"Qayıdış"  

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində  Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi Aynur Seyfullayevadır. Onunla rəssam Tahir Məcidovun müəllifi olduğu "Qayıdış" əsərindən danışmışıq.

Tahir Zakir oğlu Məcidov 1953-cü il 28 avqustda anadan olub. O, 1971-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Texnikumunun Rəngkarlıq şöbəsinə daxil olub. Texnikumdan başlanan yol T.Məcidovu 1978-ci ildə M.Əliyev adına İncəsənət İnstitutunun Rəssamlıq fakültəsinin Dekorativ-tətbiqi sənət (xalçaçılıq) şöbəsinə gətirib çıxarıb. Buranı bitirdikdən sonra o, təsviri sənətin ecazkar dünyasına üz tutub. Tahir Məcidov Azərbaycanın məşhur xalçaçı rəssamı Lətif Kərimovdan dərs alıb.

Rəssam rəngkarlıq, qrafika və xalçaçılıq növündə bir çox əsərlərə imza atıb. "İbrahim Peyğəmbər", "Qobustan", "Yeddi gözəl", "Ağ şanı, qara şanı" xalçalarının, "Xınalıq", "R.T.Ərdoğanın portreti", "Qadın portreti", "Heydər Əliyevin Məkkə ziyarəti" kimi dəyərli rəngkarlıq əsərlərinin müəllifidir. 1992-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 50-dən çox respublika, ümumittifaq və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Rəssamın əsərləri bir çox muzeylər və şəxsi kolleksiyalarda saxlanılır.

- Aynur xanım, gəlin söhbətimizə "Qayıdış" əsərinin süjetindəki detalların şərhi ilə başlayaq.

- Bu xalça əsrlər boyu toxunan sujetli xalçalardan kompozisiya tamlığına, süjet mürəkkəbliyinə görə fərqlənir. Rəssam xalçanın mərkəzində təsvir etdiyi Ulu öndərimizin sevinc ifadə edən simasını və sol əlini yuxarı qaldıraraq Pirəbədil xalçasının üzərinə iri addımlarla hərəkətini olduqca ifadəli və real şəkildə canlandırıb. Dahi rəhbərin üz cizgiləri, sürməyi rəngli kostyumu və qırmızı qalstuku xalçaya xüsusi canlılıq bəxş edir. Fonda üçrəngli Azərbaycan bayrağının təsviri verilib.

Məlum olduğu kimi, 1993-cü ilin iyun ayında xalq Azərbaycanı üzləşdiyi bəlalardan, daxili və xarici təhlükələrdən qorumaq üçün Heydər Əliyevin Bakıya dəvət olunmasını təkidlə tələb etdi. Uzaqgörən siyasətçi, müdrik el ağsaqqalının qayıdışı rəssam Tahir Məcidovun xəyalında həmişəlik həkk olunmuşdu. Heydər Əliyevin şəxsiyyətinə, onun intellektinə pərəstiş edən rəssam uzun illər eskizlər hazırlamış və bir il altı ay xalçanın toxunması üzərində işləmişdi.

Xalçanın süjetində İlandağ, Naxçıvan, bu diyarın tarixi-memarlıq abidələri, naxçıvanlıların Heydər Əliyevi yola salması, Bakı əhalisinin onu sevinclə qarşılaması təsvir olunub. Rəssamın əsas məqsədi bu xalçada gözəl tapılmış şərti perspektiv vasitəsilə Heydər Əliyevin daha kamil obrazını yaratmaq olub. Rəssam xalçadakı parlaq, hərəkətli rənglərlə bayramsayağı geyinmiş insanların üzlərindəki sevincin real təsvirini verməklə, Azərbaycan xalqının rəhbərə olan böyük məhəbbətini əks etdirməyə çalışıb. Rəssam Tahir Məcidovun ərsəyə gətirdiyi möhtəşəm "Qayıdış" əsərinin 2002-ci ildə "Qurtuluş" günü münasibəti ilə "Gülüstan" sarayında böyük təqdimat mərasimi keçirilib.

- Əsərin kompozisiyası və rəng həlli haqqında nə deyə bilərsiniz?

- Xalçanın kompozisiyasında obrazın verilməsi dekorativ düşüncə forması, ənənəvi kolorit və texniki üslubla uyğunluq təşkil edir. Əsas ideya xalçanın kompozisiyasının zəngin olmasını, dekorativ gücünü yüksəldir. Əlavə motivlər bir-biri ilə ritminə, rənginə görə vəhdət təşkil edir. Kompozisiyanın gözəlliyinə rəng koloriti də gözəllik qatır. Burada rənglər qırılmaz ardıcıllıqla işlənib. Xalçanın kompozisiyasında dörd fəsil əvəzinə dörd sima verilib. Məhz bunlar Heydər Əliyevin şəxsiyyətində və əməlində təzahür edən insanlar, milləti millət edənlərdir.

- Xalçanın haşiyəsi də mürəkkəb quruluşludur.

- Bəli. Burada kətəbələr içərisində Dədə Qorqudun, Əcəmi Naxçıvaninin, Şah İsmayıl Xətainin əks olunması diqqəti cəlb edir. Haşiyənin yuxarı hissəsində ölkəmizin dövlət rəmzləri - bayrağımız, gerbimiz, "Quran" ayələri, Yeni Azərbaycan Partiyasının rəmzi öz əksini tapıb.

- Sizcə, bu əsər bizə nə deyir?

- "Qayıdış" xalçası, sözün həqiqi mənasında, Azərbaycanın ilmələrdə əks olunmuş tarixidir. Bu həqiqət danılmazdır. Bu əsər sözün həqiqi mənasında, böyük hərflərlə yazılmağa layiq olan kamillik nümunəsidir. Xalq tarixi yaradanları həmişə sənətin dili ilə vəsf edir. Azərbaycanın müasir tarixini yaradan Heydər Əliyev haqqında onlarla, yüzlərlə kitab, sənət əsərləri yaradılıb. İnanıram ki, Heydər Əliyev kamilliyinin kamil təcəssümü olan "Qayıdış" xalçası Azərbaycanın mədəniyyət tarixində həmişə layiqli və əbədi yer tutacaq.

 

Aytac SAHƏD

525-ci qəzet.- 2024.- 4 sentyabr.(№159).- S.8.