İnsan gözəlliyin vurğunu və
yaradıcısıdır
Nəsr
İbtidai insanlar həyatda hələ çox
şeyi dərk etməsə də, gözəlliyin cazibəsinə
biganə qalmamış, daim onun güclü təsirinə məruz
qalmışdır. Onlar hələ özlərinə ev tikməyi
bacarmasalar da, soyuqdan qorunmaq üçün mağaralarda
yaşayanda da, ətraf mühiti daha emosional etmək
üçün, ona bəzək verməyə
çalışmışdılar. Məhz insanın gözəlliyə
olan xoş münasibətindən divar rəsmləri və
sonralar qaya rəsmləri yaranmışdır və ibtidai rəssamlar
meydana gəlmişdir. Mağaradakı divar rəsmləri
ibtidai insanda həm də istedad rüşeymlərinin
meydana gəlməsini, primitiv də
olsa, təsviri sənətə yiyələnmək sahəsindəki
ilk cəhdlərinin sübutlarıdır. Gözəllikdən
həzz almaq duyğuları bu məxluqlarda həm də onu
yaratmaq həvəsi yaratmışdır. Təsviri sənət
isə, lap azacıq da olsa, istedadın olmasını tələb
edir, bu işi bacarmayanlar heç ona girişmirlər də.
Divar rəsmləri həm də ibtidai insanın onu əhatə
edən mühiti qavradığını, anlamağa
başladığını göstərir. Təsviri sənət
incəsənətin ilk növü hesab olunur, heykəltaraşlıq
və arxitektura çox sonralar yaranmışdır.
Paleolit (köhnə daş dövrü deməkdir)
erası daş alətlərdən istifadə edilməsinin
başlanğıc fazası olmaqla, ondan sonrakı təkamül
prosesi nəticəsində mezolit (orta daş erası) və
neolit (yeni daş erası) gəlir, bəşər məxluqunun
tarixdən əvvəlki ən erkən dövrünü fərqləndirmək
üçün bu terminlər işlənir. Bu dövr b.e.ə.
2,5 milyonuncu ildən 10 mininci ilə qədər olan zaman məsafəsini
əhatə edir. Bu vaxt soyuq iqlim şəraitində
yaşayanlar sağ qalmaq üçün mağaralarda
sığınacaq tapırdılar.
Sonra onlar işıq və istilik mənbəyi olan
oddan istifadə etməyi bacardılar. Qədim yunan
mifologiyasında bu, allahlara qaşı çıxış
edən Promoteyin xidməti kimi qiymətləndirilir. Od insanlara
həm də öz qidalarını hazırlamaq
üçün, onu bişirməyə imkan verdi. Bu yolla
hazırlanan yemək istehlak edildikdə daha dadlı olurdu, həm
də onu sonrakı istifadə üçün saxlamaq
dövrünü uzatmağa imkan verirdi.
Alətlər düzəltmək və oddan istifadə
- Paleolit insanının iki mühüm texnoloji icadı idi.
Bunlar insanın sağ qalması üçün əhəmiyyətli
bir qabiliyyət növü idi. Paleolit insanı isə sağ
qalmaqla, nəslini davam etdirməklə sonralar çox şeyə
nail oldu.
Mağara rəsmləri, ibtidai insanın estetik
zövqə yiyələnməsi yolundakı onun mühüm
cəhdlərindən biridir. Mağara rəsmləri
bütünlüklə iri heyvanların təsvirinə həsr
olunmuşdur və bu rəsmlər Fransanın cənubi-qərbində
və İspaniyanın şimalında
tapılmışdır. Qaya rəsmlərinə isə
Amerikanın Yuta ştatında, Braziliyada, Çinin Xusan əyalətində
rast gəlinir. Onlar Paleolit insanının mədəni
inkişaf və yaradıcılıq sahəsindəki ilk
qabiliyyətindən xəbər verən fəaliyyətinin
sübutudur. Fransadakı rəsm b.e.ə. 30.000-ci ildən
28.000-ci ilə qədər olan dövrə aiddir. Həmin
insanlar heyvan piyindən daş lampalar vasitəsilə
mağara divarlarını işıqlandırmaq
üçün istifadə edirdi və mineral oxra süxurunu və
heyvan piyini qarışdırmaqla sarı və qara rənglər
yaratmağa nail olurdu. Bu, artıq təbiətin birbaşa
insana verdiyi töhfələr
olmayıb, insanın özünün fəaliyyəti nəticəsində
süni qaydada yaradılan yeni icad, həm də gözəlliyi
təsvir etməyə həsr olunmuş primitiv cəhdlərin
nümunələri idi.
