Mənalı anlarla
dopdolu bir ömür
GÖRKƏMLİ ƏDİB VƏ İCTİMAİ
XADİM HİDAYƏT ORUCOVUN 80 YAŞINA
Çağdaş Azərbaycan
ziyalılığının tarixinə adını
yazdıran elə şəxsiyyətlər var ki, onların
çoxölçülü mənəvi-yaradıcı
portretinin aydınlığı və faydalılıq əmsalı
zaman və məkan çərçivəsindən uzaqlara
yayılır, eyni zamanda kənar üfüqlərin o
tayından da bir addımlığında imiş kimi
görünür.
Bu gün ömrün 80-ci zirvəsində məğrur
duruşla və özünəməxsus imza ilə qərar
tutan şair, publisist, nasir, dramaturq, tərçüməçi,
diplomat və ictimai xadim Hidayət Orucov da belə şəxsiyyətlərdəndir.
İsminin qarşısında sıralanan və ədəbiyyatın, demək olar
ki, bütün yönlərinə dair yaradıcılıq
sahələrində özünə və xarakterinə xas
şəkildə sözünü deməyi bacaran Hidayət
Orucov eyni peşəkarlığı, yaradıcı
münasibəti, səbatı və prinsipiallığı
ictimai-siyasi və mədəni sahədə də
nümayiş etdirməyi bacaran Azərbaycan
aydınıdır.
Əsl aydınlıq və gerçək ziyalı
olmaq isə xarakterin aurasından doğulan nurun və
oyanmışlığın təkcə özünün
deyil, başqalarının da həyat yoluna işıq
saçmasını təmin etmək üçün
çalışmaqdan ibarətdir. Aydın olmaq həm də
"oyandırdıqları" üçün səndən
əvvəlkilərə də təşəkkür edə
bilmək təvazökarlığının
böyüklüyüdür. Yubilyarın bir şeirində
dediyi kimi: "Sənə minnətdaram, məni oyadan!"
Onun əsl aydınlığı da buradan başlanır...
Hidayət Orucovu səciyyələndirən ən
mühüm xarakterik xüsusiyyətləri zamanın ilikdonduran
rüzgarlarının hansı üfüqlərdən əsdiyinin
bilinmədiyi çətin dövrlərdə belə
qorxmazlığı, cəsarəti, milli təəssübkeşliyidir.
Doğma və qədim torpağımız Zəngəzurun
Meğri (Mığrı) rayonunun Maralzəmi kəndində
1944-cü ilin 5 sentyabrında dünyaya gəlmiş, o
doğma yurd yerində boya-başa çatmış Hidayət
Orucov telemüsahibələrinin birində Zəngəzuru
"ən böyük itkisi" adlandırmışdı. Və
bu cümləni deyərkən onun üzünün ifadəsindəki,
gözlərinin dərinliyindəki ifadəolunmaz məyusluğu izahedilməz qəlb gözü ilə
görüb, səsinin titrəyişindəki həsrəti
iliklərimə qədər hiss edəndə
anlamışdım ki, insanın ən böyük itkilərindən
biri və bəlkə də birincisi
uşaqlığının ən munis, gəncliyinin ən
qaynar çağlarını keçirdiyi vətənindən
uzaq düşməsidir. Və onda Hidayət Orucovun gözlərinin
dərinliyindən ürəyinin içini
görmüşdüm. Çünki zamanında onu
anlamağa qadir oxucusundan istədiyi də elə bu idi:
Dedilər: "Sözü sərtdir, xətalıdır"-
(Kimdənsə icazə almışdılar).
...Birnəfəsə
Dərindən min ah çəkib dedilər:
"Xoşbəxt adamdır..."
(Gözlərimə baxmamışdılar...)
Hidayət Orucov sovetin kəskin
qılıncının başımızın üstündən
asıldığı və erməni şovinizmi
qazanının gizli qaynayıb ara-sıra da
pıqqıldadığı illərdə İrəvanda - əvvəlcə
kənddə müəllim kimi
çalışdığı, daha sonra "Sovet Ermənistanı"
qəzetində ədəbi işçi, Cəfər Cabbarlı
adına İrəvan Dövlət Azərbaycan Dram
Teatrının direktoru olduğu, Ermənistan
Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı
Şurasına rəhbərlik etdiyi, İrəvan Pedaqoji
İnstitutunun Azərbaycan şöbəsində ədəbiyyatımızdan
dərs dediyi, "Gənclik" nəşriyyatının
baş redaktoru kimi çalışdığı
bütün illərdə hər sözü, hər
addımı ilə ziyalı olduğunu, öz
sözünü deməyi bacardığını sübut
edib. Elə özünün təbirincə desək, "Mən
belə yaşayıram" cəsarətini göstərərək
əsl Azərbaycan ziyalısı olduğunu isbatlayıb. Və
məhz bu insani keyfiyyətlərinə və dövlətçilik
təfəkkürünə malik olduğuna görə daha
sonra ölkəmiz müstəqillik qazandıqdan sonra da dinlərarası
və millətlərarası səmərəli fəaliyyəti
ilə Hidayət Orucov suveren Azərbaycanın
ictimai-siyasi həyatına da öz ləyaqətli imzasını
atmağı bacarıb.
