Şuşada yaranan
muğam, mahnı və rənglər
Öz muğamı, mahnısı ilə insanlara əsrlər
boyu zövq verən çal-çağırlı
Şuşanın möcüzəli kitabını vərəqlədikcə
onun hər səhifəsində musiqinin bütün rəngləri
ilə çiçək açdığını görə
bilərsən. Qala yarandığı gündən musiqi onun
şöhrəti ilə birgə addımlayıb, birlikdə
yol keçib. Burda hara getsən, musiqi səsləri səni
müşayiət edəcək, gah muğam, gah operalardan
parçalar eşidəcəksən, bir az irəli getsən,
yenə də xanəndələrə,
çalğıçılara rast gələcəksən,
başqa bir tərəfə üz tutsan, yenə həmin mənzərələrin
şahidi olacaqsan. Bir sözlə, musiqi sədaları ətrafı
bürüyür, şəffaf havada heç bir maneəyə
rast gəlmədən uzaqlara yayılır və gecə
yarısınadək müğənnilərin gah həzin, gah
da şən bir ahənglə dalğalanan torağay səsli
cəh-cəhləri, tar-kaman naləsi və ruh oxşayan
başqa təzə səslər havada cövlan eləyib,
bir-birinə qarışır... Deməli, bu torpaq öz təmiz
bətnində yeni bir muğamını, yeni bir
mahnısını yoğurub, ərsəyə gətirib, nəhəng
Qarabağ mədəniyyətinin yeni bir məhsulu da
yetişib, hasilə gəlib. Belə musiqini yalnız onu duyan,
böyük fantaziyaya və ağıla malik, bədii
zövqü yüksək olan insanlar yaza, yarada bilərlər.
Görün təbiət Qarabağa nə
böyük sərvət, nə böyük istedadlar bəxş
eləyib! Heyrətdən adamın başı gicəllənir!
Aşağıda oxuyacaqlarınız da mədəni
dünyanın bir parçası olan Şuşamızın
istedadlı övladlarının arayıb-ərsəyə gətirdikləri
dadlı məhsullardandır.
MUĞAMLAR
"Mirzə Hüseyn Segahı" - mayəsi
"Orta Segah"ın mayəsindən bir kvinta
aşağı (kiçik oktavanın "lə" notu),
yaxud bir kvarta (birinci oktavanın "lə" notu) yuxarı
olan muğamdır. XIX əsrin əvvəllərində
Şuşada yaranıb və formalaşmışdır.
İlk dəfə Mirzə Hüseyn adlı şuşalı
bir xanəndə tərəfindən yüksək sənətkarlıqla
və məharətlə ifa edildiyinə görə onun
adı ilə adlandırılmışdır. Bu
muğamın ən mahir ifaçıları Cabbar Qaryağdıoğlu,
Keçəçioğlu Məhəmməd və Xan
Şuşinski olmuşlar. İslam Abdullayev ("Segah
İslam") isə "Mirzə Hüseyn
Segahı"nı daha mükəmməl və incə
zövqlə oxumuşdur.
"Kürdü-Şahnaz" - "Kürdü"
və "Şahnaz"ın birləşməsindən əmələ
gəlmiş kiçik muğamdır. "Şahnaz",
"Dilkeş", "Kürdü" və "Zil
Şahnaz" şöbələrindən ibarətdir. Bu
muğamı XIX əsrin II yarısında məşhur
şuşalı xanəndə Hacı Hüsü
yaratmışdır. Çox məlahətli səsə malik
olan xanəndə Molla Vəli Axundovun bir toy məclisində
gözəl avazla "Kürdü" oxumasından ilham alan
Hacı Hüsü "Şahnaz"ı
"Kürdü" ilə qarışdırıb, birlikdə
oxumuşdur. O vaxtdan da bu muğamın adı
"Kürdü-Şahnaz" qalaraq Azərbaycan xanəndələri
arasında geniş yayılmışdır. Ən mahir
ifaçıları Şahnaz Abbas və Xan Şuşinski
olmuşlar.
"Qatar" - kiçik həcmli vokal-instrumental
muğamdır. Əvvəllər "Bayatı-Kürd"
muğamı üstündə şöbə kimi oxunmuş,
sonralar həcm etibarilə genişləndirilərək
müstəqil muğama çevrilmişdir. "Do" mayeli
"Rast" məqamında ifa olunur. Zildə oxunan
"Qatar" "Mahur-Hindi" muğamı mayesindən bir
oktava yuxarıda başlanaraq həmin registrdə tamamlanır.
