Ali məktəblərə
dövlət tərəfindən ödənilən təhsil
haqqı ilə bağlı yeni təklif
DÖVLƏT SİFARİŞLİ TƏHSİLƏ
GÖRƏ TƏTBİQ EDİLƏN TƏHSİL HAQQI
DİFERENSİALLAŞDIRILSIN, MÜƏYYƏN ARALIQDA BAL
TOPLAMIŞ TƏLƏBƏLƏRƏ FƏRQLİ
TƏHSİL HAQQI MÜƏYYƏN OLUNSUN
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət
İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov
dövlət sifarişi ilə oxuyan tələbələr
üçün dövlət tərəfindən ali məktəblərə
ödənilən təhsil haqqı ilə bağlı yeni təkliflərlə
çıxış edib. Ali təhsildə adambaşına
maliyyələşdirmə prinsipinin tətbiqinin çox
böyük müsbət yenilik olduğunu vurğulayan rektor
bu yanaşmanın tətbiqi mexanizminin təkmilləşdirilməsi
təklifini irəli sürür: "Bu gün tətbiq edilən
yanaşma universitetlər arasında sanki aşağı ballı
tələbələr uğrunda mübarizəni gücləndirir.
Yüksək ballı, eləcə də dövlət
sifarişli tələbələrin sayının artması
universitet büdcəsini artırmaq əvəzinə
azaldır. Çünki dövlət sifarişli tələbəyə
dövlət tərəfindən ödənilən təhsil
haqqı daha azdır. Amma bu, əksinə olmalıdır. UNEC
bu gün belə bir vəziyyətlə üz-üzədir.
Son illər ərzində UNEC-ə qəbul olan dövlət
sifarişli tələbələrin payı 30 faizdən demək
olar ki, 80 faizə qədər artıb və nəticədə
universitet büdcəsi azalıb. Başqa sözlə, keyfiyyət
artdıqca, universitetin büdcəsi azalır. Bu yanaşmaya dəyişikliklər
təklif edirəm. Bir - dövlət sifarişli təhsilə
görə bu gün tətbiq edilən təhsil
haqqının differensiallaşdırılması. Başqa
sözlə, müəyyən aralıqda bal toplamış
dövlət sifarişli tələbələrə fərqli
təhsil haqqı müəyyən edilsin. Daha yüksək
bal toplayanlara (məsələn, 650-700 bal) daha çox, daha az
bal toplayanlara (məsələn, 350-400 bal) daha az ödəniş
edilsin. İki - dövlət sifarişli tələbələrin
təhsil haqqının artırılması. Üç -
yuxarıda göstərilmiş hər iki variant, yəni
dövlət sifarişli tələbələrin təhsil
haqqını differensiallaşdırmaqla artırmaq".
Rektorun təklifinə münasibət bildirən Elm və
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri,
professor Hikmət Əlizadə deyib ki, ölkədə ali təhsilə
böyük önəm verildiyi üçün hər il
dövlət sifarişi ilə təhsil alan tələbələrin
sayı artırılır. Bu Prezident İlham Əliyevin təhsilə
göstərdiyi qayğının bariz nümunəsidir. Ali təhsil
insanların əqli, mənəvi və mədəni
inkişaf səviyyələrinin yüksəlməsini şərtləndirən
əsas amillərdən biridir. Bu bütövlükdə cəmiyyətin
inkişafına təkan verir. Təsadüfi deyil ki, ali təhsil
sistemində hər il mütərəqqi dəyişikliklərin
şahidi oluruq: "Son günlərdə ali təhsil sahəsində
təklif kimi irəli sürülən ideyalardan biri də
Dövlət sifarişli təhsilə görə tətbiq
edilən təhsil haqqının
differensiallaşdırılmasıdır. Bu təklif
özü-özlüyündə pedaqoji maraq kəsb edir və
tələbələrin təlim fəaliyyətinin
yaxşılaşdırılasına və onlar arasında rəqabətin
yaradılmasına istiqamətlənib. Lakin onun tətbiq edilməsi
üçün meyarların müəyyən edilməsi və
tətbiqi mexanizmləri axtarılmalıdır. Təkcə tələbənin
topladığı bal əsasında təhsil haqqının
differensiallaşdırılması, hesab edirəm ki, müəyyən
çətinliklər yarada bilər. Auditoriyada tələbələrə
eyni bilik və səriştələrin təqdim edildiyini nəzərə
