ÖZGƏ ZAMANI DA BİZİMKİ EDƏ BİLƏN  

 

Məntəqələr, məskənlər arasındakı məsafəni bizlərdə müxtəlif əyyamlarda fərqli ölçüblər. Filan yerə yetişməkçün gərək filan fərsəx gedəsən, burdan ora filan ağaclıq yoldur, orayla buranın arası filan mildir. Mərhələ də deyiblər, dirsək də, addım da, qolaç da. Amma ulularımız məsafəni yalnız uzunluq ölçüləriylə deyil, vaxtla da hesablayıblar - burdan ora filan saatlıq, filan günlük, filan aylıq yoldur söyləyiblər.

Min il əvvəl ömür sürmüş ulumuzla, səkkiz əsr öncə, beş əsr qabaq, lap doxsan, yetmiş il əvvəl yaşamış məşhurumuzla bugünümüzü ayıran məsafələr məgər həmişə üzdən göründüyü kimidir? Bəzən bir əsr öncə yazıb-yaratmış sənətkar bizə doqquz yüz il qabaq qələm çalandan daha uzaq gəlir, hərdən üç əsr əvvəlki parlağımız bütün cizgiləriylə bizə yarım əsr əvvəl yaşamış və irsi itib-batmış sənətçidən daha aydın görünür. Tariximizdə qalan böyük düşüncə və duyğu sahibləri ilə aramızdakı vaxt və məsafənin iriliyi-xırdalığı onlardan bizə qalan mirasa bağlıdır. İrs nə qədər zənginsə, o qədər yaxındırlar, nə qədər kasadsa, bir o qədər uzaqdadırlar.

Bəs şair Məşədi Azər Buzovnalı ilə məsafəmiz nə qədərdir? Hər halda zahirən gördündüyündən daha çox. Vaxtca yaxınsa da, indi əlimizdə-ovucumuzda bir neçə qovluqdan artıq qələm bəhrəsi olmadığından sanki onun gerçək surəti də əsrlərin uzağında sayrışır. Axı doğurduqları indi oxuya bildiklərimizdən qat-qat çoxmuş!

Məşədi Azər Buzovnalının bir bölük qüssəli şeiri də olub. Ona görə "olub" ki, heç də hamısı əlimizdə deyil. Hansılarısa bizə çatıb, hansılarısa itib-batıb. Ustad həmin şeirləri ruhən bağlı olduğu böyüklərin, qəlbinə məhrəm olan insanların, yaxın dostların həyatdan getməsi səbəbiylə yaşadığı acıların təsiri ilə yazıb.

Həsən bəy Zərdabi vəfat edəndə millət ağsaqqalının əbədi gedişinin dərdinə dalaraq qələm götürmüşdü, bir ağı-qəzəl yazmışdı. Ağadadaş Müniri dünyadan köçəndə, Cəfər Cabbarlı vəfat edəndə, Səməd Mənsuru itirəndə yenə Azər kədərlə dolu idi, növbəti mərsiyələrini yazırdı. Mirzə Ələkbər Sabir rəhmətlik olanda da misraları ağlayan şeirini yazmışdı, Məhəmməd Hadinin matəmi də sözlərinin gözünü yaşartmışdı. Bu şeirləri yazmağı nə kimsə ona tapşırmışdı, nə də rica etmişdi. Bu gedənlərin hər birinin bütöv xalqınkı olduğunu dərk edirdi, həm də yalnız bugününkü deyil, sabahınkı olduqlarınıda duyurdu və ürəyi vadar edirdi ki, həmin hüznlü günlərdə millət dərdini millətinə nəzmlə yazılan belə başsağlıqları ilə ifadə etsin. Həmin göynəkli sətirləri yazanda Azər bu acı həqiqəti də unutmurdu ki, hərəsi bir zirvə olan o şəxsiyyətlərin heç biri sağkən əsl qiymətlərini almayıblar, layiq olduqları "sağol"ları xalqdan eşitməyiblər. Özü də həmin qafilədən olduğundan bu şəxsiyyətlərin yüksək dəyərini, xalq üçün müstəsnalığını gözəlcə anlayırdı, belə itkilərin cəmiyyətdə, millətin mənəvi aləmində hansı dərin boşluqlar yaratdığından bütün acısı ilə agahdı, ona görə də qəmlənməyə, qüssəsini yanıqlı misralara çevirməyə bilmirdi, digər tərəfdən, bu şeirlər həm də əslində hər biri işıqlı dünyanı erkən tərk edən o seçilmişlərdən hamının əvəzindən onun üzrxahlığı kimiydi.