Orta hissədə "Üşşaq" şöbəsi
oxunur.
Bu muğam Şuşada xanəndə Hacı
Hüsü tərəfindən yaradılmışdır. Toy
məclislərinin birində Qatar adlı kənddən gəlmiş
bir nəfərin oxuduğu bayatıdan ilhama gələn xanəndə
tarzən Sadıqcanın müşayiəti ilə həmin
bayatını böyük ustalıqla oxumuş və o
zamandan onun adı "Qatar" qalmışdır.
Hacı Hüsünün bu ixtirasından sonra
Qarabağ xanəndələri "Qatar"a bayatını
da əlavə etmiş, birlikdə "Qatar-Bayatı"
oxumuşlar. Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd
Fərzəliyev, Şəkili Ələsgər, İslam
Abdullayev, Cahan Talışinskaya bu muğamın mahir
ifaçılarından olmuşlar. "Qatar", əsasən,
tarın, "Qatar Bayatı" isə yastı balabanın
müşayiəti ilə oxunur.
"Mahur-Hindi" - "Rast" muğamının tərkibinə
daxil olan muğamdır. "Mahur"un iki növündən
biridir. "Do" mayeli "Rast"
tonallığındadır. "Bərdaşt" ("Rak
Abdulla"), "Mahur", "Rast-hindi", "Hüsniyyə",
"Rak-hindi", "Şikəsteyi-fars",
"Əşiran", "Əraq", "Rak"
(kadensiya) şöbələrindən ibarətdir. Həm
melodik quruluşuna, həm də şöbələrinin
xüsusiyyətlərinə görə "Rast"ın
xarakterinə uyğun gəlir. "Rast"da olan bir çox
şöbə, guşə və hissələr eynilə
"Mahur-Hindi"də də mövcuddur. Bu muğamların əsas
fərqi ondadır ki, "Mahur-Hindi" "Rast"a nisbətən
bir kvarta yuxarıda oxunur və bir qədər
yığcamdır. Şöbələri melodik cəhətdən
azacıq fərqlənsə də, məqam əsasları
tamamilə eynidir.
Böyük musiqişünas Cabbar
Qaryağdıoğlunun yazdığına görə, bu
muğamı məşhur tarzən Sadıqcan bəm səsli
xanəndələr üçün yaratmışdır.
Sadıqcan XIX əsrin 80-ci illərində Tiflisdə
yaşayarkən bura gələn hind müğənnilərindən
"Mahur"u necə oxumalarını eşitmiş və
onların ifasına uyğun bu muğamı yaratmış və
onu "Mahur-Hindi" adlandırmışdır.
"Mahur-Hindi" muğamı xanəndədən ən
azı iki oktava yarım, yəni yüksək tesseturalı
güclü səs, bir neçə forma və mərtəbəli
coşqun zəngulələr, ən yüksək registrdə
stakkato, mürəkkəb passajlarda tembr səlisliyi, eyni
zamanda vokal ustalığı və temperament tələb edir.
Ən gözəl ifaçısı Xan Şuşinski idi.
"Həmid Segahı" - XIX əsrin II
yarısında, XX əsrin əvvəllərində
yaşamış (1869-1922), "Rast" və "Segah"
muğamlarının ən mahir ifaçılarından hesab
olunan Malıbəyli Həmidin adı ilə
adlandırılmışdır. "Yetim Segah"ı və
"Orta Segah"ı özünəməxsus, orijinal şəkildə
bir neçə variantda oxumağı ilə müasirlərindən
fərqlənən xanəndə "Orta Segah"ı təkmilləşdirərək
dəstgahı tarın sarı simlərində
"Müxalif" şöbəsindən başlayıb, zərif
xallar, nəfəslər vuraraq bir qədər gəzişdikdən
sonra "Hasar"a keçməklə bu muğama yenilik gətirmişdir.
Bunu dövrün musiqiçiləri öz ifalarında "Həmid
Segahı" adlandırmışlar.
