Çirkab sularda bitən
tər çiçəklər
Esse
Tez-tez eşitdiyimiz bir deyim var: Qadın böyük qüvvədir.
Hətta o qədər çox eşitmişik ki, artıq
şablonlaşıb. Yaxşı, bəs şablon dediyimiz bu
deyim həqiqəti nə dərəcədə ifadə edir?
Ta əzəldən qadın hüquqsuz, gücsüz
bir varlıq kimi qələmə verilib. İllah da bizim
coğrafiyada. Onun gücünə inanmayıblar, amma qadın
özünün nələri dəyişməyə qadir
olduğunun fərqində idi. Gözlədi, inanaraq gözlədi.
İllər, uzun illər keçdi. Onun qüdrəti,
gücü bütün dünyaya yayıldı. Cəmiyyətin
qara çadrasına bürünmüş neçə-neçə
Sevillər onun gücünü, qüdrətini
ört-basdır edən çadranı cismindən və
ruhundan dəf etdi. Bir gül növü var, lotus. Bu gül
qaranlıq və çirkli suların altında kök
salır, səthə açılan çiçəyi isə
saf və gözəl olur. Eynilə Azərbaycan qadını
kimi...
Hə, bu xalqın qadınları dəfələrlə
sübut etdi öz ucalığını, qüdrətini. Bu
torpaq neçə Tomrislər, Sara Xatunlar, Züleyxa Seyidməmmədovalar,
Sona Vəlixanovalar, Leyla Məmmədbəyova, Şəfiqə
Axundova, Tahirə Tahirovalar yetişdirdi. Siyahı bununla bitmir.
Daha neçə azərbaycanlı qadın dünyada, ölkəmizdə
ilklərə imza atıb. Amma onu fərqləndirən, onun
qüdrətini, müqəddəsliyini sübut edən təkcə
o ilklər deyil, həm də sədaqətidir. Bu gün sədaqət
anlayışını qoruyub saxlamaq bir çoxları
üçün o qədər çətinləşib ki...
Amma bir geriyə boylanaq. O dövr nə qədər keşməkeşli,
nə qədər çətin olub. Hər şeyin
qarışıq olduğu bir vaxtda mənəvi dəyərləri
qorumaq bir o qədər çətin olur. Amma bizdə deyəsən,
tərsinədir. Hər şeyin əlçatan rahat olduğu
bir vaxtda mənəvi dəyərləri qorumaqda çətinlik
çəkirik. Qəribədir, qəribəyik...
"Əsl sədaqət ağır gündə bilinir"
deyən böyük Hüseyn Cavidin Mişkinazından
danışacam bu yazıda... Nə qəribə həyatdır.
Taleyin üzünə gülmədiyi bir vaxtda sən bir
neçə dəqiqə belə olsa, xoşbəxt olmağa
səbəb tapırsan. Mişkinazın sürgündə
olan Cavidini bir anlıq belə görməsi kimi bir xoşbəxtlik.
Qara buludların arxasında parlayan günəş şəfəqlərinin
buludları yarıb yer üzünü az da olsa,
işıqlandırması kimidir o xoşbəxtlik. Kiçik
bir xoşbəxtlik zülmətə bürünmüş qəlbinə
bir işıq salır, qaranlıqda boğulan ruhunu zərrə
qədər də olsa, nurlandırır.
1941-ci ildə Mişkinaz son məktubunda
yazırdı: "Burda hərdən yüzlərlə dustaq
azad edilir, ya da müddətlərini qısaldırlar.
Arxayın olun, mənə də növbə çatacaq".
Cavid çox yaxşı bilirdi ki, ona da növbə
çatacaq. Amma azadlıq növbəsi yox...
Mişkinazın acı taleyi çoxdan
başlamışdı. Hələ Cavid sağ ikən onun
yoxluğu ilə imtahana çəkildi. Cavidin payına
düşən bu ağrılı taledən Mişkinaz da
özünə pay götürdü. İstəyərək
seçdi bu yolu. Yoldaşlıq elə bu deyilmi? Sanki
Mişkinaz ömür-gün yoldaşının bu qədər
ağır yüklə yüklənməsinə tab gətirə
bilmirdi, qıymırdı. Bu səbəbdən özü də
o yükün bir hissəsini üstələndi və
ömrünün sonuna kimi o yüklə yaşadı. Onu
yaşadan elə, bəlkə də, o yük oldu. Cavidin
yükü. Axı Cavid yox idi, Caviddən geriyə qalan
ağrılar, acılar vardı. Mişkinaz o
ağrını, acını sevirdi. O ağrı-acı
Cavidinin bir parçası idi. Cavidin ölümündən
sonra onun əlindən tutan balaca bir tikiş maşını
idi. Elə bu yazını yazmağa məni təhrik edən
də o tikiş maşınının şəkli oldu. Həmin
şəklin altında yazılmışdı: "Hüseyn
Cavidin həyat yoldaşı Mişkinaz xanım bu tikiş
maşını ilə ailəsini dolandırıb. Onları
şəxsiyyət kimi yetişdirib". Nə qədər
qeyri-mümkün olsa da, özümü Mişkinazın yerinə
qoyaraq yaşadığı hər duyğunu hiss etmək isədim.
Bilmirəm, bacardım, ya yox. Amma bu cümlələri yazdıqca
qəlbimdə bir tufan qopur. Mişkinaz həyata tutunmaq
üçün özünə bir dayaq axtarırdı. Bəlkə
də, onun əlindən tutan təkcə o tikiş
maşınının dəstəyi idi.
Sökülmüş parçaları, paltarları hər
tikəndə bəlkə elə qəlbindəki yaraları
da tikirdi. Cavidin yoxluğuyla imtahana çəkilən
Mişkinazı həyat daha da yaralayırdı. Gözləmədiyi
bir vaxtda ona xəbər verirlər ki, Cavidi azadlığa
buraxıblar və bu gün qayıdır. Bunu eşidən
Mişkinaz dərhal vağzala qaçır. Sübh tezdən
gün batana qədər Cavidin yolunu gözləyən
Mişkinaz bir anda anlayır. Anlayır ki, onu aldadıblar,
anlayır ki, Cavid gəlməyəcək, anlayır ki, bu
zalım fələk Cavidin həm varlığında, həm
də yoxluğunda onun üzünə gülməyəcək...
"Qadın gülərsə
şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət
qadınla yüksələcək!"
Cavidin qadınınin üzü gülmədi, onun
timsalında nə Müşfiqin Dilbərinin, nə
Cavadın Şükriyyəsinin üzü güldü. Amma
bu xalq onların sayəsində yüksəldi. Onlar öyrətdi
bizə qadının kimliyini, mənliyini. Onlardan öyrəndik
qadının qüdrətini. Adət etmişik bu torpaq, vətən
uğrunda özünü fəda edən kişilərlə
qürur duymağa. Amma onların arxasında dağ kimi
dayanan, ömrünün son anına kimi sədaqətini, ismətini
qoruyan qadınlarımız var. Bax o qadınlar ayrı bir
qürur mənbəyidir...
Ləman İLKİN
525-ci qəzet.- 2024.- 3 sentyabr.(№158).- S.12.