alsaq, bir qrupda təhsil alan tələbələr
üçün müxtəlif təhsil haqlarının
ödənilməsini təşkil etmək heç də asan
deyil. Təlim iki tərəfli prosesdir. Onun uğurlu olması
həmçinin tələbənin təlim fəaliyyətindən
asılıdır. Bu istiqamətdə, hesab edirəm ki, təhsil
haqqının differensiallaşdırılması
yollarının tapılması tələbələrin həm
təlim fəaliyyətinin yüksəlməsinə, həm də
onlar arasında rəqabətin artmasına kömək edə
bilər. Hazırda təhsil haqqı müxtəlif ixtisaslar
üzrə differensial qaydada həyata keçirilir. Lakin bu fərqlər
o qədər də nəzərəçarpacaq səviyyədə
deyil. Fikrimcə, ixtisaslar üzrə təhsil
haqlarının müəyyən edilməsinə yenidən
baxılması və differensiasiyanı daha da dəqiqləşdirmək
daha məqsədəuyğun olardı. Hazırda ali məktəblərdə
kadr hazırlığı keçirilən elə ixtisaslar
var ki, onların həm metodoloji, həm də metodiki
bazaları kifayət qədər təkmildir. Bununla
yanaşı, ali məktəblərdə kadr
hazırlığı həyata keçirilən yeni
ixtisaslar, o cümlədən, süni intellektin nüfuz edə
biləcəyi ehtimal edilən ixtisaslar da az deyil. Həmin
ixtisasların metodoloji və metodik bazalarının təkmilləşməsinə
ehtiyac var, onların məzmunu yenilənməli, yeni proqramlar tərtib
edilməli, buna müvafiq olaraq, yeni dərslik və dərs vəsaitləri
yazılmalı, xarici ölkələrdə nəşr olunan
dərslik və dərs vəsaitləri tərcümə
edilməlidir və s. Bütün bunlar əlavə maddi vəsait
tələb edir. Fikrimcə, həmin ixtisaslar üzrə təhsil
haqlarının artırılması bu konteksdə
mühüm əhəmiyyət kəsb edə bilər. Diqqəti
daha bir məsələyə yönəltmək istərdik.
Fikrimizcə, artıq ölkədə kifayət qədər
nüfuz əldə etmiş özəl şirkətlər
yaranmışdır. Həmin şirkətlər gələcək
inkişaflarını planlaşdırıb, büdcələri
əsasında təqaüd proqramları elan edərək,
özləri üçün mütəxəssis hazırlaya
bilərlər. Bunun üçün hesab edirəm ki, onlar ali
məktəblə müqavilə əsasında bütün məsələləri,
o cümlədən, təhsil haqlarını müəyyən
edə bilərlər. Belə bir təcrübənin həyata
keçirilməsi, ali məktəblərdə həm kadr
hazırlığının keyfiyyətinin artması, həm
də maddi problemlərinin yaxşılaşması istiqamətində
keyfiyyətcə yeni addım ola bilər".
Təhsil məsələləri üzrə ekspert
Vüsal Kərimli deyib ki, bu məsələ xeyli zamandır
müzakirə mövzusu olub. Həttə region universitetlərinin
(aşağı ballı ixtisas) və təhsil haqları
aşağı olan universitetlərin büdcəsinə mənfi
təsir etmir. Dövlət sifarişli yerlər
üçün təklif etdiyiniz differensiallaşdırma
hesab edirəm məqbuldur: "Yüksək ballı tələbə,
savadlı tələbə deməkdir. Savadlı tələbənin
qarşısına isə savadlı müəllim
çıxmalıdır. Savadlı və rəqabətli
mühit üçün isə maliyyə mütləqdir. Bu
yanaşmam tək UNEC deyil, təhsil haqları 4000, 4500 olan
ixtisaslar üçün də keçərlidir. Bu, hər
zaman "niyə özəl universitetlərin qəbul
balları aşağıdır" sualının
cavabını verir. Daha özəl və ya dövlət
universiteti məsələsi geridə qalıb. Bütün
ATM-lər özünü maliyyəşdirən
qurumlardır. Hətta mən burada elm və təhsil naziri
Emin Əmrullayevin 1 noyabr 2023-cü ildə Təhsilin
İnkişafı Forumunda çıxışı zamanı
dediyi "1500 manata mühəndis hazırlamaqdansa,
hazırlamamaq daha yaxşıdır" fikrini diqqətə
çatdırmaq istərdim".