Məşədi Azər belə sızıldayan şeirlərindən birini də Haşım bəy Saqibə (1870-1931) həsr etmişdi. Öz buzovnalısı Haşım bəy onun həm yetirməsi, amma həm də artıq ədəbi mühitdə yerini tutmuş həmkarlarından biri, sevdiyi şairlərdən idi, tez-tez də görüşər, həmsöhbət olardılar. Haşım bəyi o çağın Abşeron şairlərinin bir çoxundan seçdirən vacib keyfiyyətlər vardı. O da digərləri kimi qəzəl də, qəsidə də, mərsiyə də yazırdı, klassik şeirin bütün şəkillərindən ustalıqla istifadə edirdi, ancaq onun yaradıcılığındakı başlıca xətlərdən biri də gördüyü naqisliklərin böyründən laqeyd keçə bilməməsi, bəsit həcvçi deyil, təkə enməyi, mahiyyəti görməyi bacaran bişkin satiraçı olması idi. Onun iti gözlərindən axarında olduğu həyatın kəm-kəsirləri yan ötmürdü - belə iti görmək bir tərəfdən üstünlük idisə, obiri yandan ürəyin artan yükü idi və belə daşları da könüldə çox daşımaq olmurdu, Saqib də onları sözə döndərib yüngülləşirdi. O, başqalarının görüb bənd olmadığı üzdə olan əngəllərdən daha artığını, zahirən sezilməyənləri, rişələri dərinlərə işləmiş qüsurları da sezirdi, onları dartıb üzə çıxarırdı, zahirdəki bir çox arzuolunmazlıqların məhz bu zəhərli və zərərli köklərdən törəndiyini hamıya faş edirdi. Həm də bunları sərrast, deşici, bədii cəhətdən də cazibədar, cilalı sətirlərlə ərz etməyi bacarırdı.

Ustadlıq-şəyirdlik xətir-hörməti öz yerində, amma Saqibin Azərə münasibəti bu hisslərdən daha yüksəkdə idi və o, Məşədi Azər kəlamının aşiqlərindən idi və şeirlərinin neçəsini elə ona cavab olaraq yazmışdı. Azərdən bəhrələnən, ondan öyrənib geniş şeir üfüqlərinə qanadlanan abşeronlu şair təkcə Saqib deyildi ki! Belələri çoxdu, amma Azər də Saqibi onların hamısından fərqləndirirdi, cavanların arasında ən üstünü hesab edirdi və xüsusi məhəbbət bəsləyirdi.

Haşım bəy Saqibin yaxın qohumu, akademik Ziyad Səmədzadənin anasının xatirələrinə istinadən təsdiqincə, 1931-ci ildə ömrünün 61-ci ilində vəfat edən Haşım bəy Saqiblə vidalaşmağa Təbriz, Dərbənd, Buxara, Səmərqənd, Şəki, Lənkəran, Şuşa şəhərlərindən din xadimləri, şair və ədiblər axın-axın gəliblərmiş və bütün yas məclislərində "Quran"ı Məşədi Azər özü oxuyurmuş.

 

Haşım bəy Saqib məslək və qələm sirdaşı Məşədi Azəri özünün əsl ustadı, böyüyü saydığını, onunla qürur duyduğunu, şeirdə yetə bildiyi ucalığa görə ona minnətdar olduğunu "Divan"ı boyunca, müxtəlif illərdə yazdığı şeirlərində dönə-dönə dilə və qələmə gətirir:

 

Çox təəccüb etmə, Saqib, mən qəzəl ustadiyəm,

Aləmə fəxr eylərəm, ustad Azərdür mana.

 

 Saqib ustadı Azəri sadəcə başqa qüvvətli şairlərdən biri deyil, dövrünün ən görkəmli şairi, "əsrin söz ustası" adlandırırdı və digərlərinə meydan oxuyaraq bəyan edirdi ki, digər beləsi varsa, üzə çıxarın görək:

 

Kim oldı əsr süxənsənci, Saqib, Azərtək,

Kimün nə həddi var olsun, var, aşikarə çıxar.

 

Və ifrat təvazö ilə özünün də şeir meydanında əsl şairlik mərtəbəsinə hələ yetmədiyini, bu şərəfə nail olmağın da tək yolunu ustada gərəyincə xidmət edib ondan hələ çox öyrənməkdə görürdü:

 

Saqib, hələ sən yetməmisən sərhəd-işe`rə,

Məqsudə yetərsən, eləsön xidməti-ustad.

 

Müəllimi Azərlə niyə fəxr etmək lazım olmasının səbəbini də Saqib elə birbaşa bildirir - çünki şeir şəkilləri içərisində ən yuxarıda dayanan qəzəldirsə, həmin taxtda hökmran kimi əyləşən, bu səmtdə birinci olan da Azərdir:

 

Təfaxür Azər ilə eylə, Saqib, Azəristandə,

Təməllüq rəngi yox məndə, qəzəl təxtində sultandur.

 

Artıq bir başqa qəzəlində Saqib məsələnin peşəkar tərəflərini açır, məğzi izah edirdi ki, vəzni-qafiyəsi yerində, müəyyən məzmuna malik, bəlkə səslənişi də göz və qulaq oxşayan qəzəldən Azər qəzəlini seçdirən başlıca məziyyət bu ustaddakı incə "qəzəl zövqü"dür. Qəzəl zövqünüsə Saqib fitri bir qabiliyyət sayır və məst olmayanın mey ləzzətini, hicran çəkməyənin vəsl qədrini bilmədiyi kimi, ali qəzəlin də necəliyini Saqib qədər qəzəl zövqünə hali olmayan başa düşməz:

 

Qəzəl zövqini bilmək, Saqiba, asan degül hərgiz,

Qəzəl zövqini Azər kimi məşhur olmayan bilməz.

 

Və özünün də şeirdə gəlib, nəhayət ki, ustadlar məqamına çatmasının gizlincini yenə başqa yerdə aramır, məhz Azər kimi müəllimdən dərs almasında tapırdı:

Saqib, cəhanə fəxr elə ustad-işe`rsən,

 

Tə`lim aldun Azər-iali cənabdən.

