Düşməncəsinə sevgi, sublimasiyalı aqressiya...

 

Esse

 

"Xoşbəxt olun, ey mənim düşmənlərim!"

(Knut Hamsun. "Pan" romanından)

 

Yalan əvvəl-axır öldürür; Prosper Merimenin "Etrusk vazası"ndakı Sen-Kleri öldürdüyü kimi.

İnsanı əvvəldən axıradək yaşadan Həqiqətdir. Təkcə öz həqiqəti deyil, həm də "özgəninki"... Knut Hamsun: "Ən qəddar düşmənlərimi belə sevməyə... hazır idim" deyir. Yazıçı yalanmı deyir, ya gerçək?! Düşmənlərini, doğrudan da, sevdimi, sevmədimi?! Bunu bilmirəm. Amma paradoks: bəşəriyyətin ən qəddar düşməni - Adolf Hitler özü Hamsunu sevmişdi. Ötən əsrin "günortasında" insanlıq "faşizm" isimli aqressiv feilin qurbanı olmuşkən, baş aqressor şəxsən Hamsuna, Evolaya, Vaqnerə... "eşq öpücükləri" saçırdı. Burda yalan həqiqətlə qolboyun olub sanki. Görünür, bəlkə də, hər yalanın içində gerçəyin dərin və zərif cövhəri, hər gerçəyin içində yalanın iti və zəhərli tiyəsi dolaşır.

Faşizm doğmalar arasında da sosial kontaktları dağıdıb, bir-birinə düşmən edəcək qədər qatı zalımlıqdı. Alman xalqını aldatmışdılar ki, o, dünyanın sahibi olmaq üçün yaranıb. Ancaq toplum qaz kamerasının qızmar, zəhərli "nəfəsini" öz üzündə, üzərində hiss edəndə, iş işdən keçmişdi artıq. Alman ictimai orqanizminin öz daxili şəbəkəsi çox diqqətlə - alman dəqiqliyi ilə darmadağın edilmişdi. Nəticədə insanların təkcə xarici düşmənə deyil, bir-birinə aqressiyası krematoriyadan ərşə dirənmişdi. Bu vəhşət alman coğrafiyasını aşıb, ucqarlara qədər yandırıb-yaxmışdı. Zalım ocağı söndürməyə gedənlərin çoxu öz doğma ocağına qara kağız olaraq qayıtdı. Bir çoxu da o qaz kamerasının tüstüsündə itkin düşdü; nə ölüsü var, nə dirisi. Fəqət, türklər demiş: "Ölüsü olmayanın dirisi də olmaz". Dünyanın tamamını yandırmadan babalarımız o aqressiya alovunu "beşiyində boğmuşlar". Son nəfəsinə qədər boğmuşlarsa, bəs niyə o coğrafiyada ifrat sağın ayaq səsləri yenidən amansız xora çevrilir?

İfrat sağ demişkən. İnsanlarda bu və ya başqa faktorların təsiri altında şəxsiyyət pozğunluğu yaranır: öz fərdi kimliyini ya hamıdan üstün görür, ya da hamıdan aşağıda. Eyni hal bütöv toplumlar miqyasında da özünü göstərə bilir: hamılıqla narsisizmdən faşizmə bir addım var. Hamılıqla əziklik sindromu isə kütlə snabizmini - faciə miqyaslı şahsevənlik mərəzini körükləyir. Bəli, elm cəmiyyətdə daxili aqressiya ocaqlarının alovlanmasını sosial kontaktların qırılıb tökülməsi ilə izah edir. Ziqmund Freyd buna "sevginin itirilməsi" deyirdi. İtirilən sevgilərin yeri müqəddəs boşluqdur; ora əvvəlcə qüssəli çaşqınlıq "damar", sonra o boşluq yavaş-yavaş çılğın məyusluqla dolar, axırda bunların hamısı reaktiv aqressivliyə çevrilər. Bax, onda dünyanın çarxı çevrilər, bəşərin də bəxti devrilər... Doğru anladınız: istənilən cəmiyyətdə, sevginin itirilməsi dərin bir yarğan yaradar. O dibsiz uçuruma ya "inanclı" təriqətçilik, ya etnososial təfriqəçilik, ya da ultraradikal firqəçilik... sızar. O dərindən dərin dərə beləcə dama-dama bir nifrət gölünə çevrilərsə, toplumun sağlam hissələrini də öz dibinə çəkmək istər.

