Ulu sözün sehrinə bürünən ömür  

 

Tələbəlik xatirələri çox əzizdir. Azərbaycan Dövlət Universiteti Jurnalistika fakültəsinin 1006-cı qrupunun tələbələri olduğumuza görə bəxtimiz gətirmişdi. Bunu bizdən yuxarı və aşağı kurslarda oxuyan neçə nəfərdən eşitdiyimiz "kaş, sizin kimi qrupumuz olaydı" sözləri də təsdiqləyir. 40 il sonra baş tutan görüşümüz də bu qibtənin səbəbsiz olmadığının təsdiqi idi. Elə bil 40 il deyil, cəmi 40 gün keçmişdi. Eyni münasibət, eyni səmimiyyət, az qala xasiyyətlər də eyni, başlıcası o illərin doğmalıq hissi azalmayıb. Dəyişən tək zahirimiz və min təəssüf ki, seyrələn sıramız idi. Yaş 60-ı haqlayandan sonra dostları itirə-itirə gedirik. 4 il əvvəl Qasım Qasımovun, ötən ilsə Ədalət Teymurovun yerləri görünən həmin görüşədək haqqın dərgahına qovuşmaları sayımızı 25-dən 21-ə düşürdü. Dünyamız iki dost boyu da kiçildi.

Bu görüşdən bir neçə ay qabaq isə başqa bir itkiyə yanmışdıq. Müəllimimiz, tanınmış dilçi, türkoloq alim, 60-70-ci illər nəslinin üzdə olanlarından professor Kamil Vəli Nərimanoğlunun ruhu ziyarətinə gəldiyi Vətən torpağında göylərə üz tutmuşdu. Kamil müəllim bizə Azərbaycan dilindən dərs demişdi. Bildiyimizi sandığımız doğma dilimizin neçə çaları, neçə qatı, şəhdi-şirəsi onun mühazirələri ilə ruhumuza hopmuşdu. Azərbaycan dilinin necə zəngin olduğunu, qədimliyini, dərin mənaları ifadə etmək qüdrətini folklorumuzun, klassik və müasir ədəbiyyatımızın nadir nümunələri əsasında sevə-sevə çatdırması bizi heyran qoyurdu. O öz tələbələrinə az qala hər sözdə dilin ruhunu, ətrini, rəngini görməyi, duymağı öyrədirdi. Bir neçə il sonra "Sözün sehri"ni yazacaq dilçi alim bizi bir il sərasər ulu sözün, şirin söhbətlərinin sehrində saxladı. Təbiətən təmkinli olan Kamil müəllim əsaslandırılmış mülahizələri, məntiqi və yalnız mühazirə zamanı üzə çıxan coşqusu ilə auditoriyanı ələ almağı bacarırıdı. Şübhəsiz, çoxumuz ciddi görkəmli müəllimimizin səxavətlə işlətdiyi, dilimizin dərin qatlarından gələn, sadə və saf söz incilərindən bəhrələndik, o sözlər sonralar yazılarımızı qana-cana gətirdi.

Ümumiyyətlə, müəllim sarıdan da bəxtimiz gətirmişdi. Dekanımız, ədəbi redaktə və tərcümə nəzəriyyəsi fənlərini tədris edən Tofiq Rüstəmov, milli mətbuat tarixi, jurnalistikaya giriş, jurnalist sənətkarlığı fənlərindən dərs deyən Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Akif Rüstəmov, Nəsir Əhmədli, rus ədəbiyyatının bilicisi Şamil Qurbanov, qəzet tərtibatını öyrədən Əliş Nəbili, radio və telejurnalistikanı bizə sevdirən Mayilə Muradxanlı, Zeynal Məmmədli və adını çəkmədiyim öz işinin daha neçə peşəkarı. Onların sayəsində biz təkcə biliklərə yiyələnmədik, həm də sovet dövrü olmasına baxmayaraq, tələbələrinin açıq fikirli, geniş dünyagörüşlü şəxslər kimi yetişməsi üçün təzyiqlərə tab gətirərək, səylə yaratdıqları demokratik mühitdən bəhrələndik. İndi bunları düşündükcə əksəriyyəti Allahın rəhmətinə qovuşmuş müəllimlərimizə bir daha minnətdar oluruq.

Kamil müəllimi bizə doğmalaşdıran daha bir səbəb tələbə yoldaşımız əziz Zenfira xanımın böyük qardaşı olması idi. Onun həqiqi böyüklüyü özündən 15 yaş kiçik bacısına o zaman bizə qədərindən artıq ciddi, bəlkə bir az da sərt görünən, ancaq qayğıkeş münasibətində də hiss edilirdi. Gözəl əxlaq sahibi olan bacı-qardaşın incə davranışlarını, doğmalıqlarını büruzə verməməyə çalışmalarını bu gün də xoş ovqatla xatırlayırıq. Zenfira xanımın ata yerində bildiyi, ömür boyu bir sözünü iki etmədiyi böyük qardaşını necə çox istədiyini də hamımız bilirdik.

