Fətəli xan
Əfşar
"Qarabağın
dostları və düşmənləri" silsiləsindən
On səkkizinci yüzilliyin ortalarında Nadir
şahın yaxın qohumu, Urmiya hakimi Fətəli xan Əlimərdan
xan oğlu Əfşar başqa xanlar kimi İranda
yaranmış hakimiyyət böhranından öz xeyri
üçün istifadə etməyə
çalışırdı. Vaxtı ilə Nadir şahın
ən etibarlı və igid sərkərdələrindən
olmuş Fətəli xan bütün ömrü boyu onunla
birlikdə müxtəlif müharibələrdə -
Qarabağa, Şirvana, Dağıstana, Gürcüstana,
Buxaraya, Əfqanıstana və başqa yerlərə hərbi
səfərlərdə iştirak etmiş, xüsusilə də,
Kəlatın və Qəndəhar qalalarının
alınmasında şücaət göstərmişdi. Ona
görə də Nadir şah 1739-cu ilin yazında Hindistan
paytaxtına yürüşə Fətəli xanı da
özü ilə aparmış, qoşunlarının
yükünü, təchizatını və
avadanlığının qorunmasını ona
tapşırmış, eyni zamanda çərxçibaşı1
(hərbi əməliyyat zamanı çərxçilərin
- ordunun ön dəstəsinin komandanı) rütbəsində
qoşun sərkərdəsi təyin etmişdi. Hindistanın
fəthindən sonra Nadir şah qələbənin əldə
edilməsində sərkərdələrinin və
döyüşçülərinin fəaliyyətini qiymətləndirərkən
şücaət və qəhrəmanlıq göstərənləri,
o cümlədən, Fətəli xanı da böyük səxavətlə
mükafatlandırmışdı.
Bütün bunlar onu İran hökmdarının
gözündə ən etibarlı adama çevirmişdi.
Nadir şah öz yaxın qohumlarından heç kəsə
inanmadığı halda, həmişə Fətəli xana
arxalanır, hətta ən ağır anlarda belə, ailəsinin
taleyini ona tapşırırdı.
Nadir şahın hökmranlığının son
dövrlərində İranın bir çox əyalətlərində
hökumətə qarşı üsyanlar baş verirdi. Və
şah da bu üsyanları yatırmaq üçün həmişə
Fətəli xanı göndərirdi. 1744-cü ildə
Ağsuda və Şamaxıda ləzgilərin təhriki ilə
başlanmış üsyan, az qala, bütün Şirvanı
bürümüşdü. Ona görə də şah Fətəli
xanın başçılığı ilə Şirvana dərhal
qoşun dəstələri yeritmiş və qısa müddət
ərzində bu üsyanlar yatırılmışdı. Elə
həmin ilin oktyabr ayında Nadir şah Fətəli xanı
on beş min nəfərlik qoşunla Azərbaycan vilayətinə
göndərmiş və o, burda da başlanmaqda olan
iğtişaşların qarşısını vaxtında
ala bilmişdi. Ona görə də Nadir şah
ölümündən bir az əvvəl bütün Azərbaycan
vilayətinin hakimliyini Fətəli xana
tapşırmışdı... Bəzi tarixçilər belə
bir fikir söyləyirlər ki, əgər 1747-ci ildə Fətəli
xan Nadir şahın yanında olsaydı, onun qorxusundan
heç kəs şahın həndəvərinə belə,
dolana bilməz və ona sui-qəsd də edilməzdi.