"Şəkəroğlu şikəstəsi" -
XIX əsrin II yarısında Şuşada
yaranıb-formalaşmışdır. Bu zərbli
muğamın sözlərini və musiqisini
dövrünün məşhur tarzəni və xanəndəsi
Şəkəroğlu Kərim yazmış və Azərbaycan
musiqisi tarixinə onun adı ilə - "Şəkəroğlu"
şikəstəsi kimi düşmüşdür. Əsasən,
Qarabağ və Gəncə xanəndələrinin
repertuarına daxil olmuşdur. Muğamın ən məşhur
ifaçısı Xan Şuşinskidir. Üzeyir Hacıbəyov
"Əsli və Kərəm", Müslüm Maqomayev
"Şah İsmayıl", Zülfüqar Hacıbəyov
"Aşıq Qərib", Renold Qliyer "Şahsənəm"
operalarında bu ritmik muğamdan istifadə etmişlər.
"Şəkəroğlu Kərim şikəstəsi"nin
musiqi ölçüsü 2/4-dir. Ağır tempdə oxunur.
Dörd misradan ibarət hər bir bənddən sonra melodik cəhətdən
müxtəlif olan ara çalğı (instrumental epizod) ifa
olunur.
XX əsrin otuzuncu illərində Səməd
Vurğunun yazdığı "Azərbaycan" şeirindəki
"Havalansın Xanın səsi, "Qarabağın şikəstəsi"
misraları muğamın adının dəyişilməsinə
səbəb olmuş və həmin vaxtdan da yaddaşlarda
"Qarabağ şikəstəsi" adı ilə kök
salmışdır.
MAHNILAR
"Sarı bülbül" - geniş
yayılmış xalq melodiyasıdır. Mahnının
maraqlı yaranma tarixçəsi var: Ağa Məhəmməd
şah Qacar Şuşada qətlə yetiriləndən sonra
Qarabağ hökmdarı İbrahimxəlil xan Cavanşir İranla
münasibətlərini yoluna qoymaq üçün öz
sevimli qızı Ağabəyim ağanı hakimiyyəti
yenicə ələ almış Fətəli şaha ərə
verdi. Ağabəyim ağa ömrü boyu Vətən həsrətilə
qərib bir ölkədə yaşadı.
"Ağabacı" təxəllüsü ilə dərd-qəmini
kağıza köçürdü, qəmli-qəmli havalar
qoşdu, qəzəllər, qoşmalar yazdı. Bir gün o, ərindən
xahiş elədi ki, Tehranda elə bir bağ saldırsın
ki, Qarabağda bitən bütün gül-çiçək
kolları, meyvə ağacları orda da əkilsin. Şah onun
xahişini yerə salmadı və belə bir bağ
salındı, hətta bağban da Şuşadan gətirildi.
Ağabəyim ağa bağın adını "Vətən
bağı" qoydu. Burda təkcə Şuşa
torpağını özünə vətən
seçmiş xarıbülbüldən başqa,
bütün ağaclar və güllər bitdi.
Xarıbülbülün bağda bitməməsindən məyus
olan və kədərlənən şair:
"Vətən bağı" al-əlvandır,
Yox içində xarıbülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül?!
- misraları ilə başlanan kədərli və qəmli
bir şeir yazdı.
Qərib bir diyarda yazılmış el-oba həsrətli,
sızıltılı bu şeir az bir vaxtda ürəklərə
yol tapdı, kök salıb yaşadı, naməlum bir
şuşalı müəllif onun sözlərinə musiqi bəstələdi
və bu melodiya xalq mahnısı kimi
ağızdan-ağıza, dildən-dilə düşərək
şair ruhunu, xalq ruhunu yaşada-yaşada bugünümüzə
gəlib-çıxdı. Bu xalq mahnısını Ağabəyim
ağa Ağabacının kədərli və nakam həyatı
barədə musiqili hekayət də adlandırmaq olar.
"Qalalıyam, qalalı" - XIX əsrin
sonlarında yaranmış Azərbaycan xalq
mahnısıdır. Sözləri və musiqisi görkəmli
xanəndə Məcid Behbudovundur. Bu mahnını o,
doğulub boya-başa çatdığı doğma
Şuşa qalasına həsr etmişdir. Mahnının ən
mahir ifaçıları müəllifin özü, oğlu və
dahi müğənni Rəşid Behbudovdur. XX əsrin əvvəllərində
İngiltərənin dünyada tanınmış "Qrammofon-Rekords"
şirkəti tərəfindən Məcid Behbudovun ifasında
"Şuşa təsnifi" adı ilə vala
yazılmışdır.
