Şəhidlik və qalibiyyətin
ülvi vəhdəti
AZƏRBAYCANA ZƏFƏR QAZANDIRAN ƏZİZ
ŞƏHİDLƏRİMİZİN AİLƏ
ÜZVLƏRİ TÜRKİYƏNİN ZƏFƏR
BAYRAMINDA
(Əvvəli ötən
sayımızda)
Səfər proqramına əsasən, avqustun 31-də
Türkiyənin qurucusu Atatürkün məzar-məqbərə
kompleksini - Anıt qəbiri və buradakı möhtəşəm
muzeyi ziyarət etdik. Şəhid ailələri Mustafa Kamal Atatürkün
məzarını ziyarətdən sonra xatirə muzeyində
Türkiyə Cümhuriyyətinin qurucusunun həyat və fəaliyyətinə
aid eksponatlara tamaşa etdilər, xatirə fotoları çəkdirdilər.
Günün sonunda şəhid ailələri
TÜİB-in Ankara ofisində oldular. Layihənin ilk
günündən şəhid ailələri ilə bir yerdə
olan TÜİB-in rəhbəri Hüseyin Büyükfırat
və sözügedən ictimai birliyin təhsil-mədəniyyət
komissiyasının rəhbəri Ragıp Sarı şəhid
ailələrini qurumun Ankara ofisində qonaq etməkdən məmnunluqlarını
ifadə etdilər. Səmimi ab-havada keçən
görüş ofisin açıq çay
bağçasında şam yeməyi ilə yekunlaşdı.
Sentyabrın 1-də səfər proqramına uyğun
olaraq şəhid ailələrinin Ankara etnoqrafiya muzeyinə
ziyarəti təşkil edildi, onlar Türkiyənin tarixi ilə
bağlı maraqlı eksponatlarla tanış oldular.
Ankaradakı Heydər Əliyev Parkına təşkil
olunan ekskursiya da şəhid ailələrinin tam ürəyincə
idi. Onlar parkın girişində Ulu öndər Heydər
Əliyevin heykəli önünə tər güllər
düzdülər, Ümummilli liderin ruhuna dualar oxudular.
2014-cü ildə sakinlərin ixtiyarına verilən,
yaşıllıqlar məskəni olan bu park böyük ərazini
əhatə edir.
Günün sonunda TÜİB-in Ankara ofisində şəhid
ailələrinin şərəfinə ziyafət verildi. Ziyafətdə
TÜİB rəhbəri Hüseyin Büyükfırat,
Ədalət və İnkişaf Partiyasını təmsil edən
millət vəkili Mustafa Şən, Türkiyənin əmək
və əhalinin sosial müdafiəsi naziri Ahmet Aydın,
qardaş ölkənin ombudsmanı Şərəf
Malkoç, kənd təsərrüfatı nazirinin müavini
Əbubəkir Gizligidər, millət vəkili Ərtoğrul
Soysal, professor Mazhar Bağlı ziyafətdə
çıxış edərək bu kimi sosial layihələrin
könül körpülərinin qurulmasında mühüm
rol oynadığından söz açdılar.
Çıxışlarda TÜİB-in və
"YAŞAT" Fondunun bu istiqamətdə gördüyü
işlərin vacibliyindən danışıldı. Eyni
zamanda çıxışlarda TÜİB rəhbəri
Hüseyin Büyükfıratın 2022-ci ildə Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi"
medalı ilə təltif edilməsi xatırladılaraq son illər
ərzində onun medalın adına və mahiyyətinə
uyğun olaraq çoxsaylı sosial layihələrin təşəbbüskarı
və icrası ilə Azərbaycanın tərəqqisinə,
iki qardaş ölkənin bir-birinə daha da
yaxınlaşmasına xidmət etdiyi qeyd olundu.
Ziyafətdə Azərbaycanın Xalq artisti, şəhid
atası Əli Nurun qəhər dolu
çıxışı və şəhid oğlu
Rövşən Nurzadənin xatirəsinə göz
yaşları ilə səsləndirdiyi "Salam,
oğlum" şeiri tədbir
iştirakçılarını çox təsirləndirdi.
Səfərin son günü "Müharibə əlilləri,
şəhid dul və yetimləri" Dərnəyi ziyarət
edildi. Dərnək təmsilçiləri azərbaycanlı
şəhid ailələri ilə görüşdən məmnunluqlarını
ifadə etdilər.
Beləliklə, TÜİB və "YAŞAT"
fondunun birgə təşkilatçılığı ilə
28 avqust-2 sentyabr tarixlərini əhatə edən "Tək
millət, tək ürək, qardaş ailə" layihəsi
silsiləsindən 30 avqust Zəfər Bayramına həsr
olunmuş növbəti səfər proqramı uğurla
başa çatdı.