Nadir şahın ölümündən sonra Fətəli
xan Əfşar düz on altı il Urmiya vilayətini idarə
etməklə məşğul oldu. Həmin illərdə
Naxçıvanda, Təbrizdə, İrəvanda, Gəncədə,
Şəkidə, Şamaxıda, Tiflisdə və sair yerlərdə
ağır vergi sistemindən cana doymuş xalq kütlələri
üsyana qalxdılar. Bəzən, hətta bu üsyanlara vergi
alanların özləri də, yəni iri feodallar və xanlar
da qoşulurdu. İrəvanda baş verən üsyana yerli
feodal Mir Mehdi xan başçılıq edirdi. Ölkədəki
üsyanlardan, özbaşınalıqlardan istifadə edən
Mir Mehdi xan köhnə Çuxursəd bəylərbəyliyinin
böyük bir ərazisində müstəqil bir xanlıq
yaratmış və bununla kifayətlənməyərək
qonşu xanlıqların ərazilərinə də göz
dikmişdi.
1748-ci ilin əvvəllərində Mir Mehdi xan Urmiya
xanlığına basqın etdi və Fətəli xan
özündən çox-çox güclü rəqibinə
məğlub olaraq xanlığının ərazisinin
böyük bir hissəsini ona güzəştə getməyə
məcbur oldu və ondan asılı vəziyyətə
düşdü.
Elə bu vaxt İranda yeni bir tarixi sima da peyda oldu.
Vaxtı ilə Nadir şahın ən cəsur sərkərdələrindən
hesab olunan, əsasən, əfqanlardan və özbəklərdən
təşkil olunmuş hərbi qüvvələrin
başçısı Azad xan Əfqanlı həmin
iğtişaşlardan istifadə edərək müvəqqəti
də olsa, bir sıra cənub xanlıqlarını
özünə tabe etdi və özünü
"şah" elan edib, Təbrizi paytaxt seçdi. Fətəli
xan da yaranmış bu qarışıqlıqdan istifadə
etmək qərarına gələrək özünü Azad
xanın tərəfdarı kimi qələmə verdi və
Mir Mehdi xandan intiqam almaq məqsədilə Azad xanın hərbi
gücündən istifadə etməyi qərara aldı. Fətəli
xan "təzə şah"ın qılığına girərək
onu ələ ala bildi və birlikdə qəflətən
İrəvana hücum etdilər. Birləşmiş
qoşunlar şəhəri asanlıqla tutdular. Bu
yürüşdə əfqan qoşunlarını Fətəli
xanın sərkərdələrindən biri müşayiət
edirdi. Şübhəsiz ki, bu hücumda Azad xanın əsas məqsədi
qənimət əldə etmək, Fətəli xanın məqsədi
isə irəvanlılardan intiqam almaq idi...
Kərim xan Zənd Azad xanı İrandan
uzaqlaşdırandan sonra Fətəli xanın sanki əl-qolu
açıldı. O, tam sərbəst şəkildə
heç kəsdən asılı olmadan
xanlığını möhkəmləndirməyə və
hərbi qüvvəsini artırmağa başladı. 1758-ci
ildə şahlıq səltənətinin iki əsas
iddiaçısından biri - Məhəmmədhəsən
xan Qacar qətlə yetirildi. Fətəli xan da ölkənin
qərbində baş qaldıraraq bütün Azərbaycan
vilayətlərini ələ keçirib, bununla da demək istədi
ki, ey xanlar, gözünüzü açın, ətrafınıza
yaxşı-yaxşı baxın, mən də varam, Nadir
şahın qohum-əqrəbası, yaxın adamları hələ
ölməyiblər, yaşayırlar!
Şahlıq iddiasına düşən Fətəli
xan Əfşar hərbi gücünü bir qədər
artırdıqdan sonra Səfəvi dövlətləri sərhədləri
daxilindəki xanlıqları özünə tabe etmək
haqqındakı niyyətini həyata keçirməyə
başladı. İlk növbədə, xanlıqların və
əyalətlərin başçılarına hədə-qorxu
ilə dolu müraciətnamə göndərdi. Müraciətnamədə
deyilirdi: "İran əhalisinə Nadir şahın elədiyi
zülm və zorakılıq həddini aşmışdı.