...Bəlkə tərs bucaq olacaq, amma... Bizə axı kim demişdi ki, hamı bir-birini mütləq sevməlidir?!

Heç kim! Heç Freyd də o cür "total" sevgidən danışmırdı axı. Total sevgi total nifrətin astar üzüdür. Bir cəmiyyətdə birlikdə xoşbəxt yaşamaq üçün bir-birimizi... sevmək zorunda deyilik. Nifrət etmək zorunda heç deyilik. Hamı hamının doğması deyil. Hamı hamı ilə dost ola bilməz, normaldır. Amma hamı hamı ilə düşmən də olası deyil axı! Niyə də olsun?!

Ən qanlı savaşlar da bir gün barışla bitəcəksə, elə indi və burda barış içində olanların savaş ehtirası necə də anlamsız görünür, İlahi?!

Sənin özünə də elə görünürmü, İlahi?!

...Savaş demişkən. Bəzən deyirlər, müharibə insanın içindəki vəhşini açıb sərbəst buraxmaqdır. "Vəhşi" deyəndə isə mütləq ağlımıza heyvan gəlir.

Amma... bilirsiniz, heyvanlar insana ya dost kimi baxır, ya qurban kimi. İnsan özü isə insana dost kimi görünüb qurban kimi baxır. O zaman kimin içində "daha çox... "vəhşi" var?!

...Piter Bençlinin "Çənələr" romanını bəlkə oxumusunuz. Ya da ola bilsin, bu roman əsasında Stiven Spilberqin çəkdiyi filmə baxmısınız. Həm roman, həm film öz yaradıcılarına rekord ölçüdə şöhrət və sərvət qazandırmışdı. Təkcə kitab özü 20 milyon nüsxə satıldı. Spilberqin filmi isə iki il heç bir rəqib tanımamışdı. Mövzu yazıçının insan qatili kimi tanımladığı nəhəng ağ köpək balıqları idi. Bu, dünya gündəmində sensasiya yaratdı. Eyni zamanda hər iki bədii sənət əsəri sonrakı uzun onilliklər boyu ağ köpək balığının, eləcə də, başqa növ köpək balıqlarının kütləvi qətliamına səbəb oldu; dənizlərin, okeanların bu üzən nəhəng sakinlərinin ovu çox böyük ölçülərdə artdı. Yüksək sənətin BƏDİİ EHTİYATSIZLIĞI üzündən təbiət dərin və zalım yara aldı. İnsanların bu canlıları uğratdığı soyqırım Piter Bençlinin özünü dəhşətə gətirdi və bir gün yazıçı "Los Angeles Times" nəşrinə müsahibəsində peşmanlığını və məyusluğunu boynuna aldı: "Belə bilsəydim, bu kitabı yazmazdım" dedi.

Və Bençli ömrünün geriyə qalan illərini köpək balıqlarının qorunmasına həsr elədi. Alfred Nobel dinamiti kəşf etməyindən peşman olub, Nobel mükafatını təsis etdiyi kimi. Öz kəşfinin atom bombasına çevrilməsindən dəhşətə gəlmiş Albert Eynşteyn də Bençli kimi, Nobel kimi... eyni sözləri demişdi: "Belə bilsəydim..."

Bax, bu - sonrakı peşmançılıq insanlara, heyvanlara - təbiətə fayda verdimi?! Təkcə müsəlmanın deyil, elə xristianın da, iudaistin də, buddistin də, sintaistin da, lamaistin də... hamının və hər kəsin sonrakı ağlı!

Bəs bu peşmançılığın kökündə nə dayanırdı: təbiətə sevgi, yoxsa nifrət?! Burda sevgini nifrətdən ayıran "sərhəd dirəkləri" nədənsə elə bil yoxdur axı. Varsa da, yox dərəcəsində... var!

Təbiəti yaralayanlar, doğrudanmı, həmişə, ya da sonradan onu çox sevdilər?! Həm də öldürücü dozada!

Bəli, heyvanlar bizə dost kimi də, qurban kimi də baxa bilir.