 

Saqib Abşeronda və oçağkı Azərbaycanda az qala hər iki şairdən birinin qəzəllər yazdığı basırıqda çoxluqdan ayrılaraq önə çıxa, məhz mahir qəzəlçi kimi təsdiqlənməsinin sirrini də özündə yox, ustadı Azərdə aramağı tövsiyə edir, səbəbi Azərdən qəzəlin gizli düsturunu, ən dərindəki cövhərini, həyatverici iksirini mənimsədiyində görürdü:

 

Mənəm Azəristanun şairi, Azərdən ögrəndim

Qəzəl arayişini, Saqiba, iksir şəklində.

 

Saqibin Məşədi Azərə vurğunluğu o həddə idi ki, "Bülbülün gül və xar ilə müzakirəsi" adlı mənzuməsində gününün məşhur şairlərini sadalayıb hər biri haqqında təqdirli qənaətlərini bölüşəndən sonra yenə Azəri digərlərindən kəskin şəkildə ayırır, onun şeir sənətində elə Vətən boyda olduğunu söyləyirdi:

 

Hərif-işe`rdür, Nadir, bu Saqib,

Gedüb bisərü payə olma talib.

Müqəyyəd olgilən, Yusif, Cəlalə,

Yetərsən məqsədə, hədd-ikəmalə.

Sataşma Asəfə, mümtazdür ol,

Şikar-işe`rdə şəhbazdur ol.

Müniri çərxi-nəzmə mahi-taban,

Ziya təxti-qəzəl üstündə sultan.

Desəm Azər əgər Azəristandur,

Fünun-işe`ri ilə sanma yalandur.

 

XX əsrin ilk onilliklərində Quzey Azərbaycanda yaranan poeziyada farsca yazmaq vərdişi artıq arxa sıraya keçmişdisə də, hər halda Qarabağda da, Abşeronda da tək-tək də olsa həmin xətti davam etdirənlər vardı. İndi əski şeir şəkillərində və əruzda yazan şairlərin əsas hədəflərindən biri əruzlu şeiri ana dilimizə daha artıq uyğunlaşdırmaq, onu qəliz ərəb-fars tərkiblərindən bacardıqca daha çox arıtlamaq idi. Saqib xəyalən üzünü bu yolda çalışmışların öndəri qoca Füzuliyə tutaraq deyirdi ki, ümidsiz olma, yolunu bizim tərəflərdən sal, şahid olacaqsan ki, sənin bir zamanlar uğrunda çalışdığın məqsəd yolunda indi Abşeronda Mirzə Əbdülxalıq Yusif, Ağadadaş Müniri, Həsən Səyyar, Əlağa Vahid kimi can qoyanlar var. Saqib bu sadalamada mənzərə doğru və bütöv görünsün deyə özünü də unutmurdu, amma Azəri yenə bunların hamısının içərisində ayırırdı, bir baş hündürdə tuturdu, ona "nabşüar", yəni dil saflığını, dil təmizliyini özünə deviz eçmiş ustad adlandırırdı:

 

Xətm olub məndə demə türk dilində əş`ar,

Ey Füzuli, eylə bu Bakuyə bir ləhzə güzar.

Bu sözündən nola bir dəm edəsən əstəğfar,

Yusifün gör qəzəlin, eyləgilən canı nisar.

Vahid-i meykədə ovbaşi, Həsən tək Səyyar,

Saqibə verdi Müniri ədəbi şe`r yazar.

Cənnəti cümləsinün dövrəsinə çəkdi həsar,

Azəri kişvərinün Azəri var nabşüar.

 

Sənət meydanında tarixin hər dövründə və dünyanın hər yerində rəqabət də, qısqanclıq da, mənəm-mənəmlik də, gözügötürməzlik də həmişə olub və belələrinə qarşılıq olaraq tərəzinin gözünün əyilməsinə imkan verməməyə çalışanlar, qiyməti insafla, ədalətlə dilə gətirməyi vicdan borcu sayanlar da tapılıb. Azər Buzovnalını başqaları ilə müqayisə edərkən Saqibin verdiyi bu qiymət çox yüksək idi, ancaq onu da hiss edirdi ki, belə dəyərləndirməylə barışmayanlar da tapıla bilər. Həmin səbəbdən də yazırdı ki, Azəri bu zəmanənin Füzulisi kimi tanımaq fikri ilə razılaşmaqçün sadəcə qərəzsiz olmaq yetər:

 

Əsrün, əlbəttə, Füzulisi gərək Azər ola,

Qərəzün yoxdısa təsdiq elə, ey naşı müşir.

