Yağıntılardan səmərəli istifadə: su qıtlığı dövründə optimal variant

 

Dünyada şirin - içməli su ehtiyatlarının azlığı ciddi narahatlıq doğurur. Yer kürəsi əhalisinin 40 faizinin içməli su problemindən əziyyət çəkdiyi bildirilir. Bəzi məlumatlarda 2030-cu ilə qədər dünya əhalisinin yarıya qədərinin su çatışmazlığı ilə üz-üzə qalacağı proqnozlaşdırılır.

Dünyanın bir sıra ölkəsində tətbiq edilən yağış sularının toplanması üsulu hazırda su qıtlığı və şirin su israfı ilə mübarizədə ən sərfəli yollardan biridir. Təcrübə göstərir ki, yağış suları əsasən parklarda bitkilərin sulanması, nəqliyyat vasitələrinin yuyulması, kənd, eləcə də ev təsərrüfatında və sair sahələrdə istifadə edilə bilər.

Yağış sularının toplanması üsulundan qədim zamanlardan bəri istifadə edilir. Bu üsulla toplanan su təmiz və pulsuzdur. Eyni zamanda, su qıtlığından əziyyət çəkən ölkələr üçün ehtiyat su mənbəyidir.

Mütəxəssislərin fikrincə, yağış suyunun yığılması və saxlanmasının həm ekoloji, həm də iqtisadi faydaları var. Düzgün yığılmış və təmizlənmiş yağış suyu belə şəraitdə etibarlı mənbə kimi xidmət edə bilər. Su ehtiyatlarını səmərəli idarə etmək üçün suyun keyfiyyətini, onun rasional bölüşdürülməsini və istifadəsinə nəzarəti nəzərə almaq lazımdır. Yağış suyunun keyfiyyəti urbanizasiyadan, çirkləndiricilərdən və transsərhəd çirklənmədən asılıdır. Təbii yağış suyu təxminən 5,7 pH ilə bir qədər turşudur. Bununla belə, atmosferdə karbon qazı, azot dioksidi və kükürd kimi həll olunan turşuların yüksək səviyyədə olduğu ərazilərdə yağış suyunun turşuluğu arta bilər.

Tədqiqat məlumatları göstərir ki, nümunələrdə yağış suyunun turşuluğu 4-12 mq/l arasında dəyişir. Orta dəyər 6 mq/l-dir və bu, ondan müxtəlif ehtiyaclar üçün istifadə etməyə imkan verir.

Avstraliya, Hindistan, Braziliya, Sinqapur və ABŞ kimi ölkələr uzun müddətdir yağış suyunun yığılması və istifadə üsullarını tətbiq edirlər. Bu ölkələrdə bir çox ev təsərrüfatları, müəssisələr və dövlət qurumları yağış suyundan istifadə edir.

Yağış sularından suvarma, qidalanma, balıqçılıq, heyvandarlıq, məişət, üzgüçülük və tikinti üçün istifadə oluna bilər. Süzgəcdən keçirildikdən və təmizləndikdən sonra soyutma sistemlərində, sənaye proseslərində, kanalizasiyada, camaşırxana və təmizlikdə istifadə oluna bilər və su ehtiyatlarına qənaət etməyə kömək edir

Azərbaycanda da yağış sularından səmərəli istifadə üçün Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına uyğun olaraq Bakıda yağış sularının saxlanması üçün yeraltı anbarlar tikiləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov deyir ki, müasir dünyada yağış suları kanalizasiya sularından ayrılıb, onlar təmiz su mənbələri olaraq çaylara axıdılır və istifadəyə verilir: "Bu gün Azərbaycanda yağış sularının toplanması çox məhduddur. Lakin irimiqyaslı layihə kimi hələ həyata keçirilməyib. Bu məsələ ilə bağlı müzakirələr getsə də, real addımlar atılmayıb. Yağış sularından istifadə olduqca böyük vəsait tələb edir. Onu da qeyd edim ki, bu sulardan istifadə yerli icra və bələdiyyələrin səyi ilə ən azından yaşayış binalarının yaxınlığındakı parkların sulanmasında istifadə edilə bilər".

"Altay" Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlının sözlərinə görə, yaxın gələcəkdə böyük bir su böhranının yaşanacağı gözlənilir. Böhranın qarşısını almaq üçün çoxsaylı tədbirlər həyata keçirilməlidir: "Yağış suyu təbiətdə ən təmiz su sayılır. Yağış suyunu böyük xətlər, kanallar çəkmədən, əlavə sistemlər yaratmadan əldə etmək mümkündür. Bəzi mənbələrdə su azalan zaman, yaxud qəza baş verəndə bu yığışmış ehtiyatdan istifadə etmək olacaq".