Bu layihənin icrasında ən mühüm məqamlardan
biri səfər zamanı azərbaycanlı şəhid ailələrinin
həm türk şəhid ailələri ilə, həm də
elə bir-birilərini yaxından tanıyıb daha da
doğmalaşması idi. Şəhid ailələrinin indi
bircə təsəllisi var: Övladlarının, həyat
yoldaşlarının xatirəsinə sığınıb
yaşamaq və fürsət düşdükcə bu həzin
xatirələri onları can qulağı ilə dinləyənlərlə
bölüşmək. Dövlət bu gün şəhid ailələrinə
sahib çıxır, bizim vətəndaş borcumuz isə
onların öz ciyərparaları ilə bağlı xatirələrinə
sahib çıxıb yaşatmaqdır.
Könül Vəlizadə şəhid Urfan Vəlizadənin
Türkiyə Hərbi Hava Qüvvələri Akademiyasından
məzun olduğunu bildirərək səfər zamanı
iştirak etdiyi hərbi akademiyanın mərasimlərində
kövrəldiyini dilə gətirdi: "Sanki Urfan da bizimlə
bərabər o məzuniyyətdə iştirak edirdi.
Akademiyadan məzun olan gəncləri izlədikcə dayanmadan
gözlərimdən yaş süzülürdü, Urfan da bir
zamanlar bu akademiyadan məzun olmuşdu..."
44 günlük müharibənin ilk günündə
iki oğlu - Əli və İslam şəhid olan Sevinc
Əhmədova həyatının ən gözəl günlərini
onların sağlığında yaşadığını
dedi: "Əli İslama həm ata, həm qardaş
olmuşdu. Əli sakit, İslam isə çılğın
idi. Bir-birindən xəbərsiz, eyni gündə şəhid
olublar, döyüşlərdən əvvəl
halallaşıb məni bir-birilərinə
tapşırıblar... Əli nişanlı idi, toyuna
hazırlaşırdıq, qismət olmadı... Onlar şəhid
olan gün dünyam çevrildi, sən demə, ən
xoşbəxt günlərim balalarımla olan günlərim
imiş, amma heç xəbərim yox olmayıb..."
Afət ananın həyat yoldaşı
Şükür Nəcəfi Birinci Qarabağ savaşında,
oğlu Elxan isə 44 günlük Vətən müharibəsində
şəhid olub: "Həyat yoldaşım şəhid
olanda Elxanın 6 yaşı vardı, dedi ki, ana,
böyüyüb atamın qisasını alacağam. Dediyinin
üstündə də durdu, zabit olub atasının
intiqamını aldı. Oğlumla da, həyat
yoldaşımla da qürur duyuram. Oğlumun 5 yaşında
övladı yadigar qalıb, çalışırıq onu
elə tərbiyə edək ki, atasının şərəfli
yolunu davam etdirsin, onun kimi qeyrətli oğul olsun".
Həyat yoldaşı şəhid pilot,
pokovnik-leytenant Fəxrəddin Əsgərov haqqında
danışan Ramilə Əsgərova onun 1996-cı ildə
Türkiyənin Ali Hərbi Təyyarəçilik Məktəbini
fərqlənmə ilə bitirdiyini, 2008-ci ilin yanvarında Xəzər
dənizi üzərində döyüşə hazırlıq
məqsədi ilə təlim uçuşu həyata
keçirərkən MİQ-29 tipli qırıcı təyyarəsinin
dənizə düşməsi nəticəsində şəhid
olduğunu və nəşinin tapılmadığını
söylədi: "Fəxrəddin xidmət etdiyi dövrdə
ən çox uçuş saatına malik olan pilot olub, Azərbaycan
bayrağını ilk dəfə Vətən səmasına
məhz o çəkib, ölkənin hərbi hava qüvvələrinə
məxsus bütün növ hərbi təyyarələrini
idarə edib. 33 yaşı olanda vətən uğrunda
canından keçərək şəhidlik zirvəsində əbədi
qərar tutdu".
Arzu ana şəhid oğlu baş leytenant Cavid Mirzəyevin
44 günlük müharibədə Şuşaya qədər
döyüş yolu keçdiyini, antiterror əməliyyatlarında
şəhid olduğunu vurğuladı: "Vətən darda
qalanda, əlbəttə ki, oğullar torpağı
qorumağa getməlidir. Amma biz analar üçün hədsiz
dərəcədə çətindir. Ölümündən
sonra övladı dünyaya gəlib, onunla təsəlli
tapırıq".
Mehriban ana şəhid oğlu Surxay Noçuyev
haqqında bir xatirəsini bölüşdü: "2019-cu
ilin yanvar ayında Türkiyədən zəng edib bizimlə
danışanda demişdi ki, bir gün sizi də bura gətirəcəyəm.
Dediyi kimi, Türkiyəyə getməyimiz Surxayın
hesabına oldu... Surxaydan sonra..."
Şəhid polkovnik Babək Səmidlinin həyat
yoldaşı Günel xanım bu səfər zamanı
Türkiyə Quru Qoşunları Akademiyasının məzuniyyət
mərasimindən çox təsirləndiyini dedi:
"Diplomları təqdim edilən bu gəncləri
gördükdə nə zamansa Babəkin də belə gənc
olduğunu, bu şəkildə diplomunu aldığını
düşündüm... Tədbirin təşkilatçılarına
şəhid ailələrini daim diqqətdə
saxladıqlarına görə təşəkkür edirəm".