 

Şərqin yaşı yüzillərlə ölçülən şeir məclislərinin, o sıradan elə həmin yığnaqların oturuşmuş və nəsil-nəsil ötürülən ənənələrindən biri də bu idi ki, bəlli bir şeirə vəzni, qafiyəsi, digər ölçüləri və bariz cəhətləri saxlanmaqla ayrı-ayrı şairlər tərəfindən cavablar yazılardı və həmin bənzətmələrdə də məqsəd sanki artıq deyilib bitmiş bir mətləbi daha gözəl necə ifadə etmək olar, ustaca şeirləşdirilmiş bəlli fikri yeni fikir qədər təzə səslənəcək ahəngdə necə yaratmaq mümkündür yarışmasına girişərək sözü kimin daha artıq ram edə bilməsini, kimin daha cilvəli göstərə bilməsini sübuta yetirmək idi. Amma digər bir vəzifə də nəzirə yazılan mətnə münasibətdə daha parıltılı, daha cilalı misralar doğurmaqla yanaşı, ilkin fikrin yeni qatları və çalarlarını taparaq, yaxud hətta fikrin səmtini başqa istiqamətə yönəldərək əvvəlkindən də xoşagəlim bir məna ortaya qoymaq idi.

Məşədi Azərin dillərdə gəzən ibrətli qəzəllərindən biri insanı gözü və ruhu tox olmağa, haqqı qoyub nahaqa meyl etməməyə, nakəsin başında börk olmaqdansa, qeyrətli bir insanın ayağının altında payəndaz olmağı üstün tutmağa səsləyirdi:

 

Fəqr xoş, qeyr-i həqə mültəmis olmaqdansa,

Xan-i hər süfləyə, ey dil, məgəs olmaqdansa.

 

Yəni haqq olmayanı istəməkdən, hər alçağın süfrəsinə milçək olub qonmaqdansa, kasıblıq daha yaxşıdır.

(Azər şeirlərinin xalqımıza bu gün hansı təhrifli səviyyədə çatmış olmasının göstəricisi kimi elə bircə bu beytin şairin hələ ki, yeganə olan "Seçilmiş əsərləri" nəşrində necə verilməsinə baxmaq kifayətdir:

 

"Fəqri-xoş qeyri həqə mültəmis olmaqdansa,

Xan hər süfrəyə, ey dil, məgəs olmaqdansa".

Bu cür verilişdə misraların mənası tamam anlaşılmaz kökə düşür).

 

Həmin şeirə nəzirə - təxmis yazanlardan biri elə Azərin əmisi oğlu, onun kimi İmaməliyev soyadı daşıyan Ağasəlim Fədai olmuşdu:

 

Nola bir qismət olaydı o böyük Azər ilə

Oturub dəm keçirək, əldə qızıl sağər ilə,

Olmayaq yar hər əclaf ilə, hər kafər ilə,

"Yetməmək mənzil-i məqsudə tən-i lağər ilə,

Yaxşıdır raiz-i nəfsəfərəs olmaqdansa".

 

(Son beyt: Yəni nəfsinin təlimçisi olanın madyanına dönməkdənsə, arıq bədən ilə məqsəd başına gedib çatmamaq daha yaxşıdır).

Fədai bu cavabı 1941-ci ildə qələmə almışdı, bir sıra başqa şairlərlə yanaşı, həmin Azər qəzəlinə 1930-cu illərin tanınmış aktyoru Əhməd Anatollu (Rumlu da) elə qəzəl biçimində bənzətmə yazmışdı:

 

Parə-parə kəsilib şişə çəkilmək xoşdur,

Gündə min sillə yeyən köhnə dəf olmaqdansa.

Sərvə bax, sərv kimi başını qaldır fələyə,

Ayaq altında əzilmiş ələf olmaqdansa.

Rumlu, mərdanəsifət ölməyi yeydir kişinin,

Mütərəddid dayanıb bitərəf olmaqdansa.

 

Amma həmin Azər şeirinə ilk, ya ilklərdən olan, həm də yetərincə uğurlu bənzətmələr Saqibinki idi və məntiqlə 1920-ci illərdə, ya ən geci 1930-cu illərin lap başlanğıcında də yazılmışdı. Ona görə "bənzətmələr" ki, Saqib Azər qoşqusuna bir yox, iki cavab yazıb.

 

Birincisi canı sayıq gecə qarovulçusu kimi qorumaqdansa, ömrü dünyanın ləzzətlərini dadaraq keçirməyi məsləhət bilənməqtə ilə tamamlanan qəzəli:

 

Saqiba, sərf elə meyxanədə mey nəş`əsinə,

Can məta`in ona bica əsəs olmaqdansa.

 

Digəri isə təsadüflərə ümid bəsləyərək yaşamaqdansa, əsilsiz, nəciblikdən uzaq birisi ilə oturub-durmaqdansa, qəbrin üstün olduğunu təsdiqləyən şeiri:

 

Qəbr xoş, ömr mənə pənc ü şeş olmaqdansa,

Nanəcibzadə ilə həmnəfəs olmaqdansa.

 

Məşədi Azərin bir çox şeirlərinə bənzətmələr silsiləsinin yaranmasının anlatdığı gerçək ondan ibarətdir ki, bu yaradıcılıq artıq ülgüləşmişdi, hələ özü həyatda ikən onun irsi meyara çevrilmişdi.

