Vokalçı-pedaqoq Humay  

 

 

Adı Səməd Vurğunun məşhur "Dünya" şeirindən və unudulmaz Yusif Səmədoğlunun "Yeddi oğul istərəm" kinofilminin ssenarisindən ("Komsomol" poeması əsasında) ünvanını tapıb. Humay sözü ixtisasca filoloq-alim Tahir müəllimin, eləcə də xanımı Elnarənin ürəyini o qədər ovsunlamışdı, ailə qurandan dərhal sonra mütləq qız övladlarına bu adı qoyacaqlarına and içdilər və elə bir allı-güllü, barlı-bəhrəli payız günündə (10 oktyabr 1987-ci il) xoşbəxt ailənin qız uşağının dünyaya təşrifi hamını yerdən göyə qaldırdı. Ata-ananın şirin xəyalları gerçək yuxuymuş, çin oldu - Bakıdakı iri doğum evinin həyətindəcə baxışdılar: Humay adıyla böyüsün!

 

Artıq nə Cəlal var, nə də ki, Humay,

Nə ömrə acıyır, nə yaşa, dünya!

 

Bu misraların hələ fəlsəfi mahiyyətinə varmayan balaca Humay sanki od parçası idi. O, istər Bakıdakı 42 saylı tam orta məktəbdə (2002-2005-ci illər), istərsə də Bülbül adına orta-ixtisas musiqi təhsil ocağında (2002-2005-ci illər), daha sonra Əfrasiyab Bədəlbəylinin adını daşıyan 23 nömrəli musiqi məktəbinin (1995-ci il) fortopiano sinifində oxuyarkən xor solisti kimi şöhrət tapıb. Balacalıqdan "Pöhrə", "İstedadlar axtarırıq", "Bakı payızı" müsabiqələrinin qalibi olub, bir sıra beynəlxalq yarışmaların fəxri fərmanlarını alıb.

İstedadlı Humay iki konsertdə iştirakını isə heç vaxt unutmur. Birincisi Ümummilli lider Heydər Əliyevin iştirakı ilə o zamankı Prezident sarayında keçirilən konsertdir. 2001-ci ildə Roma Papası II İohanın Pavelin şərəfinə təşkil olunan tədbirdə Humayın ifası həqiqətən tamaşaçıları heyrətləndirib. İkincisi, Vasif Adıgözəlovun təşəbbüsü ilə şuşalı məcburi köçkünlərə həsr olunmuş konsert proqramıdır. Bu dəfə isə kiçik vokalçı pianoçu kimi çıxış edib və ustad dirijor Nəriman Əzimovun rəğbətini qazanıb. İndi həmin musiqi dəsti Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Qızıl fondu"nda saxlanılır.

Daim üstündə işləməyi xoşlayan, nadir səsini qoruyan Humay Aslanova 2005-ci ildən Bakı Musiqi Akademiyasında təhsilini davam etdirib. Ünlü sənətkar Natəvan Şeyxovadan, Xalq artisti Fidan Qasımovadan vokalın sehrini öyrənib, möcüzəsinə yiyələnib. Gənc solistdə sanki çalğı aləti səsinin, səs diapazonu isə çalğı aləti fortepianonun boyuna biçilib. Bunu Rauf Babayevin rəhbərliyi altındakı "Qaya" ansamblında və ayrı-ayrı televiziya kanallarında möhtəşəm çıxışları təsdiq edir.

Tanınmış vokalist 2014-cü ildən eyni zamanda pedaqoji cəbhədə qüvvəsini sınayır. Qara Qarayev adına İncəsənət Musiqi Məktəbində sənəti üzrə müəllim kimi fəaliyyət göstərib. İndi Humay Tahir qızı fəxrlə söyləyir ki, neçə-neçə talantlı ifaçı hazırlayıb, üz çıxarıb, onlar beynəlxalq müsabiqələrin qalibləri və laureatlarıdır. Humayın bu xidmətlərini məşhur bəstəkar, Xalq artisti Eldar Mansurov yüksək dəyərləndirib, haqqında Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə xoş sözlər söyləyib. Elə bu sınağın nəticəsidir ki, o, 2018-ci ildə beynəlxalq "Harmoniya" müsabiqəsində "Ən yaxşı vokal müəllimi" diplomuna layiq görülüb. Həmçinin "Var səsinlə" adlı gənc ifaçıların yarışmasında birinci yeri tutub. Bir müddət Bakı Xoreoqrafiya Kollecində əsas ixtisas fənnindən dərs deyib (2021-ci il).

Ən nəhayət, Humay Aslanova 7 may 2024-cü il tarixində ən böyük uğurlarından birinə imza atıb. Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü şərəfinə hazırlanan proqram çərçivəsində vokalçı-pedaqoqun "Humayla" adlı ilk solo-konserti baş tutub. Yüksək mütəxəssis rəyləri bunu Humayın yeni yaradıcılıq estafeti adlandırıb. "Dost" İnklüziv Yaradıcılıq Mərkəzində (gözdən əlil uşaqlara məxsus xüsusi təhsil ocağı) və Qara Qarayev adına İncəsənət musiqi məktəbində eyni istəklə çalışan bu püxtələşmiş vokalçı və çalğı ifaçısı hələ çox zirvələr fəth edəcək, konsert proqramları hazırlayacaq, istedadlar üzə çıxaracaq.

Onu da deyək ki, Humayın səsində əski Şirvan elatının nəfəsi var. Bu, bəlkə də genetik koddu, qanla-canla, ruhla pərvəriş tapıb. Bir az da "Şirvan şikəstəsi"nin nisgili zəngulələrinin alt qatında gizlənib. Axı, gənc sənətkarın ulu babaları da köklü-köməcli Şirvan torpağındandırlar. Deməli, səs qədim yurduna çəkib.

Bu qısa təqdimatdan sonra inanırıq ki, Mədəniyyət Nazirliyi Humayın vətənpərvərliyini, fəallığını, bacarığını, istedadını nəzərə alacaq, bu fədainin xidmətlərini bundan sonra da layiqincə qiymətləndirəcək.

 

Ağacəfər HƏSƏNLİ

525-ci qəzet.- 2024.- 3 sentyabr.(№158).- S.12.