"İrəvanda xal qalmadı" - lirik tonda oxunan
Azərbaycan mahnısı. Sözləri və musiqisi Cabbar
Qaryağdıoğlunundur. Mahnının yaranma tarixçəsi
belədir: görkəmli xanəndə İrəvan şəhərinin
varlı sakinlərinin birinin oğlunun toy məclisini
aparırmış. Bəy tərifi zamanı gəlinin
atası yarızarafat, yarıciddi deyir ki, bayaqdan bəyi tərifləyirsiniz,
bəs gəlini niyə tərif eləmirsiniz?! Xanəndə
gəlinin atasının xətrinə dəyməmək
üçün onun xahişini yerinə yetirir və
qızın nişanələrini soruşur. Eşidir ki, gəlinin
üzündə qoşa xalı var. Cabbar
Qaryağdıoğlu çalğıçılara "onun
dalınca gəlməyi" işarə edir və bədahətən
bu mahnını oxuyur. Həmin vaxtdan xanəndə bu
melodiyanı gəlinin şərəfinə "İrəvanda
xal qalmadı" adlandırmışdır.
"Tiflisin yolları" - XIX əsrin sonlarında
yaranmış Azərbaycan xalq mahnısı. Sözləri və
musiqisi Cabbar Qaryağdıoğlunundur. Xanəndə çox
gənc yaşlarında Qafqazın və İranın bir
çox şəhərlərinə toy məclislərinə
dəvət olunur. Uzunmüddətli səyahətdən sonra
o, Tiflisə gəlib-çıxır. Bu şəhərin
gözəlliyi onu o qədər valeh edir ki, ora ithaf olaraq
"Tiflisin yolları" mahnısını yazır.
Mahnını dövrünün bir çox xanəndələri
ifa etmişlər. Bugünkü müasir xanəndə və
müğənnilərin repertuarına isə hələlik
düşməmişdir.
"Qəmərim" mahnısının sözləri
və musiqisi Xan Şuşinskinindir. Ötən əsrin
otuzuncu illərində Şuşanın Malıbəyli kəndində
Xan Şuşinski yaxın dostu və siğə
qardaşı, məşhur çekist Məmmədəli
Novruzovun toy məclisini aparırmış. Bəyin
bacıları, o cümlədən, Qarabağ gözəli,
qara uzun saçları topuqlarına dəyən Qəmər
xanım qardaşının toyunda rəqs edərkən Xan
onu ilk dəfə görmüş və bədahətən
bu mahnını yazaraq məclisdəki ağsaqqalların icazəsi
ilə elə ordaca oxumuşdur. O vaxtdan da bu mahnı dildən-dilə
düşmüş, başqa xanəndə və müğənnilərin
repertuarına daxil olaraq el arasında geniş
yayılmışdır. Ən mahir ifaçıları
müəllifin özü və respublikanın xalq artisti Arif
Babayevdir.
"Şuşanın dağları" -
mahnısı ötən əsrin otuzuncu illərində
yaranmışdır. Sözləri və musiqisi Xan
Şuşinskinindir. Mahnını o, doğma şəhərinə
həsr etmişdir. Sözləri aydın, qısa, təsirli,
musiqisi rəvan, təbii, oynaqdır. Ən mahir
ifaçısı müəllifin özüdür.
"Qarabağın maralı" - məşhur
melodiyadır. Sözləri və musiqisi Novruzlu İsgəndərindir.
Mahnı Şuşa teatrının aktrisası Suğra
Bağırovaya həsr olunmuşdur. İlk dəfə 1951-ci
ildə şuşalı xanəndə İsa Rəhimovun
ifasında səslənmişdir. Sonralar bir çox
müğənnilər bu mahnını öz
repertuarlarına daxil etmiş, adını və sözlərini
təhrif edərək "Azərbaycan maralı" adı
ilə oxumuşlar. Ən gözəl və mahir
ifaçıları respublikanın xalq artistləri
Şövkət Ələkbərova və Sara Qədimovadır.
"Ay qəşəng ceyran" -
mahnısının sözləri və musiqisi Xan
Şuşinskiyə məxsusdur. 1959-cu ildə 1 yaşı
tamam olan qızı Bəyimxanım Cavanşirovaya həsr
etmişdir. Mahnı çox çəkmədən
populyarlaşmış və müğənninin
repertuarına daxil olmuşdur.