 

Əlbəttə, istənilən sahədə, o sıradan sənətdə, ədəbiyyatda qəlibə çevrilən əsərlər yaratmağa nail olmaq, məktəbə dönmək həmişə çətindir və belə keyfiyyətlərə sahiblik həmin şəxslərin fövqəladəliyindən deyir. Lakin Azər Buzovnalı bir para başqa istedadlı yaradıcıların, elə çağdaşı olmuş bir qisim şairlərin də yetişdiyi həmin mötəbər səviyyədən də daha uca düşüncə və etiraf qatına da dikəlməyi bacarmışdı. Zaman keçdikcə içəridən zənginləşən, təcrübəliləşən və ruhən millətinə daha artıq qaynayıb-qarışan Məşədi Azər ahəstə-ahəstə millət müəllimləri və yönəldicilərinin şanlı qatarına qoşulurdu. Həm o, artıq xalqı qarşısında özünü elə məktəbdə dərs dediyi sevimli şagirdləri qarşısında olan sayaq sərbəst hiss edirdi, öz öyrəncilərinə yaxşı şagird olmaqçün nəyi və necə bilmək lazım olduğunu aşıladığı kimi, indi misraları ilə xalqına da əzəmətli və qadir olmaqdan ötrü nələrə əməl etmək tələb olunduğunu car çəkirdi.

Şeirlərindən birinin adını "İttihad-i miləl" qoymuşdu, amma ittihada - birliyə çağırış yaxşı millət olmanın təməl şərti kimi müəllim Azərin tək bu deyil, çox şeirlərindən keçirdi. O, birliyi millətin hər müşkülünün qapısını açmağa qadir möhtəşəm açar hesab edirdi, ixtilaflardan qurtulmuş xalqın dağları da yenə biləcəyinə inanır və inandırmağa çalışırdı:

 

İttihad ilə bu gün həqqə qərin (yaxın, yoldaş - R.H.) olmaq olar,

İttihad ilə xətərlərdən əmin olmaq olar.

İttihad eyləsə, hər millət olur sahib-i tac,

Təxt-i izzətdə bu tövr ilə məkin

(yer tutmaq, möhkəmlənmək - R.H.) olar.

İttihad olsa əgər hümmət-i mərdanə ilə,

bisüxən, qalib-i yüz kuh-i mətin olmaq olar.

 

Mirzə Ələkbər Sabir azadlıq sevdalısı olmağın ümdə şərtinin insanı sevməkdən keçdiyi düşüncəsində idi, "Bəli, insanlıq olan yerdə də hürriyyət olur" yazmaqla azadlığı insanlığa bərabər tuturdu. Elə Azər də təqribən həmin mövqedə idi və nəhayətdə azadlığa, istiqlala aparıb çıxaracaq ittihadı elə dürüst insan olmağı nümayiş etdirmənin rəmzi sayırdı:

 

Birləşib şimdi edək cəm-i pərişanlığımız,

İttihad ilə sübut eyləyək insanlığımız.

 

Əsarətdən və həqarətdən qurtulmanın yolunun, ittihada nail olmanın çarəsinin ölkənin, xalqın fitnədən, şərdən qurtulmasında görən Azər Buzovnalı Vətəni və millət qorumaq qeyrətini daşıyanların birliyinə can atmasını labüd hesab edirdi:

 

Kimdə ki hifz-i vətən ü millətə vardır qeyrət,

İttihad etməyə yoldaşına eylər sibqət.

 

Millət təəssübü çəkmiş, xalqın azad sabahını gətirməyə çalışmış, məmləkətlər cərgəsində yurdumuzun da iftixarlı yer tuta bilməsini amal olaraq seçmişlərin hər biri ən çox yuxudan qorxublar, var səsləri ilə bağırmaq istəyiblər ki, yatmayın, oyanın, mürgü döyməyin, ayağa qalxın. Azər Buzovnalı bizim qeyri millətlərdən də artıq millət olduğumuzu, lakin yuxu ətalətinin bizi uçurumlara sarı çəkdiyini xəbərdarlıq edərək oyanmağa, qəflət röyası ilə xumarlanmamağa səsləyirdi:

 

İttihad ilə tapıb aləmdə hər millət nicat,

Bu sözün həqqiyyətin inkar qılmaz kainat,

İttihadın olmasa, ey tabe-i sövm ü səlat (oruc-namaz - R.H.),

Həq qəbul etməz yüz il həccə gedib versən zəkat.

Həmvətənlər, yatmayın, yatmaq zərərdir, yatmayın!

Çıxdı gün, aləm işıqlandı, səhərdir, yatmayın!

 

Ancaq birləşərək tükənməz gücə çevrilməkçün, Azərin nəzərincə, insanların əməl etməli olduqları başqa şərtlər də vardı ki, məhz onlara əməl etməklə sağlamlaşan fərdlər kamil cəmiyyət yarada bilərlər. Yoxsa ki, özü sağlam olmayan təklərnə əməlli-başlı qovuşar və də onların bir-birlərinə yaxınlaşmasından vəhdət yaranar. Tövsiyə edirdi ki, nə zahiri parıltılara aldanın, nə də hər kəsi doğru sanaraq dalınca yollanın. O öndərə can fəda etməyə hazır olaraq ardınca gedin ki, onun haqqı görən gözləri, bəsirətliliyi olsun.

Yaxşı, sağında-solunda onlarla, yüzlərlə ədibin, alimin, ziyalının bircə ehtiyatsız söylənmiş kəlmə üstündə "xalq düşməni" damğası vurularaq həbsə atıldığı, gülləyə tutulduğu, sürgünlərə göndərildiyi qəddar dövrdə Azər Buzovnalı ürəyindəkiləri bundan açıq, bundan cəsarətlə necə deyəydi?