"Sağlamlığa Xidmət" İctimai Birliyinin icraçı direktoru, "Environmental Protection First" Koalisiyasının həmtəsisçisi Pərvanə Vəliyeva deyir ki, su qıtlığını yaradan əsas amillər quraqlıq və çirklənmədir. Hər ikisi insan fəaliyyətinin nəticəsidir. Su ehtiyatlarının qlobal və regional tükənməsi öz növbəsində ölkəmizə də təsir göstərir. 2023-cü il dünyada ən isti il kimi qeydə alınıb: "Nəticədə ölkəmizdə də çaylarda sululuq azalıb, bir sıra su hövzələri quruyub. İqlim dəyişikliyinin qarşısının alınması üçün bütün səylərə baxmayaraq, hələ ki, qlobal istiləşmə artan dinamika ilə davam edir. Belə bir halda vətəndaşların üzərinə çox böyük məsuliyyət düşür". Ekspert hesab edir ki, insanların maarifləndirilməsi ilə suya xeyli qənaət etmək mümkündür. Su krantlarının açıq qoyulmaması, sudan səməli istifadə, bəzi təsərrüfatlarda texniki sudan istifadə olunması, məişətdə istifadə edilən suyun filtrdən keçiriləcək yenidən istifadəsi suya qənaət etməyə imkan verəcək. "Həmçinin məişətdə texnoloji yeniliklər və süni intellektdən istifadə etməklə suya qənaət etmək mümkündür. Özü qapanan su kranlarından evlərdə, müəssisələrdə, həmçinin çənlərin doldurulması zamanı istifadə olunması məqsədəmüvafiq olardı. Yağış sularından istifadə edilməsi, onların yığılmasının təşkili və ondan istifadə, suyun duzsuzlaşdırılması su probleminin həllinə kömək edəcək üsullardandır. Hətta insanlar istifadə etdikləri kondisionerlərin suyunu belə yığıb müəyyən məqsədlər üçün, evdəki dibçək güllərinin su tələbatını ödəmək üçün istifadə edə bilərlər. Suyun tərkibinin çirklənməsi də su ehtiyatının tükənməsi deməkdir. Yaşayış binalarında zirzəmilərin su ilə dolması, qeyri-yaşayış binalarında istifadə edilən çənlərin illərlə təmizlənməməsi, həmçinin qapalı su hövzələrinin təmizlənməməsi suyun keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır".

P.Vəliyeva hesab edir ki, çayların, göllərin, su anbarlarının təmizlənməsində yeni metodlar tətbiq olunmalı, bu işə xarici şirkətlər cəlb edilməlı, yerli mütəxəssislərin bilik və bacarıqları artırılmalıdır. Regionlarda mövcud su qıtlığı insanların miqrasiyasına səbəb olur və urbanizasiyanı sürətləndirir. Bəzi rayon və kəndlərdə yeni su kanallarının çəkilişinə ehtiyac var: "Bu problemlərin fonunda iqlim dəyişikliyinin qarşısının alına bilməməsi və qlobal istiləşmənin səbəb olduğu quraqlıqlar da elə insanlar tərəfindən atmosferi istixana qazları ilə hədsiz çirkləndirməsi nəticəsində baş verir. Yağıntılar azalır, turşulu yağışlar yağmağa başlayır və bu da kənd təsərrüfatına böyük ziyan vurur, qlobal ərzaq böhranına səbəb olur, həmçinin ərzaqların bahalaşmasına gətirib çıxarır, bu da iqtisadi böhran deməkdir. İqlim dəyişikliyinə uyğunlaşmanın əsas yollarından biri təbii resurslardan səmərəli istifadə edilməsidir. Təəssüf ki, ən böyük şirin su ehtiyatlarından biri olan Araz çayının və digər transsərhəd çayların illərdir Ermənistan tərəfindən çirkləndirilməsi baş verir. Bu ekoterroru dayandırmaq lazımdır, çünki region əhalisinin sağlamlığı, ekosistemə ciddi zərər görür. Oxçuçay, Həkəri çayı, Bərgüşad çayı kimi transsərhəd çayların Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin zəhərli və radiaktiv tullantılarla çirkləndirilməsi ictimai səhiyyə üçün təhdid olmaqla yanaşı, yoluxucu xəstəliklərin artmasına səbəb ola bilər. Bununla Ermənistan BMT-nin "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiyanın və Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi üzrə "Espoo" Konvensiyasının tələblərini pozur".Azərbaycan bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) ev sahibliyi edir. Pərvanə Vəliyeva hesab edir ki, COP29 çərçivəsində dünyanın su ehtiyatlarının qorunması və su təhlükəsizliyi ilə bağlı bir sıra təşəbbüslər irəli sürülə bilər: "Məsələn, yeni və daha güclü öhdəlikləri olan su təhlükəsizliyi və iqlim dəyişikliyi mövzusunda güclü və konkret hədəfləri olan sənəd qəbul edilə bilər. Bu da su təhlükəsizliyində qlobal təşəbbüsləri gücləndirə bilər. Həmçinin Azərbaycanın bu təşəbbüsdə aparıcı rolu və danışıqlarda əsas fiqur olması bundan sonrakı dönəmdə də Konvensiyanın tələblərinin yerinə yetirilməsində hesabatlılığı təmin etməkdə böyük üstünlük olacaq".

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, yağış və qar sularının idarə edilməsi yaşayış məntəqələrinin ərazisində törədə biləcəyi fəsadların qarşısının alınması baxımından xüsusi əhəmiyyət kəsb edir. Yağış sularının idarə olunması həm təbii sututarlar, həm də inşa olunmuş su anbarlarında tənzimləmə və ehtiyat suyun yığılması ilə həyata keçirilir: "Bu suların mərkəzləşdirilmiş qaydada idarə olunması üçün ərazidə qəbulu, nəqli və toplanması məqsədilə şəbəkə və qurğulardan, o cümlədən, mexaniki təmizləyici qurğulardan ibarət sistemlərin yaradılması tələb olunur. Bu suların istifadəsi üçün isə tətbiq nöqtələri və tələbat müəyyən edildikdən sonra paylayıcı şəbəkə və qurğulardan ibarət texniki su sisteminin yaradılması vacibdir. Yağış sularının toplanması üçün ərazidə olan təbii göllər və sututarlardan istifadə oluna bilər ki, bu da, misal üçün, "Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin 2035-ci hədəf ilinə hazırlanmış Baş Planı"nda nəzərdə tutulub".

 

Sevinc QARAYEVA

525-ci qəzet .- 2024.-6 sentyabr.(№161).- S.15.