"Şuşa yaylağı" ötən əsrin
əllinci illərində yaranmışdır. Sözləri
və musiqisi hüquqşünas İldırım Məhərrəmova
aiddir. İlk ifaçıları şuşalı xanəndə
İsa Rəhimov və müğənni Hüsnü
Qubadovdur.
"Şuşanın yolları"
mahnısının müəllifi bəstəkar
Ağabacı Rzayevadır. Sözləri xalq şairi Nəbi
Xəzrinindir. Ötən əsrin altmışıncı illərində
yazılmışdır.
"Qarabağ" - bəstəkar
mahnısıdır. Musiqisi Cahangir Cahangirovun, sözləri
şair Rəfiq Zəkanındır. İlk və ən mahir
ifaçısı xalq artisti Şövkət Ələkbərovadır.
"Qarabağ" mahnısının sözləri
və musiqisi Bəhram Nəsibovundur. Ötən əsrin
altmışıncı illərinin sonlarında
yazılmışdır. Ən mahir və gözəl
ifaçısı respublikasının xalq artisti Arif
Babayevdir.
"Qarabağın qartalı" - Şuşaya həsr
olunmuş son mahnılardan biridir. Musiqisi Bəxtiyar Kərimovundur.
İlk ifaçısı şuşalı müğənni
Gülnaz Tağıyevadır.
"Darıxıram, Şuşam mənim"
mahnısı. 1992-ci ildə Şuşanın
işğalından sonra yazılmışdır. Sözləri
Telman Qarayevin, musiqisi Cavanşir Quliyevindir. İlk
ifaçısı respublikasının xalq artisti Flora Kərimovadır.
RƏQSLƏR
"Turacı" Azərbaycan xalq rəqs melodiyasıdır,
XIX əsrin ilk illərində Şuşada
yaranmışdır. Gözəl dağ quşu ilə
bağlı geniş yayılmış lal oyunu - pantomima tərzli
qədim bir oyunun adıdır. Bu süjetli oyunun hərəkətlərində,
ilk növbədə, turacın davranışı,
uçuşu yamsılanır, sonra ovçu tərəfindən
vurulmuş yaralı quşun çırpıntıları və
sair təsvir edilir. Həzin, qəlboxşayan, lirik və incə
melodiyası var. Bu rəqsin yaranma tarixi haqqında belə bir
rəvayət mövcuddur. Qarabağ hakimi İbrahimxəlil
xan Cavanşirin sarayında çox gözəl bir rəqqasə
varmış. Bir dəfə xanın oğlanlarının
birinin toyunda həmin rəqqasə rəqs sənətimizin
çox gözəl, çox incə möcüzələrini
nümayiş etdirir. İbrahimxəlil xan bu rəqsin
ifasına heyranlığını gizlədə bilmir, ucadan
rəqqasəyə deyir: "Sən lap turac kimi
oynayırsan!" O vaxtdan da həmin rəqqasənin
oynadığı melodiya "Turacı" adlanır.
Qadınlar tərəfindən ifa olunan rəqsdə sifətin,
əlin, qolun və bədənin plastik hərəkətləri
ilə turac quşunun uçması, onun yerə düşməsi
və yenidən uçub-getməsi təsvir edilir. Lirik və
incə melodiyası var. Musiqi ölçüsü 3/4, tempi
mülayim, məqam əsası "Rast", "Segah" və
"Şüştər"dir.
"Tərəkəmə" Şuşada
yaranmış xalq rəqs melodiyasıdır. Rəqsin
adının mənşəyi çoxdan Azərbaycanda məskən
salmış tayfanın adı ilə bağlıdır. Rəqsi
Qarabağda yaşayan tərəkəmə camaatının
özü yaratmışdır. "Tərəkəmə"nin
iki variantı mövcuddur və hər ikisi lirik, gümrah
melodiyaya malikdir. Birinci variant tərəkəmələrin
özlərinin yaratdıqları və vüqarlı rəqsdir.
Bu, əsasən Qarabağda geniş yayılmışdır
və bunu yalnız qadınlar oynayırlar. İkinci variant
daha çevik, oynaq, qırıq səsli, geniş hərəkətli
rəqsdir və bunu həm qadınlar, həm də kişilər
ifa edirlər. Gəzişmə, süzmə, fırlanma rəqsin
əsas hərəkətləridir. Musiqi
ölçüsü 6/8, tempi cəld, məqam əsası
"Segah"dır. Üzeyir Hacıbəyov
("Arşın mal alan"), Renold Qliyer ("Təntənəli
üvertura"), Əfrasiyab Bədəlbəyli ("Qız
qalası") "Tərəkəmə"nin
melodiyasından istifadə etmişlər.