Onun işləri Allah-Təalanın xahişinə uyğun
deyildi. Bir çox İran qəhrəmanlarının cəsarətli
zövqlərinə uyğun gəlmədi. Onu
öldürdülər. İndiyə qədər Nadir
şaha sui-qəsd edilməsindən müəyyən müddət
keçib. Bu qısa vaxtda İran sərkərdələri
bir neçə nəfəri padşahlıq taxtında
otuzdurub və götürüblər. Məlum deyil ki, iş
nə ilə qurtaracaq. Bunu yazıram ki, o yüksək məqamlılar
da bu xeyirxahla müttəfiq olsunlar ki, Azərbaycanı və
İranı özümüzə tabe edək və miskinləri
qorumaqla məşğul olaq!" (H.Dəlili. Azərbaycan SSR
Elmlər Akademiyasının Xəbərləri. Tarix, fəlsəfə
və hüquq seriyası, 1975-ci il, №1).
Fətəli xanın yeganə qorxusu gündən-günə
hərbi və iqtisadi qüdrəti artan Qarabağ
xanlığından idi. Pənahəli xan Cavanşirin
düşmənləri üzərində bir-birinin ardınca
qələbə çalması onu yaman təşvişə
salmışdı. Fətəli xan gələcəkdə
böyük təhlükə olmasın deyə, ilk növbədə,
Qarabağ xanlığını özünə tabe etmək
fikrində idi. Ona görə də itaət etmək tələbi
ilə vəziri Mirzə Məhəmmədcəfər
İmanlının başçılığı ilə Pənahəli
xanın yanına elçilər göndərdi. Onlar Fətəli
xanın müraciətnaməsini Pənahəli xana da təqdim
eləyib, cavabını gözlədilər. Urmiya hakiminin bu
həyasız və yekəbaş təkliflərini bəzi
müstəqil xanlıqların başçıları kimi Pənahəli
xan da qəbul etmədi. Fətəli xanın göndərdiyi
elçiləri kobud və ağır cavablarla çox sərt
qarşılayıb, əliboş geri qaytardı. Pənahəli
xanın cavabından qeyzlənən Fətəli xan
Qarabağa hücuma hazırlaşmağa başladı.
Qonşu əyalətlərdən də qoşun topladı və
nəhayət, 1762-ci ilin payızında, Pənahəli xan
öz ordusunun əsgərlərini evə buraxan zaman vaxtilə
Qarabağdan qaçıb, özlərinə Gürcüstanda
sığınacaq tapmış Çiləbörd və
Talış məlikləri - Məlik Hətəm və Məlik
Usubun "sifarişi ilə" Fətəli xan qırx min nəfərlik
seçmə qoşunla güclü hücuma keçərək
Pənahabad qalasının yaxınlığına gəlib-çıxdı.
Ballıca və Xocalı çayları arasındakı
geniş bir düzənlikdə düşərgə
saldılar, səngər1 (Həmin səngər indiyə qədər
də xalq arasında "Fətəli xan səngəri"
adı ilə məşhurdur) qazıldı, lakin uzun müddət
Qalaya hücum etməmək qərara alındı. Urmiya xanı başqa yerlərlə Pənahabadın
iqtisadi əlaqələrini kəsmək üçün ətraf
kəndləri viran elədi, əhalini var-yoxdan
çıxardı. Gürcüstandan Qarabağa qayıdan erməni
məlikləri Fətəli xana qoşuldular, onun tərəfdarı
olduqlarını bildirdilər, ərzaqla kömək etdilər,
bu yerləri yaxşı tanıdıqlarına görə bələdçiliyi
də öz boyunlarına götürdülər. Üstəlik,
xeyli silahlı qüvvə toplayaraq Fətəli xanın sərəncamına
verdilər. O isə məliklərlə belə şərtləşdi
ki, Qalanı tutandan sonra Pənahəli xanı onlara verəcək
və bu ermənilər də xanla istədikləri kimi rəftar
edəcəklər.
Nəhayət, altı ay keçəndən sonra Fətəli
xan bütün qüvvələrini səfərbərliyə
alıb, Pənahabad üzərinə qəti hücuma
keçdi. İran və erməni qoşunları çox
çətinliklə Qarqar çayı boyunca irəliləyərək
Qara qaya və "Kəhər" adlı yüksəkliklərə
dırmaşıb, Qalanı mühasirəyə aldılar.
