"İqlim dəyişmələrinə qarşı əsaslı tədbirlərə kəskin ehtiyac yaranıb"

 

Dünyada son zamanlar baş verməkdə olan iqlim dəyişmələri bütün ölkələrdə insanların həyat və fəaliyyətinə ciddi təsir edir. Təəssüf ki, bu təsir əsasən neqativ xarakterdə olur. Müşahidələr göstərir ki, yoxsul əhali təbəqələri iqlim dəyişmələrinə daha həssasdır. Onlar təhlükənin bir addımlığında dayanır və ona qarşı mübarizə aparmaq üçün çox az resursa malikdirlər. İqlim dəyişmələri Minilliyin İnkişaf Məqsədlərinə (MİM) nail olmaq yolunda müxtəlif əngəllər yaradır, ölkələr daxilində və dövlətlər arasında bərabərsizliyi artırır. Əgər məsələyə vaxtında diqqət yetirilməsə, iqlim dəyişmələri gələcəkdə nəinki zəif inkişaf etmiş ölkələri, hətta varlı ölkə və gələcək nəsilləri də ağuşuna alacaq. Sevindirici haldır ki, iqlim dəyişmələri problemi indi təkcə elmi cəmiyyəti deyil, adi insanları, hökumət nümayəndələrini və siyasətçiləri də narahat etməyə başlayıb.

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun iqtisadiyyat və coğrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Nəriman Paşayev deyir ki, bütün dünyada, o cümlədən, Azərbaycanda iqlim dəyişmələrinə qarşı əsaslı tədbirlər görülməlidir, çünki buna kəskin ehtiyac yaranıb: "Qlobal iqlim dəyişikliyi insanların həyat və təsərrüfat fəaliyyətinə təsir göstərir. Əgər hansısa ərazidə quraqlıq yaranıbsa, digər ərazidə sel, daşqın, sürüşmə baş verir. İnsanlar isə buna uyğunlaşmağa cəhd göstərirlər. Hazırda dünyada qlobal quraqlıq hökm sürür".

Onun sözlərinə görə, COP29-un Azərbaycanda keçirilməsi iqlim dəyişikliyinə qarşı görüləcək işlərə təkan verə bilər: "İndiyədək ayrı-ayrı dövlətlərdə keçirilən COP tədbiri bu ilin noyabr ayında ölkəmizdə olacaq. Bu vaxtadək inkişaf etmiş ölkələr iqlim dəyişikliyinə qarşı mübarizə aparırdı. Biz də 2015-ci ildən sonra buna start verdik. COP29 Azərbaycan üçün böyük əhəmiyyətə malikdir. Bu tədbir sayəsində torpaq örtüyünün qorunması, geoloji müxtəlifliyin bərpası, su hövzələrinin yaradılması kimi proseslərə diqqət arta bilər. Sözsüz ki, bu da öz növbəsində insanların ətraf mühitə qarşı olan diqqət və qayğısını artıracaq. Bu məsələdə təkcə alimlərin, təbiətin mühafizə komitəsinin, ayrı-ayrı nazirliklərin deyil, hər kəsin düşüncəsində dəyişiklik yaranacaq".

Coğrafiyaşünas alim iqlim dəyişikliyinin fəsadlarının Azərbaycanda aydın görülə bildiyini deyib: "İqlim dəyişikliyinin Azərbaycana ən böyük təsiri Xəzər dənizi ətrafında baş verib. Yəni Samurdan Astara çayına qədər ərazidə ən azı iki yüz metr dəniz geri çəkilib. Hətta həmin ərazidə elə yerlər var ki, orada üç yüz metr dənizin geri çəkilməsi müşahidə olunur. Quraqlığın gətirdiyi fəsadları Azərbaycanda aydın görmək mümkündür. Kür çayında da suyun azalması müşahidə olunurdu. Amma bu il yağıntıların çoxluğu suyun səviyyəsini bir az artırıb".

N.Paşayev Paris Sazişinin müddəalarına əməl olunmalı olduğunu bildirərək əsas məqsədin 1,5°C hədəfini əlçatan səviyyədə saxlamaq və heç kəsi, əsasən də COP-un iştirakçı ölkələrini diqqətdən kənarda qoymamaq olduğunu söyləyib: "Ətraf mühit həddindən artıq çirklənib. Bu da istiliyin artmasına, ümumi temperaturun qalxmasına səbəb olur. Arktika, Antarktika, Qafqaz buzlaqları artıq əriyir. Bu səbəbdən Paris Sazişinin Azərbaycan üçün böyük əhəmiyyəti var. Əslində dünyada atılan hər bir tullandı, karbon emissiyası uzunömürlülüyün qarşısını alır. Dünyada 230-dan çox ölkə var. Onlar düşünməlidirlər ki, dünya vahiddir. İndiyədək 28 belə konfrans keçirilib. İndi də Azərbaycanda keçirilir. COP tədbirləri göstərir ki, hər kəs öz ərazisini qayğı ilə qorumalıdır. Çirklənmələrə qarşı birgə mübarizə aparılmalıdır. Biz də Paris Sazişini dəstəkləyib öhdəlik götürmüşük. 2030-cu ilə qədər çirklənməni, tullantıların sayını azaltmalıyıq. Bu azalmanı ən azı 35 faiz bacarmaq lazımdır. Bunlar isə çox böyük işlərdir. Uzun tədqiqat, zəhmət tələb edir".

