Şəhidlik və qalibiyyətin ülvi vəhdəti

Azərbaycana zəfər qazandıran əziz şəhidlərimizin ailə üzvləri Türkiyənin zəfər bayramında

 

 

Avqustun 28-i gecə saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Ankaraya istiqamət götürən təyyarənin yolçuları sırasında Azərbaycana zəfər qazandıran şəhidlərimizin otuz nəfər ailə üzvü də yer almışdı. Şəhidlərimizin valideynlərindən və həyat yoldaşlarından ibarət heyət Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) və "Yaşat" Fondunun birgə təşkilatçılığı, Azərbaycanın milli aviadaşıyıcısı - "Azərbaycan Hava Yolları"nın tərəfdaşlığı ilə həyata keçirilən növbəti "Qardaş ailə" layihəsi çərçivəsində Türkiyə Respublikasının Zəfər Bayramını qeyd etmək üçün qardaş ölkəyə yollanırdı.

...Mütəvazi görünüşlü Ankaranın "büklüm-büklüm yolları" ilə qalacağımız otelə doğru sürətlə şütüyən avtobusda qarşımdakı oturacaqda əyləşmiş şəhid pilot Abbas Qasımovun anası Kifayət xanımın yaşlı gözlərlə, titrək səslə dediyi cümlələr səfərin ilk günündən dərin hüzn yükü ilə ürəyimdən asıldı: "Oğlum həmişə deyirdi ki, ana, təqaüdə çıxmağıma lap az qalıb, çıxan kimi ilk işim səni Türkiyəyə gəzməyə aparmaq olacaq. Sözündə durdu oğlum, Türkiyəyə gətirdi məni..."

Ta başlanğıcdan sonuna qədər qürur və kədərin çulğaşdığı səfər proqramını şəhid valideynlərinin, ocağında şəhid yadigarlarını böyüdən həyat yoldaşlarının göz yaşları müşayiət etdi. Hər fürsət düşdükcə övladlarının fəxarət dolu həyat və döyüş yolunu bölüşmək, onları xatırlayan, dəyər verən hər kəsə təşəkkürlərini bildirmək bu qüdsi insanların bundan sonrakı yeganə həyat missiyaları təsiri bağışlayır. Onlar üçün həyatın anlamı bundan sonra şəhid övladlarının adını yaşatmaq və güclü durmağa çalışaraq onların yadigarlarına sahib çıxıb, özlərinin də dedikləri kimi, baxışlarının lap dərinliklərində silinməz bir kədər gizlənən balaları mətin, savadlı vətəndaş kimi gələcək həyata hazırlamaqdan ibarətdir...

Zəngin səfər proqramının ilk günündə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər azərbaycanlı şəhid ailələrini nazirlikdə qəbul etdi. Türkiyə Ordusunun Baş Qərargah rəisi, ordu generalı Metin Gürak və bir sıra ali rütbəli hökumət məmurlarının da iştirak etdiyi tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyən nazir bildirdi: "Azərbaycan türkü sinəsində qanayan bir yara olan Qarabağın azadlığı üçün haqqına, hüququna və öz torpaqlarına sahib çıxmışdır. Sizlərin qəhrəman övladlarınız və həyat yoldaşlarınız, şanlı Azərbaycan Ordusunun igid əsgərləri böyük bir əzm, inanc və cəsarətlə şanlı bir dastan yazmış, türkün gücünü və qüdrətini bir daha dünyaya göstərmişdir. Bu gün Qarabağda Azərbaycan bayrağı dalğalanırsa, bu, başda əziz şəhidlər və qazilər olmaqla şanlı Azərbaycan Ordusunun hər bir fərdinin göstərdiyi igidlik sayəsindədir..."

Yaşar Gülər tarix boyunca sevinci və kədəri birlikdə yaşayan iki qardaş dövlətin çətin zamanlarda bir-birinə dəstək olduğunu xatırladaraq hər zaman çiyin-çiyinə mübarizə apardıqlarını qeyd etdi. O, azərbaycanlı şəhidlərin arasında Türkiyənin hərbi məktəb və akademiyalarından da məzunların olmasını qardaşlığın aydın nişanəsi kimi dəyərləndirdi.

Nazir belə görüşlərin Türkiyə və Azərbaycan arasında yaxın əməkdaşlıq və həmrəyliyi gündən-günə daha da artırdığını dedi, TÜİB-in rəhbəri Hüseyin Büyükfırata iki qardaş ölkənin əlaqələrinin dərinləşməsində mənəvi körpü rolunu oynadığına görə minnətdarlığını bildirdi.