Fransadakı mağarada şirlərin, öküzlərin,
ayıların, bayquşların və digər heyvanların
300-dən çox rəsmləri tapılmışdır. Bu
heyvanlardan çoxunu Paleolit insanı ovlamırdı, daha
doğrusu, ovlaya bilmirdi. Yəqin ki, bu rəsmlər dini təsəvvürə
görə və ya hətta bəlkə də, bəzək
niyyətləri üçün çəkilirdi.
Burada yəqin ki, ekstaz anı təsvir olunurdu. Digər
tərəfdən onlar sevinc əmələ gətirmək və
emosiya yaratmaq üçün nəzərdə tutulurdu. Bunlar
həm də bir izah olunmayan dəlilik anlarının məhsulu
ola bilərdi.
İbtidai insanın yaşadığı şəraitə
diqqət yetirdikdə, onun yaradıcılıqla, təsviri sənətlə
məşğul olmasına təəccüb qalmamaq
mümkün deyildir. Olduqca ağır şəraitdə,
fiziki gərginliklə və daim ölüm qorxusu ilə
müşayiət olunan ağır zəhməti hesabına
özünü qida ilə təmin edən insanın gündəlik
həyatı qayğılarına, öz
varlığını qoruyub saxlamaq kimi mühüm fəaliyyətə
bir an da olsa fasilə verən və onu gözəlliyi yaratmaq
işinə həsr edən həmin şəxslərə
qarşı dərin ehtiram hissi yaranır. O dövrün
insanının həyat şəraiti isə olduqca
ağır idi, yüz min illər ərzində gündəlik
qida ehtiyacı ucbatından ovçuluqla və bitkilərin
meyvəsini və kökünü yığmaqla məşğul
olur, bu yolla yaşamasını davam etdirə bilirdi.
İnsanlar qidalanmaq üçün, onun mənbəyi olan
heyvanları və bitkiləri öyrənməli idi. Bu biliklər
hesabına o, qida əldə etmək üçün
çox vaxt uğura sahib olurdu, ona görə də qədim
insanı təbiətin övladı adlandırmaq daha
düzgün olardı. Onlar ağacların yetişdirdiyi
yabanı qidaları, böyürtkənləri, meyvələri,
həm də müxtəlif dənliləri və qida məqsədinə
xidmət edən yaşıl bitkiləri
yığırdılar.
Müasir insan qədim əcdadının təcrübəsini
davam etdirərək, indi də tərəvəz növü
kimi həmin bitkiləri toplayırlar. Aclıq dövrlərində
isə dağ zonalarının əhalisi üçün
onlar əsl xilasedici rol oynayır. XX əsrin əvvəllərində
Fransanın şimalında yaşayanlar meşədən
yığdıqları şabalıdı bişirib,
yumşaq kütlə şəklində yeməklə
qidalanırdılar. İkinci Dünya müharibəsi illərində
ölkəmizin dağ zonalarında yaşayanlar ehtiyac ucundan əsasən
yamaclarda bitən və qidalı sayılan yabanı bitkilərlə,
ot növləri ilə qidalanırdılar. Qədim
insanların ovladıqları heyvanlar siyahısına isə
camışlar, atlar, bizonlar, vəhşi keçilər və
marallar daxil idi. Sahil ərazilərində
yaşayanların qidalanmasının
əsas mənbəyi. əlbəttə ki, balıq ovu idi.