"Uzundərə" Şuşada
yaranmışdır. Gəlinə həsr olunmuş bu xalq rəqs
melodiyası haqqında müxtəlif rəvayətlər
mövcuddur. Ağdamla Göytəpə kəndi arasında
"Uzundərə" adlanan bir yer var. Deyildiyinə görə,
qədimdə ya Dağlıq, ya Aran Qarabağda gəlin
aparanda həmin dərədən keçər və burda bir
qədər dincələrmişlər. Kişilər,
qadınlar, gəlinlər vaxtlarını boş keçirməmək
üçün musiqinin müşayiəti ilə oynayarmışlar.
Bu rəqslərdən birini - ən məşhurunu həmin
yerin adı ilə "Uzundərə"
adlandırmışlar. Ənənəvi toy rəqsi olan
"Uzundərə"ni, adətən, qızlar, gəlinlər,
bəzən də qocalar ifa edir. Bu rəqs olduqca cazibəli,
aram, incə, lirik melodiyadır. Zərif və emosional musiqi və
xoreoqrafik kompozisiyalı "Uzundərə"
üçün adi gəziş, yana gəziş, süzmə
və sair hərəkətlər xarakterikdir. Bu rəqs
qadın ifası üçün daha səciyyəvi, daha
uyğun və münasib olduğu üçün, əsasən,
gəlin gətirilən vaxt ifa edirlər. Bəzi yerlərdə
isə bu rəqsi kişilər, yaxud qadınla kişi
oynayır. Musiqi ölçüsü 6/8, tempi mülayim, məqam
əsası "Şüştər"dir. Qafqaz xalqları
arasında da geniş yayılmışdır. Üzeyir
Hacıbəyov "O olmasın, bu olsun" operettasında bu
xalq rəqsinin melodiyasından istifadə etmişdir. Əsərin
qəhrəmanı - adaxlısı ilə görüşə
gedən Məşədi İbadı "Uzundərə"nin
melodiyası müşayiət edir. Melodiya olduqca cazibəli, zərif
və lirik ifadəli rəqsdir. Rəqs o qədər məşhurdur
ki, onu qonşu xalqlar da ən sevimli rəqslərdən biri
hesab edirlər. Əlbəttə, rəqsin xarakteri, onun musiqi
və xoreoqrafik kompozisiyası qadın ifası
üçün daha səciyyəvi, daha uyğun və
münasibdir.
Melodiya aramla, vüqarla ifa edilir, rəqsin hərəkət
düzümü də aram, incə, məğrur və
çox həzindir. Rəqsi məzəli, satirik tərzdə
də ifa etmək olar.
"Darçını" Şuşada
yaranmış Azərbaycan xalq rəqsidir. Rəqsin melodiyası
gümrahdır və yumoristik xarakter daşıyır. Aram
tempdə səslənir, qüvvətli hissəsində zərblər
və vurğuların səsi aydın eşidilir. Məqam əsası
"Rast", musiqi ölçüsü 6/8, tempi mülayimdir.
Üzeyir Hacıbəyov "O olmasın, bu olsun"
operettasında "Darçını" rəqs
melodiyasından istifadə etmişdir.
"Mirzeyi" Azərbaycan xalq rəqs
melodiyasıdır. Şuşada neyçalan Mirzə adlı
bir nəfər tərəfindən təxminən XIX əsrin
ikinci yarısında yaradılmışdır. Müəllif
rəqsə öz adını vermişdir. Bütün məşhur
rəqqasların və rəqqasələrin repertuarına
daxil edilən bu rəqsi həm kişilər, həm də
qadınlar ifa edir. Gözəl, nəcib və qəlboxşayan
melodiyasının müşayiəti ilə əli dəsmallı
kişilər təmkinlə, qadınlar ağır templə
ifa edirlər. "Mirzeyi"nin "Vağzalı-Mirzeyi"
variantı daha geniş yayılmışdır. Musiqi
ölçüsü 6/8, tempi ağır, məqam isə
"Segah"dır.