Şəhərə gedən yollar bağlandı, hərbi
sursat və azuqə get-gedə azaldı, yeni problemlər
yarandı. Lakin Pənahəli xanın müdafiəyə
hazırlaşması və şəhərin möhkəm
divarlarla əhatə olunması iranlıların qalanın
alınması işini çətinləşdirirdi.
Gəncə darvazası taybatay açıldı. Pənahəli
xanın igid və təcrübəli sərkərdəsi Qara
Murtuza bəyin dəstəsi düşməni qala
divarlarına qədər buraxaraq arxadan hücum elədi.
Toplardan atəş açıldı, yer-göy lərzəyə
gəldi. Top atəşləri ardınca Qarabağ süvariləri
isə əks hücum əmri gözləyirdilər. Nəhayət,
əlverişli məqam çatanda Pənahəli xanın gur
səsli əmri eşidildi.
Qala qapısından çıxıb, qartal kimi
düşmən qoşunları üzərinə
şığıdılar. Fətəli xanın qoşunu pərən-pərən
düşdü. Qarabağlılar iranlıları və erməniləri
mühasirəyə alıb, darmadağın etdilər.
Qarabağ tarixinin şanlı səhifələrindən olan
bu döyüşdə Fətəli xan Əfşar və ermənilər
iki minə yaxın itki verdilər. Çoxlu atlı və
piyada əsir alındı, xeyli ərzaq və
döyüş sursatı ələ keçirildi. Erməni məlikləri
- Məlik Hətəm və Məlik
Usub dallarına da baxmadan gəldikləri yerə -
Gürcüstana götürüldülər.
Bu biabırçı məğlubiyyətdən sonra
qüvvə ilə qalib gəlməyin mümkün
olmadığını anlayan məkrli və hiyləgər Fətəli
xan Əfşar Pənadabadın alınmaz bir qala və Pənahəli
xanın, həqiqətən də, cəsur, məğlubedilməz
və yenilməz bir sərkərdə olduğunu tam yəqin
elədi və hərbi yolu diplomatiya ilə əvəz etməyə
üstünlük verdi. Fətəli xan Pənahəli
xanın yanına elçi yolladı. Şirin dilini işə
salaraq onu barışığa çağırdı və
ona belə bir sifariş göndərdi: "Əgər Pənahəli
xan qoşunumuzdan aldığı əsirləri geri qaytarsa və
mənimlə müttəfiq olub, dostluq edərsə,
qızımın kəbinini onun oğlu İbrahimxəlil
ağaya kəsdirəcəyəm və beləliklə, biz
dost və qohum olacağıq. Bundan sonra dövlətlərimiz
arasında düşmənçilik olmayacaq. İndi sizdən
xahişim budur ki, hörmətli xanzadəni (İbrahimxəlil
ağanı - V.Q.) bir neçə günlüyə bizim
çadırlara qonaq göndərəsiniz. Ordugahda kəbin kəsdirib,
əqd olunduqdan sonra İbrahimxəlil ağa hörmət və
ehtiramla geri qaytarılacaq..."1 ("Qarabağnamələr",
Bakı, "Yazıçı" nəşriyyatı,
1989-cu il, səhifə 118).