Tədbirdə çıxış edən TÜİB-in rəhbəri Hüseyin Büyükfırat rəhbəri olduğu qurumun həyata keçirdiyi sosial layihələrdən, şəhid və qazi ailələri ilə bağlı mütəmadi fəaliyyətindən söz açdı: "TÜİB, uzun zamandır, Qarabağ müharibəsində şəhidliyə ucalan azərbaycanlı igidlərin xatirəsini yaşatmaq və ailələrinə dəstək olmaq məqsədilə sosial layihələr gerçəkləşdirir. 2020-ci ildə "Tək millət, tək ürək" Beynəlxalq İnsani Platformanın qurulması ilə bağlı təşəbbüsümü və təklifimi Türkiyənin həmin dövrdə Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral dəstəklədi. Həmin vaxtdan etibarən bu çərçivədə Türkiyənin Balıkəsir, Sivas, Bursa, Kayseri, Urfa kimi şəhərlərinə azərbaycanlı şəhid ailələri göndərilib və orada hörmət-izzətlə qonaq edilib. Adıçəkilən şəhərlərdə azərbaycanlı və türk şəhid ailələri "qardaşlaşmış ailə" statusu ilə əlaqələr qurublar və hazırda da bu, davam edir. İndiyədək 33 şəhər və rayonda 2300 şəhid və qazi ailəsi ziyarət edilərək dəstək göstərilib. Bu platformanın "Qardaş ailə" layihəsi çərçivəsində Azərbaycandan 23 şəhid ailəsinin 30 nəfər üzvü Türkiyənin 30 Avqust Zəfər Bayramını qeyd etmək məqsədilə Ankaraya gətirilib. Məqsədimiz iki qardaş ölkənin şəhid ailələrini görüşdürmək, kədərlərini paylaşaraq mənəvi yaxınlaşmalarını təmin etməkdir".

"YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov "Azərbaycan-Türkiyə sahəvi əməkdaşlığının sistemləşdirilməsi və dərinləşdirilməsinə dair fəaliyyət istiqamətləri və Azərbaycan-Türkiyə əməkdaşlığına dair" qəbul edilmiş Fəaliyyət Planı əsasında mütəmadi olaraq hər iki ölkədən şəhid ailə üzvləri ilə bağlı sosial layihələrin, eləcə də şəhid övladlarının iştirakı ilə keçirilən düşərgələr və yay məktəblərinin təşkilindən söz açdı. Fondun rəhbəri qurumun şəhid və qazi ailələrinin məişət şəraitinin yaxşılaşdırılması, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması, eləcə də müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqamətində fəaliyyət göstərdiyini Türkiyə milli müdafiə nazirinin diqqətinə çatdırdı.

Azərbaycanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov şəhidlərimizin rəşadətini göz yaşları ilə anaraq tarix boyu Azərbaycanın məruz qaldığı işğal və terror aktları haqqında danışdı.

Şəhid anaları görüşdə övladları haqqında xatirələrini bölüşdülər, nazirə şəhidlərin həyat və döyüş yolu haqqında yazılmış kitabları hədiyyə etdilər.

Hər kəsin kövrəldiyi, göz yaşlarının müşayiəti ilə keçən adıçəkilən görüşdən sonra riqqətə gətirən növbəti görüş 4-cü Ordu komandanlığında baş tutdu. Şəhid ailələri komandanlığın zabit və əsgər heyəti ilə səmimi şəraitdə nahar edib, söhbətləşdilər. Nahardan sonra ordu komandanı, general-mayor Ahmet Kurumahmut çıxışında bir çox səmimi məqamları dilə gətirdi, göz yaşları içində Türkiyə və Azərbaycan şəhidlərini anaraq kövrək hisslərini ifadə etdi: "Qonağa "xoş gəlmisən" deyərlər, amma siz qonaq deyilsiniz, bizim can bir, qan bir qardaşlarımızsınız. Biz ortaq taleyə malik qardaş xalqlarıq. Torpağımızın hər addımı üçün illər boyu şəhidlər vermişik. Azərbaycanlı şəhid ailələri həm də bizim ana-atamızdır, igid oğullar yetişdirdiyiniz üçün əllərinizdən öpürük!"

Protokola uyğun olaraq eyni masanı bölüşdüyümüz, özünün təbirincə təqdim etsək, konyalı mayor Osman Öncel söhbət əsnasında Azərbaycanı çox sevdiyini, yaxınlarda ailə üzvləri ilə bərabər, ölkəmizə səfərə gələcəyini bildirdi.