Təhsil eksperti Elşən Qarafov bildirib ki, UNEC
rektoru Ədalət Muradov universitet rəhbərləri
arasında ən aparıcı rektorlardan biri olmaqla
yanaşı, təhsili və xüsusilə də ali təhsili
ən yaxşı bilənlərdəndir. Ədalət
Muradovun hər bir çıxışı bir konsepsiya
xarakterlidir. Rektor hər zaman ali təhsildə yeni
dövrün təhsilinə yeni baxışların
formalaşdırılmasının vacibliyini, eləcə də
bu istiqamətdə digər önəmli məqamları nəzərə
alaraq çox maraqlı təkliflə çıxış
edir. Bundan öncə də müasir dövrdə ali təhsilin
rəqəmsallaşması və bununla bağlı ali təhsilin
fəlsəfəsi, məzmunu və bütövlükdə
inkişafında ciddi dəyişikliklərin baş verdiyini,
Azərbaycanda yeni dövrün başladığını,
yeni dövrün təhsilinə yeni baxışların
formalaşdırılmasının vacibliyini, yeni dövrdə
Azərbaycanın təhsil potensialının
artırılmasının əhəmiyyətini və
reallaşdırılmasının zəruriliyini, eləcə
də xarici təcrübəni nəzərə alaraq Ali Təhsilin
İnkişafı üzrə Komissiyanın yaradılması
baradə təklif irəli sürmüşdü:
"Ədalət Muradov yenə doğrudan da çox
böyük müsbət nəticələrə gətirib
çıxara biləcək təkliflər irəli
sürüb. Təhsil haqqının
differensiallaşdırılması baxımından. Bu sahədə
hazırda qismən də olsa müəyyən işlər
görülür. Məsələn, Təhsil Tələbə
Krediti Fondu tərəfindən ödənişli təhsil alan
tələbələr əla oxuduğu halda krediti onlara
bağışlayır. Amma ən yaxşısı və tələbələrin
motivasiya olunması üçün təhsil haqqının
differensiallaşdırılmasıdır. Ədalət müəllimin
dövlət tərəfindən ali məktəblərə
ödənilən təhsil haqqı ilə bağlı təklifi,
eyni zamanda bu günədək irəli sürdüyü digər
təkliflər, doğrudan da ölkə təhsilinə
mütərəqqi yeniliklər gətirə biləcək təkliflərdir.
Mən Ədalət Muradovun dövlət sifarişli təhsilə
görə bu gün tətbiq edilən təhsil
haqqının differensiallaşdırılması, dövlət
sifarişli tələbələrin təhsil haqqının
artırılması təkliflərini alqışlayır və
dəstəkləyirəm".
Ekspertin sözlərinə görə, beynəlxalq təcrübədə
təhsil haqlarının ödənilməsi ilə
bağlı bu sistem mövcuddur. Azərbaycanda isə
universitetlər tərəfindən yox, Təhsil Tələbə
Kredit Fondu tərəfinədən bu sahədə müəyyən
addımlar atılır: "Fikrimcə, Ədalət Muradovun
təklifinə əsasən müəyyən aralıqda bal
toplamış dövlət sifarişli tələbələrə
fərqli təhsil haqqı müəyyən edilsə, daha
yüksək bal toplayanlara daha çox, daha az bal toplayanlara
daha az ödəniş edilsə, bu zaman tələbələrin
təhsildə nailiyyətləri artar. Tələbələr
daha az təhsil haqqı ödəmək üçün daha
yaxşı oxumaq prinsipini əsas görürərlər.
Bununla da ölkədə yaxşı oxuyanların sayı
günbəgün artar".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2024.- 5 sentyabr.(№160).- S.8.