Pənahəli xan Quranın "bacardığın
zaman qəzəbini saxla və müqəssiri
bağışla, çünki bu, gözəl və alicənab
bir işdir" ayəsini əsas götürərək
barışığa razı oldu. Hər iki xan sonralar
"Ağa körpüsü" adlanan yerdə
görüşdü, barışıq imzalandı, bir-birilərinə
sadiq olmaq şərtilə müqavilə
bağlanıldı. Fətəli xan bu "dostluğu daha da
möhkəmləndirmək üçün" Pənahəli
xanın oğlu İbrahimxəlil ağanı düşərgəsinə qonaq
çağırdı. Fətəli xanın yalan sözlərinə
və andlarına inanan Pənahəli xan oğlunu bir neçə
nökər-naiblə Fətəli xanın düşərgəsinə
yola saldı. Pənahəli xanı inandırmaq
üçün o da öz növbəsində,
oğlanları Cahangir xanı, Rəşid bəyi və
başqa adlı-sanlı qohumlarını girov kimi Qalaya
göndərdi. Sonra isə yenə hiylə işlədərək
həmin adamları və eyni zamanda onun ordusundan əsir
düşənləri geri qaytardı.
İbrahimxəlil ağa iki gün İran ordusunun
düşərgəsində qaldı. Xocalı
çayının qırağında dəm-dəstgah
quruldu, qoyunlar kəsildi, qazanlar asıldı...
şadyanalıq edildi. Bu müddətdə Fətəli xan
vaxt udaraq müəyyən hazırlıq görəndən
sonra üçüncü gün səhər tezdən
İbrahimxəlil ağanı da özü ilə
götürüb, Urmiyaya yola düşdü.
Hiylə və siyasətdə özünü qalib
sayan Fətəli xan Arazı o yana adlayandan sonra ədabazlıqla
hər yerə car çəkdi ki, Pənahəli xan onun bassalı,
İbrahimxəlil ağa isə girovudur. O özünü bir
az "tanıdandan" sonra İraq və Fars vilayətlərinin
hakimi Kərim xan Zəndin üzərinə yeridi. Kərim xan
qardaşı İsgəndər xanı bir sərkərdə
kimi Fətəli xanla döyüşə göndərdi.
İsfahan şəhəri yaxınlığında baş
verən vuruşmada Zəndiyyə qoşunları məğlub
olub, İsgəndər xan isə öldürüldü.
Urmiya xanı İraq torpaqlarının bir hissəsini Kərim
xandan ala bildi... Qarabağ xanının başına gəlmiş
hadisədən xəbəri olan və məğlubiyyətə
uğrayan Kərim xan Zənd hərbi kömək
üçün Pənahəli xana müraciət etdi.
Qarabağ xanı isə bu vaxt oğlunu necə xilas etmək
və Fətəli xana qulaqburması vermək haqqında
fikirləşirdi. Ona görə də Kərim xanın bu
müraciəti onun üçün göydəndüşmə
oldu. Döyüş hazırlığına gətirilmiş
qoşunlarını dərhal götürüb, Kərim
xanın köməyinə getdi...
Zənd qoşunları ilə Qarabağ
qoşunları Urmiya ordusu ilə üz-üzə gəldi. Fətəli
xan xeyli itki verib, Urmiya qalasında gizləndi. Lakin birləşmiş
qoşunlar qalanı mühasirəyə aldılar. Başqa
çıxış yolu görməyən və Kərim
xanın vədlərinə inanan Fətəli xan təslim
oldu.
Kərim xan Zənd bütün əsirləri, o
cümlədən, İbrahimxəlil ağanı da
dustaqlıqdan azad etdi. Pənahəli xanı bir "dost",
Fətəli xanı isə əsir kimi götürüb,
Şiraza yola düşdü. İsfahan
yaxınlığından, qardaşı İsgəndər
xanın öldürüldüyü yerdən keçərkən
Kərim xan Fətəli xandan soruşdu ki, bu yer ona
tanış gəlirmi? Fətəli xan da özünü
sındırmadan, təkəbbürlə cavab verdi ki, bəli,
tanış gəlir, niyə gəlmir ki?! Bura sənin
qardaşın İskəndər xanın
öldürüldüyü yerdir. Kərim xan onun bu lovğa cavabından
qeyzlənərək Fətəli xanı elə ordaca qətlə
yetirdi və onu qardaşının qəbrinin ayaq tərəfində
quyladı.
Vasif QULİYEV
525-ci qəzet.- 2024.- 3 sentyabr.(№158).- S.10;11.