"Xalabacı" Şuşada yaranmış xalq rəqs
melodiyasıdır. Rəqsin adı qadın adından
götürülmüşdür. Melodiyanın müəllifi
şuşalı qarmonçalan Sona xanımdır.
"Xalabacı"nın daha iki adı var:
"Qaçaybala" və "Ceyranbala". Bunlar eyni rəqs
olsalar da, bu üç ad altında çox geniş
yayılmışdır. Rəqsə "Qaçaybala"
adı toylarda qadın paltarında oynayan peşəkar xalq rəqqası
Qaçayın şərəfinə verilmişdir.
"Ceyranbala"da rəqqas ceyran kimi süzdüyünə
görə onun adı ilə
adlandırılmışdır. Bu rəqsi daha çox
yaşlı kişilər və qadınlar oynayırlar.
Üçüncü ad "Xalabacı" da burdan irəli
gəlir. İfaçı oynaya-oynaya xanəndədən
oxumağı xahiş edir, ya da barmaqlarını
şaqqıldada-şaqqıldada özü oxuyur. Lirik xarakteri
bu emosional rəqsin musiqi ölçüsü 1/3, tempi iti, məqam
əsası "Segah"dır.
"Ceyranı" Şuşada yaranmış xalq rəqs
melodiyasıdır. Bu rəqs incə, qəşəng, lirik
olduğuna və rəqsin hərəkətlərində
heyvanat aləminin ən gözəl incilərindən biri
ceyrana xas cəldlik, zəriflik ifadə olunduğuna görə
belə adlanır. Əsasən, qadınlar ifa edirlər. Bəzi
yerlərdə, xüsusən, Şəkidə onu kişilər
də oynayırlar.
Rəqsin musiqi ölçüsü 6/8 (3/4), tempi, əsasən,
orta və itidir. Məqam əsası "Şur" və
"Rast" muğamlarıdır.
"Qaytağı" Şuşada yaranmış qədim
Azərbaycan rəqs melodiyasıdır. Coşqun, mərdanə
və qəhrəman xarakterlidir. Onu kişilər solo, duet və
dəstə ilə ifa edirlər. Bu rəqsin xüsusiyyətləri
çoxlu hərlənmələrdən və
fırlanmalardan, hədsiz rəngarəng düzümlərdən,
o cümlədən, barmaqlar üstə duraraq tullanmalardan,
çiyinləri tərpətməkdən, süzgün tərzdə
əsas gəzişmədən, yumruqların
yarıdüyülmüş tərzdə tutulmasından,
qolların vəziyyətindən, qolun biri tarım yana
açıldığı halda, əlin vəznəyə yaxın
tutulması kimi hərəkətlərdən və ən
nahayət, geyimlərin oxşarlığından ibarətdir.
Ümumiyyətlə, "Qaytağı" quruluşu,
improvizasiya xarakteri daşımaqla ifaçıların
zövqündən, məharətindən asılı olur. Rəqs
dəqiq ritmik kompozisiyaya malikdir. Musiqi ölçüsü 6/8,
tempi əvvəlcə mülayim, axıra yaxın isə
şıdırğı olur. Rəqsin melodiyasını, əsasən,
zurnaçılar dəstəsi ifa edir. Azərbaycanda "Ləzgi-cəngi"
adıyla məşhur olan "Qaytağı" Şimali
Qafqaz və Zaqafqaziya xalqları arasında da geniş
yayılmışdır. Üzeyir Hacıbəyov, Niyazi, Tofiq
Quliyev, Rauf Hacıyev və digər bəstəkarlar
"Qaytağı" əsərləri yaratmışlar.
"Asta Qarabağı" Şuşada yaranan qədim
xalq rəqs melodiyasıdır. Rəngin hərəkət
düzümləri sabitdir, aram hissədə yerindəcə,
sonra isə bir qədər tərpənişlə ifa olunur.
Bu rəqs Qarabağda yaransa da, Azərbaycanın cənub
rayonlarında, xüsusən də, Naxçıvan və
Şahbuzda geniş yayılmışdır.
Naxçıvanda bu rəqsə sadəcə olaraq
"Qarabağı" deyirlər. Diyarın Xıncov kəndində
bu rəqsi yalnız qoca kişilər və qadınlar,
Şahbuzda isə ahıl qadınlar oynayırlar.
"Gəlin atlandı" Şuşada
yaranmış ənənəvi xarakterli qədim mərasim rəqsidir.