Və bu gün ömür sarayının 80-ci
qapısına yetişən yubilyar buna qədər müxtəlif dövrlərdə
uzun illər boyunca Azərbaycan Prezidentinin millətlərarası
münasibətlər üzrə, milli siyasət məsələləri
üzrə, milli azlıqlarla və dini qurumlarla iş üzrə
dövlət müşaviri, Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədri, respublikamızın
Qırğızıstanda fövqəladə və səlahiyyətli
səfiri olduğu zamanlarda da bir çox "bağlı
qapıların açılmasında" göstərdiyi xidmətlərlə,
öz aydınlığı və dövlətçilik ərkanına
sadiqliyi ilə fərqlənib. Ömrünün az qala iki qərinəsini
Azərbaycan dövlətçiliyi naminə fəaliyyətə
həsr edən Hidayət Orucov milli, siyasi, mədəni və
ədəbi elitamızın sayılan, sevilən və
seçilən nümayəndəsidir. Əlahəzrət
SÖZün ilahi sehri "OL"duğuna inananlar
üçün (yeri gəlmişkən, elə bu sətirlərin
müəllifindən ötrü də) 80 yaşlı ədibimiz
ilk növbədə çox dəyərli poetik əsərlər
müəllifi - şair Hidayəti olub və bu gün də
belədir. Sözün bütün mənalarında
adının, imzasının mahiyyəti, poeziyasının
nostaljisi, lirik ruhunun kövrəkliyi, keçmişə
bağlılığı, gələcəyə ümidi,
sözün sehrinə inancı ilə! Və bu sehr onun nəsrinin
hər cümləsindən, dramaturji
yaradıcılığının hər səhnəsindən,
şeirlərinin hər misrasından sözün əfsunlayıcı
gücü ilə boy göstərir...
Söz sənətində zamanın irəlisi və
gerisi yoxdur, hansı yaşını ən sevgiylə
xatırlayırsansa, elə o zamana aid olursan əslində:
İlk gəncliyim - xəyalda,
Ayrıldıq biz bir yalda,
Ürəyim o mahalda,
Gözüm o budaqdadır...
Az qala hər insana aid olan və şair Hidayətin də
"Neçə ad günüm keçdi, neçəsi
qabaqdadır" nigarançılığını isə
yalnız
Başım ağ buludlarda,
Ayağım torpaqdadır...
əminliyi üstələyə bilir. Əslində
Şair Hidayət də "özünün özüylə
inqilabı"nda daha çox sözə tutunduğunu, daha
çox ümid yeri kimi şeirin ətəyindən
yapışdığını etiraf edir:
Keçdiyim yollarda - şeirimin ətri,
Sevincim,
əzabım,
səbrim,
tabım var!
Ən gözəl nəğməmi yazmaqdan
ötrü ,
Özümün özümlə inqilabım var...
...Və bəzən keçilməz kimi bilinən sədlərin,
aşılmaz kimi görünən maneələrin öhdəsindən
gəlmək üçün hamımızın şairin
sözdən yapışdığı kimi sadəcə
ümidə ehtiyacı olub!
Büdrəsəm, titrəsəm, tutma qolumdan,
Düşsəm keçilməyən dumana, çənə,
Dayansa önümdə min izsiz orman,
Qalxaram,
Keçərəm -
ümid ver mənə!
Çünki "tutqun və dilxor anlarımızda,
qəlbimizə min söz və tənənin
tuşlandığı" məqamlarda ümid qədər
dadımıza yetən heç nə yoxdur. Elə şairin də
haqlı qənaətinə görə, "ümid qələbənin
düz yarısıdır..."
Əslində elə o ümid adına bu geniş
dünyadan nə böyük umacağımız var ki?!
Kimimizə "şah tacı-taxtı bəs etməzkən",
bəzilərimizə bu böyük yolun bir incə
cığırı da, keçmişə
gömülmüş sevdanın xatirəsinin şirinliyi də
bəs edir...
Mənim umacağım nə idi axı,
Bu geniş dünyanın bir çəhlim qolu.
Bir qara gecənin nurlu sabahı,
Umulu-umusuz bir sevda yolu...
Və sadəcə nə zamansa xatırlanmaq arzusu ilə
qəlbimizdən dilimizə yol alan diləklər də
çıraq misralarla o ümidə, o umacağa zaman-zaman
işıq tutur, nəğmələrə çevrilib
mahnılarda səslənir... Səslənəndə də
yaddaşımız uzaq xatirələrin o tayındakı
insanlarla yanaşı, həm də misraların müəllifini
də minnətdarlıqla xatırladır:
Bu xəbərin tutumu bu xəbərdən
ağırdı...
Bilmədin kim hay verdi,
bilmədin kim çağırdı.