Şöbə müdiri COP29-un ən mükəmməl işlərindən birinin alternativ enerjiyə keçid olacağını deyib: "Azərbaycanda neft-qaz geniş istifadə olunur. Bəzi ölkələrdə isə kömürdən istifadə edilir. Lakin bunlar tükənir. Bu səbəbdən alternativ enerjiyə keçmək lazımdır. Paris Sazişinin əsas məqsədindən biri həm də dünyada tükənməyən enerjiyə keçməkdir. Tükənməyən enerji dedikdə günəş, külək, su, qabarma və çəkilmə enerjisi və sair nəzərdə tutulur. Bu enerjilər ətrafı çirkləndirmir və tükənmir. Temperaturu 1.5 C-də saxlamaqdan əlavə bacardıqca minimuma endirmək lazımdır. Siz təsəvvür edin temperatur 2 dərəcə qalxsa, bütün Avropa suyun altında qala bilər. Bu məsələ dünyada hamını maraqlandırmalıdır. Azərbaycanın götürdüyü öhdəliyə əsasən, 2030-a qədər alternativ enerjidən 30 faiz istifadə olunmalıdır. Hazırda bu göstərici yeddi-on faizdir. Naxçıvanda və Qarabağda isə alternativ enerji istifadəsini maksimala, yəni 80 faizə qədər qaldıra bilərik". N.Paşayev vurğulayıb ki, qlobal temperaturun sabit saxlanılması çirklənmənin azalmasından asılıdırsa, Azərbaycanda yenidən emal müəssisələrinin sayının artırılması mütləqdir: "Bütün istehsal müəssisələrində ətraf mühitə atılan tullantılar minimuma endirilməlidir. Buna aid böyük təlimlər keçirilməlidir. Bakı şəhərində cəmi bir tullantıların emalı zavodu var. Hər gün evlərdən zibil dediyimiz, amma xammal olan tullantılar çıxarırıq. Onların hamısı istehsala cəlb olunmalıdır. Biz isə xammalı ya basdırırıq, ya yandırırıq, ya da atırıq. Dünyada xammal çatışmazlığı yaşanır. Biz isə onu məhv edirik. Özümüzün tələbatını ödəmək üçün hər rayonda ən az bir tullantıların yenidən emalı zavodu olmalıdır. Həmin zavodların sayəsində tullantılar yenidən emal olunmalıdır. COP29 bu baxımdan dünyada yeni iş yerlərinin yaradılmasına zəmin yaradacaq".

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İradə Hüseynovanın dediyinə görə, Azərbaycanın iqlim dəyişmələrinə qarşı mübarizədə, canlı təbiətin qorunmasında gördüyü işlər dünya birliyi tərəfindən izlənilir: "Prezidentin rəhbərliyi ilə Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması, iqlim dəyişmələrinin təsirinin yumşaldılması, biomüxtəlifliyin qorunub saxlanması istiqamətində işlər görülüb, bununla yanaşı, qarşıya daha böyük məqsədlər qoyulub. Bu məqsədlərə nail olmaq üçün proseslərdə əhalinin geniş şəkildə iştirakı vacibdir. "Yaşıl ictimai şüur"un formalaşdırılması, uşaq və gənclərin "yaşıl əxlaq" prinsipləri ilə tərbiyələndirilməsi, əhalinin maarifləndirilməsinin epizodik deyil, sistem xarakteri daşıması uzunmüddətli strategiyanın mühüm tərkib hissələri olmalıdır".

İ.Hüseynova qeyd edib ki, ictimai məlumatlandırma sisteminin qurulmasına və fəaliyyətinə kütləvi informasiya vasitələri, tədqiqat və təhsil müəssisələri ilə yanaşı, qeyri-hökumət təşkilatları, yerli icmalar geniş şəkildə cəlb edilməlidir: "Müxtəlif istiqamətli, xüsusən iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması üzrə maarifləndirmə layihələrinin həyata keçirilməsinə dəstək verilməlidir. İqlimlə bağlı Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün əsas qlobal və milli vasitələr, o cümlədən, beynəlxalq müqavilələrin tələbləri, öhdəliklər gənclərə öyrədilməli və aşılanmalıdır".