Xeyli uzun çəkən, aram templi, həm də olduqca
melodik rəqsdir. Rəqsin musiqi ahəngi ilə, əsasən,
gəlin oynayır. Onu iki dəfə - həm gəlin gətirməyə
gedəndə, həm də gəlini ata evindən yola salanda
çalırlar.
"Misri" Şuşada yaranmış xalq rəqs
melodiyasıdır. Adı Koroğlunun
qılıncının adından
götürülmüşdür. Rəqsdən çox
marşabənzər ahəngli instrumental aşıq
melodiyasına oxşayır. Qəhrəman xarakterli, vətənpərvər
ruhlu bu rəqs sədaları altında pəhləvanlar
güləşqabağı "Misri"nin musiqisi altında
məşq edirlər. Rəqs kimi daha geniş
yayılmışdır. Rəqsdə gərgin, məğrur,
bir qədər də çətin hərəkətlər
icra olunur. Melodiyanın tempi cəld və sürətlidir. Adətən,
zurnada, özü də zərb alətinin çox gur ritminin
sədaları eşidilir. Musiqi ölçüsü 1/4,
tempi cəld, məqam əsası "Bayatı-Şiraz"dır.
"Heyratı" Şuşada yaranmış Azərbaycan
xalq melodiyasıdır. Bu rəqsin marşsayağı ritmi
var və ifa tərzi müxtəlifdir. Qarabağda yaransa da, Gəncə
zonasında çox geniş yayılmışdır.
"Heyratı" ritmik muğamının musiqisinin ahəngində
bu yallısayağı rəqs oyununu on-on iki adam bir-birinin
ardınca düzülüb, ifa edirlər. Rəqsin mərdlik,
cəsarət ifadəli xarakteri, səlis ritmi var. Üzeyir
Hacıbəyov "Leyli və Məcnun" operasında və digər bəstəkarlar
öz əsərlərində bu rəqsdən geniş istifadə
etmişlər.
"Ay bəri bax" Şuşada yaranmış Azərbaycan
xalq melodiyasıdır. Ən yaxşı və vokal
melodiyalarından biri kimi Bakıda və Şəkidə daha
çox yayılmışdır. Yalnız qadınlar tərəfindən
qədim milli paltarda ifa edilir. Güman olunur ki, bu rəqs əvvəllər
"Yallı" formasında oynanılmışdır.
Hazırda bir rəqs kimi ifa olunmur və onu indi mahnı tərzində
eşitmək olar.
"On dörd nömrə" Şuşada
yaranmış rəqs melodiyalarından biridir. Adı rəqsin
sıra nömrəsidir. Həm kişilər, həm də
qadınlar ifa edir. Mülayim, aram templi, həzin melodiyadır.
RƏNGLƏR
"Bayatı-Şiraz" rəngi Şuşada
yaranıb-formalaşdırılmışdır. Müəllifi
tarzən Sadıqcandır. Eyniadlı muğamın
"Nişibi-Fəraz" və "Bayatı-İsfahan"
şöbələri arasında çalınır. XIX əsrin
sonlarından başlayaraq Şuşada, Şamaxıda,
Bakıda müxtəlif variantlarda yayılmışdır.
Sonralar bir neçə dəfə nota
köçürülmüşdür. Süleyman Ələsgərovun
nota yazdığı variant öz mükəmməlliyi və
tamlığı ilə seçilir. Bəstəkar
"Bayatı-Şiraz" simfoniyanın muğamında bu rəngdən
geniş istifadə etmişdir.
"Bulud zülfü" - xalq mahnısı kimi
tanınan bu melodiyanın sözləri Molla Pənah Vaqifin,
musiqisi Sadıqcanındır. Şahzadə Bəhmən Mirzə
Qacarın nəvəsi Saray xanıma həsr olunmuşdur. Bəstəkar
şerdəki "Gözəl xanım sarayından
baxanda" misrasını "Saray xanım sarayından
baxanda" misrası ilə əvəzləmişdir.
Mahnının ən mahir ifaçısı
Bülbüldür. Fikrət Əmirov "Şur" simfonik
muğamında mahnının melodiyasından epizodik olaraq rəng
kimi istifadə etmişdir.
Vasif QULİYEV
525-ci qəzet.- 2024.- 5 sentyabr.(№160).- S.12-13.