Biz Kamil müəllimi həm də mətbuatda gedən çoxsaylı yazılarından, xüsusi ilə çağdaş ədəbiyyatımızla bağlı tənqidi məqalələrindən tanıyırdıq. O illərdə Kamil Vəliyev imzası Azərbaycan oxucusunun maraqla qarşıladığı imzalar arasında idi. 1977-ci ildən "Azərbaycan" jurnalı redaksiya heyətinin üzvü, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyində tənqid və ədəbiyyatşünaslıq şurasının sədr müavini kimi fəaliyyət göstərməsi həm də bu yazıların haqlı olaraq qazandırdığı ədəbi tənqidçi nüfuzunun bəhrəsi idi. Həmin illərdə Kamil Nərimanoğlu elmi fəaliyyətini də uğurla davam etdirmiş, 1988-1998-ci illərdə ADU-nun (indiki Bakı Dövlət Universiteti) Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik etmiş, Elmi Şuranın üzvü olmuşdur.

1988-1990-cı illərdə Azərbaycanda baş verən hadisələrə bir çox ziyalılar kimi, Kamil müəllim də laqeyd qalmadı. O, Ermənistanın torpaq iddialarına qarşı başlanan, az sonra milli azadlıq hərəkatına çevrilən hadisələrdə yaxından iştirak etdi. Erməni təcavüzünə məruz qalan Qarabağın müdafiəsi uğrunda qanı-canı bahasına mübarizəyə qoşulan, döyüşlərə atılanlar arasında onun da yetirmələri vardı və Kamil müəllim bütün qüvvəsi, imkanı, nüfuzu ilə bu proseslərin xalqımızın maraqlarına uyğun sonlanması üçün çalışanların arasında idi. Xalqın azadlıq, müstəqillik uğrunda mübarizəsini qanla durdurmağa çalışan sovet imperiyası 1990-cı il yanvarın 20-də Bakıya və respublikanın bir neçə rayonuna qoşun hissələri yeritdi. Yüzlərcə azərbaycanlı qətlə yetirildi, güllə, mərmi yarası aldı. Ancaq xalqımız çox ağır günlər yaşasa da, öz məqsədindən dönmədi, Kamil müəllim kimi əqidəsinə sadiq, vətənpərvər, millətsevər insanların sayəsində milli azadlıq mübarizəsi davam etdi. Şəhidlərini başı üzərinə qaldıran Azərbaycan Respublikası 1991-ci il oktyabr ayının 18-də dövlət müstəqilliyini bərpa etdi. Çox mürəkkəb şəraitdə yeni müstəqil dövlət quruculuğu başlandi. Haqlı olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilən bu dövlətin çağdaş düşüncəli, prinsipial və insanlarla işləməyi bacaran kadrlara ehtiyacı vardı. Bu keyfiyyətlərə malik olması və elmi potensialı da nəzərə alınaraq, Kamil Vəli Nərimanoğlu yeni hökumətdə Baş nazirin humanitar məsələlər üzrə müavini vəzifəsinə təyin edildi. Qısa müddət işləsə də, yüksək dövlət vəzifəsində də xalqına, Vətəninə layiqincə, qüsursuz xidmət nümunəsi göstərməyi bacardı.

Böyük Nazim Hikmət: "Mən qürbətdə deyiləm, qürbət mənim içimdə" deyirdi. Bu qismət Kamil Vəli Nərimanoğlunun da taleyinə yazıldı. Ömrünün ən məhsuldar 18 ilə yaxın dövrünü qardaş Türkiyədə yaşayıb çalışdı. Türkiyə onun üçün ikinci Vətən oldu. Bu 18 ildə o, gecəsini-gündüzünə qatdı, elmi-pedaqoji və ədəbi fəaliyyətini yorulmadan davam etdirdi. Hələ 1990-cı ildə Səlcuq Universitetinin fəxri doktoru adını alan Kamil müəllim Türkiyə Folklor Araşdırmaları Vəqfinın, Türk Dil Qurumunun, Atatürk Kültür Mərkəzinin, Çingiz Aytmatov Akademiyasının fəxri, Türkiyə Linqvistika Cəmiyyətinin müxbir üzvü seçilmişdi, Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbərlik edirdi. 1998-ci ildə elmi araşdırmalarına və Azərbaycanla Türkiyə arasında münasibətlərin inkişafında xidmətlərinə görə Türkiyə Prezidentinin fərmanı ilə "Şərəf və ləyaqət nişanı" ilə təltif edilməsi onun əməyinə verilən yüksək qiymətin ifadəsi idi. Kamil müəllimin bioqrafiyasına dəyərli elmi, ictimai fəaliyyətinə görə layiq görüldüyü neçə-neçə ödülün də adları yazıldı.