Gördük ki, yollardayıq aylar, illər uzunu,
Biz min yalan toxuduq,
ellər dedi düzünü,
Hərdən xatırla məni...
"Ömrün ağrılarına bələnib bir
köhnə kitabı varaqlayırcasına"
xatırladıqca da, xatırlandıqca da görürsən
ki, "o vaxtkı dağlar da qocalıb indi, neçə
ulduz sönüb, küləklər əsib..." Və qəti
şəkildə bir daha özlüyündə qərara gəlirsən
ki, "Həqiqət nə qədər acı olsa da, onun
gözlərinə düz baxmalısan!" O həqiqət isə
özündə təkcə "umulu sevdaların
yoxluğu"nu deyil, doğulub böyüdüyün
doğma evin, kəndin, mahalın itkisinin "gərək kəndimizdən
çıxmayaydım heç..." acısını, həsrətini
də saxlayır... Amma o həsrətin içində də
bir dəli ümid var:
Bir səhər oturub yol maşınına,
Kəndimiz görünən gədik başına,
O nəğməli yurda uçacağam mən!..
Xalqımızın və ölkəmizin tarixində anbaan indiyədək
ağlasığmaz kimi görünən möcüzələrin
son dövrlərdə gerçəkləş(diril)məsi
"ensiz dağ yolunda maşından düşüb evə
baş alıb gedərkən qərib bir şimşəyin
çaxması" ümidinin də reallaşacağına o
qədər inandırır ki... Gələcəyin mənzərəsi
kimi bir tablo alınır misralardan:
Bir ağsaqqal qoca tanıyar, durar,
(İllər qamətini yaman əyibdir)
Qaçın muştuluğa,
Haydı uşaqlar,
Rəhmətlik Xuduşun oğlu gəlibdir!
Və o hay-haraydan sonra "Mığrı gecələri
qəndiltək yanar", sanarsan ki, "ulduzlar yerə
tökülüb"... Buna hələ "Xəllərgə
çayının təbiət dilində min hekayə oxuyan nəğməsi
də qoşularsa", görərsən ki, gəncliyinin həmdəmi
olan "o çay, o arx, o bulaq, meşələr" kimi
"sevincindən gah gülüb, gah ağlayır"san...
Ədibin şeirsevərlərə yaxşı
tanış olan məşhur olduğu qədər də bədbin
notlara köklənmiş "Avtoportret"lərindən
birində sanki təkcə qəlbindən gələn "Zəngəzurda
doğuldum, İrəvanda yaşadım, Bakıda öləcəyəm"
misralarını yox, həm də özünə tale yolu
çizir şair Hidayət...
Onun çoxyönlü fəaliyyətindən nə
qədər söz açsaq da, öz təbirincə ifadə
etsək,"ömrünü, həyatını və
müqəddəratını" nə
yaşımızın imkan verdiyindən artıq "beş
cümləyə sığdıracaq" qədər
yazmağı, nə də adi insan yaddaşının
miqdarınca
xatırlamağı bacarmarıq. Amma qəlbimizin dərinliyində,
əksəriyyətin "kövrək sarı sim ikən mükəddər nəğməyə
dönmək" kimi kövrək
"unudulmuş"luğunun paralelində mütləq
zamanın yaddaşında iz qoymaq təsəllisi var.
Xalqının, dövlətinin, millətinin mədəniyyəti
və maarifçiliyi üçün çalışan kəslərin
isə tarixin unudulmaz yaddaşında yaşama şansları
və haqları daha artıqdır. Çünki fərd
unutqandır, tarixin yaddaşı isə "ömrün
qarasını, ağını, yarasını, çətən-çətən
təzadlı saatları, günləri vurub,
çıxıb, cəmləməyə" qadirdir:
İndi burdan baxıram
Yaşadığım günlərin,
Yazdığım sətirlərin
qarasına, ağına.
Bir qədəh qaldırıram
Bayatımın sonuncu misrası yazılacaq
O günün sağlığına!
Deyirəm: - Gec gəl, ey gün!
Ömrünün müdrik çağında
yubilyarın bu son misrasına könüldən qoşulub o
günün gec gəlməsi arzusuyla yubilyara ürəyincə,
sağlam ömür və bundan sonra da tükənməyən
yaradıcılıq şövqü diləyirəm.
Şairin öz misralarının nəğməli diliylə
desəm:
Səhər sənin ad günündür, mübarək!
Qoydunmu ki, dinc oturum, ay ürək...
Sözüm elə burda bitsə, yaxşıdır...
REDAKSİYADAN: Görkəmli şair, publisist və
dramaturq, ictimai xadim Hidayət Orucovu 80 illik yubileyi münasibətilə
"525-ci qəzet"in kollektivi olaraq ürəkdən təbrik
edir, qəzetimizin yaxın dostu və istəkli müəllifi
olan ədibimizə möhkəm sağlamlıq, yeni
yaradıcılıq uğurları diləyirik!
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2024.- 5 sentyabr.(№160).- S.11.