Paleolit insanları 20-30 nəfərdən ibarət
xırda qruplarda yaşayırdılar. Kəndlərdəki
tayfalar, onların həyatı şəkildəyişmə
xarakteri daşıyırdı, nomad (köçəri)
olmaqla heyvanların arxasınca miqrasiya edirdilər,
çünki başqa çıxış yolu yox idi.
İndiki şimal xalqları maral sürülərini becərmək işində qədim
insanların təcrübəsinə əsaslanırlar. Qədim
insan heyvanların arxasınca gəzdiyi kimi, həm də
bitkilərin yetişmə dövriyyəsindən asılı
idi. Ovçuluq həm də, heyvanların
davranışının ehtiyatla müşahidə etməyə,
onu düzgün mənimsəməyə əsaslanırdı.
İllər keçdikcə alətlər təkmilləşdirilirdi
və daha faydalı olanlar meydana çıxırdı. Nizənin
kəşf edilməsi ovçuluğu xeyli
asanlaşdırdı. Harpun qarmaqlar üçün
sümükdən istifadə edilməsi, balıq ovunun
artmasına səbəb oldu.
Zaman keçdikcə, mağaranı tərk edən
insanlar özləri üçün yeni növ
sığınacaqlar, evlər tikdilər.
B.e.ə. 10.000-ci ildən 4.000-ci illərədək
Neolit inqilabı baş verdi. Bu, əslində aqrar inqilab idi.
Ən böyük dəyişiklik heyvanları ovlamaqdan və
bitki mənşəliləri toplamaqdan, qida maddələri
istehsalı sisteminə, kənd təsərrüfatı ilə
məşğul olmaq yolu əsasında, keçmək idi. Dənli
bitkilərin becərilməsi və tərəvəzlər
qida üçün müntəzəm qaydada ehtiyat
toplamağa imkan verdi. Sonra heyvanların - keçilərin,
mal-qaranın, göyərçinlərin və qoyunların əhilləşdirilməsinə
başlandı. Qədim insanların yaşadığı ərazilərdə
dördayaqlılar üçün yem ehtiyatının kasad
olduğunu nəzərə alaraq, onlar yalnız ot yeyən
heyvanları əhilləşdirdilər.
Erkən insan məxluqları kiçik qruplar şəklində
formalaşır və onlar sağ qalmaq üçün adi mədəniyyəti
inkişaf etdirirdilər. Beləliklə, sivilizasiyanın
yaranması üçün bünövrə qoyulurdu.
İnsan cəmiyyəti tədricən böyüdü və
əsasən mürəkkəb qaydada inkişaf etdi. Bəşər
mövcudluğunun yeni forması - sivilizasiya adlanan həyat
meydana gəldi. Sivilizasiya mürəkkəb mədəniyyət
olub, onda iri miqdarda insan məxluqu müxtəlif ümumi
elementlərə şərik olurdu. Şəhərlər
meydana gəldi, onlar siyasi, iqtisadi, sosial, mədəni və
dini səviyyələrdə inkişaf edirdi.
Tarixdə ilk sivilizasiya indiki İraqın ərazisi
olan Şumerdə yaranmışdı. 65 min əvvəl Zaqros
dağlarının (indiki İran ərazisindədir) ətəklərində
arpa, buğda becərilmişdi. Kotanın icad edilməsi əkinçilikdə
əsl inqilab əmələ gətirdi. Torpağın kotanla
yumşaldılması səpilən toxumun cücərməsinə,
bitkinin böyüyüb, məhsul verməsinə
yaxşı şərait yaradırdı.
İki milyon il əvvəl isə insan
danışmağa başladı, bir neçə sözü
tələffüz etdi. İnsanda yeni bacarıq yarandı.