Kamil müəllim Məhəmməd Füzulinin "Türk divanının dibaçəsi", Əlişir Nəvainin "İki dilin mübahisəsi", Yusif Balasaqunlunun "Qutatqu bilik" əsərini yazdığı ön sözlə kütləvi tirajla nəşr etdirmişdir. "Ey Füzuli" esse-romanı isə onun üzə çıxmayan bədii əsərlərinin olduğundan xəbər verir.

Son iş yeri İstanbulun Aydın Universiteti olan Azərbaycan sevdalısı Kamil Vəli Nərimanoğlu neçə il planlaşdırdığı işlərini nizama salmaq üçün döndüyü doğma Azərbaycanda haqqın dərgahına qovuşdu. Bu itkiyə təkcə onu tanıyanlar deyil, bütün Azərbaycan üzüldü. Ancaq təsəllimiz də az deyil. Qəlblərdə əbədi taxt quran Kamil Vəli Nərimanoğlu hədər yaşamadı. Azərbaycan dilçilik elminə, ədəbiyyatına, folkloruna, ictimai fikrinə dəyərli töhfələr verdi. 60-dan çox kitab, 500-dən çox məqalə bu fəaliyyətin miqyasını aydın göstərir. Minlərcə tələbə, onlarca elmi işçi yetişdirdi, dünyanın 20-dən çox ölkəsində tariximizi, zəngin dilimizi, dərin bədii düşüncəmizi, bir sözlə, mədəniyyətimizi tanıtdırdı, qatıldığı elmi, mədəni tədbirlərdə Azərbaycana rəğbət, sevgi oyatdı. Bir də millətinə, ölkəsinə sədaqətlə, ləyaqətlə xidmət göstərməyi vəsiyyət etdiyi iki oğul, nəvələr yetişdirdi. Vəsiyyət sözünü təsadüfi yazmadım. "Ölüm hərdən utana-utana pıçıldayır: "Mən varam, həm də haqqam, heç unutma..." deyən, ölümün yaxında olduğunu duyan insan başqa cür edə bilməzdi.

İndi Kamil müəllimin ulu sözün sehri ilə pərvazlanan ruhu doğma Cəbrayılın azad səmasında qanad açıb: "Xoş gördük anam, uğurun xeyirə, Vətənim" deyir.

Xeyirə qarşı, əziz Müəllimimiz, dəyərli İnsan.

P.S. Bu yazının mürəkkəbi qurumamış çox ağır bir xəbər aldıq. Dostumuz, Cümhuriyyət tarixinin yorulmaz tədqiqatçısı, onlarca monoqrafiyanın, yüzlərcə elmi, elmi-publisistik məqalənin müəllifi, tarix elmləri doktoru, professor Nəsiman Yaqublu avtoqəzada faciəvi şəkildə həlak oldu. N.Yaqublu M.Ə.Rəsulzadə haqqında ilk monoqrafiyasını hələ 1990-cı ildə nəşr etdirmiş, milli istiqlal mübarizəsinin bayraqdarı və ideoloqu haqqında "Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası"nı hazırlayaraq Azərbaycan, ingilis, rus, fars dillərində, eləcə də onun əsərlərinin 3 cildini elmi izahlarla nəşr etdirmişdir. Nəsiman Yaqublu 40 ilə yaxın bir müddətdə Azərbaycan, Türkiyə, Gürcüstan, Polşa, Almaniya, Rusiya arxivlərində milli tariximizin çox önəmli mövzuları, xüsusən Cümhuriyyət irsi ilə bağlı ardıcıl araşdırmalar apararaq çoxsaylı arxiv sənədlərini və faktları üzə çıxarıb yazdığı əsərlərlə elmi dövriyyəyə daxil etmişdir. Onun 4 dildə nəşr edilən "Cümhuriyyət Ensiklopediyası", "Milli Azadlıq Hərəkatı Ensiklopediyası" və digər əsərləri də arxiv sənədləri, faktlar və məlumatlarla zəngin olmaqla, Azərbaycan tarixinə və elminə sanballı töhfələrdir. Millətinə, Vətəninə ürəkdən bağlı olan, Azərbaycan tarixinə hələ neçə dəyərli və maraqlı əsər bəxş etməyi düşünən və bu istiqamətdə araşdırmalarını həvəslə davam etdirən fədakar dostumuzun işıqlı arzuları ürəyində qaldı. Azərbaycan Nəsiman Yaqublunun şəxsində daha bir dəyərli ziyalısını ömrünün məhsuldar dövründə itirdi.

Başın sağ olsun, Vətən!..

 

Lətif ŞÜKÜROĞLU

Tarix üzrə fəlsəfə doktoru

525-ci qəzet .- 2024.-6 sentyabr.(№161).- S.14.