 

Verməyin zahiri xoş, batini bəd kəslərə dil,

Dust-i cani oxuyub sevməyin hər bədxahi.

Etməyin səcde-yi əsnam yetən bütkədədə

(Hər bütxanədə hər yetən bütə sitayiş etməyin - R.H.),

Sanmayın hər kəsi həqq, hər yeri həqq dərgahi.

Axtarıb verməlidir dil elə şəxsə ki, anın

Varıdır dide-yi həqbini, dil-i agahi.

Can fəda eyləyək ol şəxsə, nə dil, vallahi!

Müttəfiq olmalıyız, müttəfiq! Ey əhl-i vətən!

Səhli dutmaq nə rəvadır işi fürsət var ikən.

 

Bəs Azər Buzovnalı kin-küdurətdən, qərəzdən qurtulmuş, nicatın birləşməkdə olduğunu dərk etmiş millətini və yurdunu hansı məqsədlərə çatmış, bütövlükdə dünyanı və bəşəri hansı mərəzlərdən xilas olmuş görmək arzusunda idi?

 

Bu dünyada yoxdur özgə muradım,

Hər qəmdən özümü azad istərəm.

Nə bir kəsə məxdum (ağa, buyruqçu - R.H.) olum, nə xadim

(qulluqçu - R.H.),

Xəlqi bu adətə mötad (alışmış, adət etmiş - R.H.) istərəm.

Ölkələr ədl ilə olsun abadan,

Yaşasın insanlar xürrəm ü şadan,

Heyvandan ayrılsın elm ilə insan,

Olmasın aləmdə Şəddad istərəm.

 

Cinayət alatı icad olmasın,

Aləm onlar ilə bərbad olmasın,

Qan tökmək insana mötad olmasın,

Bir yerdə qalmasın fəsad istərəm.

 

Hər kəs ölkəsində yaşasın sərbəst,

Qəflət badəsindən olmasın sərməst;

Acizi əzməsin bir də zəbərdəst (güclü - R.H.)

Etsinlər bir-birə imdad istərəm.

 

Müxtəsər, aləmdə cəfadən əsər,

Qalmasın, insanlar olsun bəxtəvər.

Hüquqidə hamı olsun bərabər,

Nə şən ü nə şövkət, nə ad istərəm.

 

Bunlar sadə sözlər deyil. Bunlar bir ömür içində bir neçə həyat yaşamış, qısa zaman kəsiyində iki dünya müharibəsinə, insanın insana qarşı amansızlığının ən müdhiş mənzərələrinə şahid kəsilmiş dərin düşüncə və həssas ürək sahibi, gördüklərinin hamısını içərisindən keçirən müşahidəçi şairin yorğun qənaətləri idi. Ondan yadigar qalmış şeirlərdən parçaları da ona görə gen-bol verirəm ki, səsini yaxından eşidəsiniz, onu öz dilindən, öz səsindən tanıyasınız. Axı onun yazdıqları hələ millətinə gərəyincə çatmayıb. Heç olmazsa bu vəsilə ilə ona bələd olun.

...Yenə özününkü. Məşədi Azərin qələmindən çıxmışları yığcam bir kitabçada da olsa, xalqa çatdırmaqçün ilk təşəbbüsü edən elə Azərin nəslinin törəməsi -ədəbiyyatçı, naşir, ensiklopediyaçı Rəhimağa İmaməliyev olub. 1990-cı illərin ortalarında başlayır Məşədi Azərin şeirlərini, onun haqqındakı qoşquları, şairlə əlaqədar xatirələri toplamağa və özünün yaratdığı "Boz Oğuz" nəşriyyatında 1996-cı ildə ayrıca kitab halında buraxır. Kitabda yer alan xatirələrdən biri də Rəhimağanın özününkü idi - qohum-əqrəbadan, köhnə nəsillərdən eşitdiklərini bir yerə cəmləmişdi. Həmin kitabı buraxanda ona məlum idi ki, daha əvvəl görkəmli mətnşünas alim və mütərcim Məmmədağa Sultanov Azərin təxminən 15 çap vərəqinə yaxın həcmdə olan şeirlər məcmuəsini hazırlayaraq "Azərnəşr"ə təqdim edib. Amma nədirsə həmin əlyazma bugün-sabaha salınaraq xeyli müddət nəşriyyatda süründürülüb, sonra da ümumən qovluq yoxa çıxıb.

Məmmədağa müəllim özü mənə söyləmişdi ki, kitabın nəşr edilməsinə mane olan əsas səbəb həmin topludakı türklüyün tarixini və bütövlükdə şairin qabarıq türkçü baxışlarını əks etdirən parçalar olmuşdu. Deyiblərmiş ki, sizdəki nüsxədə ixtisarlar aparıb gətirin, ikisi də əlimizin altında olsun, vəziyyətə uyğun hərəkət edərik. Məmmədağa müəllim deyiləni etmişdi, amma sonra hər iki qovluq nəşriyyatda yoxa çıxmışdı, söyləmişdilər ki, bir nüsxə də gətirin. Üçüncü nüsxə isə yox idi, məcbur olmuşdu ki, mətni hazırlamağa təzədən başlasın, həmin dönəmdə də iş yerini dəyişmişdilər, başı qarışmışdı, tərtib yarımçıq qalmışdı. Axıracan da məlum olmadı ki, Məmmədağa müəllimin nəşriyyata təqdim etdiyi, makinadan çıxarılmış nüsxə hansı zavala uğradı - rəyçidəmi qaldı, redaktorunmu güdazına getdi, ya başqa səbəb çıxdı? Məmmədağa Sultanovun həyatdan gedənəcən gözləri yolda idi, ümid edirdi ki, günlərin birində nəşriyyatdan zəng vuraraq onu əlyazmanın tapılma xəbəri ilə sevindirəcəklər. Ancaq bu ümid doğrulmadı, zəng vurulmadı, qovluqlardan da soraq çıxmadı. Nə o vaxt, nə də sonralar.