Dostcasına... qurban kimi bəlkə! Biz onları düşməncəsinə sevdiyimiz qədərində...

Sənə qurban kimi baxanı sevmək... Yox, sevməsəydin, "Qırmızı kitab" açıb heyvan şəcərəsinin davamını güdməzdin. Heyvanların, quşların, hətta kitabxana künclərində yaşayan həşəratların belə bu kitabdan xəbəri yox!

Meşədə insanla qarşılaşan bir xallı bəbir hardan bilsin ki, onun nəsli kəsilməsin deyə insanlar "Qırmızı kitab" "yazır". Bəlkə xallı bəbir bunu bilsə, hirsindən xalı "tökülər: bu boyda yalan olar?!

Hə, bir də "müqəddəs yalan" deyə bir şey uydurub insan. Gerçəkdən də, görəsən, "müqəddəs" dediyimiz yalana inanmalıyıqmı?! Yalana müqəddəs donu biçdiyimiz yerdə Həqiqətin müqəddəsliyini zədələmirikmi?! Yaralamırıqmı?!

Doğrudur, "müqəddəs yalan" qulağa xoş gəlir, amma...

Heyvanları "Qırmızı kitab"ın cildlərində öz zalım iştahından gizlədib qorumaq istədi insan! Ov olmağın nə demək olmağını özünün dərisində hiss etmişdi; Harvard Universitetinin kitabxanasında İNSAN DƏRİSİ İLƏ CİLDLƏNMİŞ QƏRİBƏ KİTAB var! Və tək orda deyil, çox yerdə var. "Avesta"nı on iki min inək dərisinə həkk etmiş insan o zaman bir kitab üçün on iki min inəyi "ovlamışdı". Sonra özü də ov oldu; dərisi ilə kitab üzləndi.

Kim bilir, "Avesta"nın müqəddəsliyinə sığınan adam bəlkə on iki min inəyin ətinə tamahlanırmış! İndi buna nə ad verim: asi həqiqət, yoxsa "müqəddəs"yalan?! "Qırmızı kitab" özü bu qəddar dilemmanın harasındadır, görəsən?!

Baxın, müqəddəs yalanla "günahkar" gerçəyin sərhəddi hardan keçirmiş! Həmin o "Qırmızı kitab" bir həqiqətdir; heyvanları qorumaq istəmişik. Ancaq o, həm də bir yalandır - heyvanların nəslini kəsən də elə özümüzük. Görünür, axirətimiz üçün heyvanlardan halallıq ummuşuq. Sadəcə, bir kitab qarşılığında! Həm də... heyvanların kitab oxuya bilmədiyini bilə-bilə. Bax, belə bir Qırmızı Yalanla Axirəti qazanmaq... Nə deym?! Hərçənd elə bir çıxılmaz dalanda, elə qorxunc arafdayıq ki! Nə ölüyük, nə diri. Çünki günahlarımızda savab, savablarımızda günah daşıyırıq. Bəzən sanki həm ölüyük, həm diri... Şair necə demiş: "Allah, məni yarı öldür, yarı saxla ağlamağa..." Bu durum üçün demişmi?! Bəlkə hə, bəlkə yox!

Bax, nadir növlərə atdığımız hər güllə "Qırmızı kitab" adlı həqiqətimizi də hər dəfə bir az öldürür. Biz nadir heyvanları, quşları ona görə qorumuruq ki, onları çox sevirik, yaxud ona görə öldürmürük ki, onlara çox nifrət edirik. Yox! Əksinə bəlkə sevdiyimizdən... öldürürük. Bir cüyürün gözlərinin gözəlliyinə dəlicəsinə vurğunuq, fəqət ətinin ləzzətinə daha çox vurulmuşuq. O üzdən vurmuşuq. Bunu etiraf edək artıq! Qərəz "Qırmızı kitab" açıb heyvanları, quşları qoruyanda, ya da əksinə ovlayanda biz... özümüzü sevirik. Gözəl gözlü, bəxtsiz cüyür misalındakı kimi. Bir halda insanı öz estetika duyğusu yönləndirir, başqa halda isə həzm sisteminin biokimyası. Fəqət görünür, məşhur yazıçı haqlıdır: kimya təbiətə qalib gəlmiş!