O vurğulayıb ki, həyata keçirilən fəaliyyətlərə ölkənin müxtəlif regionlarından olan uşaqlar, gənclər cəlb edilməlidir. Həmçinin layihə monitorinqlərində onların iqlim, təbiətlə, biomüxtəlifliyin mühafizəsi və ona qayğı göstərilməsi ilə bağlı biliklərinin artırılması məqsədlərinə nə dərəcədə nail olunması məsələsinə xüsusi diqqət yetirilməlidir: "Ekoloji, "yaşıl təhsil" və maarifləndirmə işlərində müxtəlif ixtisas sahiblərinin iqlimlə və ətraf mühitlə bağlı o ixtisaslara uyğun biliklərinin artırılması, dünyagörüşlərinin genişləndirilməsi də vacib məqsədlərdəndir. İqlim və ətraf mühitin mühafizəsi üzrə elm, təhsil, sənaye, şəhər və kənd təsərrüfatı, səhiyyə, tikinti və sair sahədə işçilərin üzərinə fərqli öhdəliklər düşə bilər. Məlumatlandırma sistemi bu məsələləri də əhatə etməlidir".

İ.Hüseynova bildirib ki, iqlim dəyişmələrinin doğurduğu fəsadlara qarşı mübarizədə elmin üzərinə mühüm vəzifələr düşür. Azərbaycanda bu fəsadların yumşaldılması, adaptasiya mexanizmlərinin işlənib hazırlanması üzrə tədqiqatlar xüsusilə aktualdır: "Burada təhsil sisteminin üzərinə xüsusilə mühüm vəzifələr düşür. Hazırda da orta məktəblərdə təbiətşünaslıq və ekologiya ilə bağlı fənlər tədris edilir, universitetlərdə müvafiq ixtisaslar mövcuddur. Ancaq bu sahədə də məqsədyönlülüyü artırmaq, hətta "yaşıl təlim"lərə və iqlimlə bağlı biliklərin ümumidən başqa, daha konkret şəkildə aşılanmasına bağçadan və ibtidai siniflərdən başlamaq lazımdır. Ali və orta ixtisas məktəblərində ümumən ekologiya ilə yanaşı, mühəndis ekologiyası, tibbi ekologiya, bioekologiya, kimyəvi ekologiya, landşaft ekologiyası, iqlim-menecment və s. ixtisaslar üzrə müxtəlif profilli iqlim mütəxəssislərin hazırlanmasına olan ehtiyacın ödənilməsinə diqqət yetirilməlidir".

Onun sözlərinə əsasən, universitetlərdə müvafiq təhsil proqramları və kurslar təşkil edilməlidir: "Ətraf mühit üzrə məsləhətçi müxtəlif fəaliyyətlərin ətraf mühitə təsirini təhlil edən və qiymətləndirən, mənfi təsirləri azaltmaq üçün tövsiyələr hazırlayan, həmçinin şirkətlərə və təşkilatlara ekoloji standartlara və qanunvericiliyə əməl etməyə kömək edən şəxsdir. Bundan başqa, ekoloji hüquqşünas ixtisasına sahib olanlar müvafiq normativ aktların hazırlanması ilə məşğul olur, bu qanunlarla fəaliyyət göstərən şirkətlərin hüquq şöbələrində çalışa bilərlər".

İ.Hüseynova vurğulayıb ki, urbanist-ekoloq yeni, xüsusilə ağıllı şəhərlərin salınmasında müvafiq ətraf mühit bilikləri və bacarıqları ilə silahlanmış mütəxəssislərə ehtiyac olacaq, resayklinq-texnoloq və ya sıfır tullantı meneceri ixtisasına sahib olanlar tullantıların effektiv təkrar istehsalı ilə məşğul olmaqla, ətraf mühitin çirklənməsinin qarşısını alırlar: "Həmçinin ekoloji bioinformatik biomüxtəlifliyin qorunması və ekoloji problemlərin həlli üçün yeni texnologiyalar və metodların işlənib hazırlanmasına kömək edə bilən böyük həcmli bioloji məlumatların təhlili və emalı üzrə mütəxəssisdir. Mediada ekoloji problemlərin işıqlandırılmasında, ictimaiyyətin ekoloji maarifləndirilməsinin artırılmasında və diqqəti ekoloji problemlərə cəlb etməkdə iştirak edən peşəkarlar - ekojurnalistlər yetişdirilməlidir. Biotexnologiyadan istifadə edərək ekosistemləri bərpa edən, təmizləyən mütəxəssisə - bioremediatora, bərpa olunan enerji üzrə mütəxəssislərə ehtiyac var".

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2024.- 4 sentyabr.(№159).- S.11.