Məşədi Azərin öz dilindən eşidilmiş əhvalatlara söykənərək Rəhimağa İmaməliyev yazırdı ki, bu nəslin tarixi XI yüzildən başlayır. Məşədi Azər hərdən ailə içərisində XI əsrdən üzü bu yana bir-bir babalarını sadalayırmış. Daşıdıqları İmaməliyev soyadının da XVII əsrdə yaşamış babalarından gəldiyini deyirmiş.

Və yeni dövrdə şəcərənin soyadına çevrilmiş babanın adını da elə Məşədi Azər özü daşıyırdı - İmaməli idi. Məmmədağa müəllim bunu da nağıl edirdi ki, köhnə tarixləri araşdırmağa həm aludə, həm də bu sahədə səriştəli olan Məşədi Azər sədası on birinci yüzildən gələn şəcərənin uzaq keçmişindəki şairlər, alim övladları haqda da məlumatlıymış. "Su gəldiyi arxa bir yol da gələr" məsəli daşıdığı fəlsəfə elə təsadüfdən yaranmayıb. İmaməliyevlər nəslindən Azərdən sonra şairlər də, tanınmış alimlər də çıxdısa, bu, əlavə bir göstərici idi ki, nəsildə, qanda belə keyfiyyət elə əvvəlki əsrlərdə də varmış. Ancaq nəslin məşhurları və parlaqları arasında bütün zamanlar üçün Məşədi Azərdən üstünü olmadı. Buzovnalı Azəri böyüklüyünə yaraşan şərafətdə, bizə gəlib çatan bütöv irsi ilə bugününkü və sabahınkı etmək həm onun öz doğma nəslinin borcudur, həm yeni ədəbiyyatşünaslar nəslimizin vəzifəsi. Hələ ki Ustad yol gözləyir...

...Məşədi Azərin 1990-cı illərdə hələ həyatda olan yeganə şagirdi, o vaxtlar artıq sinni 100-ə doğru irəliləyən Əhəd Cəmilzadə adlı bir köhnə buzovnalı ağsaqqal varmış ki, Ustadla bağlı xatirələrini də qələmə alıbmış. Nə qədər ki o və onun kimi Məşədi Azərlə ünsiyyətdə olmuş köhnə kişilər sağmış, Məşədi Azər də yeni günlərə məsafəcə yaxın kimiymiş. Məşədi Azər vaxtilə Əhədə Buzovna məktəbində dərs deyibmiş və onun həmin məktəbə necə gedib düşməsinin də öz macəralı tarixçəsi varmış. Əhəd Cəmilzadə yada salır ki, 1917-ci ildə bolşeviklər Rusiyada hakimiyyətə gələndən Bakıda şayiələr dolaşırmış ki, onlar gec-tez bura da gələcək, hakimiyyəti ələ alacaq, ərəb əlifbası yığışdırılacaq, kiril əlifbası tətbiq olunacaq. Ona görə də Məşədi Azər çox çalışandan sonra müvəffəq olubmuş ki, Buzovnada beşsinifli bir məktəb açılsın, orada tədris ana dilində və əski əlifba ilə aparılsın, özü də həmin məktəbdə ədəbiyyat dərsi verirmiş.

Əhəd Cəmilzadə xatırlayırdı ki, evlərinin düz qabağındakı ikimərtəbəli mülkdə yerləşən həmin məktəbə düzəlməsinin səbəbkarı atası Məşədi Balaəmi ilə danışaraq uşağı məktəbə göndərməyə razı salan Məşədi Azər olubmuş.

Ancaq çox keçmir ki, Əhədin məktəbdən ayağı kəsilir. Babası Kərbəlayi Cəmil onu məktəbdən ayırır ki, daha "uşkola" getmə, orda çox olsan, sən də başlayacaqsan başına şapka qoymağa.

Bu əhvalatdan xəbər tutunca Azər kiçik bir məktub yazıb Əhədə verir ki, apar çatdır Cəmil kişiyə. 2 günmü, 3 günmü sovuşur və Əhəd məktəbə qayıdır, onu dərsə gətirən də ata-anası yox, elə məktəbdən çıxarılmasına bais olan babası imiş.

Sən demə, Buzovnalı Azər kərbəlayiyə məktubunu elə uşağın - Əhədin adından, özü də şeirlə yazıbmış, həmin şeir də Kərbəlayi Cəmili necə tutubmuşsa, əməlinə peşman olaraq uşağın əlindən yapışıb özü təzədən məktəbə qaytarıbmış. Əhəd Cəmilzadənin sözüncə, Məşədi Azər həmin Buzovna məktəbində 1923-cü iləcən işləyir, özü də məccani.