Oğlu Vüsal Vəliyevin şəhadəti
haqqında göz yaşları ilə söhbət açan
Mədinə ana onun mayor rütbəsi aldığını,
lakin bundan az müddət keçdikdən sonra şəhid
olduğunu bildirdi: "Nişanlı idi, tək
qalırdı, gedəndə hər dəfə qovurma
bişirib verirdim, son gedişində elə tələsik
çıxdı ki, əlimdə qovurma qabı ilə
qapının ağzında qaldım, qazanı açıb
bir tikə götürüb tələsdiyini deyib təbəssümlə
çıxıb getdi... Həmişə deyirdi ana, səni
yanıma gətirib sənə bənövşə
çayı dəmləyəcəyəm... Biz
"YAŞAT" Fondunun təşkilatçılığı
ilə burada qardaş Türkiyənin Zəfər
bayramını qeyd etdik. Türkiyənin Prezidenti və nazirlərlə
görüşdük, Allah bu birliyimizi bizə çox
görməsin!"
Məhsəti Hüseynova şəhid həyat
yoldaşı mayor Emin Süleymanovun Vətəninə, ailəsinə,
peşəsinə qarşı həddindən artıq məsuliyyətli
olduğunu vurğuladı: "Şəhid olandan sonra əsgərlər
danışırdılar ki, Aprel döyüşlərində
öz yemək payını da əsgərlərlə
bölüşürmüş ki, güclü olsunlar. Peşəkar
artilleriyaçı idi, hər fürsətdə deyirdi ki, hərbçilik
peşəmdir, mənim borcum Vətəni qorumaqdır".
Samirə xanım şəhid həyat yoldaşı
Elvin haqqında danışmağın çətin
olduğunu, lakin onun xatirələrinin daim dipdiri qaldığından
söz açdı: "Oğlum Unversitetə qəbul
olunanda həyat yoldaşım Elvin ona dedi ki, sən mənim
başımı uca elədin, mən də gedib sənin
başını uca edəcəyəm. O, sözünə
sadiq qaldı, nəinki oğlumun, torpaqlarımızı
işğaldan azad edərək bütün
xalqımızın başını uca etdi".
Şəhid valideynləri Sevda Əhmədova və
Şahid Mayılov övladları pilot Emil haqqında
keşmiş zamanda danışmağın hədsiz çətin
olduğunu dedilər: "O, öz yolunu özü seçdi
və sonunacan da yolundan dönmədi. Daim Vətənin səmalarında
uçub bu torpağın həqiqi qəhrəmanına
çevrildi".
Ulduz xanım həyat yoldaşı mayor Əhməd
Abdullayevin 2010-cu ildə döyüş
tapşırığını yerinə yetirərkən
şəhid olduğunu bildirdi: "44 günlük Vətən
müharibəsi başlayanda eyni depressiyanı yaşamağa
başladım ki, evlərə şəhid tabutları gedir,
ocaqlara yas düşür... Vətən müharibəsi
başlayanda yuxuda gördüm ki, Əhməd əlləri
sıyrılmış halda evə gəldi, dedim ki, nə
yaxşı gəlmisən, cavab verdi ki, yox, yemək
hazırla, götürüb səngərə
qayıdacağam. Sonralar bir əsgər deyirdi ki, müharibə
başlayanda komandiri də səngərdə yanımızda
görürdük sanki... Bu mistik hadisəni heç
unutmuram... Tək təsəllim odur ki, Vətənimiz
işğaldan azad olub".
Könül Hüseynova həyat yoldaşı şəhid
pilot, polkovnik-leytenant Rəşad Atakişiyev haqqında hər
söz düşdükcə kövrəlir: "Rəşad
haqqında xatirələrim sonsuzdur... Onun mərdliyi, ailəcanlılığı,
ailəsinə və peşəsinə olan
bağlılığı heç bir şeylə
ölçülməyəcək dərəcədə
sonsuz idi. O alicənab, ata, qardaş sevgisini də verə biləcək
qədər böyük ürəyə malik həyat
yoldaşı, ölkənin ən peşəkar, ən
savadlı pilotlarından idi... Onunla fəxr edirəm!"
Zəfərimiz həm də məhz bu valideynlərin
və həyat yoldaşlarının mətanəti, əzmi,
fədakarlığı və məğrur duruşu sayəsində
əldə olunub. Fəxarətin, sevinc və kədərin
bir arada olduğu səfər boyu təbii ki, şəhid
valideynlərinin, şəhidlərin həyat
yoldaşlarının göz yaşları içində
anlatdıqları bu sarsıdıcı xatirələrin, təsirli
həyat hekayələrinin, demək olar ki,
hamısının sonu eyni cümləylə
tamamlanırdı: Təki Vətən yaşasın!
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2024.- 4 sentyabr.(№159).- S.10.