Şumerlilər və misirlilər ilk dəfə olaraq
piktoqramma (rəsmlər) şəklində yazı yazmağa
başladılar. Şumerlilər həm də bir neçə
hərfi icad etdilər. Əlifba isə bütövlükdə
finikiyalılara (indiki Livan ərazisində
yaşayırdılar) mənsub idi. Onlardan yazını
yunanlar götürüb, etrusklar vasitəsilə Romaya
ötürdülər və sonra yazı bütün Avropaya
yayıldı. İlk sivilizasiya Şumerdə
formalaşmışdı, ona görə də tarixin
Şumerdən başladığı bildirilir. Burada yazı
da, piktoqrammalardan bir neçə hərfə keçməsi
ilə inkişaf etmişdi. Finikiyada meydana gələn ilk
dolğun əlifbadakı hərflər şəklindəki
yazı şimaldakı qitəyə də keçdi.
Olduqca çətin həyat şəraitinə malik
olan ibtidai insanın estetikaya vaxt ayırması,
yaradıcılıqla, onun ən çətin sahəsi olan təsviri
sənətlə məşğul olması, bu insanların
öz dövründən xeyli irəli getdiyini sübut edir.
Misir sivilizasiyası
Misir elə bir mədəniyyət
yaratmışdır ki, o, bugünkü insanda da təəccüb
doğurur. Misirin texniki nailiyyəti xüsusən
piramidaların quruluşunda özünü göstərir, həmin
dövrdəki dünyaya nisbətən misirlilərin
ağıl dərəcəsinin unikal olduğunu
nümayiş etdirir. Onlar üçün bu nailiyyətlərin
hamısı kosmik qaydanın bir hissəsi idi.
Misirlilər din üçün heç bir sözə
malik deyildilər, çünki o, Misir cəmiyyətinin məxsus
olduğu dünya qaydasının ayrılmaz bir elementi idi.
Misir universal kosmik sistemin bir hissəsi olmaqla, faraonu ilahi məxluqa
çevirirdi.
Kamil qaydanın daxilində olan faraon, onun stabilliyini
qorumaq yolunda fəaliyyət göstərirdi. Misirdə onlar
müxtəlif formalardakı və adlardakı allah olurdu.
Faraonlar da özlərini canlı allah hesab edirdilər. Osiris və
İsidanın uşaqları Horla, Nillə və Günəşlə
qohum idilər. Misirə sivilizasiya gətirən Osirisi öz
qardaşı Set öldürmüşdü və onun
parçalanmış cəsədini Nilə
atmışdı. Sədaqətli arvadı İsida ərinin
bədəninin parçalarını tapıb, digər
allahların köməyi ilə Osirisi həyata
qaytarmışdı. O vaxtdan Osiris dirilmə simvoluna
çevrilmişdi və o, misirlilərin həyatında
mühüm rol oynamışdı.
Misir sivilizasiyasının böyük nailiyyətlərindən
biri piramidalardır. Onları layihələşdirənlər
bədii cəhətdən düşündüklərini
texnika ilə birləşdirib, möhtəşəm abidələr
yaratmışdılar. 4500 yaşı olan Xeops (Xufu)
piramidası XXI əsrə qədəm qoyaraq, ən uca sənət
nümunəsi, möhtəşəmlik rəmzi olaraq
qalır.
Rəssamlıq və yazı heroqlifləri, sənətkarlar
və kübarlar tərəfindən məbədlərdə
və məqbərələrdə istifadə edilmək
üçün tətbiq olunurdu. Misir rəssamlığı
geniş fəaliyyət göstərirdi. Allahların və
faraonların məbədlərində dini rəsmlər və
heykəllər ciddi qaydada ruhu vəsf etmək məqsədlərinə
xidmət edirdi. Onlar mərasimlərin icra edilməsi prosesində,
birləşdirici hissə rolunu oynayırdı, kosmik
qaydanı qoruyub saxlamaq üçün zəruri amil hesab
olunurdu. Divar rəsmləri səhnələri və heykəl
fiqurları xüsusi fəaliyyət göstərən sərdabələrdə
tapılmışdır. Onlar mərhumun bu dünyadan
sonrakı həyatda səyahətinə kömək etmək
məqsədini güdürdü. Rəsmləri daim mətn
müşayiət edirdi. Rəsm getdikcə mürəkkəbləşirdi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2024.- 4 sentyabr.(№159).- S.14.