Ehtişamlı Prezident iqamətgahı kompleksinə (Cümhurbaşkanlığı Külliyesi) təşkil olunan ziyarət də şəhid ailələrinin ürəyincə oldu. Geniş və misilsiz interyeri, son dərəcə nəfis, heyrətamiz daxili dizaynı ilə seçilən iqamətgahda müxtəlif ölkə rəhbərlərinin Prezident Rəcəb Tayyib Ərdoğana bağışladığı hədiyyələrin sərgiləndiyi zalda Azərbaycan Prezidenti İlham Əliyevin həmkarına hədiyyə etdiyi Şuşanın Gövhərağa məscidinin maketi xüsusilə diqqət çəkir. Bu vəsilə ilə bir daha yalın əllə Şuşanı işğaldan qurtarıb yenidən bizə bəxş edən igid şəhidlərimizi, qəhrəman qazilərimizi dərin minnətdarlıqla yad etdik.

Layihə çərçivəsində Türkiyənin Gənclik və İdman Nazirliyində azərbaycanlı şəhid ailələrinin şərəfinə ziyafət təşkil olundu, ziyafətdə nazirliyin səlahiyyətli əməkdaşları şəhidlərin xatirəsinə olan sayğı və sevgilərini dilə gətirdilər...

Türkiyənin Zəfər Bayramı günü-avqustun 30-da səfər heyəti bayram mərasimlərinə Cəbəci Hərbi Şəhid Məzarlığını ziyarətlə başladı. Məzarlığın girişində bizi çağdaş Türkiyənin böyük qurucusu Atatürkün mənəvi qızı, ilk qadın pilot və İstanbuldakı iki böyük hava limanından birinə adı verilmiş Sabiha Gökçenin məzarı "qarşıladı". Məzar daşlarının üzərindən ən müxtəlif zamanlara aid - keçən əsrin 50-ci illərindən başlayaraq çağdaş dövrümüzədək müxtəlif vaxtlarda şəhidlik məqamına ucalan türk şəhidlərinin məhzun və məsum, amma eyni zamanda qətiyyətli, gözünü qırpmadan ölümə gedən simaları boylanır. Məzarlıqda son illərdə şəhid olmuş övladlarının qəbrini ziyarətə gələn xeyli sayda şəhid valideynləri və doğmaları gözə dəyirdi. Eyni boyda, eyni formada, üzərinə gül-çiçək əkilmiş şəhid məzarları hər qarışı qanla suvarılan torpağın sanki müvazinətini əbədi qorumaq üçün torpağa sancılmış dayaqlardır. Övladlarının məzarı üzərində yana-yana ağlayan türk şəhid analarına yaxınlaşıb onları qucaqlayan azərbaycanlı şəhid analarının ortaq dərdlə daha da doğmalaşdığının şahidi olduq, qəlbi yaralı və övladının qoxusuna həsrət qalan ana ürəklərinin bir-birinə anlayışlı, yanımcıl davranışı hamımızı qəhərləndirdi. Bu şəhid anaları ortaq dərdin "qohumlaşdırdığı" insanlar idi, onlar bir-birini lap uzaqdan - qəlblərinin yaralarından tanımışdılar.

Daha sonra bayram ziyarəti Hacı Bayram Vəli Məscidində şəhidlərin ruhuna duaların oxunması ilə davam etdi. Bayram namazı həmin gün cümə namazı ilə qovuşduğundan Hacı Bayram Məscidində qələbəlik idi, məscidin həyəti də, içərisi də ziyarətçilərlə dolub-daşırdı. Yüksək minbərdən şəhidlərin ruhuna duaların oxunması zamanı Qarabağda şəhid olan azərbaycanlı əsgər və zabitlərimizin də xüsusi anılması şəhid analarımızın ürəyindən xəbər verən bir nüans oldu.

Bayram gününün ən məxsusi görüşü isə azərbaycanlı şəhid ailələrinin Milli Müdafiə Universitetinin (Kara Harb Okulu) diplom və bayraq təhvil-təslim mərasimində iştirakı oldu. Mərasimə qatılmağın sevindirici və qürurlandırıcı olmasının bir səbəbi də səfər heyəti içərisində bir neçə şəhidimizin məhz bu mötəbər hərbi məktəbin məzunu olmaları idi.

Görüşün ən yaddaqalan məqamı isə mərasimdən sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın azərbaycanlı şəhid ailələri ilə bir araya gələrək, hər bir ailə üzvü və layihənin təşkilatçıları ilə görüşüb söhbətləşməsi idi. Daha sonra Türkiyənin Prezidenti ilə xatirə fotosu çəkildi və Rəcəb Tayyib Ərdoğan azərbaycanlı şəhid ailələrini Prezident iqamətgahında Zəfər Bayramı münasibətilə təşkil olunan konsertə dəvət etdi.

 

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet.- 2024.- 3 sentyabr.(№158).- S.13.