı Sirus Mirzəzadə bildirdi ki, sərginin
özünəməxsus ruhu var: “Tablolarda ərəb ölkələrinin
ritmi saxlanılıb. Həmçinin müasir süjetlərə
də üstünlük verilib. Əsərlər boyakarlıq
üzərində qurulub. Tablolara baxanda insan xoş hisslər
keçirir. İşləri nümayiş olunan rəssamların
əksəriyyəti olduqca istedadlıdır. Mənə elə
gəlir ki, sərgi bu mühitlə çox uyğun gəlir”.
Xalq rəssamı Arif Hüseynov xarici rəssamlarla əməkdaşlığın
perspektivləri haqqında söz açdı: “Bu qalereya həmişə
yeni layihələrlə rəssamları sevindirir. Yenə
burada çox maraqlı sərgi açılıb. Bilirsiniz,
hər sənətçinin öz yaradıcılıq metodu
var. Cəmiyyət gərək rəssamlığın əlifbasını
bilsin ki, əsərdən zövq alsın. Artıq bizim cəmiyyətdə
də bu, yavaş-yavaş formalaşır. Sərgiyə
göstərilən maraq da bunun nümunəsidir. Belə sərgilərin
təşkili gənc rəssamların inkişafına
mühüm töhfə verir. Bu tədbirlər sayəsində
rəssamlarımız başqa mədəniyyəti təmsil
edən sənətkarların işləri ilə daha
yaxından tanış olurlar”.
Sərgidə rəssamlıqla yanaşı, digər
sahələrin nümayəndələri də iştirak
edirdilər. Geyim üzrə mütəxəssis Mirəli
Baxşıyev də həmin ziyarətçilərdəndir.
O bildirdi ki, sərgidə nümayiş olunan əsərlərinin
rəng koloriti çox maraqlıdır: “Sərgi haqqında
dostum məlumat verdi. Mən də eşidən kimi
böyük məmnuniyyətlə gəlmək istədiyimi
dedim. Bakıda belə tədbirlərin keçirilməsi
sevindirici haldır. Burada elə əsərlər var ki,
insanı çox düşündürür. Rəssamlıqda
belə bir məşhur yanaşma var ki, açıq rənglərdən
istifadə insan şüuruna müsbət təsir göstərir.
Fikir versəniz, burada nümayiş olunan əsərlərdə
də açıq rənglər xüsusi formada işlənib”.
Rəssam Ghada Hunji isə rənglərin təsadüfən
seçilmədiyini və hər detalın incəliklə
işlənildiyini qeyd etdi: “Bu gün burada olmaqdan çox məmnunam.
Sərginin təşkilatçılarına təşəkkür
edirəm ki, bizə öz əsərlərimizi Azərbaycanda
nümayiş etdirmək üçün şans yaradıblar.
Düşünürəm ki, belə sərgilər gələcəkdə
azərbaycanlı rəssamlarla sıx əlaqələrin
qurulması üçün zəmin yaradır”.
Sərgi iştirakçıları arasında gənclər
üstünlük təşkil edirdilər. Sərgiyə
dostları ilə qoşulan Georgi bildirdi ki, sərgiyə
yalnız yeni əsərlərlə tanış olmaq
üçün yox, həm də asudə vaxtlarını səmərəli
keçirmək məqsədilə gəliblər: “Mən
hazırda İngiltərədə təhsil alıram. Ancaq
Bakıda olduğum zaman belə tədbirlərdə
iştirak etməyə çalışıram. Buraya
dostlarımla gəlmişəm. Biz incəsənəti
çox sevirik. Burada olduqca maraqlı işlər var. Biz həm
yeni əsərlərlə tanış oluruq, həm də
maraqlı vaxt keçiririk”.
Georgi və dostları kimi mən də bu sərgidə
maraqlı vaxt keçirdim. Başqa ölkənin mədəniyyəti
ilə sənətkarların təqdimatında tanış
olmaqdan xüsusilə zövq aldım. Bir ad altında birləşən
əsərlərin hər biri özünəməxsus
xüsusiyyətləri ilə seçilirdi. Buna baxmayaraq,
gördüyümüz fərqliliklər xaos yaratmır, əksinə,
tabloların rəng həlli, verdiyi mesaj və
ardıcıllıq bir-birini tamamlayırdı.
İncəsənət ünsiyyət tələb
edir. Mədəni proseslərin davamlı olması
üçün sənət adamlarının ünsiyyəti
mütləqdir. Belə sərgilərin təşkili mədəni
proseslərin müsbət istiqamətdə inkişafına təkan
verir.
Axarıncı olsun!
Aytac SAHƏD
525-ci qəzet.- 2024.- 3 sentyabr.(¹158).- S.14.