Ovçu ovunda. Bəs öz həmcinsinə aqressiya saçmaq, öldürmək... Bu da nə?! İnsan kimi mükəmməl varlığa yaraşdımı?! Hərçənd təbiətdə insana gerçəyi anladacaq örnək həyatlar var. Avstriyalı alim, publisist, Nobel mükafatı laureatı Konrad Lorens "Aqressiya" əsərində heyvanların, quşların həyatını təhlil edərək insan həyatı ilə paralellər gətirir. Bir-birini tanımadan, sevmədən belə birlikdə yuva qurur, o yuvada yaşayır leyləklər.

Hə, hə, o leyləklər! "Səni leylək gətirdi" deyə adı ilə uşaqları yanıltdığımız qanadlılar. İnsanın öz intiminin "təqsir"ini belə ayağına yazdığı, təqsirsizlik prezumpsiyasından xəbərsiz o günahsız "günahkar" quşlar... Bəs Lorensin bu "leylək paradiqması" bizə gizlicə nələr pıçıldayıb?! Dünyadakı milyardlarla insan bir-birini tanımaz, etməz. Təbii ki, sevməz də. Tanıya da bilməz, sevə də bilməz. Ancaq bir yumru şarın üstündə birlikdə dinc yaşamağa məhkumuq.

Qədim yunanlar tarixi "yormadan" "iç-içə" yaşamağın doğru yolu tapmışdılar: katarsis! Aqressiyadan təmizlənmə. Daha doğrusu, aqressiyanı doğru yerə doğru yönəltmək. Elm buna "sublimasiyalı aqressiya" adını qoydu. İdman belə yarandı. Olimpiya oyunları isə, bax, bu sublimasiyalı aqressiyanın əyləncəli və xoşbəxt kulminasiyası oldu. Olimpiyanın ilkin fəlsəfəsi də buna əsaslanırdı: başlıcası qələbə çalmaq deyilmiş!.. Aqressiyanı yarışa yönləndirib, əyləncədə "əritmək" bəlkə elə Bəşəriyyətin ən böyük qələbəsiydi (ya da qələbə illüziyası!). İnsanın Olimpiya səbri-filan... İndi bunlar hamısı sanki artıq fəlsəfə olmaqdan çıxıb. Sadəcə, tarix olaraq qalıb. Ya siyasiləşərək, ya da ticariləşərək... Və belə davam etdikcə, sublimasiyasız-filansız, yarımyabanı aqressiyanın köləliyində çırpınacağıq.

Yox, demirəm, biz təzədən səksən-doxsanların Meydanına toplaşıb, hamılıqla qucaqlaşacağıq; o illüziyam yoxdur. Amma bir vaxt bir-birimizi Meydanlıq izdihamla, "qara yanvar"casına - ÖLÜMÜNƏ sevə bilirdiksə, indi, heç olmasa, bir-birimizə dözə bilərik, deyilmi?! Çox görmüşük: birinin varlığında varlığına dözə bilməyən, yoxluğunda yoxluğuna heç dözə bilmir: "İndi sağ olsaydı, yanımda olsaydı, bərk-bərk qucaqlayardım" deyir... Amma yox! Nəfsimizin ruhumuzu əsir etdiyi yerdə əsrlərlə müdrik səbrimizin geri dönüşünü gözləyəcəyik. Həm də səbirsizliklə! Görünür, hələ uzun zaman tək bircə zalım "idman" növünü tanıyacağıq: dinc inancımıza arxa çevirib, zorakılığın dağıdıcı ruh şəklinə tapınacağıq. "Nəymiş o zalım idman növü?" deyə soruşsanız, belə deyəcəm: içimizdəki qorxunc vəhşini, ya da yarımvəhşini anında cilovlamasaq, Freydin dediyi o itirilmiş sevgini vaxtında qaytarıb yerinə qoymasaq, hələ çox uzun zaman QƏZƏBLƏ QALXIB ZƏRƏRLƏ OTURACAĞIQ. Üstəlik, zərərin yarısını çoxdan, lap çoxdan ötüb keçmişiksə...

 

Bahəddin HƏZİ

525-ci qəzet.- 2024.- 5 sentyabr.(№160).- S.14.