Hər kəs kimi, Azərin də ehtiyacları vardı. Ancaq Buzovna məktəbindəki başqa müəllimlər dedikləri dərsə görə məvacib alsalar da, Azər maaşsız işləyirdi, o, millətin balalarını maarifləndirməyi bir ehsan sayırdı, buna savab iş kimi baxırdı və günah hesab edirdi ki, bundan ötrü nəsə pul alsın. Ancaq onun qədrini bilənlər, məişətinə qayğı göstərənlər də vardı. Hacı Zeynalabdin Tağıyev də, Şəmsi Əsədullayev də, Musa Nağıyev də qıymırdılar ki, şair korluq çəksin.

Bu da Əhəd Cəmilzadənin çatdırdığı soraqdır ki, Hacı Zeynalabdin Tağıyev 1917-ci ildə Məhəmməd Əmin Rəsulzadəyə haqqını ödəyəcəyini boyun olaraq tapşırır ki, Azərin "Həmvətənlərimə" adlı mənzuməsini ayrıca kitab kimi buraxsın, çox da ötmür, "Açıq söz" mətbəəsində şairə dünya boyda sevinc bağışlayan əl boyda kitabça işıq üzü görür.

Maarifçilik damarı, xalqın içərisindəki Vətən, millət sevgisini artırmaq şövqü Azər Buzovnalının daxilində həmişə nəbz kimi çırpınırdı və bu yolda gücü çatan bütün vasitələrdən istifadə edirdi. Azərbaycanda Xalq Cümhuriyyəti qurulanda buna ən çox sevinənlərdən biri Məşədi Azər Buzovnalı idi və o münasibətlə bir şeir yazmış, bu şeirə musiqi də qoşmuşdu.

Və o illərin şahidləri xatırlayırlar ki, həmin nəğmə dillərdə əzbərmiş: "Biz Azəri türkləriyik, Azəristan vətənimiz".

Azərbaycan Xalq Cümhuriyyətinin var olduğu iki ilə yaxın müddətdə Məşədi Azərin sözlərini də, musiqisini də özünün yazdığı bu nəğmə dərs dediyi məktəbdə uşaqların dilində hər gün himn təki səslənirmiş.

O mahnı çoxdan unudulub gedib. Sovet dövründə üzə çıxarılması mümkün deyildi, bu barədə qımıldanardın, səni dama basardılar. Sonra da nəsillər dəyişdi, ayrı zamanlar gəldi və həmin mahnını xatırlayanlardan, vaxtilə oxuyanlardan biri də qalmadı ki, zümzüməsini dinləyəsən, melodiyanı yadda saxlayasan, qoymayasan ki, heç olmazsa bundan sonra yaddan çıxa. Məgər unudulmamalı, qayıdışı vacib olan bircə həmin nəğmədir?

Məşədi Azər Azərbaycan ədəbiyyatı və mənəviyyatının o səhifələrindəndir ki, ona bağlı nəinki haçansa oxunmuş dəyərli bir nəğmə, hətta sadədil insanlara adi görünə biləcək ən xırda cizgi də gərək əsla unudulmaya. Hələ ki hətta onu görməyib dalğasını duyanlardan həyatda qalanlar var ki, Məşədi Azər adı və sözü onlar üçün ahənrüba kimidir. Həm ədəbiyyat və ürfan adamı, həm də şair olan, elə özü indi Buzovnanın Məşədi Azəri sayılası Hacı Soltan zəng vurub və üzünü görmədiyi Azər Buzovnalıdan xatirəsini söyləyir. Qonşuymuşlar, o həyətdə ki vaxtilə Azər gəzərmiş, yer belləyərmiş, sonra onlar oranı əkib-becərmişdilər, həmin ocağın adamları ilə simsar olmuşdular. Hacı Soltanda ki bu qədər söz eşqi var, bu qədər ki ustadın solmaz sözləriylə oturub-durub, əslində Azərə həmişə ən yaxın qohum-əqrəbasından da məhrəmdir. Könül istər ki, bu cür körpü insanlar çox, lap çox yaşasınlar. 2024-ün yayında Şahin Fazili itirdik. Bu gediş məni yalnız əziz bir dostun, saf insanın, güclü alimin və şairin itkisi kimi yandırmadı. Mənə elə gəldi ki, "Məcmə üş-şüəra"nın çırağı da sozaldı, Məşədi Azər də təzədən dünyayla vidalaşdı, əski şeirimiz də bizdən daha bir az aralandı.

Vaxtın ayağından yapışıb onu saxlamaq mümkünsüzdür. Yeni zaman gəlməlidir və gəlsin də! Ancaq bu yeni zaman tam ayrı ruhun daşıyıcısı, özümüzü qərib, hətta yad hiss etdiyimiz başqa zəmanə olmasın. Ötmüş vaxtın da, bizdən əvvəlkilərin də istisi, həniri Azər Buzovnalı kimi ocaqlarda, həmin ocaqlara can atanlarda yaşayır. Nə qədər ki o ocaqlar və həmin ocaqlara can atanlar var, yeni zamanlar gəlsə də, bizimki olmayan özgə vaxtların sazağı bizləri üşüdə bilməyəcək!..

 

20 avqust 2024

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet.- 2024.- 4 sentyabr.(№159).- S.12-13.